Məhkəmə qərarları › İş №1(3-9)-295/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-295/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-295/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair məhkumun vəsatətinin rədd edilməsi barədə həmin məhkəmənin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında ilkin məhkəmə baxışını keçirərək MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi) ilə ##.##.1988-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi qaydada işləyən, Sabirabad şəhəri, H.Aslanov küçəsi * saylı evdə qeydiyyatda olmaqla, Sabirabad şəhəri, Q.Nəbi küçəsində yaşayan, barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) günün çıxılması və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təyin edilmiş cəza müddəti ərzində onun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi həll edilmişdir. Məhkəmənin qeyd edilən hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermiş, Sabirabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs yenidən apellyasiya şikayəti verərək, eyni zamanda Sabirabad Rayon Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmış, vəsatətində müddəti ötürməsinin səbəbini hökmün surətini ##.##.2026-cı il tarixdə alması ilə əsaslandırmışdır. Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, apellyasiuya şikayətinin mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “iş üzrə əsas hökmün rəsmi surəti ona yalnız ##.##.2026-cı il tarixində təqdim edilmişdir. Əlində rəsmi sənəd olmadan apellyasiya şikayəti verməsi qeyri-mümkün olmuşdur. Məhkəmənin apellyasiya şikayəti ilə bağlı keçən müddətləri tamamilə onun əleyhinə şərh etməsi ədalətsizlikdir və ondan asılı olmayan obyektiv səbəblər nəzərə alınmamışdır. Törətdiyi əməl (AR CM 177.1) az ağır cinayətdir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 3400 manat maddi ziyan tamamilə ödənilmiş, tərəflər arasında barışıq əldə olunmuş və zərərçəkmişlər məhkəmədə barəsində amnistiya tətbiq olunmasını xahiş etmişlər. Hazırda himayəsində 3 azyaşlı qız övladı var (Rüqəyya, Məryəm və ##.##.2026-cı il təvəllüdlü Səkinə). "Amnistiya elan edilməsi haqqında" Qərarın 2.11 və 2.12-ci bəndlərinə görə cəzadan tam azad edilməli olduğu halda, müxtəlif prosessual bəhanələrlə amnistiya hüququ əlindən alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Sabirabad Rayon Məhkəməsinin qərarları onu faktiki olaraq yuxarı instansiyada müdafiə olunmaq imkanından məhrum edir”. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə düzgün nəticəyə gəlmədiyini göstərib, Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında dövlət ittihamçısı X1 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, habelə proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və məhkum edilmiş şəxsin müddətin bərpası barədə verdiyi vəsatət tımin edilməlidir. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Doğrudur, qanun normalarının məzmunundan görünür ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Lakin həmin normaların tətbiqi formal yanaşma ilə deyil, cinayət mühakimə icraatının məqsədləri, şəxsin müdafiə hüququnun səmərəli təmin olunması və məhkəmə qərarlarından şikayət vermək hüququnun real həyata keçirilməsi baxımından qiymətləndirilməlidir. Belə ki, apellyasiya şikayəti vermək hüququ yalnız nəzəri xarakter daşımamalı, şəxsin həmin hüquqdan faktiki və səmərəli istifadə etməsi üçün zəruri şərait yaradılmalıdır. Hazırkı işin materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli hökmünün nəticə hissəsində hökmün elan edildiyi andan və ya təqdim edildiyi andan apellyasiya şikayəti verilməsi müddətinin necə hesablanması, habelə məhkumun həmin hüququndan istifadə qaydası ətraflı izah edilməmiş, yalnız hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməsi göstərilmişdir. “Elektron Məhkəmə Sistemi”ndə mövcud olan birinci instansiya məhkəməsində aparılmış məhkəmə iclasının audio-video yazısının tədqiqi zamanı da müəyyən edilmişdir ki, hökm elan olunarkən məhkəmə tərəfindən məhkuma apellyasiya şikayəti vermə müddətinin hesablanması qaydası və bu hüququn həyata keçirilməsi ilə bağlı lazımi və ətraflı izah verilməmişdir. Bununla yanaşı, iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün surətinin Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə təqdim edilməsi qeyd olunmuşdur. Lakin kollegiya hesab edir ki, iş üzrə digər məlumatlar həmin qəbzin mötəbərliyinə əsaslı şübhələr yaradır. Belə ki, “Elektron Məhkəmə Sistemi”nə nəzər saldıqda müəyyən olunmuşdur ki, Sabirabad Rayon Məhkəməsinin həmin hökmü yalnız ## ###### 2026-cı il tarixdə sistemə yerləşdirilmişdir. Bu halda hökmün sistemə yüklənməsindən əvvəl onun rəsmi surətinin məhkuma təqdim edilməsi barədə qəbz inandırıcı hesab edilmir və həmin qəbzin formal xarakter daşımasını göstrir. Kollegiya həmçinin nəzərə alır ki, məhkum bütün mərhələlərdə hökmün surətini faktiki olaraq ## ##### 2026-cı il tarixdə aldığını bildirmişdir. İş materiallarından da görünür ki, məhkum hökmün surətini aldığını bildirdiyi tarixdən qısa müddət sonra, yəni ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, apellyasiya şikayətinin geri qaytarılmasından sonra da ## ### 2026-cı il tarixdə müddətin bərpası barədə vəsatət təqdim etmişdir. Məhkumun ardıcıl prosessual davranışı onun apellyasiya baxışından yayınmaq deyil, əksinə, hökmə münasibətdə şikayət vermək hüququndan istifadə etmək niyyətində olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, əsaslandırılmış və məzmunlu apellyasiya şikayətinin hazırlanması üçün şəxsin hökmün tam mətnini əldə etməsi mühüm əhəmiyyət kəsb etmişdir. Çünki hökmün yalnız nəticə hissəsinin elan edilməsi şəxsin məhkəmənin gəldiyi nəticələrin motivlərini, sübutların qiymətləndirilməsini və tətbiq edilmiş hüquq normalarını tam şəkildə bilməsinə imkan vermir. Belə olan halda hökmün surətinin faktiki əldə edilməsinə qədər ötən müddətin şəxsin əleyhinə şərh edilməsi onun müdafiə hüququnun və məhkəmə qərarlarından şikayət vermək hüququnun mahiyyətinə uyğun olmamışdır. Cinayət mühakimə icraatının vəzifələrindən biri şəxslərin hüquq və azadlıqlarının səmərəli müdafiəsini təmin etməkdir. Prosessual müddətlər hüquqi müəyyənliyin təmin olunmasına xidmət etsə də, onların tətbiqi nəticəsində şəxsin məhkəməyə çıxış və yuxarı instansiya məhkəməsində qərarın yoxlanılmasını tələb etmək hüququ əsassız olaraq məhdudlaşdırılmamalıdır. İşin konkret halları, hökmün təqdim edilməsinə dair mövcud ziddiyyətlər, məhkumun hökmün surətini almasını göstərdiyi vaxtdan dərhal sonra şikayət verməsi və sonrakı prosessual davranışı birlikdə qiymətləndirildikdə, kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin buraxılması məhkumun iradəsindən asılı olmayan səbəblərlə bağlı olmuşdur və bu səbəbdən də, üzrlü hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə müddətin bərpası barədə vəsatəti rədd etməklə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, nəticədə əsassız qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilməli, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 202, 203, 384 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin olunsun. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilmə müddəti bərpa edilsin. Cinayət işinin materialları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar