Məhkəmə qərarları › İş №1(3-9)-343/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-343/2026

23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-343/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ## ####### 1979-cu il tarixdə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Ceyhun Mustafayev) Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- */**** saylı hökmü ləğv edilsin və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına, təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- */**** nömrəli hökmünə əsasən CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, cavabdeh kimi ondan ## ####### 2023-cü il tarixdən başlayaraq, ## ####### 2006-cı il təvəllüdlü X1, ## ######## 2008-ci il təvəllüdlü X3 və ## ####### 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmalarından ötrü hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat məbləğində alimenti Əskərova (Rzayeva) Ülkər Ramiz qızına ödənilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona ## #### 2025-ci il və ## ######## 2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ## ####### 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Əskərova (Rzayeva) Ülkər Ramiz qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 11740 (on bir min yeddi yüz qırx) manat 09 (doqquz) qəpik məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək rəsmi heç bir yerdə işləmədiyini, daha da önəmlisi, X9 rəsmi olaraq "işsiz" kimi qeydiyyatda olduğunu bəyan etmişdir. Məhkəmənin bu faktı nəzərə almaması hüquqi məntiqə sığmır. Dövlət tərəfindən işlə təmin olunmayan, sabit və leqal gəlir mənbəyi olmayan bir şəxs hər ay 660 manat (illik təxminən 8000 manat) məbləğində aliment borcunu hansı vəsaitlərlə ödəyə bilərdi? Real gəlirin və iş yerinin olmaması obyektiv bir reallıqdır və hüquqi dildə bu, "üzrlü səbəb" və iradədən kənar imkansızlıq adlanır. Şəxsin iradəsindən asılı olmayan (işsizlik, iqtisadi darlıq) səbəblərə görə öhdəliyi icra edə bilməməsi heç bir halda cinayət məsuliyyətinə və onun azadlıqdan məhrum edilməsinə əsas verə bilməz. Məhkəmə sanki işsiz şəxsdən mövcud olmayan bir pulu möcüzə nəticəsində tapıb ödəməsini tələb etmiş və bunu etmədiyi üçün onu cəzalandırmışdır. İş materiallarından və təqsirləndirilən şəxsin ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs icra sənədini tamamilə rədd etməmiş, əksinə, fərdi və təsadüfi işlərdən əldə etdiyi cüzi qazanclar hesabına hissə-hissə də olsa uşaqlarına ödənişlər etmişdir. Bu fakt cinayət təqibi orqanı və məhkəmə tərəfindən tamamilə təhrif edilmişdir. Şəxsin az da olsa ödəniş etməyə çalışması onun məhkəmə qərarına hörmətlə yanaşdığının, ən əsası isə bir ata kimi öz uşaqlarını sevdiyinin, onlara önəm verdiyinin və imkanı daxilində qayğı göstərmək istədiyinin bariz göstərgəsidir. Qərəzli şəkildə qərardan yayınan şəxs heç bir ödəniş etməz və qaçıb gizlənərdi. Təqsirləndirilən şəxs isə həm icra məmurunun çağırışlarına intizamla getmiş, həm də əlinə keçən hər bir qəpiyi uşaqlarına yönəltmişdir. Az ödəmək – "heç ödəməmək və ya qəsdən yayınmaq" demək deyil. Tam ödəyə bilməmək cinayət xarakterli qəsdin deyil, yalnız və yalnız yuxarıda qeyd olunan maddi imkansızlığın nəticəsidir. Şəxsə borcu hissə-hissə ödəmək və iş tapmaq üçün real zaman və imkan tanınmamış, tələsik şəkildə onun azadlıqdan məhrum edilməsinə qərar verilmişdir. Şəxsi 1 il 2 ay müddətinə həbsxanaya göndərməklə məhkəmə aliment problemini həll etmir, əksinə, onun gələcəkdə iş tapmaq və uşaqlarına az da olsa baxacaq qazanc əldə etmək imkanını tamamilə sıfırlayır. Bu hökm uşaqların maraqlarına uyğun deyildir. Hesab edir ki, məhkəmə iclasında hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs rəsmi iş yerinin olmadığını və X9 rəsmi olaraq "işsiz" statusu ilə qeydiyyatda olduğunu bildirsə də, məhkəmə bu mühüm hüquqi faktı nəzərə almamışdır. Dövlət tərəfindən işlə təmin olunmayan, sabit leqal gəliri və mülkiyyəti olmayan bir şəxsin alimenti tam ödəyə bilməməsi qəsd deyil, iradədən kənar obyektiv imkansızlıqdır. Hüquqi mənada bu vəziyyət birbaşa üzrlü səbəb hesab olunur və şəxsi mövcud olmayan vəsaitə görə azadlıqdan məhrum etmək hüquq prinsiplərinə tamamilə ziddir. Cinayət tərkibinin düzgün müəyyən edilməməsi təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına səbəb olur. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi tamamilə yoxdur və təqsirliliyi sübuta yetirilməmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 11740,09 manatın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını, cinayət işinə xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu dəymiş zərərin zərərçəkmiş şəxsə ödənilməsini, zərərçəkmiş şəxsin barışmasını, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin bu barədə məhkəməyə ərizə təqdim etməsini nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini dəqiqləşdirərək bildirmişdir ki, hal-hazırda zərərçəkmiş şəxsə olan borc məbləği təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən tam ödənilmiş, bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən qanuni qüvvəyə minmiş qətnamə icra edildiyindən, sözügedən hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə iclasında bildirdiyi dəlillərə uyğun olaraq barəsində olan qanuni qüvvəyə minmiş qətnamə icra edildiyindən, sözügedən hökmün ləğv edilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində ilkin olaraq irəli sürülmüş dəlillər sonradan məhkəmə iclasında dəqiqləşdirilmiş və dəyişdirilmişdir. Belə ki, müdafiəçi əvvəlcə bəraət tələbi irəli sürsə də, məhkəmə baxışı zamanı bildirmişdir ki, zərərçəkmiş şəxsə dəymiş zərər tam ödənilmiş, nəticə etibarilə mülki iddiadan irəli gələn öhdəlik faktiki icra olunmuşdur və bu əsasla təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi xahiş olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin predmeti müdafiəçi tərəfindən verilmiş son izahatlara uyğun olaraq müəyyən edilməli və şikayətin dəqiqləşdirilmiş dəlillərinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli, 2(032)-615/2024 nömrəli qətnaməsini icra etdiyindən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs, şahid ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona vurulmuş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qanunvericinin bu normanı təsbit etməkdə məqsədi məhkəmə qərarlarının icrasını təmin etmək, pozulmuş hüquqların bərpasına nail olmaq və cəza hüququnun ultima ratio (son vasitə) prinsipi çərçivəsində tətbiqini məhdudlaşdırmaqdan ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» # #### 2023-cü il tarixli Qərarına əsasən, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri üzrə cinayət məsuliyyətindən azad etmənin maddi əsası kimi məhz həmin maddələrin “Qeyd” hissələri çıxış edir. Həmin Qərarda göstərilmişdir ki, 306-cı maddənin “Qeyd” hissəsi qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməyən şəxsləri onu hökm qanuni qüvvəyə minənədək tam icra etməyə sövq edən stimullaşdırıcı normadır və orada təkrarən məsuliyyətdən azad edilmənin mümkünlüyünə dair hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, şəxsin həmin əmələ görə təkrarən cinayət məsuliyyətindən azad edilməsi də istisna edilmir. Cinayət məsuliyyətindən azad etmənin prosessual əsası ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda müəyyən etmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə isə bu hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qanunverici imperativ qayda müəyyənləşdirməklə bunu məhkəmənin hüququ deyil, vəzifəsi olaraq təsbit etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarında verilmiş təfsir cinayət prosesi iştirakçıları üçün məcburidir. İş materiallarından müəyyən olunur ki, məhkum olunmuş şəxs tərəfindən əvvəllər icra edilməmiş aliment öhdəlikləri üzrə yaranmış borc məbləği artıq tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxs qarşısında olan maddi öhdəlik faktiki olaraq icra edilmişdir. Bu hal müdafiəçi tərəfindən apellyasiya baxışı zamanı da təsdiq olunmuş və mübahisələndirilməmişdir. Formal tərkibli cinayətlərdə belə, qanunverici tərəfindən xüsusi azadolma əsasının nəzərdə tutulması həmin əməlin ictimai təhlükəliliyinin aradan qalxması ilə bağlıdır. Yəni, şəxs qanunla tələb olunan davranışı sonradan yerinə yetirməklə hüquq pozuntusunun nəticələrini aradan qaldırır və bu halda cəza tətbiqinə ehtiyac aradan qalxır. Bu yanaşma həm də bərpaedici ədalət prinsipinə uyğundur. Beynəlxalq hüquqi yanaşmalar da bu mövqeyi dəstəkləyir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da dəfələrlə qeyd olunmuşdur ki, dövlətin tətbiq etdiyi sanksiyalar qanuni məqsədə uyğun olmalı, həmin məqsədə nail olmaq üçün zəruri və adekvat olmalı, habelə fərdin hüquq və azadlıqlarına həddindən artıq müdaxilə təşkil etməməlidir. Xüsusilə, məhkəmə qərarlarının icrası ilə bağlı işlərdə Məhkəmə vurğulayır ki, hüququn aliliyi prinsipinin ayrılmaz tərkib hissəsi kimi “ədalətli məhkəmə araşdırması hüququ” (Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi) yalnız qərarın qəbul edilməsi ilə məhdudlaşmır, eyni zamanda həmin qərarın faktiki və effektiv icrasını da ehtiva edir. Bu mənada, Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə əsasən, məhkəmə qərarlarının icra olunmaması və ya gecikdirilməsi hüququn aliliyinə xələl gətirir və şəxsin ədalətli məhkəmə hüququnun pozuntusu kimi qiymətləndirilir. Lakin eyni zamanda, Məhkəmə yanaşmasında əsas məqsəd məhz pozulmuş hüququn bərpası, yəni qərarın icrasının təmin edilməsidir. Əgər həmin məqsəd artıq təmin olunmuşdursa, yəni şəxs üzərinə düşən öhdəliyi yerinə yetirmişdirsə, bu halda cinayət cəzasının tətbiqinin davam etdirilməsi zərurət və proporsionallıq baxımından əlavə qiymətləndirilməlidir. Şəxs tərəfindən öhdəliyin könüllü icrası hallarında cəzanın tətbiqinin davam etdirilməsi bu məqsədlə uzlaşmaya bilər. Bundan əlavə, beynəlxalq cinayət hüququnun ümumi prinsiplərindən olan humanizm və fərdiləşdirmə prinsipləri də tələb edir ki, şəxs tərəfindən zərərin aradan qaldırılması və qanuni tələblərin icrası onun hüquqi vəziyyətinin yüngülləşdirilməsi ilə nəticələnsin Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini tam icra etdiyindən o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmənin hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə baxışı gedişində Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini tam icra etdiyindən onun cinayət məsuliyyətindən azad edilməsini və hökmün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs, şahid ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir, lakin Təqsirləndirilən şəxs tərəfindən məhkəmə baxışı gedişində barəsində olan Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tam icra edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş şərt — qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hökm qanuni qüvvəyə minənədək tam icra edilməsi — yerinə yetirildiyindən, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Nəzərə alınmalıdır ki, həmin əsas Cinayət-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinin mənasında bəraətverici əsaslara aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini icra etdiyindən cinayət məsuliyyətindən azad edilməli, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli, eyni zamanda barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2 və 398.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini icra etdiyindən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində dərhal həbsdən azad edilsin. Qərarın həmin hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar