Məhkəmə qərarları › İş №1(3-9)-361/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-361/2026

05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-361/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Tağıyev İkram Balatağı oğlunun, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Tağıyev İkram Balatağı oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü (hakim İmanov Əli Sərməz oğlu) ilə ##.##.1971-ci il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Vidadi küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Tağıyev İkram Balatağı oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Tağıyev İkram Balatağı oğlunun # ######## 2025-ci il tarixdən # ######## 2025-ci il tarixədək həbsdə olduğu 2 gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və Tağıyev İkram Balatağı oğlunun üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbsə alınması, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Tağıyev İkram Balatağı oğlu “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən xeyli miqdar hesab olunan 410 qram narkotik vasitə qurudulmuş marixuananı 1 ədəd qara rəngli polietilen torbada əldə edərək əlində saxlamaqla daşımış, ##.##.2025-ci il tarixdə saat 17:28-dən saat 17:40-a dək Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının vedioçəkilişlə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin və psixotrop maddələri daşıması, saxlaması və istifadəsində şübhəli bilinən İkram Tağıyev Şirvan şəhəri, Vidadi küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zaman satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əlində saxlayaraq daşıdığı qara rəngli polietilen torbada 410 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü dəyişdirilərək, təqsirləndirilən şəxs Tağıyev İkram Balatağı oğlu barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İkram Tağıyev istintaqla müəyyən edilə bilməyən vaxtda və mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən xeyli miqdar hesab olunan — 410 qram qurudulmuş marixuana narkotik vasitəsini 1 ədəd qara rəngli polietilen torbada satmaq məqsədi olmadan, şəxsi istehlakı üçün əldə edərək saxlamış və daşımışdır. ##.##.2025-ci il tarixdə saat 17:28-dən 17:40-dək Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İ.Tağıyev Şirvan şəhəri, Vidadi küçəsində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Onun üzərində aparılan şəxsi axtarış zamanı qara rəngli polietilen torbada olan 410 qram qurudulmuş marixuana aşkar edilərək sənədləşdirilmiş və götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Tağıyev İkram Balatağı oğlu elan olunmuş ittiham üzrə özünü tamamilə təqsirli bilərək səmimi ifadə vermişdir. O qeyd etmişdir ki, 0# ######## 2025-ci il tarixdə axşam saatlarında Şirvan şəhəri ərazisindən keçən Kür çayının sahilində gəzərkən ağacın dibində qara rəngli polietilen paket tapmışdır. Paketin içinə baxdıqda orada qurudulmuş marixuana olduğunu görmüş və gələcəkdə yalnız şəxsi istifadəsi üçün götürmüşdür. Həmin paketi əlində tutaraq yaşadığı evin yerləşdiyi Vidadi küçəsi ilə piyada hərəkət edərkən mülki geyimdə olan 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əlindəki sellofanda olan qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılmışdır. Daha sonra o, Şirvan Şəhər Polis Şöbəsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. İstintaq orqanı tərəfindən dərhal vəkillə təmir olunmuş, vəkilin iştirakı ilə götürülmüş əşyalara baxış keçirilmişdir. Baxış zamanı masanın üzərindəki zərf açılaraq daxilindəki marixuana kütləsi elektron tərəzi ilə ölçülmüş, yenidən qablaşdırılaraq möhürlənmişdir. Prosesin sonunda müvafiq protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olduqdan sonra onu imzalamışlar. İ.Tağıyev ifadəsində polis şöbəsində ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilmədiyini, narkotik vasitəni satmaq niyyətinin olmadığını və heç kimə satmadığını xüsusi vurğulamış, əməlindən dərindən peşman olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi hökmündə qeyd edir ki, aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Eyni zamanda, İ.Tağıyevin əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran heç bir hal müəyyən edilməmişdir. Cinayət işinin materialları və məhkəmə iclasındakı davranışı sübut edir ki, İkram Tağıyev törətdiyi əməlin hüquqi və mənəvi nəticələrini dərk edir, neqativ halları inkar etmir və etdiyi səhvə tənqidi yanaşır. Bu xüsusatlar onun cəmiyyətə və insanlara qarşı biganə münasibət bəsləyən bir şəxs olmadığını göstərir. Əksinə, o, ictimai qınağın təsirini dərindən hiss edən, hüquqi dəyərləri anlayan və məsuliyyətini qəbul edən bir vətəndaş mövqeyi nümayiş etdirmişdir. Bütün bu hallar təqsirləndirilən şəxsin cəmiyyət üçün real təhlükə mənbəyi olmadığını, onun tam islah olunması və yenidən cinayət törətməsinin qarşısının alınması üçün daha yüngül alternativ cəza tədbirlərinin (məsələn, azadlığın məhdudlaşdırılması və ya islah işləri) tamamilə adekvat və kifayət olduğunu nümayiş etdirir. Törədilmiş əməlin motivi, təqsirləndirilən şəxsin şəxsiyyəti və ailə vəziyyəti fonunda ona real azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsi həddindən artıq sərt görünür, habelə cinayət-hüquq elminin ən fundamental prinsipləri olan ədalət və humanizm prinsipləri ilə ziddiyyət təşkil edir. Hesab edirik ki, CM-in qeyd olunan prinsipləri rəhbər tutulmaqla, İ.Tağıyevə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının ləğv edilərək daha yüngül alternativ cəza ilə əvəzlənməsi həm sosial ədalətin bərpasına, həm də onun yenidən cəmiyyətə sağlam fərd kimi inteqrasiyasına daha real töhfə verəcəkdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən İkram Tağıyevin məsuliyyətini yüngülləşdirən mühüm halları — onun ailəli olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi (himayəçisi) olmasını, təqsirini tam etiraf edərək səmimi peşmanlığını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını və əməlində heç bir ağırlaşdırıcı halın mövcud olmamasını kifayət qədər və obyektiv şəkildə nəzərə almamışdır. Bunun nəticəsində təqsirləndirilən şəxsə mahiyyəti etibarilə həddindən artıq ağır və qeyrimütənasib cəza təyin edilmişdir. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını hərtərəfl təhlil edəcək, ədalət, humanizm və insanpərvərlik prinsiplərinə sadiq qalaraq, müdafiə etdiyim Tağıyev İkram Balatağı oğluna təyin edilmiş 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan daha humanist və yüngül cəza növü təyin edəcəkdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı dövlət ittihamçısı1 bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini və ya yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs İ.Tağıyev müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini və ona yüngül cəza təyin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ilk növbədə təqsirləndirilən şəxs İ.Tağıyevin əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Tağıyev İkram Balatağı oğlunun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, şahidlər Şirvan ŞPŞ-nin polis əməkdaşları - şahid5, şahid4 və şahid2 ifadələri, # ######## 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokolu, # ######## 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokolu, məhkəmə bioloji ekspertizasının # ######## 2025-ci il tarixli **/*** nömrəli rəyi və işin digər halları ilə İ.Tağıyevin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin İkram Tağıyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs İkram Tağıyevin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. AR Cinayət-Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs İkram Tağıyevin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin hökmünü bir daha hərtərəfli təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə baxışında tam, hərtərəfli və obyektiv tədqiq edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada qiymətləndirilmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün hallar düzgün müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Tağıyev İkram Balatağı oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq olunmuşdur. Müdafiəçinin apellyasiya şikayətində göstərilən, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli olması barədə dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, cinayət işi materiallarından və məhkəmə-kimyəvi ekspertizasının rəyindən müəyyən edilir ki, təqsirləndirilən şəxs Tağıyev İkram Balatağı oğlunun qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 410 qram təşkil etmişdir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın 5 qramdan 500 qramadək miqdarı xeyli miqdar, 500 qramdan artıq miqdarı isə külli miqdar hesab edilir. Göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin miqdarı qanunvericilikdə müəyyən edilmiş xeyli miqdar həddinə aid olsa da, həmin miqdar xeyli miqdarın yuxarı sərhədinə olduqca yaxındır. Başqa sözlə, təqsirləndirilən şəxsin qanunsuz dövriyyəsində olan narkotik vasitənin miqdarı qanunvericinin xeyli miqdar üçün müəyyən etdiyi maksimum həddən cəmi 90 qram azdır. Bu hal özlüyündə əməlin hüquqi tövsifini dəyişdirməsə də, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı olan mühüm hallardan biridir. Cinayət qanunvericiliyi eyni maddənin sanksiyası daxilində məhkəməyə cəzanı fərdiləşdirmək səlahiyyəti vermişdir. Məhz buna görə də məhkəmə yalnız cinayətin hüquqi tövsifi ilə kifayətlənməməli, eyni zamanda cinayətin törədilmə şəraitini, narkotik vasitənin miqdarını, təqsirkarın şəxsiyyətini və digər əhəmiyyətli halları birlikdə qiymətləndirməlidir. Eyni hüquqi tərkib üzrə 10 qram narkotik vasitə ilə 410 qram narkotik vasitənin ictimai təhlükəlilik dərəcəsinin eyni hesab edilməsi cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olmazdı. Bu baxımdan qanunverici həmin əməlləri eyni maddə ilə tövsif etsə də, konkret cəzanın seçilməsi zamanı narkotik vasitənin faktiki miqdarının nəzərə alınmasını məhkəmənin səlahiyyətinə aid etmişdir. Birinci instansiya məhkəməsi də məhz bu halı, habelə narkotik vasitənin miqdarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ilə birlikdə qiymətləndirərək nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması cəzanın məqsədlərinə nail olmaq üçün kifayət etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cəzanın yüngülləşdirilməsinə dair dəlillərinə münasibətdə təqsirləndirilən şəxs İkram Tağıyevə təyin olunmuş cəza ilə bağlı həmçinin aşağıdakıları qeyd edir. Məhkum olunmuş şəxs Tağıyev İkram Balatağı oğlunun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəza növləri nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə İkram Tağıyevə cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir ki, bu hal da belə qənaətə gəlməyə əsas verir ki, təyin olunmuş cəza törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və məhkumun şəxsiyyətinə uyğun ədalətli cəza olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq məhkum olunmuş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə onun islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, İ.Tağıyevin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, məhkum olunmuş şəxsin apellyasiya şikayətinin dəlilləri ona daha yüngül cəzanın təyin edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, təqsirləndirilən şəxs İkram Tağıyev tərəfindən qanunsuz əldə edilərək saxlanılan və daşınan narkotik vasitə qurudulmuş marixuananın miqdarı 410 qram təşkil etmişdir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın 5 qramdan 500 qramadək miqdarı xeyli miqdar, 500 qramdan artıq miqdarı isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin miqdarı xeyli miqdar həddinin yuxarı sərhədinə yaxın olmaqla, əməlin ictimai təhlükəlilik dərəcəsini artıran obyektiv hallardan biridir və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu qədər miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini artırmaqla, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün tətbiqinin cəzanın məqsədlərinə nail olunması üçün kifayət etməyəcəyini göstərir. Əks yanaşma cinayət qanunvericiliyində nəzərdə tutulmuş cəzanın ədalət, fərdiləşdirmə və yeni cinayətlərin qarşısının alınması məqsədlərinin tam təmin edilməsinə xidmət etməz. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə tam uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs İkram Tağıyevə cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AR Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Tağıyev İkram Balatağı oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar rəsmi qaydada ona verildiyi) gündən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar