Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-305/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Babayev Variq Xanoğlan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçiləri – Lənkəran Rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 və Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ##.##.1966-cı il tarixdə Lerik rayonu, Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lerik rayonu, Bilnə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X10) Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan Lerik rayonu, Bilnə kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Lerik Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü çıxarılmasını xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, o, 2025-ci ilin noyabr ayının əvvəllərində vahid niyyətlə Lerik rayonunun Bilnə kəndi ərazisində yerləşən pay torpaq sahəsində azat cinsli diametri 9 sm-də 01 (bir) ədəd, 10 sm-də 01 (bir) ədəd, 12 sm-də 01 (bir) ədəd, 13 sm-də 01 (bir) ədəd, 14 sm-də 01 (bir) ədəd, 15 sm-də 01 (bir) ədəd olmaqla, cəmi 06 (altı) ədəd ağacı yaş halda kök boğazından qanunsuz kəsməsi nəticəsində təbiətə 16200 (on altı min iki yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamı əsaslı hesab etmiş, cəza təyin etmiş və ittiham tərəfinin məhkəməyə təqdim etdiyi ziddiyyətli sübutlara istinad etmişdir. Halbuki həmin sübutların mötəbər olmaması məhkəmə iclasında verilmiş ifadələrdən açıq-aşkar görünmüşdür. Birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı yol verilmiş prosessual pozuntulara və eləcə də maddi hüquq normalarının pozulmasına düzgün hüquqi qiymət verməmiş və nəticədə ədalətli olmayan hökm çıxarmışdır. Ibtidai araşdırma isə tamamilə ədalətsiz aparılmışdır. Verilmiş ittihama görə Təqsirləndirilən şəxs 2025-ci ilin noyabr ayının əvvəllərində vahid niyyətlə Lerik rayonunun Bilnə kəndi ərazisində pay torpaq sahəsində azat cinsli diametri 9 sm-də 01 (bir) ədəd, 10 sm-də 01 (bir) ədəd, 12 sm-də 01 (bir) ədəd, 13 sm-də 01 (bir) ədəd, 14 sm-də 01 (bir) ədəd, 15 sm-də 01 (bir) ədəd olmaqla cəmi 06 (altı) ədəd ağacın yaş halda kök boğazından qanunsuz kəsməsi nəticəsində təbiətə 16200 (on altı min iki yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə də həmin ittihamı əsaslı hesab etmişdir. Lakin müdafiə tərəfi olaraq çıxarılmış ittiham hökmünü əsassız hesab edir və hesab edir ki, birinci instansiya məhkəməsi bəraət hökmü çıxarmalı idi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubundan görünür ki, Lerik rayonunun Bilnə kəndi ərazisində kəsilmiş ağacların yerləşdiyi ərazinin mülkiyyətçisini müəyyən etməkdən ötrü sözügedən əraziyə baxış keçirilməsi üçün mütəxəssis ayrılmasına və həmin ərazinin kimin mülkiyyətində olması ilə bağlı məlumatın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi Idarəsinə ünvanlanmış ## ###### 2025- ci il tarixli *-**-**/*-*****/** nömrəli məktuba tərəflərindən baxılmışdır. Həmin məktuba cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi tərəflərindən müayinə edilmiş və baza məlumatlarına əsasən məlum olmuşdur ki, həmin ərazi ************* nömrəli Reyestrdən çıxarış əsasında X2 və ailə üzvlərinin birgə mülkiyyətindədir. Təqsirləndirilən şəxsə istinad olunmuş əməl Azərbaycan Respublikasının CM-in 259.1-ci maddəsidir. Həmin maddənin dispozisiyasında görünür ki, ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət tərkibi yaradır. Lakin həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 259-cu və 260-cı maddələrinin müddəaları kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Göründüyü kimi, qanunverici xüsusi mülkiyyətdə olan yaşıllıqların kəsilməsini istisna hal kimi qəbul etmişdir. Məhz bu baxımdan verilmiş ittiham düzgün olmamış, çıxarılmış ittiham hökmü isə qanunsuzdur. Belə ki, təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan yaşıllığı kəsmişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs özü də ifadələrində göstərir ki, mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmək məqsədilə torpaq sahəsini kol-kosdan və ağaclardan təmizləməklə torpaq sahəsini taxıl və digər məhsulları əkmək üçün yararlı vəziyyətə gətirmək istəmişdir. Buradan da görünür ki, mülkiyyətçi özünə məxsus olan torpaq sahəsini təyinatı üzrə istifadə etmək istəyində olmuşdur ki, bu da qanuna zidd deyil. Daha sonra məhkəmə tərəfindən diqqət edilməmiş növbəti məqam ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxs özü ifadələrində göstərir ki, o torpaq sahəsində 2 yaş ağac, 2 quru ağac kəsmişdir. Hətta ona polis əməkdaşları yaxınlaşarkən o 4 ədəd ağac kəsdiyini bildirmiş və kəsilən ağacların yerini polis əməkdaşlarına göstərmişdir. Buradan da görünür ki, o 5 ədəd ağac kəsməmişdir. Məhkəmə 5 ədəd ağacın kəsilməsi ilə bağlı yekun nəticəyə gələrkən də yanlışlığa yol vermişdir. Zərərçəkmiş şəxs olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin noyabr ayının əvvəllərində Lerik rayonunun Bilnə kəndi ərazisində pay torpaq sahəsində azat cinsli 06 ədəd ağacı yaş halda kök boğazından qanunsuz kəsməsi nəticəsində təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə 5 ədəd ağacın kəsilməsini iş materiallarında olan digər sənədlərlə müəyyən etmiş və arada olan ziddiyyəti nisbətən aradan qaldırmış olsa da, bunu tam olaraq etməmişdir. Belə ki, təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlar tam araşdırılmamış, onun 4 ədəd ağac kəsməsi ilə bağlı məqamlardan doğan suallara aydınlıq gətirilməmiş, eləcə də kəsilmiş ağacların ikisinin ümumiyyətlə qurumuş vəziyyətdə olması ilə bağlı verdiyi ifadələrə hüquqi qiymət verilməmiş, 5 ədəd ağacın kəsilməsi ilə bağlı hər hansı mötəbər sübutun olmamasını isə nəzərə almamışdır. Bundan əlavə məhkəmə dəymiş ziyanla bağlı ekspertiza keçirməli olduğu halda bunu etməmişdir. Belə ki, dəymiş ziyanın məbləği kifayət qədər şişirdilmişdir. Təbii ki, bu zərərçəkmiş şəxsin müəyyən etdiyi rəqəmdir. Belə olan halda məhkəmə heç bir marağı olmayan ekspertin rəyini əldə etməli və onun mötəbərliyini nəzərə almalı idi. Lakin məhkəmə absurd mütəxəssis rəyini əsas götürmüşdür. Ilkin olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəyi zərərçəkmiş şəxsin vermiş olduğu rəydir ki, burada da zərərçəkmiş şəxs təbii ki, maraqlı şəxsdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 96.1-ci maddəsinin birinci cümləsində göstərilir ki, mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Həmçinin, mütəxəssis bilə-bilə yalan rəy verməyə görə heç bir hüquqi məsuliyyət daşımır. Bu da ona imkan verir ki, mütəxəssis istədiyi formada rəy versin. Məhkəmə bütün ziddiyyətli, şübhəli məqamları düzgün qiymətləndirməmiş, bununla da Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin ən əsas tələblərindən biri olan şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı olmasını nəzərə almamışdır. Çox təəssüf ki, məhkəmə bu məqamları tamamilə əksinə, təqsirləndirilən şəxsin əleyhinə şərh etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin V R şahid1 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, R şahid2 ilə birlikdə Lerik rayonunun Bilnə kəndində xidmətdə olarkən kənd ərazisində bir nəfər şəxsin əlində balta ilə ağac kəsdiyini görmüşlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ağacları nə üçün kəsdiyini soruşmuşlar. Həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu, özünə məxsus torpaq sahəsinin ətrafını çəpəri əmək məqsədilə ağacları kəsib həmin ağac parçalarını da çəpərdə istifadə edəcəyini ağacların kəsilməsi ilə bağlı heç bir sənədinin olmadığını və həmin ərazinin özlərinə məxsus pay torpaq sahəsi olduğunu bildirmişdir. Göründüyü kimi, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 kəsilmiş ağacların sayı ilə bağlı heç bir ifadə verməmişdir. Buna səbəb onun həmin haldan xəbərsiz olmasıdır. Bununla da ağacların kəsilməsi ilə bağlı halın müəyyən edilməsi fonunda onların sayı müəyyən edilməli olduğu halda bu şahid tərəfindən müəyyən olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş R şahid2 da kəsilmiş ağacların sayı ilə bağlı heç bir ifadə verməmişdir. Buradan da görünür ki, məhkəmə 5 ədəd ağacın kəsilməsini müəyyən edərkən zərərçəkmişin ehtimallara əsaslanan təqdim etdiyi sənədləri əsas götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin mütəxəssisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs Lerik rayonu Bilnə kəndində yerləşən pay torpaq sahəsinə yerli baxış keçirilmiş, baxış zamanı azat cinsli diametri 9 sm-də 1 ədəd, 12 smdə 1 ədəd, 13 sm-də 1 ədəd, 14 sm-də 1 ədəd, 15 sm-də 1 ədəd olmaqla cəmi 5 ədəd ağacın yaş halda kəsildiyi müəyyən edilmişdir. Mütəxəssisin verdiyi rəylə heç bir halda razı deyilik. Təbii ki, qeyd etdiyi rəqəm - 13 800 manat dəymiş ziyanın hesablanması absurddur, digər tərəfdən isə mütəxəssis təqsirləndirilən şəxsin neçə ədəd ağac kəsməsini müəyyən edə bilməzdi. Çünki, həmin halın şahidləri polis əməkdaşları olmuşdur. Lakin, iş materiallarından görünür ki, onlar da kəsilmiş ağacların sayından məlumatsız olmuşdur. Burada kəsilmiş ağacların sayı ilə bağlı yeganə sübut təqsirləndirilən şəxsin verdiyi ifadədir. Məhz bu baxımdan da hesab edir ki, məhkəmə bu hissədə tam araşdırma aparmalı idi. Çünki, təqsirləndirilən şəxs 4 ədəd ağacın kəsildiyi bildirir, üstəlik bunların ikisinin yaş vəziyyətdə olduğunu bildirir. Lakin məhkəmənin yekun qərarı ilə həmin hallara əhəmiyyət verilməmişdir. Məhkəmə hər bir halda ədalətsiz hökm çıxarmışdır. Yəni məhkəmə ittiham hökmü çıxarmalı deyildi. Ittiham hökmünü çıxararkən isə oğlunun müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirsə də, faktiki olaraq həmin yüngülləşdirici halı cəza təyini zamanı nəzərə almamışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini müzakirə edərək, məhkum edilmiş şəxsin və onun müdafiəçilərinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təqsirli olması işdə olan mötəbər sübutların məcmusu ilə təsdiq edilmiş, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət vermiş, həmin sübutlar yoxlanılarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, sübutların yolverilənliyi və qiymətləndirilməsi məsələsi yalnız formal qaydada deyil, konkret sübutun əldə edilmə üsulu, mənbəyi, məzmununun yoxlanıla bilməsi və digər sübutlarla uyğunluğu baxımından həll edilməlidir. CPM-in 125 və 143-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və kifayət etməsi meyarları üzrə ayrıca, sonra isə digər sübutlarla məcmu halda qiymətləndirilməlidir. Bu baxımdan müdafiə tərəfinin ağacların sayı, onların yaş və ya quru olması, torpaq sahəsinin xüsusi mülkiyyətdə yerləşməsi və ziyanın hesablanması ilə bağlı dəlilləri ayrıca təhlil edilməli, lakin həmin dəlillərə sübutların ümumi məcmusundan təcrid olunmuş formada deyil, hadisə yerinə baxış protokolu, mütəxəssis rəyi, polis əməkdaşlarının və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, habelə torpaq sahəsinə dair reyestr məlumatları ilə birlikdə hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona 1994-cü ildə Lerik rayonu Bilnə kəndində pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ona verilən zaman ərazidə heç bir ağac və kol-kos olmamışdır. Sonra həmin torpaq sahəsində kol-kos çıxmış, o həmin kol-kosları təmizləyərək torpaq sahəsini taxıl və digər məhsulları əkmək üçün əkinə yararlı vəziyyətə salmışdır. Belə ki, həmin torpaq sahəsində ağaclar da olmuşdur. Həmin torpaq sahəsinə dair onun çıxarışı vardır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Traktor sahəni şumladığı zaman həmin ağaclar maneə yaratdığı üçün o, həmin ağacları kəsmişdir. Ağacları kəsən zaman heç bir icazə almamış, icazə almalı olmasını bilməmişdir. O, torpaq sahəsində 2 yaş ağac və 2 quru ağac kəsmiş, həmin ağacları ## ###### 2025-ci il tarixdə kəsmişdir. O, həmin ağacları kəsdikdən sonra ona məxsus torpaq sahəsinin ətrafına hasar çəkmişdir. O, həmin kəsilmiş ağaclardan 10 ədəd dirək əldə etmişdir. Hasar çəkən zaman polis əməkdaşları ona yaxınlaşmış, o 4 ədəd ağac kəsdiyini bildirmiş və kəsilən ağacların yerini polis əməkdaşlarına göstərmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin noyabr ayının əvvəllərində Lerik rayonunun Bilnə kəndi ərazisində pay torpaq sahəsində azat cinsli 06 (altı) ədəd ağacı yaş halda kök boğazından qanunsuz kəsməsi nəticəsində təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin V, R şahid1 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, R şahid2 ilə birlikdə Lerik rayonunun Bilnə kəndində xidmətdə olarkən kənd ərazisində bir nəfər şəxsin əlində balta ilə ağac kəsdiyini görmüşlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ağacları nə üçün kəsdiyini soruşmuşlar. Həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu, özünə məxsus torpaq sahəsinin ətrafını çəpərləmək məqsədilə ağacları kəsib həmin ağac parçalarını da çəpərdə istifadə edəcəyini, ağacların kəsməsi ilə bağlı heç bir sənədinin olmadığını və həmin ərazinin özlərinə məxsus pay torpaq sahəsi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin R şahid2 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə Lerik RPŞ-nin PPXB-nin V, R şahid1 ilə birlikdə Lerik rayonunun Bilnə kəndində xidmətdə olarkən kənd ərazisində bir nəfər şəxsin əlində balta ilə ağac kəsdiyini görmüşlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, ağacları nə üçün kəsdiyini soruşmuşlar. Həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu, özünə məxsus torpaq sahəsinin ətrafını çəpərləmək məqsədilə ağacları kəsib həmin ağac parçalarını da çəpərdə istifadə edəcəyini, ağacların kəsməsi ilə bağlı heç bir sənədinin olmadığını və həmin ərazinin özlərinə məxsus pay torpaq sahəsi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin mütəxəssisi X3 ifadəsində göstərmişdir ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə Lerik Rayon Polis Şöbəsindən rəy verilməsi ilə bağlı məktub daxil olmuş, polis şöbəsinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilmiş, 6 ədəd azat cinsindən olan yaş ağacın kəsildiyi müəyyən edilmiş, həmin ağacların diametrləri ölçülmüş, bundan sonra dəymiş ziyan hesablanaraq mütəxəssis rəyi polis şöbəsinə təqdim edilmişdir. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 259.1ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi materiallarında olan Lerik RPŞ-nin PPXB-nin V, R şahid1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli raportdan görünür ki, ##.##.2025-ci il tarixdə, saat təqribən 16:30 radələrində PPXB-nin sürücü polis nəfəri R şahid2 ilə birlikdə Lerik rayonunun Bilnə kəndi ərazisində olarkən həmin kənd sakini Təqsirləndirilən şəxs meşəlik ərazidə müvafiq icazəsi olmadan balta ilə ağac kəsdiyini aşkar etmişdir. Cinayət işi materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə bağlı Lerik rayonu Bilnə kəndində yerləşən “Simədi” adlanan əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Lerik rayonu Bilnə kəndinin üst hissəsində özünə məxsus pay torpağının aşağı hissəsində yerləşən ağaclıqda 05 (beş) ədəd Nil cinsindən olan müxtəlif diametrli ağacları kəsməsi aşkar olunmuşdur. O, həmin ağacların ona məxsus pay torpağında olduğunu bildirmişdir. Cinayət işi materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli (************ reyestr nömrəli) elektron çıxarışdan və ona əlavə ##.##.2022-ci il tarixli, AZ seriyalı, ****** nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lerik rayonu, Bilnə kəndində yerləşən 2,3363 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla ##.##.2022-ci il tarixdən Təqsirləndirilən şəxs və ailə üzvlərinin mülkiyyətindədir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin mütəxəssisi X3 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Lerik rayon Polis Şöbəsi tərəfindən daxil olmuş ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/** nömrəli məktuba əsasən bildirir ki, əraziyə baxış keçirtmiş və müəyyən etmişdir ki, ərazidə azat cinsli diametri 9 sm-də 1 (bir) ədəd, 10 smdə 1 (bir) ədəd, 12 sm-də 1 (bir) ədəd, 13 sm-də 1 (bir) ədəd, 14 sm-də 1 (bir) ədəd, 15 smdə 1 (bir) ədəd, olmaqla cəmi 6 (altı) ədəd, ağac yaş halda kəsilmişdir. Həmin ağacların kəsilməsinə görə ziyan Nazirlər Kabinetinin ## ####### 2016-cı il tarixli *** saylı qərarının * nömrəli əlavəsinə əsasən 16200 (on altı min iki yüz) manat hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, hadisə yerinə baxış protokolunda və mütəxəssis rəyində ağacların sayı ilə bağlı göstərilən fərqlər birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilmişdir. Belə ki, ittihamda altı ağacın kəsilməsi göstərilsə də, məhkəmə beş ağac üzrə ziyanı əsas götürmüşdür. Bu yanaşma şübhələrin məhkum edilmiş şəxsin xeyrinə həll edilməsi prinsipinə uyğundur və hökmün qanuniliyini şübhə altına almır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3-43/2- ****/**** saylı məktubundan görünür ki, Lerik rayonun Bilnə kəndi ərazisində kəsilmiş ağacların yerləşdiyi ərazinin mülkiyyətçisini müəyyən etməkdən ötrü sözügedən əraziyə baxış keçirilməsi üçün mütəxəssis ayrılmasına və həmin ərazinin kimin mülkiyyətində olması ilə bağlı məlumatın verilməsi barədə Daşınımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi Idarəsinə ünvanlanmış ##.##.2025- ci il tarixli, *-**-**/*-*****/** nömrəli məktuba tərəflərindən baxılmışdır. Həmin məktuba cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi tərəflərindən müayinə edilmiş və baza məlumatlarına əsasən məlum olmuşdur ki, həmin ərazi ************* nömrəli Reyestrdən çıxarış əsasında X4 və ailə üzvlərinin birgə mülkiyyətindədir. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi qismində tanınmışdır. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-in 259.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DIN BƏSII tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Lerik RIHB-nin Noda kənd Ərazi Icra nümayəndəsi əvəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: X7 – arvadı (1970), X12 – oğlu (1992), X8 – oğlu (1995), X6 – gəlini (2003), X11 – nəvəsi (2022). Cinayət işi materiallarında olan Lerik RIHB-nin Noda kənd Ərazi Icra nümayəndəsi əvəzi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş ****** nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X8 müharibə veteranıdır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin CM-in 259-cu maddəsinin qeyd hissəsinə istinad etməklə Təqsirləndirilən şəxs əməlinin cinayət tərkibi yaratmaması barədə dəlili əsaslı hesab edilə bilməz. Belə ki, cinayət hüququ nəzəriyyəsində cinayət qanununun təfsiri zamanı onun ayrı-ayrı normaları təcrid olunmuş şəkildə deyil, normativ aktın bütövlüyü, hüquqi tənzimləmənin məqsədi və qorunan hüquqi nemətin mahiyyəti nəzərə alınmaqla sistemli şəkildə şərh edilir. Bu baxımdan CM-in 259-cu maddəsi ətraf mühitin mühafizəsinə yönəlmiş ekoloji cinayətlər sırasında yer alır və həmin maddə ilə qorunan bilavasitə obyekt ayrı-ayrı ağaclar üzərində mülkiyyət hüququ deyil, ətraf mühitin və ekoloji tarazlığın qorunması sahəsində formalaşan ictimai münasibətlərdir. Buna görə də ağacın yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnun kimə məxsus olması özlüyündə cinayət məsuliyyətini istisna edən hal hesab edilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iş materialları ilə kəsilmiş ağacların Təqsirləndirilən şəxs mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi təsdiq olunur. Lakin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ həmin ərazidə yerləşən yaşıllıqlar üzərində qanunvericiliklə müəyyən edilmiş ekoloji-hüquqi rejimi aradan qaldırmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrindən irəli gələn mülkiyyət hüququ mütləq xarakter daşımır və Konstitusiyanın 39-cu maddəsinə uyğun olaraq hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə qanunla məhdudlaşdırıla bilər. Buna görə də mülkiyyətçi torpaq sahəsindən istifadə edərkən ekoloji qanunvericiliyin tələblərinə riayət etməyə borcludur. Müdafiə tərəfi CM-in 259-cu maddəsinin qeyd hissəsinə istinad etsə də, həmin normanın məzmunundan görünür ki, qanunverici cinayət məsuliyyətindən istisna edilən halları məhdud şəkildə müəyyən etmişdir. Həmin istisna yalnız xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə münasibətdə tətbiq edilir. Iş materialları ilə isə müəyyən edilir ki, hadisə yaşayış evinin həyətyanı sahəsində və ya bağ sahəsində deyil, kənd təsərrüfatı təyinatlı geniş pay torpaq sahəsinin aşağı hissəsində yerləşən təbii şəkildə formalaşmış ağaclıq ərazidə baş vermişdir. Həmin ağaclar kənd təsərrüfatı bitkiləri və ya süni salınmış bağ plantasiyası olmayıb, azat cinsli təbii yaşıllıqlar olmuşdur. Buna görə də müdafiə tərəfinin istinad etdiyi qeyd hissəsi mübahisə predmeti olan hüquq münasibətinə tətbiq edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yaşıllıqların götürülməsi Qaydası"nın müddəalarından da görünür ki, yaşıllıqların götürülməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslar və səlahiyyətli orqanların qərarı əsasında mümkündür. Təqsirləndirilən şəxs özü də məhkəmə iclasında ağacları kəsməzdən əvvəl hər hansı icazə almadığını etiraf etmişdir. Onun torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirmək niyyətində olması belə icazə proseduruna əməl etmək öhdəliyini aradan qaldırmır. Hüquqi dövlətdə məqsədin qanuni olması istifadə edilən vasitələrin də qanuni olmasını tələb edir. Bu nəticə Konstitusiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli hüquqi mövqeyi ilə də uzlaşır. Həmin hüquqi mövqeyə görə pay torpaqlarında yerləşən yaşıllıqların hamısı deyil, məhz kənd təsərrüfatı məhsulu kimi becərilən bitkilərdən ibarət yaşıllıqlar CM-in 259-cu maddəsinin “Qeyd” hissəsinin təsiri altına düşür. Iş üzrə kəsilmiş azat cinsli ağacların belə əkin və ya kənd təsərrüfatı məhsulu kimi becərilən bitki olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin sübutların kifayət etməməsi ilə bağlı dəlilini də əsaslı hesab etmir. Məhkum edilmiş şəxsin ağacları kəsməsi onun öz izahatı, hadisə yerinə baxış protokolu, polis əməkdaşlarının ifadələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisinin rəyi və digər yazılı sübutlarla qarşılıqlı şəkildə təsdiq olunur. Ağacların sayı barədə ilkin sənədlərdə müəyyən fərqlərin mövcudluğu sübutların sübutedici qüvvəsini tamamilə aradan qaldırmır; əksinə, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin hüquqi vəziyyətini ağırlaşdırmamaq məqsədilə ittihamda göstərilən altı ağacı deyil, hadisə yerinə baxış protokolu ilə təsdiq olunan beş ağacı əsas götürmüşdür. Məhkum edilmiş şəxsin yalnız dörd ağac kəsməsi və onlardan ikisinin quru olması barədə izahı isə iş üzrə digər obyektiv sübutlarla təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, ziyanın məbləğinin 13.800 manat müəyyən edilməsi işin faktiki hallarına və tətbiq olunan normativ metodikaya uyğundur. Birinci instansiya məhkəməsi ittiham aktında göstərilən 16.200 manat məbləğini deyil, faktiki olaraq müəyyən edilmiş beş ağaca uyğun hesablanmış ziyanı qəbul etməklə məhkum edilmiş şəxsin hüquqi vəziyyətini yaxşılaşdırmış və CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq ittihamın həcmini onun xeyrinə dəyişdirmişdir. Eyni zamanda CM-in 259-cu maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən 259.1-ci maddədə “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ başa düşüldüyündən, 13.800 manat ziyanın CM-in 259.1-ci maddəsi üzrə hüquqi qiymətləndirilməsi də qanunun məzmununa uyğundur. Müdafiə tərəfinin ekspertiza keçirilməsinin zəruriliyi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, CPM ekspertiza təyin edilməsini hər bir halda məcburi istintaq və ya məhkəmə hərəkəti kimi nəzərdə tutmur. Hazırkı işdə ziyanın hesablanması xüsusi normativ metodika əsasında səlahiyyətli dövlət orqanının mütəxəssisi tərəfindən aparılmış, mütəxəssis rəyində ağacların növü, sayı, diametrləri və ziyanın hesablanma qaydası göstərilmiş, həmin məlumatlar hadisə yerinə baxış protokolu və digər sübutlarla uzlaşmışdır. Rəyin düzgünlüyünü şübhə altına alan obyektiv məlumatlar müəyyən edilmədiyindən, yalnız müdafiə tərəfinin həmin rəylə razılaşmaması ekspertiza təyin edilməsini zəruri edən hal kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mütəxəssis rəyinin dövlət orqanının əməkdaşı tərəfindən verilməsi özlüyündə həmin rəyin yolverilməz və ya mötəbər olmayan sübut hesab edilməsinə əsas yaratmır. Əsas meyar rəyin prosessual qaydada əldə edilməsi, xüsusi biliklərə əsaslanması, konkret ölçmə və hesablamalara söykənməsi, habelə digər sübutlarla uyğunluğudur. Hazırkı işdə müdafiə tərəfi mütəxəssis rəyinin məzmununu təkzib edən alternativ hesablama, müvafiq mütəxəssis rəyi və ya başqa obyektiv məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin CM-in 259-cu maddəsinin "Qeyd" hissəsinə istinad etməklə xüsusi mülkiyyətdə yerləşən bütün yaşıllıqların kəsilməsinin cinayət məsuliyyətini istisna etməsi barədə mövqeyi həmin normanın hüquqi mahiyyətinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası CM-in 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli qərarında CM-in 259-cu maddəsinin "Qeyd" hissəsinin hüquqi məzmununu şərh edərək göstərmişdir ki, qanunvericinin məqsədi pay torpaqlarında yerləşən bütün yaşıllıqları cinayət-hüquqi mühafizədən çıxarmaq deyil, yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqları (əkinləri) həmin istisnanın əhatəsinə daxil etməkdir. Konstitusiya Məhkəməsi xüsusi vurğulamışdır ki, vətəndaşlara kənd təsərrüfatı məqsədilə verilmiş pay torpaqlarında belə yalnız kənd təsərrüfatı məhsulu kimi becərilən bitkilərin kəsilməsi CM-in 259cu maddəsinin "Qeyd" hissəsinin təsiri altına düşür, digər yaşıllıqlar isə ümumi hüquqi rejimə tabedir. Iş materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş yaşıllıqlar kənd təsərrüfatı məhsulu istehsalı üçün becərilən bitkilər deyil, təbii şəkildə formalaşmış azat cinsli ağaclardır. Təqsirləndirilən şəxs özü də həmin ağacları əkin məhsulu kimi yetişdirmədiyini, torpaq sahəsini sonradan əkin üçün yararlı vəziyyətə gətirmək məqsədilə onları kəsdiyini göstərmişdir. Belə olan halda mübahisə predmeti olan yaşıllıqlar Konstitusiya Məhkəməsinin hüquqi mövqeyində göstərilən istisna kateqoriyasına aid edilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, "Yaşıllıqların götürülməsi Qaydası"nın 1.1-ci bəndində həmin Qaydanın tətbiq dairəsi müəyyən edilərkən xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, eləcə də kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilər istisna edilmiş, bununla yanaşı Respublika ərazisində qalan yaşıllıqların götürülməsi üçün vahid icazə mexanizmi müəyyən edilmişdir. Bu normativ tənzimləmə göstərir ki, qanunverici torpaq sahəsinin mülkiyyət formasını deyil, yaşıllığın hüquqi statusunu əsas meyar kimi qəbul etmişdir. Bu baxımdan, təqsirləndirilən şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun mövcudluğu həmin ərazidə yerləşən bütün yaşıllıqlar üzərində sərbəst sərəncam vermək səlahiyyəti yaratmır. Əks yanaşma qəbul edilərsə, ekoloji qanunvericiliklə müəyyən olunmuş icazə mexanizmi tamamilə mənasız hala gələr və xüsusi mülkiyyət hüququ ətraf mühitin mühafizəsi sahəsində dövlət tənzimlənməsini istisna edən hüquqa çevrilərdi ki, bu da qanunvericinin iradəsinə uyğun deyildir. Kollegiya beynəlxalq hüququn bu sahədə qəbul olunmuş yanaşmasını da nəzərə alır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Avropa Iqtisadi Komissiyasının 1998-ci il tarixli “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” Orxus Konvensiyası və ekoloji hüququn ümumi prinsipləri ətraf mühitin qorunmasını yalnız dövlət orqanlarının deyil, həm də hər bir fiziki və hüquqi şəxsin öhdəliyi kimi qəbul edir. Müasir ekoloji hüquq doktrinasında xüsusi mülkiyyət hüququ "ekoloji funksiyaya malik mülkiyyət" konsepsiyası çərçivəsində qiymətləndirilir. Bu konsepsiyaya görə mülkiyyətçi əmlak üzərində hüquqlarını həyata keçirərkən ətraf mühitin qorunması ilə bağlı qanunvericilikdən irəli gələn məhdudiyyətlərə riayət etməyə borcludur. Bu yanaşma həm milli qanunvericilikdə, həm də beynəlxalq ekoloji hüququn inkişaf etmiş prinsiplərində qəbul edilmiş balans modelinə uyğundur. Kollegiya hesab edir ki, hazırkı işdə birinci instansiya məhkəməsi məhz həmin balansı gözləmişdir. Məhkəmə torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasını müəyyən etsə də, bunu cinayət məsuliyyətini birbaşa istisna edən hal kimi deyil, yalnız işin faktiki hallarından biri kimi qiymətləndirmiş, kəsilmiş ağacların hüquqi statusunu, onların kənd təsərrüfatı əkinlərinə aid olmamasını, qanunvericilikdə nəzərdə tutulmuş icazə proseduruna əməl edilməməsini və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni nəzərə alaraq nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli CM-in 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bu səbəbdən müdafiə tərəfinin CM-in 259-cu maddəsinin "Qeyd" hissəsinə əsaslanan dəlilləri hökmün ləğvi üçün hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyələrinə riayət etmişdir. Bundan başqa Kollegiya yuxarıda göstərilənlərə əsasən, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr məhkum edilmiş şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır»(## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən kəsilən ağacların növü, sayı nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, məhkum edilmiş şəxsi səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda) və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu Orxus Konvensiyasının müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi iş üzrə cəzanı müəyyən edərkən məhkum edilmiş şəxsə münasibətdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitə və psixotrop maddələrin növünü, külli və xüsusilə külli miqdarını, təyin olunmuş cəzanın məhkumun islah olunmasına və cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirini məcmu halda nəzərə almışdır. Bu səbəbdən təyin edilmiş cəza CM-in 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun olmaqla ədalətli və əsaslı hesab edilir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, CM-in 259.1-ci maddəsində nəzərdə tutulan sanksiya cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını ehtiva edir. Məhkum edilmiş şəxsə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin sanksiya həddində olmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkum edilmiş şəxsin şəxsiyyəti və iş üzrə müəyyən edilmiş digər hallar ilə uzlaşır. Iş üzrə CM-in 62-ci maddəsinin tətbiqinə əsas verən müstəsna hallar, şərti məhkum etmə, habelə təyin edilmiş cəzanın açıq-aşkar ədalətsizliyini göstərən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-305/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-305/2026
16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver