Məhkəmə qərarları › İş №1(3-9)-276/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-276/2026

25.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-276/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 326.1 və 326.2-ci maddələri ilə məhkum edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi) ilə ## ######## 1986-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş və ##.##.2025-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Beyləqan şəhəri SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 326.1-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 326.2-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. IŞIN HALLARI Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib ## ######## 2025-ci il tarixdə saat 22 radələrində zərərçəkmiş şəxs2 yaşadığı Beyləqan rayonu SMD-4 qəsəbəsində yerləşən binanın birinci mərtəbəsindəki pilləkənin alt tərəfində olan, zərərçəkmiş şəxs2 tərəfinən istifadə edilən saxlanc yerinin qapısındakı qıfılı sındırıb içəriyə qanunsuz daxil olaraq oradan 300 manat dəyərində olan bir ədəd samovarı və hər biri 125 manat məbləğində olan iki ədəd qazanı götürüb aparmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 550 manat dəyərində əmlakını qəsdən oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq təkrarən oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə ## ######## 2025-ci il tarixdə saat 23:30 radələrində zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qapıdan qanunsuz olaraq daxil olmaqla evin içərisindən zərərçəkmiş şəxs1 məxsus bır ədəd 100 manat məbləğində olan qara rəngli elektron qol saatını, 1500 manat nağd pulu, içərisində 300 manat məbləğində qəpiklərin olduğu bir ədəd balonu və evin həyətində 300 manat məbləğində olan bir ədəd samovarı götürüb aparmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 2200 manat dəyərində əmlakını qəsdən oğurlamış, yəni gizli olaraq təkrar talamış, həmçinin həmin evin içərisindən bir ədəd qara rəngli pul qabında olan zərərçəkmiş şəxs1 məxsus ##.##.2024-cü il tarixdə Beyləqan RPŞ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən verilmiş, fərdi identifikasiya nömrəsi ******* olan, AA******* nömrəli şəxsiyyət vəsiqəsini, ##.##.2020-ci il tarixdə Imişli Asan Xidmət mərkəzi tərəfindən verilmiş, BC kateqoriyalı, AF504582 seriya-nömrəli zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsini, ##.##.2024-cü il tarixdə Ağcabədi RQI və TBŞ tərəfindən verilmiş, “VAZ- 21070 minik” markamodelli, “** BB ***” qeydiyyat nişanlı avtomobilə aid BD****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və ##.##.2024-cü il tarixdə X3 Xidməti mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 'VAZ-21070 minik” marka- modelli, “** BB ***” qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətinin zərərçəkmiş şəxs1 etibar edilməsini nəzərdə tutan ƏN-VII ****** nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməni götürüb aparmaqla vətəndaşın şəxsiyyət vəsiqəsini və digər rəsmi sənədləri tamah niyyəti ilə talamışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, hökmdən narazı olduğunu bildirib, Beyləqan Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmiş, şikayətini hər hansı dəlillə əsaslandırmamışdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, birinci instansiya məhkəməsinə sübutlar təqdim edib, tutulduğu andan ondan ifadə alınmayıb, onu bu cinayət prosesindən əvvəl narkotik vasitə ilə tutmaq istəyiblər, oğurlanan əşyaları o, götürməyib, həmin vaxt içkili olub, təqsirləndirilən şəxs1 həmin əşyaları ona saxlamaq üçün verib,hadisə olan vaxtı ona məxsus olan *** *** ** ** nömrəli telefon üzərində olub və o, məhkəmədən kamera görüntüləri ilə yanaşı bu nömrə ilə əlaqədar anten məlumatlarına baxılmasını xahiş edib. Hadisə olan günü o, həmin ərazidən kənarda olub. Zaurla Alışın evinə gedib, lakin təxminənə 10 metr kənarda dayanıb gözlüyüb, samovarları və zərərçəkmiş şəxs1 sənədlərini təqsirləndirilən şəxs1 ona verib. Sənədləri saxlamağı, samovarları isə satmağa köməklik etməsini xahiş edib. Cəzasının azaldılmasını xahiş edir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxsin göstərdiyi halların nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 326.1 və 326.2-ci maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməllərinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Beyləqan Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətindən və müdafiə tərəfin çıxışlarından görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək, birinci instansiya məhkəməsinin iş üzrə ədalətsiz nəticəyə gəldiyini hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo Ispaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Ilk növbədə qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində ona bəraət verilməsini istəsədə, məhkəmə iclasında cəzasının azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hər bir halda təqsirliliklə bağlı məsələni cinayət və cinayətprosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirib, təqsirləndirilən şəxsin əməllərinə ümumilikdə qiymət verərək, müəyyən etmişdir ki, təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 326.1, 326.2-ci maddələri ilə istinad edilən cinayətlərin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. təqsirləndirilən şəxs2 istinad edilən cinayətlərin baş veribverməməsi, onun həmin cinayətləri törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayətləri törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs2 ifadələri ilə yanaşı, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 Nürəddin oğlunun, şahidlər şahid2, şahid1 və şahid3 ifadələri, ## ######## 2025-ci il, ## ######## 2025-ci il tarixli hadisə yerinə baxış və əşyanın götürülməsi protokolları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 'Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin “kompleks ambulator məhkəmə psıxiatrik və psixoloji ekspertizasının ##.##.2025-ci il tarixli **** nömrəli rəyini, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 326.1 və 326.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Kollegiya iş materiallarını, tədqiq edilmiş sübutları və təqsirləndirilən şəxsin ifadələrini birlikdə qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 326.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi iş üzrə toplanmış mötəbər və biri-birini tamamlayan sübutlarla tam təsdiq olunur. Belə ki, həmin epizodlar üzrə hadisə yerinə baxış, əşyaların götürülməsi protokolları, digər yazılı sübutlar, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünün etirafedici ifadələri və məhkəmə istintaqı zamanı verdiyi ifadələri bir-biri ilə uzlaşır və onun qeyd edilən cinayət əməllərini törətməsi barədə məhkəmə kollegiyasında hər hansı şübhə yaratmır, təqsirləndirilən şəxs2 da həmin hissələrdə özünü təqsirli bildiyindən, məhkəmə kollegiyası göstərilən əməllər üzrə təqsirin sübuta yetirildiyi qənaətinə gəlir. Lakin təqsirləndirilən şəxs2 apellyasiya baxışı zamanı törədilmiş əməllərdə iştirakını inkar edərək göstərmişdir ki, hadisə yerlərində olsa da oğurluq niyəti barədə məlumatı olmamış, saxlanc yerlərinə daxil olmamış və onun evində aşkar olunmuş əşyaları digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 xahişi ilə, onların mənşəyini bilmədən saxlamışdır. Məhkəmə kolleqiyası qeyd olunan dəlilləri əsassız hesab edir . Belə ki, iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən hadisə yerlərinə baxış və götürmə protokolları, zərərçəkmiş şəxslərin ifadələri, eləcədə oğurlanmış əmlaklrın bir qisminin bilavasitə təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar olunması onun cinayət əməllərində iştirakını təsdiq edir. Bundan başqa şəxsiyyət vəsiqəsinin və digər rəsmi sənədlərin oğurlanması faktı da iş materialları ilə tam təsdiq olunur. Odur ki, təqsirləndirilən şəxs2 apellyasiya baxışı zamanı göstərdiyi dəlillər onun müdafiə xarakterli ifadələri olub, iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin və müdafiə tərəfin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlili, təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1. 177.2.2, 177.2.3, 326.1 və 326.2-ci maddələri ilə istinad edilən cinayətləri törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 326.1 və 326.2-ci maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməllərin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, şikayət və tələbi yoxdur. Iş materiallarında olan Beyləqan rayon Icra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ####### 2025-ci ıl tarixli, **** nömrəli arayışa əsasən, təqsirləndirilən şəxs2 Beyləqan şəhəri SMD-4 qəsəbəsində yerləşən yataqxanada qeydiyyatda olmaqla yaşayır, evlidir, himayəsində ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2022-ci il təvəllüdlü X2 vardır. Iş materiallarında olan Azərbaycan Respublikası DIN-in BƏSII-nin ## ####### 2025-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Beyləqan Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş və ##.##.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğu ödənilmədən və götürülmədən təqsirləndirilən şəxs2 yenidən qəsdən hazırkı cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs2 CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 326.1-ci maddəsi ilə 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 326.2-ci maddəsi ilə 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasına dair yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-nin 65.2-ci maddəsinin tələbini də nəzərə almaqla, təqsirləndirilən şəxs2 düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq normalara əsasən təyin edilməsi mümkün olan minimal hədlərdə müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar