Məhkəmə qərarları › İş №1(3-9)-273/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-273/2026

28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-273/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi İsmiyev Şahin Rüstəm oğlu, onun nümayəndəsi və vəkili-fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə. ##.##.2000-ci il tarixdə Kürdəmir rayonu, Sor-Sor kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi İsmiyev Şahin Rüstəm oğlu və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 09:30 radələrində texniki cəhətdən saz və yüksüz vəziyyətdə idarə etdiyi özünə məxsus “Vaz 2107” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli-Bəhrəmtəpə avtomobil yolu ilə Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən hissəsində İmişli rayonu istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-ci hissəsinin tələblərini pozaraq, yəni dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılar üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda, bunları etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 2107” markalı avtomobili 30 km/saat surətlə hərəkətdə olarkən yolun sağ kənarından sola doğru istiqamətləndirərək dönmək istəyərkən arxadan eyni istiqamətdə ona nisbətən sol tərəflə hərəkətdə olan sürücü R.İsmiyevin idarə etdiyi “BMW” markalı ** TN *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə sonuncu idarəetməni itirib yolun hərəkət istiqamətində sağ tərəfdə dayanmış vəziyyətdə olan “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib yolun əks hərəkət istiqamətinə çıxaraq yol kənarında olan ictimai iaşə obyektinin divarına çırpılaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs “BMW” markalı ** TN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü ##.##.1999-cu il təvəllüdlü, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan İsmiyev Rüstəm Şahin oğlunun sol gicgah sümüyünün beyin əsasına keçən sınığı, beynin sağ hissəsində kəllə daxili hematoma, beyin qişaları altına və mədəciklərə qansızma, döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı, ağciyərin zədələnməsi, hemotraks ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər alaraq, aldığı gicgah sümüyünün beyin əsasına keçən sınığı və beyin qişaları altına və mədəciklərə qansızma xəsarətlərindən hadisə yerində ölməsinə, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmənin ittiham hökmü ilə (hakim: X3) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli ## ##### 2026-ci il tarixdən hesablanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi İsmiyev Şahin Rüstəm oğlu və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisi İsmiyev Şahin Rüstəm oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Kürdəmir rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətsizdir və ona daha ağır cəza təyin edilməlidir. Belə ki, hazırki iş üzrə vəfat etmiş oğlum zərərçəkmiş şəxs İsmiyev Rüstəm Şahin oğlu ali təhsilli olmaqla yanaşı, rayonda bilik yarışmalarında iştirak etməklə komandanın Rı olmuş, həmçinin ingilis, rus, fransiz, yapon dillərini sərbəst bilmiş, dəfələrlə televiziya verlişlərində,debatlarda iştirak etmiş, beynəlxalq dərəcəli setfikatlar almışdır. Təqsirləndirilən şəxslə aralarına barışıq əldə edilməyib. Belə ki, yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş oğlunun yas mərasiminin ikinci günündə təqsirləndirilən şəxsin yaxın qohumları onlara gəlmiş və mənim ağır günümdə mənə mənəvi dəstək göstərmək əvəzinə yol nəqliyyat hadisəsində hər iki şəxsdə günah olduğunu bildirmişlər.Bundan sonra təqsirləndirilən şəxsin yaxın qohumları mərhumun yas mərasimində iştirak etməmiş və barışıq üçün cəhd göstərməmişlər. Təqsirləndirilən şəxsin yol hərəkət qaydalarını kobud sürətdə pozmuş və bununla hadisə nəticəsində vəfat etmiş 1999-cu il təvəllüdlü İsmiyev Rüstəm Şahin oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun meyitinin üzərində sol gicgah sümüyünün beyin əsasına keçən sınığı, beynin sağ hissəsində kəllə daxili hematoma, beyin qişaları altına və mədəciklərə qansızma, döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı, ağciyərin zədələnməsi, hemotraks. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünün qeydə alındığı diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir-İmişli yolu ilə üzü İmişli rayonu istiqamətində sağ hərəkət zolağı ilə hərəkətdə olarkən, xarici işıq siqnallarını yandırmadan sola manevr edərək əks hərəkət istiqamətinə dönmək istəmiş və bu zaman həmin istiqamətdə sol zolaqla hərəkətdə olan “BMW” markalı avtomobillə toqquşma baş vermişdir. Toqquşma “VAZ- 2107” markalı avtomobilin qabaq sol hissəsi ilə “BMW” markalı avtomobilin sağ yan hissəsi arasında baş vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yol hərəkət qaydalarını kobud surətdə pozmuş və nəticədə oğlum Rüstəm İsmiyevin ölümünə səbəb olmuşdur. Cinayət işi üzrə təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında dərhal “BMV” markalı avtomobilin yanına getdiyini, onun sürücüsünün YNH-i zamanı öldüyünü bildiyini ifadəsində göstərsə də, məhkəməyə təqdim etdiyim diskdə, yol nəqliyyat hadisəsi baş verdikdən sonra nə təqsirləndirilən şəxs, nə də ki, onun yanındakı şəxslər ümumiyyətlə Rüstəm İsmiyevin avtomobilinə yaxınlaşmamışlar. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kürdəmir rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/****- saylı hökmünün (təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına dair hissədə) dəyişdirilməsi və Təqsirləndirilən şəxs 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi xahiş olunur. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmün, təqsirləndirilən şəxsə münasibətdə təyin edilmiş cəzanın ağırlıq dərəcəsinin işin faktiki hallarına uyğun olmaması hissəsində, aşağıdakı əsaslara görə, qanunsuz, ədalətsiz, qeyri-obyektiv olduğu qənaətindədir. Cinayət işinin ibtidai araşdırma materiallarında vəkilin imzaları olsa da, təqsirləndirilən şəxs və onun atası Teyyub Rzayev məhkəmə iclasında qəti şəkildə bildiriblər ki, bu zaman həmin vəkil, müdafiəçi qismində təqsirləndirilən şəxsə təqdim edilməmiş, məhkəmənin birinci iclasına qədər onu heç görməmişlər (ibtidai araşdırma zamanı sənədləri imzalayan vəkil, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs tərəfindən müqavilə bağlamaqla işə qoşulmuşdur). Təqsirləndirilən şəxsin atası Teyyub Rzayev bəyan etmişdir ki, oğlu danışıb, fikirlərini tam izah etmək imkanında olmadığı üçün, oğlunun bütün müdafiə tədbirlərini, o təşkil etmişdir. İbtidai araşdırma zamanı vəkilin iştirakının məcburi olduğunu bilsəydi, heç şübhəsiz ki, oğluna öz hesabına mütləq vəkil tutardı və dövlət hesabına vəkil təyin etməyə heç ehtiyac yox idi. Onun bu fikrinin doğru olduğunu, oğlunun müdafiəsi üçün, birinci instansiya məhkəməsində 3 vəkillə müqavilə bağlaması təsdiq edir. Təqsirləndirilən şəxs nitq qüsurludur, danışmaq, fikirlərini izah etmək imkanından məhrum olduğu üçün, AR CPM-in 92.3.2-ci maddəsinə əsasən, cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalı idi (həkim arayışı işə əlavə olunmuşdur).Hətta qanunun tələbinə zid olaraq, dəvət olunmuş müdafiəçi təqsirləndirilən şəxsə təqdim edilməmişdir. Nəticədə nitq qüsurlu təqsirləndirilən şəxs, öz müdafiə hüququnu həyata keçirə bilməmiş, danışıb izah edə bilmədiyi halda ondan etirafedici ifadələr alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən, cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə, məhkəmədə iş üzrə təkrar avtoqəza-trassoloji ekspertizası təyin edilməsi barədə ##.##.2026-cı il tarixdə, CPM- nin 331.4-cü maddəsinə uyğun verilmiş vəsatətə ##.##.2026-cı il tarixli məhkəmə iclasinda baxılaraq, isin süründürməçiliyə yol verilməsi, bu vəsatətin apellyasiva məhkəməsində də verilməsinin mümkünlüyünü əsas göstərməklə, (fikir ittiham prokuronı tərəfindən səsləndirilmişdir)121.2-ci maddəsinin tələbi pozulmaqla rədd edilmiş, qərar müdafiə tərəfinə verilməmişdir. Cinayət işi üzrə, ibtidai araşdırma zamanı, təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının ##.##.2035-ci il tahxli *-**-**/*-*/****/**** saylı rəyində göstərilmişdir ki: -istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Vaz-2107" markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin 1-ci hissəsinın (Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) və 42-ci maddəsinin 6-cı hissəsinin (Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır) tələblərinə uyğunsuzluğ olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə "BMV" markalı ** TN *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Təkrar avtoqəza-trassoloji ekspertizası təyin edilməsi üçün verilmiş vəsatətlərdə məqsəd, ilkin avtoqəza ekspertizası zamanı təqsirləndirirlən şəxsin müdafiə hüquqlarınn pozulmasına şərait yaradan, araşdırılmamış halların aradan qaldırılması olmuşdur. Belə ki, ekspert tərəfindən “BMV" markalı ** TN *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamast, işin hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan yaratmamışdır. Cinayət işinə əlavə olunmuş videogörüntüdən məlum olur ki, təqsirləndirilən şəxs manevr etdiyi zaman, arxaya baxmış, arxadan hər hansı nəqliyyat vasitəsinin gəlmədiyini yəqin etmiş, manevrə etməyə başlamış, baş vermiş avtoqəza hadisəsi zamanı, “ BMV" markalı ** TN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü avtomaşını həddindən artıq böyük sürətlə idarə etməsi səbəbindən, həmin avtomobilin gəldiyini görə bilməmiş, həmin avtomobil yüksək sürətlə həkət edərək, anidən digər avtomobilə sürtünərək ötmüşdür. Hadisədən sonra zərərçəkmişin qanuni nümayəndəsi-atası Şahin İsmiyev mətbuata açıqlama verərək, mərhum oğlunun, sürətin qurbanı olduğunu bəyan etmişdir (videogörüntü cinayət işinə əlavə olunmuşdur). Bundan əlavə Kürdəmir rayonunda hamıya bəlli haldır və məhkəmədə nümayiş etdirilmiş video görüntülərdən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs sürət həvəskarı idi, hətta avtomobilini saatda 240 kilometr sürətlə idarə edirdi. Avtomobili həddindən ariq yüksək sürətlə idarə etdiyinə görə, mərhum dəfələrlə saxlanılaraq, idarə etdivi avtomaşınla Kürdəmir rayon polis şöbəsinə gətirilmiş, barəsində ##.##.2024-cü il tarixdə 510-cu (xuliqanlıq), ##.##.2023-cü il tarixdə 535.1 (Polis işçisi və va hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqa görə), 510-cu (xuliqanlıq) ##.##.2020-ci il tarixdə 334.3-cü (Nəolivvat vasitəsini idarə etmək hüququ olmavan səxs tərəfindən nəqliwat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxos vəziyyətdə idarə edilməsinə görə) maddələri ilə inzibatı xəta haqqında protokollar tərtib edilməklə, müxtəlif cəza tədbirləri görülmüşdür. Hadisə zamanı, “BMV" markalı avtomobilin 2 avtomobilə çırpılandan sonra, daha 150 metrəyə qədər hərəkət edərək, mağazanın daş barısına dəyərək, das divarı 10 santimetr dərinliyədək dağıtması, nəticə etibarı ilə sürücünün ölməsinə səbəb olması, avtomobilin vüksək sürətlə gəlməsini təsdiq edən hallardır. Sürət aşağı olsaydı, ən əsası ölüm hadisəsi bas verməzdi və təbii ki, təqsirləndirilən şəxsin də məsuliyyətinin həddi yüksək olmazdı. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək, təqsirləndirilən şəxsə, əməlinə uyğun, ədalətli, daha yüngül cəzanın verilməsi barədə yeni hökm çıxarılması xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını, verilmiş apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi İsmiyev Şahin Rüstəm oğlu, onun nümayəndəsi, vəkil müdafiəçi3 apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılmasını xahiş etdilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün ləğv edilməsini cəzasının yüngülləşdirilməsini xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Apellyasiya şikayətlərində yüngüllüyünə və ya ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edilərək, müdafiə tərəfi daha yüngül cəzanın, zərərçəkmiş şəxsin hüquqi varisi daha ağır cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5. və 404-cü maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Müdafiə tərəfinin apellyasiya müraciətindən göründüyü kimi, təqsirlə və hüquqi tövsiflə bağlı halları mübahisələndirməmiş, həmin hallarla bağlı məhkəmənin gəlidiyi nəticə ilə razılaşmışdır. Müdafiə tərəfi mübahisələndirmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəmiş şəxsin də təqsiri olmuş, sürət həddindən artıq dərəcə yüksək olması səbəbi ilə ölüm hadisəsi baş vermişdir. Müdafiəçi həmin dəlillərlə bağlı məhkəmə-yol nəqliyyat ekspertizasının təyin olunmasını xahiş etmişdir. Qeyd olunan vəsatət müzakirə edilmiş, müəyyən edilmişdir ki, müdafiə tərəfi yalnız cinayət işi materiallarında hadisənin baş vermə anını əks etdirən kompaktdiskdə olan videogörüntüyə əsasən zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilin sürət həddinin müəyyən edilməsini və həmin sürət həddində görə ekspert qarşısında onun hadisənin qarşısını almağa texniki imkanının olubolmaması barədə suallar qoyulmasını tələb edir. Əvvəlcə qeyd olunmalıdır ki, videogörüntüdə olan vəziyyətə görə zərərəçmiş şəxsin idarə etdiyi avtomobilin sürət həddinin müəyyən olunması mümkün deyil. Bundan başqa onun avtomobili hansı sürətlə idarə etməsindən məlumatlı olan heç bir şahid yoxdur. Göründüyü kimi, “BMW” markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İsmiyev Rüstəm Şahin oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqi aparılmasının qeyri-mümkün olmasına görə kollegiya yol-nəqliyyat hadisəsi ekspertizasının təyin olunması haqqında vəsatəti təmin etməmişdir. Bundan başqa cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təhqiqat araşdırması zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. Hadisə yerinə keçirilmiş baxış zamanı təqsirləndiriIən şəxsin dediklərinə əsasən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Ağsu-Kürdəmir-İmişli-Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə yerinin müayinəsi yolun İmişli rayonu istiqamətində aparılmışdır. Hadisə baş verdiyi avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamar və maneəsiz düz profillidir, hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. Yol ikitərəfli avtomobil yoludur. Hadisənin baş verdiyi ərazi yaşayış məntəqəsidir, yolun sağ və sol hissəsində iaşə obyektləri vardır. Yolun ümumi eni 15,0 metr, hər iki zolaq 7,5 metrdir. Baxış zamanı “VAZ-2107” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerinin yaxınlığında, “BMW” markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil isə toqquşma yerindən 115 metr irəlidə yolun sol kənarında yerləşən obyektin divarına dəymiş halda, yola perpendikulyar vəziyyətdə dayanması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı “VAZ- 2107” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobillə “BMW” markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma nöqtəsi müəyyən olunmuşdur. Toqquşma nöqtəsi Kürdəmir-İmişli yolunun üzü İmişli rayonu istiqamətində yolun sağ və sol zolaqları arasında olan qoşa xəttin üzərində yerləşir. Toqquşma nöqtəsindən “BMW” markalı avtomobilə qədər olan məsafə 115 metrdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisədən qabaq “VAZ-2107” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil Kürdəmir-İmişli yolu ilə üzü İmişli rayonu istiqamətində hərəkətdə olmuş və sola manevr edib geriyə dönmək istəyərkən üzü İmişli rayonu istiqamətində hərəkətdə olan “BMW” markalı avtomobil ilə toqquşmuşdur. Belə ki, VAZ 2107 markalı avtomobilin qabaq sol qanadı ilə BMW markalı avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Hadisə yerində avtomobillərin tormoz izləri müəyyən olunmamışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Ağsu-Kürdəmir-İmişli-Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yaşayış məntəqəsi yol nişanı vardır. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar edilməmiş və götürülməmişdir Bundan əlavə cinayət işi üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının rəyindən görünür ki; -İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ 2107” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Həmçinin rəyin məzmunundan görünür ki, ekspertiza tədqiqatı aparılarkən cinayət işinin materialları ilə yanaşı, yol-nəqliyyat hadisəsinin videogörüntüsü də ekspertə təqdim olunmuşdur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, «... sürücü Təqsirləndirilən şəxs arxadan eyni istiqamətdə ona nisbətən sol tərəf ilə BMW markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkət hissəsinin sağ kənarından sola doğru dönmə əməliyyatı aparmamalı, BMW markalı avtomobilə yol verdikdən sonra sola doğru yerdəyişmə aparmaqla hərəkət hissəsində sol kənar vəziyyət tutmalı və bundan sonra icazə verilən yerdən dönmə əməliyyatı aparmalı idi. Lakin istintaq tərəfindən göstərildiyi kimi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə hərəkət hissəsinin sağ tərəfindən sola doğru manevr edərək dönmə əməliyyatı aparması, yəni hərəkəti istiqamətində sol kənar vəziyyət tutmadan sola doğru dönmə əməliyyatı aparması, arxadan eyni istiqamətdə hərəkətdə olan BMW markalı avtomobilə yol verməməsi, onun hərəkəti üçün təhlükə yaradaraq onunla toqquşması və toqquşma nəticəsində BMW markalı avtomobilin idarəolunmaz vəziyyətdə yolun kənarında dayanmış digər nəqliyyat vasitəsi ilə toqquşması baş verməsi faktları onu izah edir ki, qeyd olunan vəziyyətdə VAZ-2107 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur» Beləliklə kollegiya cəzanın yüngülləşdirilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərini əsassız hesab etmişdir. Kollegiya zərərçəkmiş şəxsin hüquqi varisi Şahin İsmiyevin cəzanın ağırlaşdırılması ilə bağlı dəlillərinə hüquqi qiymət verərək, eləcə də təyin edilmiş cəzanın növü də həddi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, gənc olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X2 birinci instansiya məhkəməsi tərəfindən 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, təyin olunmuş cəza müddəti, CM-in 263.2-ci maddəsinin sankiyasının yuxarı həddinə yaxındır. Təqsirləndirilən şəxs şəxsiyyəti, baş vermiş hadisənin ehtiyatsızlıqdan törədilməsi, əməlindən peşman olması kimi hallar əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən seçilmiş cəza müddəti onu islah etmək və sosial ədaləti bərpa etmək üçün kifayətdir, ona görə də cəza qanuni və ədalətli hesab olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxsin hüquqi varisi İsmiyev Şahin Rüstəm oğlu və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar