Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-302/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, xüsusi ittihamçı Xüsusi ittihamçı iştirakı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 147 və 148-ci maddələri ilə irəli sürülmüş xüsusi ittihama dair şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina barədə Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Materialdan görünür ki, xüsusi ittihamçı Xüsusi ittihamçı Kürdəmir Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində CM-in 147 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin sözügedən qərarı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilmişdir (Hakim Rahid Mehdiyev). Qeyd edilən qərardan xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin həmin qərarını ləğv edərək, xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, etik normalara riayət etməklə, abrına sığınmaqla həmin fotoşəkillərdə hansı sözün yazılmasını ərizəsində qeyd etməmişdir. Fotoşəkillərə diqqət ilə baxılsa idi həmin sözlərin nə olduğu anlaşılardı. Bununla belə, ərizədə sübutların məhkəmə iclasında təqdim edəcəyimi qeyd etmişdir. Məhkəmə isə ##.##.2026-cı il tarixə saat 15:15-ə təyin edilmiş iclası, saat 18:30-da keçirmiş, səthi araşdırma apararaq, qanunsuz qərar qəbul etmişdir. Belə ki, qərarda söyüşlərin görünmədiyini qeyd etmiş, halbuki həmin sözlərin nə olduğunu soruşmuşdur. Bundan başqa, həmin sözlər ona yönəlmişdir. Iş ətraflı, tam, hərtərəfli və obyektiv araşdırısa idi həmin yazının barəsində şikayət verdiyi şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən icra edildiyi məlum olardı. Birinci instansiya məhkəməsi şikayətdə göstərilən halların araşdırılması üçün məhkəmə baxışı təyin etmək əvəzinə, işin mahiyyətini qabaqcadan həll etmişdir ki, bu da qanunvericiliyin tələbinə ziddir. Şikayətdə cinayətin törədilmə vaxtı, yeri, şikayət olunan şəxsin məlumatları və hadisənin təsviri göstərilmişdir. Məhkəmə mövcud çatışmazlıqların olması qənaətinə gəlmişdirsə, onların aradan qaldırılması imkanını təmin etməli idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Kürdəmir Rayon Məhkəməsinin sözügedən qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında cinayət işinin materialını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148- 1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikası CPM-in 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikası CPM-in 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Hazırki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olmamasını əsas götürərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7ci maddələrində xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu bu Məcəllənin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması və onun təqsirli olubolmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında verilmiş şikayət araşdırılarkən müəyyən edilmişdir ki, həmin şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunu araşdırılarkən müəyyən edilmişdir ki, ərizədə həm şikayət vermiş şəxs, həm də barəsində şikayət verilmiş şəxs barədə yalnız soyad, ad, ata adı və yaşayış yeri (ünvanı) göstərilməklə kifayətlənilmişdir. Halbuki CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar tam, yəni soyadı, adı, atasının adı ilə yanaşı, həmçinin onun doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi göstərilməklə əks etdirilməlidir. Eyni qaydada, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərilməklə yanaşı, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi də şikayətdə öz əksini tapmalıdır. Şikayət ərizəsində şəxslər barədə tələb olunan məlumatların natamam göstərilməsi onun məzmununun CPM-in 293.3.1 və 293.3.3-cü maddələrinin tələblərinə uyğun olmadığını şərtləndirir. Bununla yanaşı, CPM-in 293.3.2-ci maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə, o cümlədən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi konkret göstərilməlidir. Hazırki halda xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxsin CM-in 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, şikayət ərizəsində hansı konkret ifadənin (sözün, yazının) böhtan, hansının isə təhqir təşkil etdiyi dəqiqləşdirilməmişdir. Halbuki böhtan və təhqir müstəqil cinayət tərkibləri olub, böhtan şərəf və ləyaqəti ləkələyən, yaxud nüfuzdan salan bilərəkdən yalan məlumatların yayılmasını, təhqir isə şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılmasını nəzərdə tutur. Bu baxımdan, ittihamçı tərəfindən hər bir maddə üzrə ittihamın əsaslandığı konkret əməlin (ifadənin) ayrıca müəyyənləşdirilməməsi şikayətin məzmununun CPM-in 293.3.2-ci maddəsinin tələblərinə cavab vermədiyini göstərir. Eyni zamanda, CM-in 147-ci maddəsi 147.1 və 147.2-ci hissələrdən ibarət olub, hər bir hissə cinayətin müxtəlif tövsif əlamətlərini ehtiva edir. Lakin şikayət ərizəsində ittihamın CMin 147-ci maddəsinin məhz hansı hissəsi (147.1 və ya 147.2-ci maddəsi) ilə irəli sürüldüyü dəqiq göstərilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin düzgün və dəqiq tövsifinin, o cümlədən tətbiqi tələb olunan maddənin konkret hissəsinin göstərilməsi şikayətin məzmununa dair tələblərdən biri olduğundan, bunun təmin edilməməsi də şikayətin CPM-in 293.3.2-ci maddəsinin tələblərinə uyğun olmadığını şərtləndirir. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi yuxarıda qeyd edilən hissələrdə CPM-in 293.3.1, 293.3.2 və 293.3.3-cü maddələrinin tələblərinə cavab vermədiyindən, onun məzmunu bütövlükdə CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun hesab edilə bilməz. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbayan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli * saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin adı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Xüsusi ittihamçı şikayət ərizəsinin CPM-nin tələblərinə uyğun olmamaqla tərtib edildiyini əsas götürərək xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Tamrlan Kərimova CM-in 147 və 148-ci maddələri ilə irəli sürülmüş xüsusi ittihama dair şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 300.1.3, 302.1.7, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti təmin olunmasın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə irəli sürülmüş xüsusi ittihama dair şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina barədə Kürdəmir Rayon Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-302/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-302/2026
29.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver