Məhkəmə qərarları › İş №1(3-9)-331/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-331/2026

14.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-331/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - Hakimlər Həşimov Yaşar Xanoğlan oğlu (sədrlik edən), hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs İsayev Ədil Mehdi oğlunun, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, İsayev Ədil Mehdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Xocavənd Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən məhkum edilmiş şəxs İsayev Ədil Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xocavənd Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü (hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi) ilə, ##.##.1967-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş İsayev Ədil Mehdi oğlunun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, İsayev Ədil Mehdi oğlunun ## ###### 2025-ci il tarixdən - ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, İsayev Ədil Mehdi oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İsayev Ədil Mehdi oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, İsayev Ədil Mehdi oğlunun məhkəmə iclas zalından dərhal həbs edilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: İsayev Ədil Mehdi oğlu satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda ümumi çəkisi 140,04 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşıyaraq müvəqqəti yaşadığı Xocavənd rayonu, Xocavənd şəhəri ərazisində yerləşən evinə aparıb gizlətməklə saxlamış, ## ###### 2025-ci il tarixdə onunla birlikdə Xocavənd şəhəri ərazisində fəhlə işləyən, Xocavənd şəhərində fərdi yaşayış evində yaşayan və otaq yoldaşı olan ##.##.1971-ci il təvəllüdlü Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olan şahid4 həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 9,69 qramını bəxşiş verməklə satmış, qalan 130,35 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə satış məqsədilə müvəqqəti yaşadığı Xocavənd rayonu, Xocavənd şəhəri ərazisində yerləşən evində yenidən gizlətməklə saxlamış, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2025-ci il tarixdə, saat 14:54-də o, Xocavənd şəhəri ərazisində yerləşən müvəqqəti yaşadığı evdə olarkən, polis əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla, müvəqqəti yaşadığı evə baxış keçirilən zaman özünə məxsus sellefon torbanın içərisində olan xeyli miqdarda, təmiz çəkisi 130 qram, istifadə üçün kağıza doldurulmuş təmiz çəkisi 0,35 qram, xeyli miqdarda ümumi təmiz çəkisi 130,35 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs İsayev Ədil Mehdi oğlu apellyasiya şikayəti verərək, heç vaxt narkotik vasitə saxlamadığını və narkotik vasitələrinin satışı ilə məşğul olmadığını, 3 azyaşlı övladının olmasını, ailəsinin yegnə qazanc gətirən olduğunu, yaşını nəzərə alaraq ##.##.2026-cı il tarixli Xocavənd Rayon Məhkəməsinin barəsində çıxardığı hökmü ləğv edib, alternativ cəza “həbsiz” cəza haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli Xocavənd Rayon Məhkəməsinin hökmü ilə, Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli bilinərək 3 (üç)il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hal-hazırda Qobustan Penitensiar müəssisəsində cəza çəkir. Qərəzli, fakt və sübutlar yoxlanılmadan, saxta tərtib olunmuş ittiham Aktı məhkəmə araşdırılmaları zamanı yoxlanılmadan, əlavə sübutlar tələb olunmadan, səmimi etiraflar və ifadələrim nəzərə alınmadan barəsində CPMnin tələblətinə zidd olarq hökm çıxarıldı. Bildirir ki, heç vaxt narkotik vasitələri saxlamamış və heç zaman satışı ilə məşğul olmamışdır. Əvvəllər narkotik vasitədən istifadə etməyinə baxmayaraq onun aludəçisi olmamışdır. 3 azyaşlı övlad atasıdır. Günəmuzd işləyərək ailəsini günəmuzd dolandırırdı. Ailənin dolanışığı üçün fəhlə kimi işləməyə getsədə heç bir əsas və fakt olmadan polis əməkdaşları tərəfindən həbs olunmuşdur. Məhkəmə araşdırmalarızamanı göstərilən sübutların mötəbərliyini, mənsubiyyətini yoxlanılmasını xahiş edir. Əlavə sübutlar, kimlərəsə narkotik vasitə satmağına dair mötəbər faktlar olmadığımı əsas gətirərək barəsində daha ədalətli qərar verilməsini, ailə vəziyyətini, yaşını nəzərə almasını xahiş etsə də halim dediklərini nəzərə almayaraq barəsində hökm çıxardı. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs İsayev Ədil Mehdi oğlunun əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ədalətli cəza təyin olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs İsayev Ədil Mehdi oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Kompleksinin videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan İsayev Ədil Mehdi oğlu müdafiəçisinin çıxışı ilə razı olduğunu və apellyasiya şikayətinin müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, Cinatət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Ə.İsayevin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Xocavənd Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxsin məhkəmə istintaq zamanı özünü təqsirli bilməsinə dair ifadəsi, şahid şahid4 ifadəsi, Xocavənd RPŞ-nin əməkdaşları Şirinov İsmayıl Mədət oğlu, şahid3 İslam oğlu, şahid2 və şahid1 ifadələri, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, evə baxışın keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” ## ###### 2025-ci il tarixli protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan Regional Bölməsinin ## ###### 2025-ci il tarixli, **/*** nömrəli ekspert rəyi və işdə olan istintaq hərəkətlərinə dair protokol və maddi sübutlarla İsayev Ədil Mehdi oğlunun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Ədil İsayevin Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların geniş şəkildə məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Ədil İsayevə CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının məhkum olunmuş şəxsin əməlinin CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilməməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər aşağıda qeyd olunanlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxs İsayev Ədil Mehdi oğlu apellyasiya məhkəməsinə ünvanladığı apellyasiya şikayətində və məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, təqsirləndirilən şəxs Ə.İsayevdən müvəqqəti yaşadığı evdə 1 ədəd polietilen torbada ümumi təmiz çəkisi 130,35 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmçinin onun tərəfindən həmin narkotik vasitədən 9,69 qramının onunla bir otaqda yaşayan şahid4 bəxşiş (pay) kimi verilməsi müəyyən edilmişdir. Qeyd olunan narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdardan (5 qr) dəfələrlə çox olmaqla 1 ədəd polietilen torbada əldə edilərək saxlanılması, həmçinin narkotik vasitənin bir hissəsinin digər şəxsə bəxşiş (pay) kimi verilməsi həmin narkotik vasitənin Ə.İsayev tərəfindən məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasına dəlalət edən hallardır. Belə ki, Ə.İsayevin narkotik vasitədən həm özünün istifadə etməsi, həm də şahid4la birlikdə və ya onun istifadə etməsi üçün bəxşiş kimi paylaşılması kimi şəxsi marağın təmin edilməsinə xidmət etmişdir. Deməli, onun məqsədi narkotik vasitədən istifadəyə yönəlmiş şəxsi tələbatını və həmin tələbatla bağlı şahid4 istifadəsini təmin etmək olmuşdur. Göründüyü kimi, Ə.İsayevin bəxşiş şəklində narkotik vasitəni şahid4 verməsi onun qanunsuz yayılmasına yönələn (şahid4 tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirilmişdir. Kollegiya bir daha qeyd edir ki, Ə.İsayev tərəfindən şahid4 narkotik vasitənin verilməsi şəxsi münasibətlərdən və birgə istifadə niyyətindən irəli gələn şəxsi maraq əsasında həyata keçirilmişdir. Bu hal narkotik vasitənin əvəzsiz qaydada digər şəxsə verilməsi kimi qiymətləndirilməli olmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il tarixli * nömrəli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğundur. Belə ki, həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Ədil İsayevin narkotik vasitəni qanunsuz olaraq əldə edib müvəqqəti yaşadığı otaqda saxlamaqla daşımış və onu digər şəxsə (şahid4) bəxşiş (pay) şəklində verməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və iş üzrə sübutların məcmusu ilə tam təsdiq olunur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, İsayev Ədil Mehdi oğluna Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, İsayev Ədil Mehdi oğlunun narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və onu digər şəxsə bəxşiş (pay) şəklində verməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və iş üzrə sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs İsayev Ədil Mehdi oğlunun apellyasiya şikayətində narkotik vasitəni heç vaxt saxlamaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması və barəsində saxta ittiham aktı əsasında hökm çıxarılması barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələr cinayət məsuliyyətindən yayınmağa və təyin edilmiş cəzanın yüngülləşdirilməsinə yönəlmişdir. Belə ki, həmin ifadələr iş üzrə toplanmış digər sübutların heç biri ilə təsdiq olunmur və əksinə, onların məzmunu ilə ziddiyyət təşkil edir. Halbuki, İsayev Ədil Mehdi oğlunun məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitəni işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində işlədiyi evin həyətindən tapmasını, həmin narkotik vasitəni müvəqqəti yaşadığı evə aparmasını və narkotik vasitədən şahid4 pay şəklində verməsini bildirməsi, şahid4 da ifadəsinin məzmunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında protokol, İsayev Ədil Mehdi oğlundan aşkar edilmiş narkotik vasitənin təmiz çəkisinin 130,35 qram, şahid4 aşkar edilmiş narkotik vasitənin isə 9,69 qram olması, eləcə də həmin narkotik maddələrin orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli olması barədə ekspert rəyi, eləcə də iş üzrə toplanmış digər sübutlarla qarşılıqlı surətdə təsdiq edilməsi həmin ifadənin hadisələrin faktiki hallarını əks etdirdiyini göstərir. Ə.İsayevin narkotik vasitənin saxlanılmasını və digər şəxsə verilməsini təsdiq edən ifadələri iş üzrə müəyyən edilmiş obyektiv faktlarla uzlaşır və sübutların məcmusu ilə təsdiq olunur. Kollegiya nəzərə alır ki, İsayev Ədil Mehdi oğlu məhkəmə iclasında da ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Eyni zamanda, onun narkotik vasitəni saxlamaması və satmaması barədə apellyasiya şikayətində göstərdiyi hallar onun özünün məhkəmə iclasında verdiyi ifadənin məzmunu ilə ziddiyyət təşkil edir. Belə ki, o, narkotik vasitəni tapdığını, həmin narkotik vasitəni yaşadığı evə apardığını və şahid4 həmin narkotik vasitədən pay verdiyini məhkəmədə də bildirmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, İsayev Ədil Mehdi oğlunun narkotik vasitəni saxlamaması və digər şəxsə verməməsi barədə apellyasiya şikayətində göstərdiyi ifadələr iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmadığından, özünü müdafiə xarakteri daşıyır və həmin ifadələrə tənqidi yanaşılmalıdır. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ə.İsayevin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin İsayev Ədil Mehdi oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxs İsayev Ədil Mehdi oğlunun müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Belə ki, birinci instansiya məhkəməsi sübutları bir-biri ilə müqayisə etməklə qiymətləndirmiş və gəldiyi nəticəni məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla əsaslandırmışdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Ə.İsayevə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanı da ədalətli sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Ə.İsayevin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin nisbi-müəyyən sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə İsayev Ədil Mehdi oğluna cəza təyini məsələsini müzakirə edərək CM-in 59-cu maddəsinə əsasən onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşağının olmasını və törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-in 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal müəyyən etməyərək ona CM-in 234.2-ci maddəsi ilə ən aşağı həddə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir ki, bu hal da belə qənaətə gəlməyə əsas verir ki, təyin olunmuş cəza törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və məhkumun şəxsiyyətinə uyğun ədalətli cəza olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə onun islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Ə.İsayevin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, məhkum olunmuş şəxsin apellyasiya şikayətinin dəlilləri ona daha yüngül cəza və ya həbslə əlaqədar olmayan digər cəzanın təyin edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs İsayev Ədil Mehdi oğluna cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * №-li Qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında yekun qiymət verib belə qənaətə gəlir ki, Xocavənd Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Ə.İsayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs İsayev Ədil Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xocavənd Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar