Məhkəmə qərarları › İş №1(3-9)-358/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-358/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-358/2026 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İntiqam oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-*- ***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-*-***)-**/**** nömrəli hökmü (hakim X1) ilə ##.##.1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Masallı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 67.1 və 69.3-cü maddələrinə əsasən 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası və 2340 manat cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə 01 ay 14 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2025-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən cərimə növündə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı şəhəri, M.Talışxanov küçəsi, ev 89-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkməsinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, ##.##.2026-cı il tarixdə saat 10:24-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğundan Masallı şəhəri, H.Əliyev prospektində saxlanılmış və həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,392 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsi himayəsində az yaşlı uşağını və ailə vəziyyətini nəzərə almayaraq ##.##.2026-cı il tarixli qərarı ilə ona 2 il azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bu qərara etiraz edir və ona kömək göstərilməsini və məhkəmə iclasının onlayn keçirilməsini xahiş edir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 məhkum olunmuş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 İntiqam oğlu apellyasiya şikayətini müdafiə edib, Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təqsirliyi bilindiyi CM-in 234.1-ci maddəsinə əsasən cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa vəbu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin vəapellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı etirafedici ifadəsi, şahidlər Masallı RPŞ-nin əməkdaşları şahid2 İbrahim oğlu və şahid1 ifadələri, üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diski, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional şöbəsinin Materialların məhkəmə ekspertizasının ## #### 2026-cı il tarixli, **/*** saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X5 X2 Yoxlamanın nəticələrinə dair ## #### 2026-cı il tarixli *** nömrəli rəyi və iş üzrə maddi sübutlar və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in: 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən və təqsirləndirilən şəxsin məhkəmə iclasındakı çıxışından belə anlaşılır ki, o, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın ədalətli olub-olmaması məsələsini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2017-ci il tarixli hökmü ilə təyin olunmuş 2.340 manat cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 2.340 manat cərimə cəzası təyin edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2.340 manat cərimə cəzası müstəqil icra olunması hökm edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə 1 ay 14 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2025-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən cərimə növündə cəzadan azad edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməl Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini ##.##.2026-cı il tarixdə törədən zaman onun məhkumluğu Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinin tələbləri baxımından ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətdikdə cinayətin residivi yaranır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivi mövcud olmuşdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlinə görə peşman olmasını və əməlini səmimi etiraf etməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 65.2-cı maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən eyni cinayəti törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. AR Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” ## ### 2009-cu il tarixli Qərarı)”. Apellyasiya məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Bu baxımdan onun barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi və ya cəzası müddətinin azaldılmaqla yüngülləşdirilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ədalətli sayır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə razılaşır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * saylı Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli hökmü isə həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Əli Əliyev Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar