Məhkəmə qərarları › İş №1(3-9)-269/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-269/2026

25.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-269/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə ## ###### 1992-ci ildə Lerik rayonu, Sors kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (faktiki nikah münasibətində olmaqla iki azyaşlı uşağı olan), məhkumluğu olmayan, işləməyən, Lerik rayonu, Sors kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər X2 (sədrlik edən), X4 və X6 ibarət tərkibdə) CM-in 234.4.1-ci maddəsinin Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan çıxarılması, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasınının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ləğv edib, barəsində ədalətli qərar qəbul edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib, saxlayıb, daşıması və bu maddələrin realizasiyasını həyata keçirmək üçün «WhatsApp» tətbiqi vasitəsilə telefon əlaqəsi zamanı tanış olduğu “Rza” adlı şəxslə danışıb ondan əldə edəcəyi narkotik vasitələr və psixotrop maddənin, yəni məlum olmayan vaxtda və şəraitdə bir ədəd çantada ayrı-ayrı qablaşdırılmış külli miqdarda-317,724 qram narkotik vasitə olan heroin, külli miqdarda 46,531 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həbləri, xeyli miqdarda- 43,126 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda-3690,0 qram 195 ədəd narkotik vasitə olan çətənə bitkisi hissələrinin Biləsuvar şəhəri, Q.Həsənova küçəsinin ərazisindən keçən avtomobil yolunda, “Balharı” çayı üzərində olan körpünün, üzərində “Balharı” çayı yazılmış yol nişanının yanında (Şuşa-Füzuli avtomobil yolunun 1-ci km-də) gizlədilməsi barədə məlumat verilməsindən sonra o, ## #### 2024-cü il tarixdə, saat 20 radələrində həmin əraziyə gedib gizlədildiyi yerdən bir ədəd çantada ayrı-ayrı qablaşdırılmış külli miqdarda 317,724 qram narkotik vasitə olan heroin, külli miqdarda 46,531 qram psixotrop maddə olan metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram olmaqla külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həbləri, xeyli miqdarda 43,126 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda 3690,0 qram 195 ədəd narkotik vasitə olan çətənə bitkisi hissələrini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ## #### 2024-cü il tarixdə, saat 20 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Q.Həsənova küçəsinin ərazisindən keçən avtomobil yolunda (Şuşa-Füzuli avtomobil yolunun 1-ci km-də) piyada hərəkətdə olarkən əlində bir ədəd çanta ilə saxlanılıb Biləsuvar Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış zamanı ona məxsus bir ədəd çantada ayrı-ayrı qablaşdırılmış külli miqdarda 317,724 qram narkotik vasitə olan heroin, külli miqdarda 46,531 qram psixotrop maddə olan metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram olmaqla külli miqdarda 100 ədəd narkotik vasitə olan metadon həbləri, xeyli miqdarda 43,126 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda 3690,0 qram 195 ədəd narkotik vasitə olan çətənə bitkisi hissələri aşkar edilib götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həbs olunan zaman onda narkotik vasitə olmamasına baxmayaraq ona təzyiq altında imza atdırılması, müstəntiqin qərəzli olaraq ibtidai istintaqı aparması nəzərə alınmadan, prosessual pozuntulara yol verilmişdir. Himayəsində iki azyaşlı övladının olması, ata və anasının rəhmətə getməsi və ailənin yeganə qazanc gətirən şəxsi olması və digər yüngülləşdirici hallar nəzərə alınmadan ədalətsiz hökm çıxarılaraq ona ağır cəza təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, apellyasiya şikayətinin təmin edilməməsini, ədalətli cəza təyin edildiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Emil Quliyev hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, özünü yalnız istifadəçi kimi təqsirli bildiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını da qeyd edib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxsin apellyasiya şikayətinin əsas dəlili ona aid olmayan narkotik vasitənin üzərinə qoyulması, narkotik vasitəni satmaması və satışı ilə məşğul olmaması, eləcədə ona təyin edilmiş cəzanın ağırlığından ibarətdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, məhkum edilmiş şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər istintaq hərəkəti protokolları, ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, şahid ifadələri, məhkəmə bioloji və kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam təkzib edilmişdir. Sözügedən sübutlar birinci instansiya məhkəməsi tərəfindən hökmdə ətraflı şəkildə qeyd edilərək, qiymətləndirildiyindən məhkəmə hazırki qərarda həmin sübutların yenidən sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində yuxarıda qeyd etdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək nəzərə çatdırır ki, qeyd edilən hallar işdə olan sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materialları ilə müəyyən edilir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, əlində olan çantadan müvafiq şəkildə qablaşdırılaraq götürülmüş, daha sonra müvafiq ekspertiza rəyi ilə aşkarlanmış predmetlərin (narkotik vasitə və psixotrop maddənin) çəkisi və növü müəyyən edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması ilə apellyasiya şikayətindəki dəlilləri cinayət işinin materialları ilə tam təkzib olunmuşdur. Apellyasiya icraatı zamanı qeyd edilən hallarla bağlı hər hansı dəlil iş materialları ilə müəyyən edilməmiş, müdafiə tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrində aşkar olunan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğunu etiraf etmiş, lakin özünü narkotik vasitələrin satışında deyil, istifadəsində təqsirli bilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs özünü yalnız istifadəçi kimi təqdim etməsi, ondan aşkar edilmiş müxtəlif növdə-narkotik vasitələr və psixotrop maddə metamfetaminin külli miqdarda olması, gündəlik istifadə dozasını xeyli aşan miqdarda saxlaması fonunda inandırıcı və əsaslı hesab edilə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə istənilən hüquq pozuntusu barədə müstəqil şəkildə prokurorluq və ya digər səlahiyyətli orqanlara müraciət etmək imkanı olduğu halda heç bir müraciət etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs satış məqsədilə ayrı-ayrı qablaşdırılmış külli miqdarda 317,724 qram narkotik vasitə olan heroin, külli miqdarda 46,531 qram psixotrop maddə olan metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram olmaqla külli miqdarda 100 ədəd narkotik vasitə olan metadon həbləri, xeyli miqdarda 43,126 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda 3690,0 qram 195 ədəd narkotik vasitə olan çətənə bitkisi hissələrini qanunsuz olaraq əldə edib saxlaması tam sübuta yetirilmişdir. Hazırki apellyasiya şikayətində isə yeganə dəlil Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini yuxarıda göstərilən dəlillərlə etiraf etməməsi ilə bağlıdır ki, bu hal isə onun barəsində bəraət hökmü nəticəsini doğurmur. Əksinə məhkəmə kollegiyası bütün sübutların məcmusuna baxır, əgər digər dəlillər (yuxarıda sadalanmış) birgə təqsiri sübut edirsə, etirafın olmaması hökmün qüvvədə qalmasına mane olmur. Apellyasiya instansiyası məhkəməsində isə müəyyən edilmişdir ki, birinci instansiyada: ittihamın hüquqi tərkibi düzgün müəyyən edilib, sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilib, ekspertiza rəylərində, istintaq hərəkətləri və məhkəmə protokollarında prosedur pozuntular yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıması, yəni CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən CMin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli * nömrəli qərarının 9-cu bəndinə əsasən CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı işdə Ali Məhkəmə Plenumunun göstərdiyi meyarların məcmusu tam təsdiqlənir: aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin külli miqdarda – gündəlik istehlak dozasını dəfələrlə aşan həcmdə olması; eyni vaxtda bir neçə müxtəlif növ narkotik vasitənin (heroin, metadon həbləri, qurudulmuş marixuana və çətənə bitkisi hissələri) və psixotrop maddənin (metamfetamin) birlikdə saxlanması; həmin maddələrin bir ədəd çantada ayrı-ayrı qablaşdırılmış, yəni çəkilib xırda bağlamalara bölünmüş vəziyyətdə aşkar edilməsi; habelə Təqsirləndirilən şəxs maddələri əldə etməzdən əvvəl “Rza” adlı şəxslə əlaqə saxlayaraq onların gizlədildiyi yer barədə əvvəlcədən razılaşması bir-birini tamamlamaqla təqsirləndirilən şəxsin məhz satış niyyətini birmənalı şəkildə təsdiq edir. Bu hallar fonunda onun özünü yalnız narkotik vasitə istifadəçisi kimi təqdim etməsi əsassızdır və işin faktiki halları ilə təkzib olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün əsaslar müəyyən etmir. CM-in 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrumetmə cəzası təyin edərkən və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəticəsinə gələrkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri üzrə ədalətli həddə cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və cəzaçəkmə növünün dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar