Məhkəmə qərarları › İş №1(3-9)-363/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-363/2026

24.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-363/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən) Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. ## #### 1989-cu ildə Neftşala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Real Azərbaycan.az” xəbər saytının təsisçisi, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan; Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməsinə dair Kərimova İlhamə Rafiq qızının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hazırlıq iclasının qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Kərimova İlhamə Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İşin halları: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Kərimova İlhamə Rafiq qızı şikayət ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığına görə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “TikTok" platformasında ## ##### 2026-cı il tarixdə saat 20:30 radələrində canlı yayımda dəfələrlə onu təhqir etməklə onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “TikTok" platformasında canlı yayımda onu təhqir etməklə cəmiyyət içərisində şərəf və ləyaqətimin alçaltmasını şahidlər də görmüşdür. Belə ki, canlı yayımda verilişdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində: “cındır”, “dünən it balası kimi yalvarırdın məhkəmədə”, “əxlaqsız”, “tərbiyəsiz" kimi təhqiramiz ifadələri işlətmişdir. Bu minvalda daha bir çox ağıza alınmayacaq ifadələrlə onu sosial şəbəkədə təhqir etmişdir. Etikanı qoruyub saxlamaq məqsədilə həmin ifadələri yazılı olaraq qeyd edə bilmədiyi üçün, həmin canlı yayımların əks olundğunu CD diski şikayətinə əlavə edir. Hesab edir ki, bu ifadələr onun şərəf və ləyaqətini alçaldan, onu təhqir edən ifadələrdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində dediyi yuxarıda qeyd olunan təhqiramiz ifadələrə görə onun Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunması xahiş olunmuşdur. Neftçala rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hazırlıq iclasının qərarı ilə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qeyd olunan qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Kərimova İlhamə Rafiq qızı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## ##### 2026-cı il tarixdə saat 20:30 radələrində “TikTok” video paylaşma platformasında canlı yayın açaraq onun ünvanına nalayiq söyüşlər işlədərək, ona aid “Tiktok” səhifənin adını çəkərək onu təhqir etmiş, lakin şikayəti icraata qəbul edilməmişdir. Odur ki, Neftçala rayon məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Kərimova İlhamə Rafiq qızı məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsin) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya şikayətinin mahiyyətindən göründüyü kimi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən qərarın ləğv olunması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi qərarının onunla əsaslandırmışdır ki, “şikayət ərizəsində əməlin məhz Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd edilməmişdir. Yalnız CD disk təqdim edilmiş, həmin CD diskdə olan görüntüdə konkret olaraq Kərimova İlhamə Rafiq qızına qarşı hər hansı təhqiramiz ifadənin işlədildiyi görünmür.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir: Xüsusi ittihamçı İlhamə Kərimovanın materiallara əlavə etdiyi kompakdiskdən görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “TikTok” video paylaşma platformasında canlı yayındadır. O, canlı yayımda “dünən üstümüzə cuman cındır”, “əxlaqsız”, “tərbiyəsiz”, “dünən it balası kimi yalvarırdı məhkəmədə”, “yenə gəldi İlhamə_ciciş, bezib hamı bunun əlindən” kimi ifadələr işlədir və canlı yayımda iştirak edən şəxslərdən hətta bəziləri “söyüş olmaz” yazmaqla münasibət bildirirlər. Göründüyü kimi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən canlı yayımda “dünən üstümüzə cuman cındır”, “əxlaqsız”, “tərbiyəsiz”, “dünən it balası kimi yalvarırdı məhkəmədə”, “yenə gəldi İlhamə_ciciş, bezib hamı bunun əlindən” təhqiramiz ifadələrinin işlənməsi mübahisəsiz haldır və mövcud vəziyyətdə hər hansı şahid ifadəsinə zərurət yoxdur, məhkəmənin müəyyən etməli olduğu hal qeyd edilən təhqiramiz ifadələrin məhz İlhamə Kərimovaya ünvanlanmış olub-olmamasıdır. Göründüyü kimi, hakim məhkəmə baxışında həll edilməli məsələyə hazırlıq iclasının nəticələrinə görə qiymət vermişdir. Halbuki, sübutlar məkhəmə hazırlıəq iclasında deyil, məhkəmə baxışında yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 302.1.1, 302.1.2, 302.1.3, 302.1.4, 302.1.5, 302.1.6, 302.1.7 və 302.1.8-ci maddələrinə əsasən «şikayət həmin məhkəməyə aid olmadıqda», «şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə», «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə», «barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda», «şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə», «şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli * saylı qərarının 1-ci bəndində məhkəmələrə xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etmələri tövsiyə edilmişdir. Həmin qərarın 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələri). Qərarın bu bəndində məhkəmələrə həmçinin tövsiyə edilmişdir, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin birinci instansiya məhkəməsində icraata həsr olunmuş maddələrinə baxdıqda və bu maddələri cinayət-prosessual qanunun ümumi hissəsinin normaları, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifələri, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsi), cinayət prosesində tərəflərin çəkişməsi (Cinayət-Prosessual Məcəlləsinin 32-ci maddəsi), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi (Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi) kimi cinayət mühakimə icraatının prinsipləri ilə müqayisə etdikdə, aydın olur ki, birinci instansiya məhkəməsində icraatın hazırlıq iclası (ilkin dinləmə) və məhkəmə baxışı mərhələləri araşdırılan məsələlərə (araşdırma predmetinə), araşdırmanın həcminə, araşdırmanın məqsədlərinə görə biri-birindən fərqlənən mərhələlərdir və onların eyniləşdirilməsi, məsələn yalnız məhkəmə baxışında həll edilməli məsələnin hazırlıq iclasının nəticələrinə görə həll olunması yolverilməzdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsində “cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, həmin Məcəllənin 8.0.5-ci maddəsində isə “cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək” cinayət mühakimə icraatının vəzifələri sırasında təsbit edilmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəllədə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxsınlar (Cinayət-Prosessual Məcəlləsinin 28.1ci maddəsi). Cinayət mühakimə icraatında tərəflərin çəkişməsi prinsipi isə Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını (Cinayət- Prosessual Məcəlləsinin 32.2.1-ci maddəsi) və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını (Cinayət-Prosessual Məcəlləsinin 32.2.2-ci maddəsi) ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir (Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsi), müdafiə tərəfi isə əksinə - cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və Cinayət- Prosessual Məcəlləsinin 32.2.4-cü maddəsində təsbit olunmuş digər funksiyaları yerinə yetirir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə görə cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2-ci maddəsi), hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (Cinayət-Prosessual Məcəlləsinin 33.4-cü maddəsi) və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsassən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 145.1 və 145.2-ci maddələrində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət-Prosessual Məcəlləsinin 346.1.1 və 346.1.2-ci maddələrinə görə isə, cinayət hadisəsinin və təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi məsələləri məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həll edilir. Yuxarıda təsvir edilmiş cinayət-prosessual normalardan göründüyü kimi, məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi müvafiq tədqiqata (sübutlara baxılmasına) əsaslanmalı, belə tədqiqat isə çəkişməli xarakterli cinayət prosesində müvafiq prosedur daxilində həyata keçirilməlidir. Məhkəmə baxışından və məhkəmə baxışının qeyd olunan (məhkəmə istintaqı, yekun müşavirə) mərhələlərindən fərqli olaraq, məhkəmənin hazırlıq iclası ittihamın həlli nöqteyinəzərindən sübutlara baxılmasını, yəni sübutların ittihamı təsdiq etməsi və yaxud təkzib etməsi baxımından tədqiq edilməsini, o cümlədən yoxlanılmasını və qiymətləndirilməsini ehtiva etmir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə görə, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı sübutların qiymətləndirilməsi məsələsi deyil, cinayət prosesi tərəflərinin “məhkəmə baxışında” tədqiq edilmək üçün təqdim etdikləri “sübutlar siyahısı”, “məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi” barədə məsələlər həll edilir. Xüsusi ittihamçıların xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə toplanmış materiallara yuxarıda qeyd olunan normalarla və məhkəmə kollegiyasının hüquqi mövqeyi ilə müqayisə etməklə baxdıqda, müəyyən olunur ki, xüsusi ittiham qaydasında şikayətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı Cinayət Məcəlləsinin 148-ci maddələri ilə irəli sürülmüş ittiham konkret faktiki hallarla- internet informasiya ehtiyatında və kütləvi nümayiş olunan “TikTok” sosial şəbəkəsində onun barəsində şərəf və ləyaqətə ləkə gətirən, nüfuzdan salan və qanuna zidd məzmunlu məlumatların yayılması ilə əsaslandırılmışdır. Xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayətinin, ona əlavə edilmiş sənədlərin və birinci instansiya məhkəməsinin qərarının birgə müqayisəli təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırlıq iclasında təqdim olunan dəlil və sübutları faktiki olaraq xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün kifayət edib-etməməsi nöqteyi-nəzərindən qiymətləndirməklə yuxarıda təsvir edilən cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, Cinayət-Prosessual Məcəlləsinin ümumi hissəsinin digər normalarının, eləcə də sübutların tədqiqinə dair Cinayət- Prosessual Məcəlləsinin 138-146-cı maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 391.2.5ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Belə ki, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ictimai-xüsusi və ictimai ittiham qaydasında cinayət təqibi üzrə istintaqların aparılması qaydasından fərqli olaraq, xüsusi ittiham qaydasında cinayət təqibi həyata keçirilərkən, CPMin sübutların mümkünlüyü, yoxlanılması, qiymətləndirilməsi və sübutların kifayət etməsi, yəni cinayət hadisəsinin baş vermə faktı və halları; təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; CPM ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı halların araşdırılması CPM-in 139 və 346-cı maddələrinin tələblərinə görə məhz məhkəmənin vəzifəsi olaraq müəyyən olunmuşdur. Məhz həmin nəticələrə uyğun olaraq da, məhkəmə təqsirləndirilən şəxs barəsində ittiham və ya bəraət hökmü çıxarır. Hazırkı iş baxımından irəli sürülmüş dəlillərə əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində CM-in 148-ci maddəsinin tərkib hissəsinin olub-olmaması yalnız məhkəmə baxışı mərhələsində sübutların araşdırılması ilə müəyyən oluna bilən haldır və CPMin 37.2., 207, 298-301, 308, 346 və digər aidiyyəti maddələrin tələbləri məhkəmə üçün bu vəzifə müəyyən olunmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 391.2.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi «cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini» apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 391.8-ci maddəsinə əsasən «Bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır». Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, Neftçala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Kərimova İlhamə Rafiq qızının xüsusi ittiham qaydasında verdiyi şikayəti birinci instansiya məhkəməsinə yeni hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət verən şəxs Kərimova İlhamə Rafiq qızının apellyasiya şikayəti təmin edilsin. Neftaçala rayon Məhkəməsininxüsusi ititham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli məhkəmə hazırlıq iclasının qərarı ləğv edilsin və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətlə bağlı material yeni hazırlıq iclası mərhələsində baxılması üçün Neftçala rayon Məhkəməsinə qaytarılsın. Qərardan 01 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar