Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-301/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkili müdafiəçi1 iştirakları ilə. ## #### 1965-ci ildə Lerik rayonu, Mastail kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lerik rayon Dövlət Arxivinin müdiri vəzifəsində işləmiş, Lerik rayonu, Mastail kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə bəraət verilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsi ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.IŞIN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2020-2025-ci illərdə Lerik bələdiyyəsinin sədri işlədiyi dövrdə, 2024cü ilin may ayında Lerik şəhəri, A.Əsədullayev küçəsində yerləşən bələdiyyə fonduna aid 0,03 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı həyat yoldaşı X7 ərizəsini qəbul etdikdən sonra X5 bələdiyyəsi ərazisində daimi yaşamadığı və azı 5 il həmin ərazidə qeydiyyatda olmadığı halda, öz qulluq mövqeyindən istifadə etməklə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunu ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 3 və 4-cü bəndlərinə zidd olaraq hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini hərracı (müsabiqəni) təşkil etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili X4 Şəxsinə göndərməli olduğu halda bu tələbə əməl etməyərək bələdiyyə fonduna aid 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadan həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Məhkəmənin ittiham hökmü ilə (hakimlər-Səfərli Cavid Şamil oğlunun sədrliyi, X2 və X1 ibarət tərkib) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 188.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. II.APELLYASIYA PROTESTININ VƏ APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Dövlət ittihamçısı dövlət ittihamçısı3 apellyasiya protestini onunla əsaslandırmışdır ki, iş üzrə dövlət ittihamçısı kimi yekun nitqində Təqsirləndirilən şəxs CM-nin 308.1 və 188.4.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 308.1-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMnin 188.4.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, CM-nin 66.3 və 66.4-cü maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 il 06 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəməyə təklif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 188.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü işin faktiki hallarına uyğun olmadığına və cinayət qanunu normasının düzgün tətbiq edilmədiyinə görə ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və188.4.2-ci maddələri ilə təqsirli bilinib, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əlavə cəza ilə yanaşı, qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Lerik bələdiyyəsinin sədri işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə həmin bələdiyyə fonduna aid torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi ilə razılaşmış, yalnız onun vəzifəli şəxs kimi həmin cinayəti törətməsi ilə razılaşmamış və səhv nəticəyə gəlib, hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməli CM-in 188.4.2-ci maddəsi ilə düzgün tövsif olunsa da, onun əməlinin əlavə olaraq CM-in 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs həmin cinayətin subyekti kimi vəzifəli şəxs olması, habelə inzibati-təsərrüfat və təşkilat-sərəncamverici səlahiyyətlərə malik olması və cinayəti həmin səlahiyyətlərindən istifadə etməklə törətməsi CM-in 188.4.2-ci maddəsi ilə tamamilə əhatə olunur.Məhkəmənin bu qənaəti səhv olmaqla yanaşı heç bir hüquqi əsaslara söykənməmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs törətdiyi həm CM-in 188.4.2-ci maddəsində, həm də CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri biri-birindən ayıra bilmədiyi üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mövqeyindən istifadə edərək bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Lerik bələdiyyəsinə məxsus torpaq sahəsini ələ keçirərək faktiki istifadə etməyə başlamaqla özbaşına tutması cinayətin törətməsini CM-in 188.4.2-ci maddəsi ilə tamamilə əhatə olunması barədə qənaətə gəlmişdir. Lakin yuxarıda qeyd edilənlərdən müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib, öz qulluq mövqeyindən istifadə edərək bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Lerik bələdiyyəsinə məxsus torpaq sahəsini ələ keçirərək faktiki istifadə etməyə başlamaqla özbaşına tutmuşdur. Məhkəmə öz hökmündə Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində 2020-2025-ci illərdə Lerik bələdiyyəsinin sədri işlədiyi dövrdə, bələdiyyə fonduna aid 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadan həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edib 2025-ci ilin may ayından etibarən həmin ərazidə tikinti işləri apararaq fərdi yaşayış evi tikməsi qənaətinə gəlsə də, Təqsirləndirilən şəxs əməlində CM-in 308.1-ci maddəsinin tərkibi olmaması barədə səhv qənaətə gəlmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əməlləri yalnız CM-in 188.4.2-ci maddəsində nəzərdə tutulmuş cınayətin tərkib əlamətləri ilə əhatə edilmədiyi üçün onun əməllərinin CM-in 188.4.2 və 308.1-ci maddələri ilə cinayətlərin məcmusu kimi tövsif edilməsi CM-in 17.4-cü maddəsinin tələblərinin pozuntusu hesab edilə bilməz. Beləliklə, 2024-cü ilin may ayından 2025-ci ilin may ayınadək olan müddət ərzində törətdiyi yuxarıda qeyd olunan əməlləri ilə Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş və öz qulluq mövqeyindən istifadə edərək bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Lerik bələdiyyəsinə məxsus torpaq sahəsini ələ keçirərək faktiki istifadə etməyə başlamaqla özbaşına tutmuşdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs əməllərində CM-in 188.4.2-ci maddəsindən əlavə CM-in 308.1-ci maddəsinin tərkib əlamətləri tam mövcud olduğundan, onun əməlləri düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən cinayətlərin ideal məcmusu kimi hər iki maddə ilə tövsif edilmişdir. Bundan başqa, Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən “Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumuluğunu, zərərçəkmiş hüquqi şəxsin ondan şikayət və tələbi olmamasını" cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.4.2-ci maddəsi ilə törətmiş olduğu cinayətin ictimai təhlükəliyi iqtisadi sistemdə çox mühim rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur, torpağın möhtəkirlik obyektinə çevrilməsinə gətirib çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə törətmiş olduğu cinayətin ictimai təhlükəliyi - təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Vəzifə səlahiyyətlərindən sui-istifadənin ictimai təhlükəliyinin xarakteri ikili obyektli olmaqla əsas obyekt - dövlət orqanlarının normal fəaliyyəti, əlavə obyekt vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. təqsirin forması - cinayətin qəsdən törədilməsi, əməlin ağır cinayətlər kateqoriyasına aid olmasıdır. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə almamış, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda sadalanan şəraitdə və üsullarla törətməsinə baxmayaraq, ona CM-in 188.4.2-ci maddəsi üzrə 62-ci maddəsi tətbiq etməklə daha aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlmiş, bu da cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 59-cu maddəsində nəzərdə tutulmamış, yəni "Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmasını” cəzasını yüngülləşdırici hallar kimi qəbul etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, xarakter şəxsiyyət üçün tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi-psixoloji xüsusiyyətlərin məcmusudur. (D.G.Myers "Psixologiya” - 2010). Yəni, hər bir şəxs müxtəlif münasibətlər kontekstində fərqli formada (müsbət və ya mənfi) xarakterizə edilə bilər. Lakin məhkəmə, Balaşırin Nəsirovun "iş yeri üzrə müsbət xarakterizə olunmasını” yalnız cəzasını yüngülləşdirən halların siyahısında qeyd etməklə kifayətlənmiş, lakin bunların nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasının nədə ifadə olunmasını məhkəmə hökmünün təsviri-əsaslanlırıcı hissəsində göstərməmişdir. Halbuki cinayət işinin materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmasına dair hər hansı sənəd yoxdur. Xüsusi ilə vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs Lerik bələdiyyəsinin sədri işlədiyi dövrdə bələdiyyə fonduna aid 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadan həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edib həmin ərazidə tikinti işləri apararaq fərdi yaşayış evi tikməsi gələcəkdə baş verə biləcək və verməli olduğu ictimai təhlükəli nəticələrin onların şəxsiyyətlərini müsbət xarakterizə edən hal kimi qiymətləndirilə bilməzdi. Bundan başqa, məhkəmə cəza təyin edərkən "zərərçəkmiş hüquqi şəxsin ondan şikayət və tələbi olmamasını” Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında özünü təqsirli bilməmiş və əməlindən peşmançılıq hissi keçirməmiş, təqsirləndirilən şəxsin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışması və dəymiş ziyanı ödəməsi qeyri-müəyyən qalmış, bu da təqsirləndirilən şəxsin qeyri səmimiyyətindən xəbər verir. Halbuki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla öz vəzifə səlahiyyətləri, yəni hüquq və vəzifələrini aydın şəkildə başa düşüb məhz etdiyi əməlin cinayət olmasını qabaqcadan bilmiş, buna baxmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunazidd əməlləri törətməkdən çəkinməmişdir. Təqsirləndirilən şəxs şəxsin zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tam ödəmiş olsaydı əgər, məhkəmə tərəfindən qeyd olunan hallar CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınardı. Bundan başqa, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin "ilk məhkumluğunun olmasını” Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda səhvə yol vermişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 2, 8, 41.2, 58-ci maddələrinin tələblərinə formal yanaşaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və təqsirləndirilən şəxsə CM-in 188.4.2-ci maddəsi üzrə CM-nin 62-ci maddəsi tətbiq edib aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə islah olunmasını mümkün hesab etmiş, bununla da dövlətin cinayət törətmiş şəxsləri cəzalandırmağa qadir olmasına inamını azaltmışdır. Beləliklə də, təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə açıq-aşkar uyğun olmamışdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 308.1-ci maddəsi ilə bəraət hökmü çıxararkən cinayət prosessual qanuvericiliyinin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” Plenum Qərarının bir sıra bəndlərinin tələblərini pozmuşdur. Irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin CM-in 188.4.2-ci maddəsi ilə tamamilə əhatə olunması barədə səhv qənaətə gəlmiş olsa belə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 308.1-ci maddəsi üzrə əməlini hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmalı olduğu halda səhvən CPM-nin 42.1.2-ci maddəsi ilə bəraət vermiş və nəticədə Ali Məhkəməsinin Plenumunun verdiyi izahdakı təsbit olunmuş hüquqi mövqedən fərqli qənaətə gəlmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsə CM-nin 308.1-ci maddəsi ilə bəraət verərkən Ali Məhkəməsinin Plenumunun qərarında “əməlin tövsifi” ilə bağlı normaya istinad edib yekunda isə “əməldə cinayət tərkibinin olmaması” əsası ilə bəraət verməsi qeyri müəyyən olmaqla yanaşı Qanunvercilyin ədalət və qanunçuluq prinsiplərini pozmuşdur. Halbuki, CPM-nin 42-ci maddəsində “əməlin tövsifi” ilə bağlı müddəalar bəraətin əsasları kimi göstərilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 188.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü işin faktiki hallarına uyğun olmadığına və cinayət qanunu normasının düzgün tətbiq edilmədiyinə görə ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 188.4.2-ci maddələri ilə təqsirli bilinib, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əlavə cəza ilə yanaşı, qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılması xahiş olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir araşdrıma aparmadan əsassız olaraq hökm çıxarmışdır. Özünün günahsız hesab edir. Məhkəmə onun uzun müddətdə vətənə ləyaqətilə və vəzifə səlahiyyətlərində xidmət etməyi və övladının “Vətən” müharibəsinin iştirakçısı olmasını nəzərə almamışdır. Cinayət işinin yenidən araşdırılaraq barəsində bəraət hökmü çıxarılması xahiş olunur. III. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, apellyasiya protestinin dəlillərini müdafiə edərək, protestin təmin olunmasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 188.4.2-ci maddələri ilə təqsirli bilinərək, təklif olunan həddə cəza təyin olunmasını, apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilərək bəraət hökmü çıxarılmasını və apellyasiya protestinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir IV. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün ləğv olunması qeyd olunmuşdur. Apeıllyasiya şikayətində Cinayət-Prosessual Məcəlləsinin 399.1.5. və 404-cü maddələrinə əsasən hökmün dəyişdirilməsi qeyd olunsa da, məhkəmə istintaqının çıxış mərhləsində müdafiə tərəfi Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün ləğv olunmasını xahiş etmişdir. Kollegiya əvvəlcə apellyasiya protestinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Apellyasiya protestinin dəlillərində aşağıdakı hallar mübahisələndirilir: 1.CM-in 308.1-ci maddəsi ilə bəraət verilməsinin qanun pozuntusu olması; 2.CM-in 46-cı maddəsinı əsasən əlavə cəzanın təyin olunması; 3.CM-in 308.1. və 188.4.2-ci maddələri ilə cinayətlərin məcmusu üzrə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması. Kollegiya prtestin birinci dəlili üzrə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərar). CM-in 308.1-ci maddəsi- vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma cinayət əməlinin tərkib hissəsini müəyyən edir. Lakin nəzərə alınmalıdır ki, CM-in 188.4.2-ci maddəsində göstərilən cinayət əməlinin tərkibi o halda yaranır ki, CM-in 188.2.-ci maddəsində qeyd olunan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma cinayət əməlini təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə törətmiş olsun. Oxşar hüquqi vəziyyətlə bağlı “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında tövsiyə olunmuşdur ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3cü maddəsi ilə tam əhatə olunduğundan, həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsində olarkən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində mülkiyyət və ya digər hüquq olmadan özbaşına fərdi yaşayış evi inşa etdirməsi CM-nin 308.1-ci maddəsində göstərilən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməlinin tərkib hissəsini yaradır. Lakin onun qulluq mövqeyindən istifadə etməklə CM-in 188.2ci maddəsində göstərilən cinayəti törətməsi CM-in 188.4.2-ci maddəsi ilə tam əhatə olunduğundan, həmin əməlin əlavə olaraq 308.1-ci maddəsi ilə tövsif edilməsinə zərurət yoxdur. Kollegiya CM-in 308.1-ci maddəsi haqqında protestdə göstərilən əsasların o hissəsi ilə razılaşır ki, bu kimi hüquqi vəziyyətdə CM-in 308.1-ci maddəsinə bəraət verilməsi əməlin tövsifi və prosessual tələblər baxımından düzgün yanaşma deyil, qeyd olunduğu kimi, həmin ittiham CM-in 188.4.2-ci maddəsi ilə əhatə olunduğuna görə, CM-in 308.1-ci maddəsi verilmiş ittihamdan xaric olunmalıdır. Kollegiya protestin ikinci dəlili üzrə qeyd edir ki, CM-in 188.4.2-ci maddəsində əlavə cəza nəzərdə tutulmasa da, CM-in 46.2-ci maddəsinin tələbləri baxımından işin halları nəzərə alınmaqla əlavə cəzanın təyin olunması məsələsi müzakirə oluna bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində təyin edilmiş müəyyən fəaliyyətlə məşğul olunmadan məhrum etmə növündə əlavə cəza ilə bağlı məsələlərini də müzakirə edərək hesab edir ki, həmin cəza növünün hazırkı vəziyyətdə tətbiqi məqsədə müvafiq deyildir. Belə ki, cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışmışdır, şikayət və tələb yoxdur, eyni zamanda tikinti aparılan torpaq sahəsi cinayət işi ibtidai istintaqda olduğu müddətdə bələdiyyə tərəfindən satılmaqla başqa şəxsin mülkiyyətinə keşmişdir. Bundan başqa təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə kifayət qədər müsbət xarakterizə olunurlar. Eyni zamanda təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əlavə cəzanın məqsədi əsas cəza ilə birlikdə məhkumun islah olunmasından, sosial ədalətin bərpa olunmasından və yeni cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət işindən görünür ki, hazırkı vəziyyətdə əlavə cəza təyin edilmədən də, bütövlükdə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin səlahiyyətli nümayəndəsi ilə barışıq əldə etməsi və torpaq sahəsinin satılması ilə, həmin torpaq sahəsinə bələdiyyənin heç bir marağının olmaması, həmin cinayətin törədildiyi vaxtdan hazırkı vaxta qədər Təqsirləndirilən şəxs iş fəaliyyətlərində başqa hər hansı hüquq pozuntusuna yol verməməsi və müsbət xarakterizə olunması kollegiyada əhəmiyyətli dərəcədə cəzanın məqsədlərinə nail olması təsərrüatını yaradır. Odur ki, əlavə cəzanın təyin olunması ilə bağlı protestin dəlilləri əsassız hesab olunmalıdır. Kollegiya protestin üçüncü dəlilinə, yəni cəza təyini ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında hökmdə qeyd olunan yüngülləşdirici halların təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsas verib-verməməsini araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; Iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, Cinayət Məcəlləsinin 62.2ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsi isə, əksinə, hansı halların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təqribi dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (Cinayət Məcəlləsinin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi vəziyyətində, yalnız yaşayış yeri üzrə müsbət xarakterizə olunması əsasının müstəsna hal kimi qiymətləndirilməsi CM-in 62-ci maddəsinin tətbiqinin mümkünlüyü ilə bağlı ümumi məqsəd və prinsiplərə ziddir. Ona görə də CM-in 62-ci maddəsinin tətbiqinin yanlış hüquqi mövqe olması ilə bağlı protestin dəlilləri əsaslı hesab olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin olunması müzakirə olunmalıdır. Bununla belə kollegiya birinci instansiya məhkəməsində olmuş hüquqi vəziyyətə uyğun olaraq, CM-in 70-ci maddəsinin tətbiqi məsələsini müzakirə etməyi məqsədə uyğun hesab edir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır:
1. Məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü;
2. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi;
3. Məhkumun şəxsiyyəti;
4. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşdur ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Yuxarıda qeyd olunduğu kimi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin səlahiyyətli nümayəndəsi ilə barışıq əldə etməsi və torpaq sahəsinin satılması ilə, həmin torpaq sahəsinə bələdiyyənin heç bir marağının olmaması, həmin cinayətin törədildiyi vaxtdan hazırkı vaxta qədər Təqsirləndirilən şəxs iş fəaliyyətlərində başqa hər hansı hüquq pozuntusuna yol verməməsi və müsbət xarakterizə olunması kollegiyada əhəmiyyətli dərəcədə cəzanın məqsədlərinə nail olması təsərrüatını yaratmışdır. Bundan başqa müəyyən olunur ki, təqsirləndirilən şəxsin oğlu Sadiq Mirzəzadə “Vətən” müharibəsi iştirakçısıdır, Prezidentin ## #### 2021-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, Baş Nazirin ## ##### 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Cinayət Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipini nəzərdə tutan 9-cu maddəsinin tələblərini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, ondan şikayətin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, müsbət xarakterizə olunması və Təqsirləndirilən şəxs oğlunun “Vətən” müharibəsi iştirakçısı olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq cəzalarını yüngülləşdirən hal kimi nəzərə almaqla, ona Cinayət Məcəlləsinin 70ci maddəsinin tətbiqini mümkün hesab edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Kollegiya nəticə olaraq, protestin dəlilləri ilə qismən razılaşaraq bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-in 188.4.2-ci maddəsində göstərilən cinayət əməlini törətməsi tam sübuta yetmişdir, ona görə də o, həmin maddə ilə cəzalandırılmalıdır, bununla əlaqədar olaraq hökmdən CM-nin 308-ci maddəsinə bəraət verilməsi, CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilməli, CM-in 308-ci maddəsi ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sansiyası həcmində, aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq, təyin olunacaq azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci maddəsinə əsasən müəyyən müddətə sınaq müddəti ilə şərti hesab olunmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə etmiş, bəraətverici əsasların olmadığını müəyyən etmişdir. Belə ki, cinayət işi materiallarından aşkar görünür ki, qeyd olunan tikinti işi onun bələdiyyə sədri işlədiyi müddətdə başlanılmışdır. Onun sədr səlahiyyətlərini həyata keçirdiyi müddətdə arvadı Təranə Kərimovanın adından torpaq alğısatqısı ilə bağlı müraciətlərin olması, lakin mülkiyyət hüququ və hərracın keçirilməsi ilə bağlı müraciətlərdən imtina edilməsi vəziyyətində həmin torpaq sahəsində tikinti işləri aparmasına sərəncam verməsi qulluq mövqeyindən sui istifadə kimi qiymətləndirilməlidir. Qeyd olunan cinayət əməlinin ittihamda göstərilən formada törədilməsi şahid ifadələri və cinayət işi materiallarına əlavə edilmiş rəsmi sənədlərlə sübuta yetir. Belə olan halda Təqsirləndirilən şəxs bəraətverici əsaslarla olan ifadələri özünü müdafiə kimi qiymətləndirilməli, sübut kimi qəbul olunmamalıdır. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 401.1.1-ci maddəsinin tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, hazırkı məhkəmə araşdırmasında qeyd olunan hallar CPM-in 399.1.2-ci maddəsinə əsasən prosessual pozuntu hesab olunur və hökmün dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 398.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər.
Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 397-399, 401 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRAR VERDI: Dövlət ittihamçısı dövlət ittihamçısı3 oğlu tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi və Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə baəraət verilməsinə dair müddəaları xartic edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham hökmdən xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsi ilə təsqirli bilinən Təqsirləndirilən şəxs 04 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Lerik rayon Icra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin UMBAKI Penitensiar Müəsissəsindən dərhal həbsdən azad edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.