Məhkəmə qərarları › İş №1(3-9)-297/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-297/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-297/2026 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- */**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü (hakim: İslamov Tamerlan Cəlil oğlu) ilə ##.##.1960-cı il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan 2 (iki) gün müddətin hər bir günü bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübut və məhkəmə xərclərinin taleyi həll edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs # #### 2025-ci il tarixdə, saat 08:30 radələrində Beyləqan rayonu, Milabad qəsəbəsi, Qurban İbrahimov küçəsində yerləşən, ictimai yer olan "Oba" marketin qarşısında əlində istintaqa məlum olmayan predmeti saxlayaraq dayanarkən həmkəndlisi Zərərçəkmiş şəxs özünə məxsus "Vaz 2107" markalı, **-BD-*** dövlət-qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyini görüb əl ilə işarə edərək avtomobili saxlamasını bildirmiş, Zərərçəkmiş şəxs avtomobili biraz qarşıda saxladıqdan sonra avtomobilə yaxınlaşıb heç bir əsaslı səbəb olmadan həyətyanı sahəsinə suyun verilməsinin gecikdirməsini bəhanə edərək Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirmək qərarına gəlib, özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qəsdən kobud surətdə pozaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib onu nalayiq ifadələrlə təhqir edib, əlində olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan predmetlə başından və kürək nahiyəsindən qəsdən bir neçə zərbə vurub Zərərçəkmiş şəxs "baş beyin silkələnməsi ilə müşayiət olunan kəllə-beyin travması, təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və kürək nahiyəsinin qançırı" xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apelyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünü dəyişdirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə cərimə cəzası və ya CM-in 70-ci maddəsini tətbiq etməklə həmin hökmlə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 2 il müddətə azadlqdan məhrumetmə cəzasının şərti tətbiq olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ## ### 2026-cı il tarixli hökmü ədalətsiz olduğundan dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maraqlıdır ki, məhkəmə cəza təyin edərkən yay fəslində suya daha çox ehtiyacın olduğu bir vaxtda buna baxmayaraq suyun verilişində qeyri-bərabər bölgünün aparılması, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsinin susuz qalması, mübahisənin də məhz təqsirləndirilən çəxsin bundan hiddətlənməsi nəticəsində yaranmasını nəzərə almamışdır. Lakin, buna baxmayaraq məhkum edilmiş şəxsin (törətdiyi əməlin ictimai xarakterini yaşına uyğun olmamasını, yüksək mənəvi əxlaqi hərəkətlərilə cəmiyyətə nümunə olacaq yaşının bu vaxtında səbrsizlik nümayiş etdirib hadisənin baş verməsinə səbəb olmasının yaxşı bir iş olmadığını dərk etməsi və s. anlayaraq) və onun yaxın qohumlarının birgə səyləri nəticəsində zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxslə münasibətlərini əvvəlki-xoş müstəvidə davam etdirilməsinə yönələn addım atması -onun bu cür davranışı cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan - cəzanı yüngülləşdirən müstəsna hal kimi qiymətləndirilməlidir. Zərərçəkmiş şəxslə hazırda barışması birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın şəxsin islah olunmasına dəlalət etdiyini göstərir. Həmçinin azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi Təqsirləndirilən şəxs ailəsinin də həyat şəraitinə mənfi təsir göstərir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bundan başqa, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” AR Konstitusiya MƏhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını əzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin əməllərində cəzanı ağırlaşdıran heç bir hal olmadığı, əvvəllər cinayət törətməyə görə heç vaxt məhkum olunmaması, müsbət xarakterizə olunması, keçirdiyi həyat şəraiti, cinayət əməlini törətdikdən sonrakı peşmançılığı, zərərçəkmiş şəxslə barışması, apellyasiya şikayəti əsasında işə cəza təyini məsələsində yenidən baxılarkən müstəsna hal kimi nəzərə alınmalıdır. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2002-ci il tarixli qərarı). Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 apelyasiya şikayətinə etiraz edərək, məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, Təqsirləndirilən şəxs ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək hökmün dəyişdirilmədən saxlanılmasını, apelyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinə etiraz etmədiyini bildirərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Beyləqan Rayon Məhkəməsinin İş № *(*-***)-*/**** saylı, ## ### 2026-cı il tarixli hökmünü dəyişdirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 2 il müddətə azadlqdan məhrumetmə cəzasının şərti tətbiq olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum olunmuş şəxs apellyasiya şikayətinin dəlilləri ilə razı olduğunu qeyd edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsivinə və daha sonra isə apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və məhkum olunmuş şəxsin müdafiəçisinin apelyasiya şikayətinin və dövlət ittihamçısının apelyasiya şikayətinə qarşı etirazının dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apelyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxs, şahid ifadələri, məhkəmə-tibbi ekspertizanın rəyi və işdə olan digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ## ### 2026-cı il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Beyləqan Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini CM-in 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayət müəllifi təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsini araşdırıb hesab edir ki, məhkum olunmuş şəxsin müdafiəçisinin apelyasiya şikayətinin və apelyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarının məhkəmənin cəza təyin edərkən törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyəti, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri və cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaması və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olubolmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini hərtərfli araşdırmaması barədə dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsində onun cəzasını yüngülləşdirlən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qənaətə gələrkən, törətdilmiş cinayətin хaraktеrini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamış və işdə cəzanı yüngülləşdirən halların dairəsini tam müəyyən etməyərək, həmin halların məcmuyunun Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı çəkmədən islah olunamasının mümkün olub-olmamasına imkan verib-verməməsini müzakirə etməmişdir ki, bunun da nəticəsində cəza təyini ilə bağlı gəldiyi qənaəti cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, müəyyən olunmuş cəzanı yüngülləşdirən və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun olmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Beyləqan rayon İHB-nin Milabad qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xaraterizə olunmuşdur. Həmçinin ** saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən təqdim olunan tibbi arayışdan görünür ki, məhkum müəssisəyə daxil olarkən tibbi müayinədən keçirilmiş və xəstə L2-L3,L3- L4 disklərin proturuzyası və L4-L5 fərəqə arası diskin sağtərəfli yırtığı diaqnozu qoyulmuşdur. ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək L4-L5 fəqərələrarası diskin sağtərəfli yırtığı diaqnozu ilə TSH-in stasionarında müalicə olunmuşdur. Məhkəmə tərəfindən iş materiallarına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, məhkum edilmiş şəxs ##.##.1960-cı il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində doğulmuş hal-hazırda 66 yaşı vardır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları, yəni ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin yaşlı hesab olunmasını CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin еdilməsi təcrübəsi hаqqındа”Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 2003-cü il ## #### tаriхli 4 sаylı qərаrın 4-cü bəndinə görə Cinаyət Məcəlləsinin 59-cu mаddəsində cəzаnı yüngülləşdirən hаllаrın sаyı məhdudlаşdırılmаdığındаn cəzа təyini zаmаnı həmin mаddədə nəzərdə tutulmаmış hаllаr dа cəzаnı yüngülləşdirici hаllаr qismində nəzərə аlınа bilər. Bеlə hаllаrın yüngülləşdirici hаllаr kimi qəbul еdilməsi hökmdə əsаslаndırılmаlıdır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, başından vurulan zərbə nəticəsində əziyyət çəkdiyini bildirərək təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Apelyasiya məhkəmə baxışında müdafiə tərəfinin təqdim etdiyi notariat qaydada təsdiq edilmiş ##.##.2026-cı il tarixli, ************* nömrəli ərizədən görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə iclasında bunların nəzərə alınaraq sonuncuya həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkum edilmiş şəxs Gülbala Abışovla barışmasını, ona qarşı heç bir şikayəti və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən məhkum olunmuş şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından görünür ki, CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən birinci instansiya məhkəməsi sonuncuya təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasının mümkünlüyü məsələsini tam və hərtərəfli araşdırmamışdır. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-in 8.1-ci, 9.2-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 25-ci bəndinin 2-ci hissəsinə görə şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası məhkəmə baxışında müəyyən olunmuş yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları və CM-in 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndiriən, onun özünün və törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qəbul edərək, bu halları onun təyin olunmuş cəzanı çəkmədən islah olunmasının mümkünluyünü təsdiq edən amillər kimi qiymətləndirir. 66 yaşlı Təqsirləndirilən şəxs sosial əlaqələrinin formalaşmış olması, həyat təcrübəsi və təkrar cinayət törətmə riskinin nisbətən aşağı olması onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyü barədə məhkəmə kollegiyasında qənaət formalaşdırır. Bu baxımdan, azadlıqdan məhrum etmə cəzasının real icrası islah məqsədinə çatmaq üçün zəruri görünmür. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmuyu əsas verir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür, ona görə də birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddətinə şərti tətbiq edilməli, bu baxımdan birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, məhkum edilmiş şəxsin müdafiəçisinin apelyasiya şikayəti təmin edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qeyd edilən qanun normalarının məzmunundan göründüyü kimi, qanunvericilik şərti məhkum etmənin əsasını məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü ilə şərtləndirmiş və şərti məhkum etmənin tətbiq edən zaman nəzərə alınmalı məsələlərin dairəsini müəyyən etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qənaətə gələrkən həmçinin onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət – hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi məqsədəuyğun hesab edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin 66 yaşı vardır və bu hal onun sosial vəziyyətini, sağlamlıq imkanlarını və cəmiyyət üçün təhlükəlilik dərəcəsini qiymətləndirərkən nəzərə alınmalı olan mühüm amillərdəndir. Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və ya cəzalandırılması ilə bağlı tələbi yoxdur. Bu hallar təqsirləndirilən şəxsin əməlindən peşman olduğunu, törətdiyi əmələ tənqidi münasibət bəslədiyini və islah olunmaq istiqamətində müsbət davranış nümayiş etdirdiyini göstərir. Cinayət qanunvericiliyinin məqsədi yalnız cəzalandırmaq deyil, həm də məhkumun islah edilməsini və yeni cinayətlərin qarşısının alınmasını təmin etməkdir. Mövcud iş üzrə təqsirləndirilən şəxsin yaşı, zərərçəkmiş şəxslə barışması, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmaması, habelə iş üzrə digər yüngülləşdirici hallar birlikdə qiymətləndirildikdə, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Bu səbəbdən hesab edilir ki, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi cəzanın məqsədlərinə tam cavab verir, ədalət və humanizm prinsiplərinə uyğundur, həm təqsirləndirilən şəxsin islahına, həm də yeni cinayət törətməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilməli və sınaq müddəti ərzində məhkum olunmuş şəxsin üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, birinci instansiya məhkəməsinin hökmü apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-in 397 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs üzərinə davranışı ilə əlaqədar nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisindən dərhal həbsdən azad olunsun. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmnətin Umbakı Penitensiar Müəssisinə göndərilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar