Məhkəmə qərarları › İş №1(3-9)-421/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-421/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 1(3-9)-421/2026 27.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi) ilə ## #### 1990-cı ildə Astara rayonu Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsi tətbiq olunmaqla 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı ilə 11 ay 21 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, ##.##.2021-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin ediməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, onun azadlıqdan məhrum etmə cəzası çəkməsinin nəzərə alınması və hazırkı hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Astara rayon Şahağacı kənd sakini Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə, saat 13 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Astara rayonu, Şahağacı kəndində yerləşən evin arxa giriş qapısının qarşısından keçən küçədə sonuncunun həmkəndliləri ilə birlikdə tez-tez toplaşmasının düzgün olmamasını deməsi və ünvanına nalayiq ifadə işlətməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə evindən götürdüyü mətbəx bıçağı ilə sonuncunun sol bud nahiyəsindən bir dəfə və bel nahiyəsindən bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol bud nahiyəsinin yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül və XII qabırğanın sınığı ilə müşayiət olunan bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası kimi sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmündə qeyd edilir ki, məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilməyərək əməli xuliqanlıq niyyəti ilə deyil, sırf zərərçəkmişin təqsirli davranışları nəticəsində törətdiyini desə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs oğlu qonşu olmuşlar, bir-biri ilə münasibətləri olmuşdur. Hadisə baş verən gün zərərçəkmiş ictimai yerdə, yəni evinin qarşısında küçədə təqsirləndirilən şəxslə söhbət edərkən "başqa kişiləri qapının ağzına toplamamağı" təqsirləndiriləndən istəmiş, bu zaman təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmişə qarşı nalayiq ifadə işlətmişdir. Zərərçəkmiş isə nalayiq ifadəyə reaksiya verdiyi zaman təqsirləndirilən həmin ifadəni zarafatca işlətdiyini bildirmiş, zərərçəkmiş isə qarşılığında zarafatla işlətmədiyi halda "ana-bacı" söyüşü qoymuşdur. Bundan sonra təqsirləndirilən qıcıqlanaraq həmin söyüşü niyə işlətdiyini soruşsa da, zərərçəkmiş söhbəti uzatmamağı, getməli olduğunu bildirərək öz evinə getmişdir. Bundan qıcıqlanan Təqsirləndirilən şəxs evinə gedərək bıçağı götürmüş, zərərçəkmiş şəxsin ona niyə inanmadığını və inanmalı olduğunu bəhanə edib, heç bir əsaslı səbəb olmadan zərərçəkmişi evindən çağırıb bıçaqlamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin tövsifinə qiymət verərkən ilk öncə bu cinayətin subyektiv əlaməti olan "xuliqanlıq niyyəti"nin mövcud olub-olmadığı yəni, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görməsi və bunu arzu etməsi, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edib-etməməsi, gücünü nümayiş etdirib etdirməməsi, qalmaqal salmağa meyilli olub-olmaması müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxs isə məhkəmədə ifadə verərkən zərərçəkmişə bıçaqla xəsarət yetirməsinin əsas səbəbinin özünü güclü hiss etməsi, zəif hiss etməməsi və zərərçəkmiş şəxsin ona inanmalı olmalı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, zərərçəkmişin hərəkəti qeyri-müəyyən şəxslər dairəsinə yönəlmiş hərəkət olmamış, zərərçəkmiş yaşadığı cəmiyyətdə formalaşmış birgə yaşayış qaydalarından irəli gələrək təqsirləndiriləndən ailəsinin, qadınların onunla bir həyətdə yaşadığını bildirərək kişiləri ora yığmamasını istəmiş, qarşılığında isə təqsirləndirilən tərəfindən nalayiq ifadə ilə təhqir edilmişdir. Təqsirləndirilən həmin ifadəni zarafatla dediyini bildirmiş, zərərçəkmiş isə qarşılığında "zarafatla deməyənə qarşı” təhqiredici ifadə işlətmiş, təqsirləndirilən isə zarafatla dediyini təkid etsə də, zərərçəkmişin "zarafatla deməyən" üçün təhqiredici ifadə işlətməsinə heç bir əsaslı səbəb olmadan qıcıqlanmış, zərərçəkmişin ona inanmalı olduğuna məcbur hiss edərək özünü zərərçəkmişə qarşı qoymuş, özünü zəif hiss etmiş, öz gücünü göstərmək niyyətilə evinə gedib bıçaq götürüb zərərçəkmişi evindən çağıraraq küçədə bıçaqlamışdır. Bununla da təqsirləndirilən şəxsin "xuliqanlıq niyyəti" bilərəkdən heç bir əsas olmadan özünü ictimai qaydaya qarşı qoymaqla, zərərçəkmiş üzərində gücünü nümayiş etdirməkdə biruzə vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əməl düzgün tövsif edilmiş, təqsirləndirilən şəxs isə ifadəsi ilə məsuliyyətini yüngülləşdirməyə, özünü müdafiə etməyə çalışmışdır. Məhkəmə ittiham hökmü çıxarmışdır, əməlin tövsifini düzgün hesab etmiş və nəticədə ədalətli olmayan qanunsuz nəticəyə varmışdır. Müdafiə tərəfi aşağıdakılara əsasən verilmiş ittihamla razı deyil. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən hallar Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından onun əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ayrı-ayrılıqda verdiyi ifadələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirlən şəxsi kobud şəkildə təhqir etmişdir. "Ana-bacı" söyüşünün ünvanlı olub-olmamasına hüquqi qiymət verərkən məhkəmə nəzərə almamışdır ki, hadisə zamanı hadisə yerində 2 nəfər şəxs olmuşdur. Yəni təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə yerində olmuşdur. Onlardan başqa hadisə yerində heç kim olmamışdırsa, belə olan halda hadisə yerində zərərçəkmişin verdiyi söyüşün başqa şəxsə ünvanlana bilməsi mümkün deyil. Bu səbəbdən də verilmiş söyüşün cavabı olaraq təqsirləndirilən şəxs bıçağı götürüb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs cəzalandırmaq istəmişdir. Zərərçəkmiş şəxs özü məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs söydüyünü etiraf etmişdir. Məhz bu səbəbdən də hazırkı hadisə baş vermişdir. Burada xuliqanlıq niyyəti Təqsirləndirilən şəxs hərəkətlərində özünü büruzə vermir. Ətrafda isə heç kim olmamış, onun özünün üstünlüyünü nümayiş etdirməsi üçün isə hər hansı zərurət mövcud olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd edir ki, anasını uşaq vaxtlarında itirdiyindən o bu söyüşə görə çox pis olmuş və bu qərara gəlmişdir. Burada əsaslı səbəbin mövcudluğu danılmaz faktdır. Məhkəmə isə əsaslı səbəbin mövcud olmaması qənaətinə gəlmiş və mövqeyini əsaslandırmağa çalışmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Birinci instansiya məhkəməsinin hökmündən və iş materiallarından da görünür ki, məhkəmə özü də təqsirləndirilən Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında olan mübahisəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə kimi qiymətləndirmişdir. Məhkəmə istintaqında müəyyən olumuşdur ki, baş vermiş hadisənin səbəbi olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs "ana-bacı" söyüşünü ünvansız şəkildə söyməsini ona irad bildirmiş, bu zəmində onlar arasında sözlü mübahisə yaranmış, məhz aralarında yaranmış mübahisənin gedişində cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərərvurma cinayət əməlini törətməsi ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoymağa, ətrafdakılara qarşı laqeydlik ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaya yönəlməmiş, qeyd edilən hərəkətləri olmamış, aralarında yaranmış şəxsi münasibətlər, yəni zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə gedişində hadisələrin inkişaf fonunda cinayət əməlini törətmişdir. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmanın mahiyyəti ilə bağlı müdafiə tərəfi hesab edir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq əməlinin motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmanın tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməli kimi tövsif edilməlidir. Qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməlini törətməmişdən əvvəlki, cinayət əməlini törədən zaman və cinayəti törətdikdən sonrakı hər bir davranışı təhlil edilməlidir. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Motivin müəyyən edilməməsi əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif edilməsinə əsas vermir. Motiv cinayət tərkibinin elementlərindən biridir, hər bir iş üzrə müəyyən edilmiş bütün halların məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Məhz bu baxımdan da müdafiə tərəfi olaraq hesab edirəm ki, Astara Rayon Məhkəməsinin hökmü əməlin tövsifi ilə bağlı olan hissədə qanunsuzdur və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsinə tövsif edilməlidir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, üçüncü qrup əlil olduğunu, tək özünü idarə etməkdə çətinlik çəkdiyini, ata-anasının rəhmətə getdiyini, bir bacısı olduğunu və onun da səhhətində problemlər olduğunu, Zərərçəkmiş şəxs ilə yaşadıqları küçədə söyüşlə zarafat olduğunu, onun sözünün pis təsir etdiyini, səhhəti ilə əlaqədar ona yumruq vura bilməyəcəyini dediyini, bunun üçün evdən bıçaq götürdüyünü, daha sonra ona iki bıçaq zərbəsi endirdiyini, onunla əvvəllər də zarafatının olduğunu, Xudaverdinin ona zəif insan kimi baxdığını göstərib, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Astara Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirsə də, təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı əsasən ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma bu maddənin tərkibini yaradır. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrıayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid şahid2 ifadələri, şahidlər şahid3 və şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri, “Götürmə aparılması və baxış keçirilməsi” haqqında ## ###### 2026-cı il tarixli protokol, “Əşyanın götürülməsi və baxış keçirilməsi” haqqında ## ###### 2026-cı il tarixli protokol, “Şübhəli şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” ## ###### 2026-cı il tarixli protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ tərəfindən maddi sübutların ekspertizası üzrə verilmiş ## ###### 2026cı il tarixli, **/****-TBŞ saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ tərəfindən maddi sübutların məhkəmə-tibbi kriminalistik tədqiqatına dair tərtib edilmiş ## #### 2026-cı il tarixli, **/MTKŞ-**** saylı rəyi, Lənkəran rayonlararası “MTE və PA Birliyi”nin Zona Mərkəzi tərəfindən tərtib edilmiş ##.##.2026cı il tarixli ** saylı rəy, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” tərəfindən təkrar məhkəmə-tibbi ekspertiza üzrə verilmiş ##.##.2026-cı il tarixli, T ***/**** saylı rəyi, Azərbaycan Resspublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** saylı rəyi, habelə digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası müdafiə tərəfin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində hər hansı xuliqanlıq niyyətinin olmaması ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla ona elan olunmuş ittihamın və əməlinin hüquqi tövsifinin dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2004-cü il tarixli * saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 5-ci bəndində izah edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ...ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Bundan başqa, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 6-cı bəndində izah edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında ## ###### 2026-cı il tarixdə əvvəlcə sözlü mübahisə yaranmış, həmin mübahisə zamanı tərəflər qarşılıqlı olaraq nalayiq ifadələr işlətmişlər. Lakin iş üzrə əməlin hüquqi tövsifinin müəyyən edilməsi baxımından yalnız mübahisənin və qarşılıqlı təhqirin mövcudluğunun müəyyən edilməsi kifayət etmir. Həlledici məsələ həmin halların necə baş verməsi və təqsirləndirilən şəxsin sonrakı hərəkətlərinə münasibətdə hansı motivi formalaşdırması və cinayətin törədilməsini şərtləndirən əsas hərəkətverici amilin nədən ibarət olmasıdır. Xüsusilə vurğulanmalıdır ki, sözügedən hadisə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı təhqiramiz ifadə işlətməsi, bundan sonra, onun həmin söyüşü zarafatla deməsi barədə Xudaverdini inandırmağa çalışması, Xudaverdinin isə bu barədə yalan danışana “ana-bacı” söyüşü qoyduğunu deməsi fonunda baş vermişdir. Göründüyü kimi, hadisəyə səbəb məhz təqsirləndirilən şəxsin nalayiq ifadə işlətməsi olmuş, digər hərəkətlər də bundan sonra cərəyan etmişdir. Həmçinin, zərərçəkmiş şəxs işlədilən təhqiramiz ifadə ona aid olduğu təqdirdə “anabacı” söyüşü qoyduğunu ifadə etmişdir. Yuxarıda qeyd olunan Plenum Qərarında əks olunmuş mövqeyə əsasən xuliqanlıq niyyətinin müəyyən edilməsi zamanı dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını aydınlaşdırılmalıdır. Belə olan halda, müdafiə tərəfin təqsirləndirilən şəxsin əməllərinə məhz zərərçəkmiş şəxsin ona qarşı təhqiramiz ifadə işlətməsinin səbəb olmasına dair dəlilləri əsaslı hesab edilə bilməz. Bununla yanaşı, iş materiallarından görünür ki, hadisə tərəflər arasında yaranmış ilkin sözlü mübahisə ilə bitməmiş, əksinə, həmin mübahisədən sonra zərərçəkmiş şəxs öz evinə getmiş, bununla faktiki olaraq mübahisə sona çatmış, buna baxmayaraq, Təqsirləndirilən şəxs yaranmış vəziyyəti sakitləşdirmək və ya mübahisədən uzaqlaşmaq əvəzinə, öz evinə gedərək mətbəxdən bıçaq götürmüş, onu üzərində gizlətmiş, yenidən zərərçəkmiş şəxsin evinin qarşısına qayıtmış və Zərərçəkmiş şəxs çölə çağıraraq əvvəlki məsələ ilə bağlı söhbəti yenidən davam etdirmişdir. Beləliklə, xəsarət yetirmə ani olaraq, qarşılıqlı fiziki qarşıdurmanın və ya zərərçəkmiş şəxsin həmin anda törətdiyi hər hansı zorakı hərəkətin təsiri altında baş verməmiş, təqsirləndirilən şəxsin müəyyən zaman ərzində düşünüb qərar qəbul etməsindən, silah vasitəsi götürərək hadisə yerinə qayıtmasından və qarşı tərəfi yenidən qarşısına çıxarmasından sonra həyata keçirilmişdir. Bu hal müdafiə tərəfinin hadisənin yalnız zərərçəkmiş şəxsin nalayiq ifadəsi nəticəsində yaranmış şəxsi mübahisənin davamı olması barədə dəlilinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki zərərçəkmiş şəxsin ilk söhbət zamanı təhqiredici ifadə işlətməsi Təqsirləndirilən şəxs sonrakı davranışının səbəblərindən biri kimi çıxış etsə belə, bu hal öz-özlüyündə onun cinayət əməlinin motivini müəyyən etmir. Əksinə, təqsirləndirilən şəxsin həmin ifadədən sonra göstərdiyi davranış ardıcıllığı onun yaranmış vəziyyətə verdiyi reaksiyanın xarakterini müəyyən etməyə imkan verir. Belə ki, Təqsirləndirilən şəxs öz ifadəsindən də müəyyən olunur ki, o, zərərçəkmiş şəxsin sözlərinə qəzəblənmiş, “özünü zəif hiss etməmək” və “özünü güclü hiss etmək” məqsədilə bıçaq götürmüş, zərərçəkmiş şəxsi çağıraraq onunla yenidən mübahisə etmiş və sonuncunun ona inanmadığını bəhanə edərək bıçaqla xəsarət yetirmişdir. Deməli, təqsirləndirilən şəxsin hərəkətlərində sadəcə olaraq təhqirə emosional cavab verməkdən daha artıq davranış müşahidə olunur. O, özünü qarşı tərəfdən üstün və güclü göstərmək məqsədilə zor tətbiq etmək qərarına gəlmiş və bu məqsədlə məişət təyinatlı bıçaq götürərək hadisə yerinə qayıtmışdır. Bu baxımdan təqsirləndirilən şəxsin özünün verdiyi ifadənin həmin hissəsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, cinayətin motivinin müəyyən edilməsində şəxsin hadisədən əvvəl, hadisə zamanı və hadisədən dərhal sonra davranışları, habelə cinayətin törədilməsinə aparan konkret hərəkətlərinin ardıcıllığı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs davranışında isə birbirini tamamlayan və məqsədyönlü xarakter daşıyan hərəkətlər, yəni mübahisədən uzaqlaşaraq evə getməsi, bıçaq götürməsi, həmin bıçağı üzərində gizlətməsi, zərərçəkmiş şəxsin yanına qayıtması, onu evdən çağırması və daha sonra bıçaqla xəsarət yetirməsi müəyyən edilir. Bu hərəkətlərin məcmusu təsadüfi və ani qarşıdurmadan deyil, təqsirkarın zərərçəkmiş üzərində fiziki üstünlük nümayiş etdirmək və öz iradəsini zor yolu ilə qəbul etdirmək istəyindən xəbər verir. Eyni zamanda nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı ilkin söhbət zamanı nalayiq ifadə işlətməsi Təqsirləndirilən şəxs sonrakı hərəkətlərinə hüquqi bəraət qazandıran və ya avtomatik olaraq xuliqanlıq niyyətini istisna edən hal deyildir. Əksinə, iş üzrə müəyyən edilmiş hallara görə zərərçəkmiş şəxsin həmin davranışı təqsirləndirilən şəxsin bıçaq götürərək geri qayıtmasından əvvəl baş vermiş, zərərçəkmiş şəxs isə həmin söhbətdən sonra öz evinə getmişdir. Bu mərhələdə artıq təqsirləndirilən şəxsin qarşısında iki seçim – mübahisəni davam etdirmək və ya ondan uzaqlaşmaq imkanı olmuşdur. O isə mübahisəni dayandırmaq əvəzinə, öz evinə gedərək bıçaq götürmüş və yenidən zərərçəkmiş şəxsin yanına qayıtmışdır. Başqa sözlə, zərərçəkmiş şəxsin təhqiramiz ifadəsi hadisənin ilkin fonunu yaratmış olsa da, Təqsirləndirilən şəxs bıçaq götürərək hadisə yerinə qayıtmasını və zərərçəkmiş şəxsi çağıraraq ona xəsarət yetirməsini zəruri edən və ya məcbur edən bir hal olmamışdır. Bu səbəbdən müdafiə tərəfin istinad etdiyi təhqirin təqsirləndirilən şəxsin cinayətkar niyyətini müəyyən edən yeganə və üstün motiv kimi qəbul edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası, həmçinin müdafiə tərəfinin hadisə zamanı ətrafda başqa şəxslərin olmaması və buna görə də təqsirləndirilən şəxsin özünü ətrafdakılara nümayiş etdirmək imkanının mövcud olmaması barədə dəlilini də əsassız hesab edir. Xuliqanlıq niyyətinin mövcudluğunun müəyyən edilməsi üçün mütləq olaraq hadisə yerində çoxsaylı şəxslərin iştirak etməsi və ya təqsirləndirilən şəxsin hərəkətlərini konkret şəxslərə nümayiş etdirməsi tələb olunmur. Hüquqi baxımdan əhəmiyyət kəsb edən məsələ şəxsin özünü ictimai qaydalara və cəmiyyətdə qəbul edilmiş davranış normalarına qarşı qoymaqla, digər şəxsin şəxsiyyətinə və hüquqlarına açıq etinasızlıq nümayiş etdirərək zor tətbiq etməsidir. Nəzərə alınmalıdır ki, hadisə yaşayış məntəqəsində, küçədə, zərərçəkmiş şəxsin evinin yaxınlığında baş vermişdir. Təqsirləndirilən şəxs şəxsi münasibətlərdən irəli gələn məsələnin həlli üçün hər hansı qanuni və ya məqbul vasitədən istifadə etmək əvəzinə, ictimai yerdə bıçaq götürərək zərərçəkmiş şəxsi çağırmış və ona iki dəfə bıçaq zərbəsi vurmuşdur. Nəticədə zərərçəkmiş şəxsin bədənində sol XII qabırğanın sınığı ilə müşayiət olunan bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası, habelə sol bud nahiyəsində deşilmiş-kəsilmiş yara əmələ gəlmiş, ekspert rəyləri ilə həmin xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid olduğu müəyyən edilmişdir. Müdafiə tərəfinin “ana-bacı” ifadəsinin konkret olaraq təqsirləndirilən şəxsə ünvanlandığı, buna görə də onun həmin ifadəyə cavab olaraq hərəkət etdiyi barədə dəlili də yuxarıda göstərilən halların məcmusu fonunda əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün kifayət hesab edilə bilməz. Hətta həmin ifadənin təqsirləndirilən şəxsə ünvanlandığı qəbul edilsə belə, bu, Təqsirləndirilən şəxs bıçaq götürüb hadisə yerinə qayıtmasını və zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsini hüquqi baxımdan qaçılmaz nəticəyə çevirmir. Bu davranışın məhz hansı motivlə şərtləndirildiyi isə yalnız mübahisənin mövcudluğu ilə deyil, həmin mübahisədən sonra təqsirləndirilən şəxsin seçdiyi davranış üsulu ilə müəyyən edilməlidir. Digər tərəfdən, iş materiallarında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs əvvəllər ciddi ədavət və düşmənçilik münasibətlərində olmalarını təsdiq edən hər hansı məlumat müəyyən edilməmişdir. Əksinə, həm təqsirləndirilən şəxs, həm zərərçəkmiş, həm də şahid şahid2 onların münasibətlərinin əvvəllər normal olduğunu göstərmişlər. Bu hal da cinayətin uzunmüddətli və konkret şəxsi düşmənçilikdən irəli gələn motiv əsasında törədilmədiyini göstəriri. Hadisə məhz həmin gün yaranmış vəziyyət fonunda, lakin təqsirləndirilən şəxsin özünü güclü göstərmək və qarşı tərəfin iradəsini zor yolu ilə qırmaq istiqamətində etdiyi məqsədyönlü hərəkətlər nəticəsində baş vermişdir. Beləliklə, iş üzrə sübutların məcmusu göstərir ki, hadisə sadəcə olaraq iki şəxsin qarşılıqlı mübahisəsi zamanı qəfil yaranmış fiziki qarşıdurmadan ibarət olmamış, ilkin sözlü mübahisə başa çatdıqdan sonra Təqsirləndirilən şəxs münaqişəni yenidən davam etdirmək qərarına gəlmiş, bunun üçün yaşayış evindən bıçaq götürmüş, zərərçəkmiş şəxsin yanına qayıtmış və onu yenidən qarşısına çıxararaq fiziki zor tətbiq etmişdir. Onun özünü güclü hiss etmək, zəif hiss etməmək və zərərçəkmiş şəxsin ona inanmasını zor yolu ilə təmin etmək istəyini ifadə edən hərəkətləri isə cinayətin motivinin məhz xuliqanlıq niyyəti olmasını göstərir. Bu baxımdan müdafiə tərəfinin istinad etdiyi şəxsi mübahisə, qarşılıqlı təhqir və zərərçəkmiş şəxsin davranışı iş üzrə nəzərə alınmalı hallar olsa da, onlar təqsirləndirilən şəxsin sonrakı davranışlarının hüquqi mahiyyətini dəyişdirən və xuliqanlıq niyyətini istisna edən həlledici hallar kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, şikayətində bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin CM-nin 127.2.3-cü maddəsi ilə təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası müdafiə tərəfin cəza təyini ilə bağlı dəlillərini də müzakirə edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur, iş materiallarında məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməmliyyat Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4cü maddəsi tətbiq olunmaqla 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı ilə 11 ay 21 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, ##.##.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Astara Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə istintaqı aparılan ********* nömrəli cinayət işi ##.##.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğu ödənilmədən və götürülmədən Təqsirləndirilən şəxs yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətlərin residivi hesab olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 65.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından az cəza verilə bilməz. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 127.2.3cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmin cəzanın CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin ediməsi, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddətin təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə almaqla, Təqsirləndirilən şəxs düzgün olaraq qeyd olunan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, sonuncunun barəsində olan yüngülləşdirici hallar hökm çıxarılarkən məhkəmə tərəfindən hərtərəfli, obyektiv və tam şəkildə araşdırılmış, cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə və sosial vəziyyətini, əmələ münasibətini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərək CM-nin müvafiq maddəsinin sanksiyası çərçivəsində düzgün cəza təyin etmiş, habelə cəzanın həddini CM-nin 65.2-ci maddəsinə əsasən təyin edilə biləcək ən aşağı həddə müəyyən etməklə onun barəsində kifayət qədər ədalətli davranmışdır. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar yeni və ya əlavə hüquqi əhəmiyyət kəsb edən hallar olmadığından, onların yenidən təkrarlanması təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün müstəqil əsas kimi çıxış edə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Müdafiə tərəfin dəlilləri ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar