Məhkəmə qərarları › İş №1(3-9)-268/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-268/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-268/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlunun ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs adından verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında ilkin məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X2 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) ilə ##.##.1990-cı ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Salyan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul olmuş, Salyan şəhəri, X.Rza Ulutürk küçəsi, ev 30, mənzil 3də qeydiyyatda olmaqla Cəlilabad şəhəri, V.Niftullayev küçəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Məhkəmənin qeyd edilən hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs adından apellyasiya şikayəti verilmiş, hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsi məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmənin hökmünün ona çatdırılmadığını, bu səbəbdən özünün apellyasiya şikayəti verə bilməməsini, hazırkı şikayətin arvadı X5 tərəfindən verildiyini göstərib, apellyasiya şikayətinin məhkəmə baxışına təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 hüquqlarını müdafiə etdiyi şəxsin göstərdiyi halların nəzərə alınaraq, apellyasiya şikayətinin məhkəmə baxışına təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən verildiyinə görə icraata qəbul edilməsindən imtina olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını ilkin məhkəmə baxışı mərhələsinin məqsədləri baxımından nəzərdən keçirib, proses iştirakçılarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını. Eyni zamanda, həmin Məcəllənin 383.1-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir: 383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə—məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə—bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair—yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair—barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü; 383.1.5. zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə—zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi; 383.1.6. mülki iddiaya dair hissədə—mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri; 383.1.7. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi. Cinayət işinin materiallarından görünür ki, təqdim olunmuş apellyasiya şikayətinin giriş hissəsində şikayətin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verildiyi göstərilsə də, şikayətin sonundakı imza hissəsində “qanuni nümayəndə” qeydi aparılmış, həmin qeydin qarşısında imza edilmişdir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs iş materiallarında olan sənədlərdəki imzaları ilə apellyasiya şikayətindəki imza müqayisə edilərkən şikayətdəki imzanın Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyi müəyyən olunur. Bundan başqa, iş materiallarından görünür ki, hökm çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmiş və o, azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində saxlanılmışdır. Halbuki, apellyasiya şikayətinin göndərildiyi poçt zərfinin üzərində göndərən şəxs qismində cəzaçəkmə müəssisəsinin adı və ya ünvanı deyil, birbaşa Təqsirləndirilən şəxs adı göstərilmişdir ki, bu hal da şikayətin onun tərəfindən penitensiar müəssisədən göndərilmədiyini təsdiq edən hal kimi qiymətləndirilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs özü də apellyasiya şikayətinin onun arvadı X5 tərəfindən yazıldığını, imzalandığını və məhkəməyə göndərildiyini bildirmişdir. Beləliklə, iş üzrə toplanmış materiallar və məhkumun öz izahatı birlikdə qiymətləndirildikdə, apellyasiya şikayətinin Təqsirləndirilən şəxs tərəfindən deyil, onun arvadı X5 tərəfindən tərtib edilərək imzalanıb təqdim edilməsi nəticəsinə gəlmək üçün əsas verir. Bununla yanaşı, kollegiya onu da qeyd edir ki, təqsirləndirilən şəxsin arvadı tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi üçün CPM-nin 383-cü maddəsindəki əsas da mövcud deyil. Belə ki, həmin Məcəllənin 383.3-cü maddəsinə əsasən məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayətləri yalnız o halda apellyasiya icraatına səbəb olur ki, həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində işə buraxılır. Halbuki, hazırkı cinayət işi üzrə iş materiallarında X5 cinayət prosesi zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınmasına, işə buraxılmasına və ya onun adından prosessual hərəkətlər həyata keçirmək səlahiyyətinə malik olmasına dair hər hansı qərar və ya digər prosessual sənəd mövcud deyildir. Buna görə də, kollegiya hesab edir ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti qanunla apellyasiya şikayəti vermək hüququna malik olmayan şəxs tərəfindən təqdim edilmiş şikayət hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti verilərkən CPM-nin 383-cü maddəsinin tələblərinə riayət edilmədiyindən, şikayət prosessual hüquqa malik olmayan şəxs tərəfindən imzalanaraq təqdim olunduğundan, həmin apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.5. apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında. Həmin Məcəllənin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 383 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs adından verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən 01 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar