Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-397/2026 21.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI (cinayət işinin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılması barədə) Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə, Astara Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə məhkum təqsirləndirilən şəxs2 vəsatətinə dair materialların apellyasiya instansiyası məhkəməsinə göndərilməsi ilə bağlı məsələni nəzərdən keçirib, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş müddət keçdikdən sonra həmin hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə birinci instansiya məhkəməsinə vəsatət vermişdir. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə məhkumun buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Bundan sonra birinci instansiya məhkəməsi məhkumun vəsatətinin təmin olunmaması barədə qərar qəbul etməsinə baxmayaraq, cinayət işini və həmin vəsatət üzrə materialları baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Cinayət işi apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra materiallarla tanış olunarkən müəyyən edilmişdir ki, məhkum təqsirləndirilən şəxs2 tərəfindən birinci instansiya məhkəməsinin buraxılmış müddətin bərpasından imtina barədə qərarından Azərbaycan Respublikası CPM-in 386.3-cü maddəsində nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilməmiş, habelə həmin qərardan prokuror tərəfindən apellyasiya protesti verilməmişdir. Iş materiallarında baxılması mümkün olan hər hansı apellyasiya şikayəti və ya apellyasiya protesti mövcud deyil. Azərbaycan Respublikası CPM-in 7.0.11-ci maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələri yurisdiksiyalarına aid edilmiş birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından verilmiş apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı materiallara baxırlar. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPMin 386.2-ci maddəsinə görə həmin məsələ birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsində isə göstərilmişdir ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Göstərilən normaların sistemli təhlilindən aydın olur ki, müddətin bərpası barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsi özü-özlüyündə apellyasiya icraatının başlanmasına səbəb olmur. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarı yoxlamaq səlahiyyəti yalnız bu qərardan qanunla müəyyən edilmiş qaydada verilmiş şikayət və ya protest olduqda yaranır. CPM-in 389.2-ci maddəsində apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduqdan sonra hökmü və ya qərarı çıxarmış məhkəmənin onları cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraat materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməsi nəzərdə tutulmuşdur. Deməli, işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün ilkin prosessual şərt apellyasiya şikayətinin və ya apellyasiya protestinin mövcud olmasıdır. CPM-in 391.1-ci maddəsinə görə apellyasiya şikayətləri və ya apellyasiya protestləri apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra ilkin baxış aparılır. Həmin Məcəllənin 391.2.1 və 391.2.2-ci maddələrinə əsasən ilkin baxış zamanı apellyasiya instansiyası məhkəməsi daxil olmuş apellyasiya şikayətinin və ya protestin həmin məhkəməyə aid olub-olmadığını, həmçinin şikayət və ya protest verilərkən CPM-in 381-390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını araşdırmalıdır. Hazırkı halda apellyasiya instansiyası məhkəməsinə daxil olmuş müstəqil apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığından CPM-in 391-ci maddəsi üzrə ilkin baxışın predmeti formalaşmamışdır. Məhkumun vaxtı buraxılmış apellyasiya şikayəti üzrə müddətin bərpa edilməsi barədə vəsatətinin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsi nəticəsində həmin şikayət apellyasiya baxışının predmeti kimi icraata qəbul edilə bilməz. Birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməsinə dair qərarından ayrıca şikayət və ya protest verilmədikcə, apellyasiya instansiyası məhkəməsinin həmin qərarı yoxlamaq və ya hökmdən verilmiş vaxtı keçmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxmaq səlahiyyəti yaranmır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə də apellyasiya icraatı qaydasında məhkəmə qərarlarına yenidən baxılması apellyasiya şikayətinin və ya protestinin mövcudluğu ilə mümkündür; belə müraciət birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi barədə yuxarı məhkəməyə ünvanlanmış konkret xahişi əks etdirməlidir. Hazırkı materiallarda belə müraciət olmadığından işin apellyasiya baxışında saxlanılması prosessual əsasdan məhrumdur. Beləliklə, birinci instansiya məhkəməsi məhkumun müddətin bərpasına dair vəsatətini təmin etmədikdən sonra, həmin qərardan şikayət və ya protest verilmədiyi halda cinayət işini apellyasiya instansiyası məhkəməsinə göndərməklə prosessual səhvə yol vermişdir. Bu səbəbdən iş apellyasiya baxışından çıxarılmalı və müvafiq prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Işin birinci instansiya məhkəməsinə qaytarılması məhkumun CPM-in 386.3-cü maddəsində nəzərdə tutulmuş qaydada buraxılmış müddətin bərpasından imtina barədə qərardan şikayət vermək hüququnu məhdudlaşdırmır. Belə şikayət və ya protest daxil olduğu halda məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş qaydada yoxlanıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 7.0.11, 72.2, 386.1–386.3, 389.2, 391.1, 391.2.1, 391.2.2 və 391.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Astara Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə məhkum təqsirləndirilən şəxs2 vəsatətinə dair apellyasiya instansiyası məhkəməsinə göndərilmiş cinayət işi apellyasiya baxışından çıxarılsın. Hazırkı mərhələdə baxılması mümkün olan apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığından cinayət işi və vəsatət üzrə materiallar Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(3-9)-397/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-397/2026
21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver