Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-334/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ##.##.1991-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, SabirabadRayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək iki il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş dörd ay on doqquz günü vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 78 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: İşin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan ##.##.2023-cü il tarixdən hesablanmaqla ##.##.2014-cü il təvəllüdlü Məlikov İlham Anar oğlunun və ##.##.2016-cı il təvəllüdlü X1 üçün hər ay bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, iki uşağa cəmi 340 (üç yüz qırx) manat məbləğində müvəqqəti alimentin tutularaq Nəzərova (Məlikova) Rumiyyə Ağaveyis qızına verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadını üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-İn 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 3(056)- ****/**** nömrəli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək ##.##.2024-cü il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ##.##.2025- ci il tarixdə verilən təqdimata əsasən 2040 (iki min qırx) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Nəzərova (Məlikova) Rumiyyə Ağaveyis qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı məhkəmə qərardadını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmənin ittiham hökmü ilə (hakim: X5) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün təyin olunmuş 2 (iki) il azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alandək dəyişdirilmədən saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri, Nizami rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə barəsində “Konstitusiya və Suverenlik ili” münasibəti ilə qəbul edilmiş Milli Məclisin ## ###### 2025-ci il tarixli amnistiya aktı tətbiq edilmiş və Qərarın 3.1-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilməsinin üzürlü hesab edilməsi vəsatət verilmiş və Sabirabad rayon məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə vəsatət təmin edilməklə, apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, barəsində cəza tətbiq edilərkən AR CM-in ədalət prinsipi və 58-ci maddəsinin tələblərinə riayət olunmamış, hökm çıxarılarkən araşdırmalar tam, birtərəfli və obyektiv aparılmamış, bununla da AR CM-nin 124 və 146-cı maddələrinin tələbləri kobudcasına pozulmuşdur. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslanmışdır. Törətdiyi əməldə cinayət tərkibinin xarakter dərəcəsi imkan verir ki, barəsində daha yüngül cəza növü təyin edilməli, bu zaman humanizm prinsipinə istinad olunmalıydı. Belə ki, məhkəmə qərar çıxararkən onun gəncliyini nəzərə almamış, o heç bir dövlət və özəl müəssisədə iş tapa bilməmiş, obyektiv olaraq aliment vermək imkanından məhrum edilmişdir. Belə ki, məhkəmə alimentin ödənilməsi üçün onun işlə təmin olunmağına kömək etmək məqsədilə rayon məşğulluq idarəsinə müraciət edə bilərdi, lakin məhkəmə ona qarşı ən sərt cəza tədbirini tətbiq etmişdi. Qeyd olunanlara əsasən , barəsində çıxarılan hökmün dəyişdirilməsi, cəzanın yüngülləşdirilməsi xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü dəyişdirməklə barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs Nəzərova (Məlikova) Rumiyyə Ağaveyis qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsinin) 397.1 və 398.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», « Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsi iddia olunaraq, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər onun tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın qanuniliyini və ədalətliliyini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ### 2025-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən məlum olur ki, əvvəllər dəfələrlə CM-in 177-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Snuncu dəfə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)**** saylı qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 4 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti başa çatdığı üçün ## ### 2024-cü il tarixdə Sabirabad rayon icra və probasiya şöbəsinin qeyiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan azad olunduğu gündən 2 (iki) il müddət keçmədən yenidən cinayət törətmiş ona görə onun məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmiş hesab edilməlidir CM-in 306.1-ci maddəsinin saksiyasında azadlıqdan məhrum etmə cəzası 3 ilə qədər nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin əvvəki məhkumluqları ilə ilsah olunmaması, şəxsiyyəti, hal-hazırda olan mövqeyi, sosial ədalətin bərpası, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi kimi hallar əsas verir ki, hakim cəza həddini düzgün müyyən etmiş, nisbətən aşağı həddə cəza təyin edərkən onun ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). Məhkəmə kolegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyin işığında Təqsirləndirilən şəxs hazırkı vaxtadək hərəkətlərini təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq onun müəyyən müddətə cəmiyyətdən tam təcrid edilmədən islah olunmayacağı qənaətinə gəlmişdir. Belə ki, o, əməlinin ictimai təhlükəliliyini dərk etsə də, ötən dövr ərzində bunun aradan qaldırılması istiqamətində zəruri hərəkətlər etməmiş, faktiki olaraq məhkəmə araşdırması hüququnu xəyali hüquqa imitasiya etmişdir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, onun islah olunması məqsədini və həmin Məcəllənin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən hökmün dəyişdirilməsi üçün əsas olan həmin Məcəllənin 404-cü maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-334/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-334/2026
11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver