Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-296/2026 22.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Mən, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, MÜƏYYƏN ETDIM: Həmin məhkəmənin ## #### 2026-cı il tarixli qərarı ilə Zərərçəkmiş şəxs şikayəti baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə belə qərar qəbul edən zaman ona istinad etmişdir ki, cinayət əməlləri sosial şəbəkə hesablarında yayılmaqla törədildiyindən və həmin sosial şəbəkələrin qeydiyyat ünvanı bəlli olmadığından onlara həmin əməli törətmiş şəxsin rəsmi qeydiyyat yeri olan Cəlilabad rayonunda baxılmalıdır. Həmin məhkəmə isə öz növbəsində qərarını onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında şikayətə səbəb olmuş iki müstəqil epizoddan birincisi internet informasiya ehtiyatında yayılma qaydasına aid olsa da, ikincisi (şikayətdə qeyd olunan sonuncu epizod) internet informasiya ehtiyatında yayılma qaydasına daxil deyil və həmin ehtimal olunan cinayətin törədildiyi yer isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1ci maddəsinə əsasən Biləsuvar rayonunun inzibati ərazisidir. Belə olan halda şikayətə ehtimal olunan cinayətin törədildiyi yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Xüsusi ittiham qaydasında şikayətin materiallarını Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin aidiyyət qaydalarını nəzərdə tutan normalarının tələbləri ilə əlaqəli şəkildə təhlil edib belə qənaətə gəlirəm ki, şikayət baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir və bununla bağlı aşağıdakıları diqqətə çatdırmağı zəruri hesab edirəm. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Etibar oğlu birgə nikahdan olan uşaqlarının özünün yanında qalmasına nail olmaq məqsədi ilə onun guya yüngül həyat tərzi keçirməsi, əvvəllər məhkumluq həyatı yaşaması, guya 2019-cu ildə uşaqları uşaq evinə atıb getməsi ilə bağlı qohumları, dost-tanışları yanında, hətta boşanma zamanı məhkəmə iclaslarında, eləcə də sosial şəbəkələrdə şərəf və ləyaqətini alçaltmaqla ona böhtan atmışdır. Bundan başqa xüsusi ittihamçı qeyd etmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs uşaqlarının təhsil aldıqları Biləsuvar şəhərindəki N.Nərimanov adına * saylı tam orta məktəbin direktoru X3, həmçinin övladlarının sinif rəhbərləri Ramilə və Aynur adlı müəllimlərə və digər müəllimlərinə bildirmişdir ki, guya o, əvvəllər məhkum olunub, türmədə yatıb, uşaqları uşaq evinə atıb və guya bu səbəbdən də məhkəmə onu analıq hüququndan məhrum edərək uşaqları ondan alıb atalarına vermişdir. Bu məlumatların Şamxal tərəfindən yayılmasını ona həmin məktəbin müəllimləri, həmçinin onun etibarnamə üzrə nümayəndəsi Elxan Qarayev, bacısı Müşərrəf Hüseynova və Şamxalın öz bacısı qızı Səidə Həziyeva bildirmişlər. Müəllimlərin deməsinə görə bütün məktəb kollektivi bu yalan məlumatları bilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29.1-ci maddəsində qeyd edilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ######## 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. kimi xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il ## #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, Əsas Qanunun və cinayət-prosessual qanunvericiliyin müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən görünür ki, aidiyyət qaydalarının pozulması yolverilməzdir və məhkəmələr bu qaydalara ciddi şəkildə əməl etməlidirlər. Bu, onunla əlaqədardır ki, məhkəmə aidiyyətinin pozulması nəticəsində qəbul edilmiş məhkəmə aktı əsaslı olub-olmamasından asılı olmayaraq hər bir halda qanunsuz hesab ediləcəkdir. Xüsusi ittiham qaydasında şikayətdə təsvir olunan işin hallarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iki ayrı-ayrı eyni xarakterli cinayətin törədilməsində ittiham edilir. Onlardan birincisinə görə o, Biləsuvar rayonunun ərazisində yaşayan ayrı-ayrı şəxslərin, o cümlədən qohumların, dost-tanışların yanında, habelə sosial şəbəkələrdə xüsusi ittihamçının şərəf və ləyaqətini alçaltmaqla ona böhtan atmışdır. Ikinci əməli isə ondan ibarətdir ki, o, Biləsuvar rayonunda yerləşən * saylı orta məktəbin direktoru və müəllimlərinin yanında xüsusi ittihamçının şərəf və ləyaqətini alçaltmaqla ona qarşı böhtan cinayətini törətmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayətdə birinci epizodda təsvir edilən əməlin sosial şəbəkələr vasitəsi ilə törədildiyi qeyd edilsə də ikinci əməlin bilavasitə Biləsuvar şəhərində baş verməsi göstərilmişdir. Bu isə özlüyündə ehtimal olunan cinayətin baş verdiyi yerin dəqiq müəyyən edilməsindən xəbər verir. Cinayətin baş verdiyi yerin dəqiq müəyyən edilməsi işin aidiyyəti baxımından mühüm əhəmiyyətə malikdir. Ona görə ki, əməlin törədildiyi yer məlum olduqda aidiyyət həmin yer üzrə fəaliyyət göstərən məhkəməyə, məlum olmadıqda isə kütləvi informasiya vasitəsinin qeydiyyata alındığı yaxud cinayət törətmiş şəxsin sonuncu yaşayış yeri üzrə, ibtidai araşdırmanın başa çatdığı yer üzrə və s. əsaslarla dəyişə bilir. Biləsuvar Rayon Məhkəməsinin mövqeyindən görünür ki, həmin məhkəmənin hakimi xüsusi ittiham qaydasında materialı aidiyyəti üzrə başqa məhkəməyə göndərərkən böhtan xarakterli məlumatların yayıldığı yerin məlum olmaması əsası ilə hərəkət etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, Biləsuvar Rayon Məhkəməsinin əsaslandığı həmin norma cinayətin törədildiyi yerin müəyyən olunmadığı hallarda aidiyyətin müəyyən edilməsi üçün əhəmiyyətlidir. Lakin, cinayətin törədildiyi yer məlum olduqda yuxarıda göstərilən qayda tətbiq edilmir. Bu halda aidiyyət məsələsi Azərbaycan Respublikası CPM-in 74.1-ci maddəsinə əsasən müəyyən edilir. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarının 12-ci bəndində göstərildiyi kimi, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 74.1-ci maddəsinə əsasən isə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Odur ki, hazırki xüsusi ittiham qaydasında şikayətdə təsvir olunan hadisənin baş verdiyi yer məlum olduğuna görə həmin şikayət böhtan xarakterli olması ehtimal olunan əməlin törədildiyi yer üzrə Biləsuvar Rayon Məhkəməsində baxılmalıdır. Aidiyyətlə bağlı məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olduğuna görə qeyd olunmalıdır ki, müxtəlif apellyasiya instansiyaları məhkəmələrinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri arasında xüsusi ittiham qaydasında şikayətlərlə bağlı aidiyyət mübahisəsini həll edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri göstərmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə nəzərdə tutulan əməlin törədildiyi yer məlum olduğu halda aidiyyət məsələsi həmin ərazidə fəaliyyət göstərən birinci instansiya məhkəməsinə aiddir. Ali Məhkəmə sədrinin ## ######## 2024-cü il tarixli qərarından görünür ki, X1 həm Bakı şəhərinin Xətai rayonunun ərazisində yerləşən tam orta məktəbin binasında pedaqoji Şuranın iclasında çıxış edən zaman, həm də 2023-cü il ## #### tarixdə “Whatsapp” proqramında xüsusi ittiham qaydasında şikayət vermiş X2 təhqir etmişdir. Xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə, yəni X1 qeydiyyatda olduğu yerin məhkəməsinə göndərən Bakı şəhəri Xətai Rayon Məhkəməsi hesab etmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Laçın rayonunda daimi qeydiyyatda olduğuna görə xüsusi ittiham qaydasında şikayətə həmin yerin məhkəməsi baxmalıdır. Lakin sonradan məhkəmələr arasında yaranmış aidiyyət mübahisəsini həll edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri hesab etmişdir ki, təhqir cinayətinin baş verdiyi yer məlum olduğuna görə həmin şikayətə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti həmin şikayətdə təsvir olunan hadisənin baş verdiyi * saylı orta məktəbin yerləşdiyi yer üzrə fəaliyyət göstərən Biləsuvar Rayon Məhkəməsinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 77 və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddəsini rəhbər tutaraq QƏRAR VERDIM: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Zərərçəkmiş şəxs Rasim qızı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Sədr: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №1(3-9)-296/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-296/2026
22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver