Məhkəmə qərarları › İş №1(3-9)-293/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-293/2026

09.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-293/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Kürdəmir rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2 iştirakları ilə ##.##.1975-ci ildə Kürdəmir rayonu, Ərəbqubalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum edilməmiş, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Çöl Qubalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3-1 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X3) Təqsirləndirilən şəxs CM-in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu, Çöl Qubalı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmünə əsasən CM-in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, özgə əmlakını gizli olaraq xeyli miqdarda talama məqsədi ilə, tamah və vahid niyyətlə ##.##.2024-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin təsərrüfat administratoru və xüsusi texnika şöbəsində “Kürdəmir-Ucar-Hacıqabul” dəmir yol xətti üzrə sürücü vəzifəsində işlədiyi dövrdə ona təqdim edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus elektron məlumat daşıyıcı hesab edilən 02 ədəd 957039245 və ********* saylı “xxxx” MMC-yə aid yanacaq doldurmaq üçün nəzərdə tutulmuş plastik kartlarını öz ərizəsi əsasında işdən azad edildikdən sonra Zərərçəkmiş şəxs MMC-yə təhvil verməyərək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən ********* saylı plastik karta köçürülən 3443 (üç min dörd yüz qırx üç) manat pul vəsaitini və ********* saylı plastik karta köçürülən 2995 (iki min doqquz yüz doxsan beş) manat pul vəsaitini Kürdəmir rayonu ərazisində olan “xxxx” MMC-yə məxsus yanacaq doldurma məntəqələrindən öz şəxsi avtomobillərinə yanacaq dolduraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda ümumilikdə 6438 (altı min dörd yüz otuz səkkiz) manat maddi ziyan vurub vahid niyyətlə əhatə olunmuş qəsdlə elektron məlumat daşıyıcılarından istifadə etməklə xeyli miqdarda özgə əmlakını gizli olaraq talamışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə tərəfinin qənaətinə görə, məhkəmə hökmü cəzanın təyini hissəsində həddindən artıq ağır olmaqla işin faktiki hallarına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, vurulmuş maddi zərər ibtidai istintaq mərhələsində tam ödənilmiş, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilmiş, zərərçəkmiş şəxsin məhkuma qarşı hər hansı tələbi qalmamış, təqsirləndirilən şəxs himayəsində əlil uşağı və həyat yoldaşı olan ailə başçısıdır, ailəsinin sosial vəziyyəti ağırdır, əməlindən peşman olmuş və istintaqın aparılmasına maneçilik törətməmişdir. CM-in 59-cu maddəsinə əsasən ziyanın könüllü ödənilməsi, zərərçəkmiş şəxslə barışıq, təqsirin etiraf edilməsi, ailə vəziyyəti və digər hallar cəzanı yüngülləşdirən hallar hesab olunur. Müdafiə tərəfi hesab edir ki, məhkəmə həmin halları hökmdə sadalasa da, faktiki olaraq onların cəzanın növü və müddətinə real təsiri təmin edilməmiş, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı nəzərə alınmamışdır. Törədilmiş əməlin ictimai təhlükəliliyi ziyanın ödənilməsi və zərərçəkmişlə barışıq nəticəsində əhəmiyyətli dərəcədə azalmışdır. Bu səbəbdən Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi daha ədalətli olardı. Müdafiəçi hökmün həm prosessual, həm də maddi hüquq normalarının pozulması ilə çıxarıldığını bildirmişdir. Hökmdən ittiham tərəfi apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində yüngülləşdirici halları hökm çıxaran zaman nəzərə aldığını bildirərək Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Təqsirləndirilən şəxs səciyyələndirən halları nəzərə almaqla şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayətində ona ağırlığına görə ədalətsiz cəza təyin edilməsini iddia edərək, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilməsi barədə tələbini Cinayət- Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların məzmunundan görünür ki, CM-in 70-ci maddəsinin tətbiqi məhkəmənin sadəcə cəzanı yüngülləşdirməsi deyil, konkret işin bütün halları əsasında məhkumun təyin edilmiş cəzanı real çəkmədən islah olunacağı barədə əsaslı qənaətə gəlməsi ilə bağlı xüsusi hüquqi nəticədir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, məhkum edilmiş şəxsin etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, ekspert rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 177.2.3- 1 və 177.2.4-cü maddələri ilə tövsif etmişdir. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etmiş, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Hökmdən görünür ki, CM-in 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğu halda, birinci instansiya məhkəməsi azadlıqdan məhrum etmə ilə müqayisədə daha yüngül olan azadlığın məhdudlaşdırılması cəzasını seçmiş, məhkum edilmiş şəxsin etirafını, peşmanlığını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın ödənilməsini, barışıq əldə edilməsini və digər şəxsi hallarını cəzanın fərdiləşdirilməsi zamanı nəzərə almışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, CM-in 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi üç il, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi isə beş il müəyyən edilmişdir. Hazırkı işdə məhkum edilmiş şəxsə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, həm seçilmiş cəza növü, həm də müddəti baxımından apellyasiya şikayətində irəli sürülən “həddindən artıq ağır cəza” dəlilini əsaslı hesab etməyə imkan vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum edilmiş şəxsin zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı ödəməsi, barışıq əldə edilməsi, ailə vəziyyəti, peşmanlığı və əvvəllər məhkum olunmaması cəzanı yüngülləşdirən və şəxsiyyəti xarakterizə edən hallar kimi qiymətləndirilsə də, bu hallar özlüyündə CM-in 70-ci maddəsinin birbaşa tətbiqini şərtləndirmir. Şərti məhkum etmənin tətbiqi üçün məhkəmədə şəxsin təyin edilmiş cəzanı real çəkmədən islah olunmasının mümkünlüyü barədə əsaslı və inandırıcı qənaət yaranmalıdır. Hazırkı iş üzrə məhkum edilmiş şəxs işdən azad olunduqdan sonra ona əvvəlki əmək münasibətləri ilə əlaqədar verilmiş yanacaq kartlarını işəgötürənə təhvil verməmiş, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr ərzində iki plastik kart üzrə ayrıayrı əməliyyatlarla ümumilikdə 6438 manat məbləğində yanacaq əldə etmişdir. Əməlin birdəfəlik təsadüfi davranış deyil, müəyyən dövr ərzində təkrar olunan və gizli formada davam etdirilən xarakter daşıması, cinayətin elektron məlumat daşıyıcılarından istifadə etməklə törədilməsi və vurulmuş ziyanın xeyli miqdarda olması təyin edilmiş cəzanın real icrasından tam azad etməni əsaslandırmır. Apellyasiya şikayətində məhkum edilmiş şəxsin ailə vəziyyəti ilə bağlı dəlillər irəli sürülsə də, iş materiallarında onun azadlığın məhdudlaşdırılması cəzasını çəkməsini istisna edən, yaxud bu cəzanın real icrasını mümkünsüz edən mötəbər sübutların mövcudluğu müəyyən edilmir. Ümumi xarakterli sosial və ailə vəziyyəti ilə bağlı dəlillər cəzanın şərti hesab edilməsinə müstəqil əsas kimi qəbul oluna bilməz; belə hallar yalnız işin digər halları ilə birlikdə və cəzanın məqsədləri baxımından qiymətləndirilməlidir. Bundan başqa, apellyasiya şikayətində məhkumun cəmiyyətdən təcrid edilməsinə zərurət olmaması xüsusi vurğulansa da, birinci instansiya məhkəməsi tərəfindən seçilmiş azadlığın məhdudlaşdırılması cəzası mahiyyətcə azadlıqdan məhrum etmə ilə bağlı olmayan, məhkumun ailə və sosial əlaqələrinin tam kəsilməsini nəzərdə tutmayan cəza növüdür. Bu baxımdan müdafiə tərəfinin həmin dəlili artıq birinci instansiya məhkəməsinin seçdiyi cəza növündə nəzərə alınmış hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi təmin olunmalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən, ictimai təhlükəlilik dərəcəsi isə cinayətin törədilmə hallarından, üsulundan, vurulmuş zərərin həcmindən və nəticələrin ağırlığından asılı olaraq müəyyən edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Həmin Plenum qərarının 25-ci bəndinin mənasına görə, şərti məhkum etmə yalnız CM-in 70-ci maddəsində göstərilən cəza növləri üzrə tətbiq oluna bilər. Bu izah CM-in 70.1-ci maddəsində sadalanan cəza növlərinin genişləndirici təfsirinə yol verilmədiyini göstərir. Azadlığın məhdudlaşdırılması cəzası CM-in 70.1-ci maddəsində göstərilən cəza növləri sırasında olmadığından, həmin cəzanın şərti hesab edilməsi barədə tələb qanuni əsasdan məhrumdur. Bu hüquqi nəticə apellyasiya şikayətinin təmin edilməməsi üçün müstəqil və kifayət qədər əsas olsa da, məhkəmə kollegiyası apellyasiya şikayətində cəzanın ağırlığı ilə bağlı irəli sürülmüş dəlilləri də qiymətləndirir və hesab edir ki, həmin dəlillər təyin edilmiş cəzanın ədalətsiz olması barədə nəticəyə gəlməyə əsas vermir. Hazırkı işdə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar mövcud olsa da, həmin hallar artıq birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan və sanksiya daxilində yüngül hesab edilən azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi ilə nəzərə alınmışdır. Bu hallar CM-in 70.1-ci maddəsində nəzərdə tutulmayan cəza növünə şərti məhkum etmə tətbiq etmək üçün hüquqi əsas yaratmadığı kimi, hökmün cəza hissəsində dəyişiklik edilməsini də zəruri etmir. Əməlin özgəsinə məxsus əmlakın ələ keçirilməsinə yönəlməsi, xeyli miqdarda ziyan vurulması və müəyyən müddət ərzində davam etdirilməsi təyin edilmiş cəzanın yüngüllüyü və fərdiləşdirilməsi baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri, CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini, 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipini, 41.2 və 58.3-cü maddələrində müəyyən edilmiş cəzanın məqsədlərini və cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilməsi üçün qanuni əsas yoxdur; əlavə olaraq, işin konkret halları da hökmün cəza hissəsində dəyişiklik edilməsini tələb etmir. Beləliklə, CM-in 70.1-ci maddəsində şərti məhkum etmənin tətbiq oluna biləcəyi dörd cəza növü sırasında azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmadığından, Təqsirləndirilən şəxs barəsində həmin maddənin tətbiq edilməsi barədə apellyasiya tələbi qanuni əsasdan məhrumdur. Eyni zamanda, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olduğundan apellyasiya şikayətinin dəlilləri hökmün dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur və cəzanın sərtliyinə görə açıq-aşkar ədalətsiz hesab edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olduğunu, birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı sayıldığını, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin digər prinsiplərinə əməl edilməklə keçirilmiş birinci instansiya məhkəmə baxışında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş, məhkəmə baxışı zamanı hökmün ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq səlahiyyətinə malikdir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsinə dair çıxışlarını, habelə məhkəmə hökmünün dəyişdirilmədən və apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar