Məhkəmə qərarları › İş №1(3-9)-439/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-439/2026

01.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-439/2026 01.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Şahbazov İbrahim Qorxmaz oğlunun Müdafiəçi müdafiəçi1 iştirakları ilə Şahbazov İbrahim Qorxmaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü (hakim Elmir İsmayılov) ilə ##.##.2008-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Şahbazov İbrahim Qorxmaz oğlunun Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Şahbazov İbrahim Qorxmaz oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Şahbazov İbrahim Qorxmaz oğlu məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini ödəməkdən azad olunması, cinayət işi üzrə maddi sübut olan “VAZ 2107” minik markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs İlkin oğluna qaytarılması nəzərə alınması, cinayət işi üzrə maddi sübut olan “Belarus 892” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı traktorun İsmayılov Sərdar Süleyman oğluna qaytarılması nəzərə alınması, cinayət işi üzrə maddi sübut olan AGTS 24 markalı gübrəsəpən qurğunun İsmayılov Sərdar Süleyman oğluna qaytarılması nəzərə alınması, cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İŞİN HALLARI: Şahbazov İbrahim Qorxmaz oğlu ittiham olunmuşdur ondan ötrü ki, o, İbrahim Şahbazov ## ###### 2024-cü il tarixdə, saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində asfalt yolda həmin kəndin mərkəzi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin, 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 40 km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km\saat sürətlə idarə etməklə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bu tələblərə əməl etməyib qarşı hərəkət zolağından hərəkət edən şahid1 sürücülük vəsiqəsi olmadan idarə etdiyi X7 “xxxx” MMC-dən lizinq müqaviləsi əsasında lizinqə götürdüyü və mülkiyyətində olan “Belarus 892” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı traktora qoşulmuş halda olan “X8-TS24” markalı qoşqusu ilə yolun hərəkət hissəsində toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs İlkin oğlunda sağ bud-çanaq oynağının travmatik çıxığı, sağ mil sümüyünün tipik yerinin sınığı, alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına və zərərçəkmiş Zərərçəkmiş şəxs İlkin oğluna məxsus “VAZ 21074” markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə 6520 (altı min beş yüz iyirmi) manat məbləğində, X2 mülkiyyətində olan “X8-TS24” markalı qoşquya isə 1040 (min qırx) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək, Şahbazov İbrahim Qorxmaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Füzuli rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməkdə təqsirli bilinib, ona 600 (altı yüz) manat məbləğində cərimə cəzası təyin edilmiş, eyni zamanda, həmin hökmlə, İ.Q.Şahbazov maddi imkanı olmadığından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini ödəməkdən azad olunmuşdur. Hökmə əsasən, Şahbazov İbrahim Qorxmaz oğlu yetkinlik yaşına çatmayan şəxs kimi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti istismarı qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlkin oğlunun sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, İbrahim Şahbazov ## ###### 2024-cü il tarixdə, saat 18 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinipozaraq sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 21074" markalı ** HS *** dövlət qeydiyyatnişanlı avtomobillə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində asfalt yolda həmin kəndin mərkəzi istiqamətində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin, 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 "maksimum sürətin məhdudlaşdırılması" qadağan nişanı ilə 40 km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km\saat sürətlə idarə etməklə hərəkətdə olarkən "Yol hərəkəti haqqında"Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bu tələblərə əməl etməyib qarşı hərəkət zolağından hərəkət edən şahid1 sürücülük vəsiqəsi olmadan idarə etdiyi X7 "xxxx" MMC-dən lizing müqaviləsi əsasında lizinqə götürdüyü və mülkiyyətində olan "Belarus 892" markalı, ** AB *** dövlət qeydiyyat nişanlı traktora qoşulmuş halda olan "X8-TS24" markalı qoşqusu ilə yolun hərəkət hissəsində toqquşmuş uəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs İlkin oğlunda sağ bud-çanaq oynağının travmatik çıxığı, sağ mil sümüyünün tipik yerinin sınığı, alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına və zərərçəkmiş Zərərçəkmiş şəxs İlkin oğluna məxsus "VAZ 21074" markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə 6520 (altı min beş yüz iyirmi) manat məbləğində, X2 mülkiyyətində olan "X8-TS24" markalı qoşquya isə 1040 (min qırx) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs İ.Q.Şahbazovun Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasI təyin edilməsini xahiş etmişdir. İ.Q.Şahbazov barəsində Füzuli rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü, ona təklif etdiyi 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə dəyişdirilməlidir. Məhkəmənin "cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlkin oğlu ilə barışıq əldə edilməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsini, əvvəllər məhkum olunmamasını" cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb, İ.Q.Şahbazova CM-in 263- 1.1-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə cəzası təyin etməsi sosial ədalətin bərpası və məhkumun islah edilməsi üçün yetərli sayıla bilməz. Belə ki, məhkəmə, iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları tam araşdırmamış, əsassız olaraq, ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan cərimə cəzası təyin etmiş və işin hallarına uyğun olaraq, mütləq təyin edilməli olduğu halda, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanı isə ümumiyyətlə təyin etməmişdir. Məhkəmə öz hökmündə göstərmişdir ki, "Şahbazov İbrahim Qorxmaz oğlu barəsində cərimə cəzasını altı yüz manat miqdarda təyin edilməsini cəzanın məqsədi baxımından yetərli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının Şahbazov İbrahim Qorxmaz oğlu barəsində təyin edilməsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsində və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyini müəyyən edilmədiyindən məhkəmə hesab edir ki Şahbazov İbrahim Qorxmaz oğlu barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməməlidir. Bundan başqa, məhkəmə İ.Q.Şahbazovun barəsində ## #### 2026-cı il tarixli hökmlə CМnin 263-1.1-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə cəzası təyin etmiş, eynizamanda, həmin hökmlə İ.Q.Şahbazovu məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini ödəməkdən azad etmiş, bu mövqeyini belə əsaslandırmışdır ki, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərcini ödəməyə onun maddi imkanı yoxdur. Belə olan halda, sadə məntiqlə belə bir sual yaranır ki, məhkəmə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərcini ödəməyə maddi imkanı olmadığı qənaətinə gəldiyi İ.Q.Şahbazovun, 128 manat məbləğdən təxminən 4.6 dəfə çox olan 600 (altı yüz) manat məbləğində cərimə cəzasını necə, hansı maddi imkanla ödəyə biləcəyi qənaətinə necə gəlmişdir? Belə çıxır ki, məhkəmə icrası qeyri-mümkün olan cəza təyin edib? Göründüyü kimi, məhkəmə öz hökmündə İ.Q.Şahbazovu 128 manat ekspertiza xərcini ödəməkdən azad etməklə, ona təyin etdiyi 600 manat cərimə cəzası ilə bağlı öz mövqeyini təkzib edərək göstərmişdir ki, CPM-in 198.2-cü maddəsinə əsasən "məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə CPM-in 198.2-cü maddəsinə əsasən hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Şahbazov lbrahim Qorxmaz oğlu maddi imkanı olmadığından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini ödəməkdən azad olunmalıdır." İşin halları ilə müəyyən edilən müstəsna hal isə ondan ibarətdir ki, İ.Q.Şahbazovun qanuni nümayəndəsi tərəfindən bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilməmişdir, belə ki, İ.Q. Şahbazovun elə öz ifadəsi ilə müəyyən edilir ki, "sürücülük vəsiqəsi yoxdur. ## ###### 2024- cü il tarixdə günorta saatlarında yaşadığı Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində kafelərdən birində şahid2la birlikdə 2 bakal pivə içmişdir. Həmin qün saat 18 radələrində zərərçəkmiş S.İ.Əliyevin “VAZ 21074” markalı avtomobilinin sükanı arxasına əyləşmiş və idarə etdiyi avtomobillə traktorun arxa qoşqusu toqguşmuşdur. (İ cild i.v. 219-221) Beləliklə, işin hallarından görünür ki, öz hökmünü əsaslandırmaq üçün məhkəmə cinayətprosessual qanunvericliyin normalarını yanlış formada şərh etməklə, CPM-in 10.1-ci maddəsinin ("Qanunçuluq") tələbini, yəni, "məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər" normasını ciddi şəkildə pozmaqla, hökm çıxarmışdır. Şahbazov İbrahim Qorxmaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Füzuli rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Şahbazov İbrahim Qorxmaz oğlu apellyasiya məhkəməsində çıxışında apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahbazov İbrahim Qorxmaz oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya məhkəməsində çıxışında apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Dövlət ittihamçısı Elnar Hüseynov apellyasiya məhkəməsində çıxışında apellyasiya protestini müdafiə edərək apellyasiya protestinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti qismən təmin edilməli, məhkəmənin hökmü isə cəza hissəsində dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, ittiham tərəfi apellyasiya müraciətlərində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün məhkum edilmiş şəxsə cəza təyin edilməsi hissəsini mübahisələndirmişdir. İşin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən asfalt yolun kəndin çıxışına doğru yolun hərəkət hissəsində yerləşir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlkin oğluna məxsus mobil telefon vasitəsilə çəkilmiş videoçəkilişə baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, videoçəkiliş 28 saniyədən ibarətdir. Hadisə ## ###### 2024-cü il tarixdə baş vermişdir. Həmin videoçəkilişdə VAZ 2107 markalı avtomobili Şahbazov İbrahim Qorxmaz oğlunun idarə etməsi, Zərərçəkmiş şəxs İlkin oğlunun avtomobilin arxa oturacağında oturması, şahid2 isə avtomobilin qarşı sağ sərnişin oturacağında oturması müəyyən olunmuşdur. Avtomobili İbrahim Şahbazov Füzuli rayonu Böyük Bəhmənli kəndinin mərkəzi istiqamətində idarə edir, həmin vaxt onun qarşısından iki minik avtomobili keçir. Minik avtomobilləri keçdikdən sonra qarşıdan traktorun gəlməsi görünür. Həmin anda İbrahim Şahbazov avtomobili təxminən 70- 80 km\saat sürətlə və sürətlər qutusunun 3-cü pilləsi ilə idarə etməsi görünür. Traktor görünən zaman Zərərçəkmiş şəxs İbrahim Şahbazova “böyrünnən çək belə biraz” sözlərini deyən anda avtomobil traktorun qoşqusu ilə toqquşmuş, daha sonra isə ikinci toqquşma səsi eşidilir. İkinci toqquşma səsindən sonra videoçəkiliş sonlanmışdır. Həmin disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 Beyləqan rayon Şöbəsindən verilmiş ## ###### 2025ci il tarixli, **/** nömrəli ekspertiza rəyindən görünür ki, Şahbazov İbrahim Qorxmaz oğlunda sol qamış və incik sümüklərinin topuq oynağı səviyyəsində fraqmentləri yerdəyişən qapalı sınığı və alt çənə sümüyünün qapalı sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni ##.##.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 Beyləqan rayon Şöbəsindən verilmiş ## ###### 2025ci il tarixli, **/** nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlkin oğlunda sağ budçanaq oynağının travmatik çıxığı, sağ mil sümüyünün tipik yerinin sınığı, alın nahiyəsinin əzilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni ##.##.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 Beyləqan rayon Şöbəsindən verilmiş ##.##.2025-ci il tarixli, **/** nömrəli ekspertiza rəyindən görünür ki, şahid2 döş qəfəsi və sol dirsək oynağı nahiyələrində sıyrıq olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni ##.##.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3dən verilmiş ##.##.2024-cü il tarixli ****/K nömrəli kimyəvi ekspertiza rəyindən görünür ki, Şahbazov İbrahim Qorxmaz oğlundan götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, balbitur urşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenetiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol- nəqliyyat hadisələri ekspertizasından verilmiş ## ##### 2025-ci il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2107 markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahbazov İbrahim Qorxmaz oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ.Şahbazov VAZ 2107 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü İ.Şahbazov avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yolda, 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-ci maddəsinin 1ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən MTZ markalı traktorun sürücüsü şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü şahid1 MTZ markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 72-74-cü vərəqələrində olan “xxxx” Avtomotoservis və Ticarət Firmasından verilmiş ## ##### 2025-ci il tarixli, SA *** nömrəli ziyan aktından görünür ki, yol- nəqliyyat hadisəsi nəticəsində “VAZ 2107” minik markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə 6520 (altı min beş yüz iyirmi) manat məbləğində maddi ziyan dəymişdir. İşin materiallarında olan “xxxx” Avtomotoservis və Ticarət Firmasından verilmiş ## ##### 2025-ci il tarixli, SA *** nömrəli ziyan aktından görünür ki, yol- nəqliyyat hadisəsi nəticəsində AGTS- 24 markalı, yaşıl rəngli QA-000241 qeydiyyat şəhadətnaməli kənd təsərrüfatı texnikasına 1040 (min qırx) manat məbləğində maddi ziyan dəymişdir. İşin materiallarında olan X5 İnkişaf Mərkəzindən verilmiş AZ****** nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Belarus 892” markalı ** AB *** dövlət qeydiyyat nişanlı traktor “xxxx” MMC-nin mülkiyyətindədir. İşin materiallarında olan AL/ML/**** nömrəli, ## ### 2021 -ci il tarixli maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, “Belarus 892” markalı ** AB *** dövlət qeydiyyat nişanlı traktor X9. İşin materiallarında olan * saylı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilmiş AQ****** nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, AGRİONAL AGTS24 markalı, 18196 zavod nömrəli toxumsəpən qurğu X2 mülkiyyətindədir. İşin materiallarında olan Azərbaycan Respublikasının DİN BDYPİ İmişli regional qeydiyyat imtahan və texniki baxış şöbəsi tərəfindən ##.##.2023-cü il tarixli BD ****** nömrəli "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 2107” markalı ** HS *** qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs İlkin oğluna məxsusdur. İşin materiallarında olan X6 İnkişaf Mərkəzindən daxil olan **-**-*-**/*-**/**** nömrəli məktubdan görünür ki, ##.##.1985-ci il təvəllüdlü şahid1 adına Beyləqan DAİM TNT sektorunun elektron sistem bazasında traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. - ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, “VAZ 2107” minik markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Zərərçəkmiş şəxs İlkin oğluna qaytarılmışdır. - ##.##.2024cü il tarixli qəbzdən görünür ki, “Belarus 892” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı traktor İsmayılov Sərdar Süleyman oğluna qaytarılmışdır. - ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, AGTS 24 markalı gübrəsəpən qurğu ## ######## 2025-ci il tarixli qəbzlə İsmayılov Sərdar Süleyman oğluna qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasından verilmiş ## ##### 2025-ci il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2107 markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahbazov İbrahim Qorxmaz oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmuşdur. Məhkəmə kollegiyası ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şahbazov İbrahim Qorxmaz oğlunun məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İlkin oğlunun və şahidlərin verdikləri ifadələr, cinayət işi materiallarında olan digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş ## ###### 2026-cı il tarixli tələbnamədən görünür ki, Şahbazov İbrahim Qorxmaz oğlunun məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, səh. 180). - Füzuli rayon İcra Hakimiyyəti başçısının Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş ##.##.2025-ci il tarixli, *-**-**/*-Ş-**-***/**** nömrəli xasiyyətnamədən və arayışdan görünür ki, Şahbazov İbrahim Qorxmaz oğlu Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatdadır və icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur (İ cild, səh. 175-176). Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli, * nömrəli qərarına əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Şahbazov İbrahim Qorxmaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Şahbazov İbrahim Qorxmaz oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs İlkin oğlunun ##.##.2026-cı il tarixli ərizəsi və məhkəmə iclasında verdiyi ifadəsi əsasında müəyyən olunur ki, təqsirləndirilən şəxs Şahbazov İbrahim Qorxmaz oğlu ilə aralarında barışıq əldə olunmuş, dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İbrahim Şahbazovun qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, İbrahim Şahbazovun Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək İbrahim Şahbazovun təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, İbrahim Şahbazova istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. İbrahim Şahbazovun əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 263-1.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya protestinin dəlillərindən görünür ki, dövlət ittihamçısı məhkəmə tərəfindən cəzanı yüngülləşdirən bəzi halların düzgün qiymələndirilməməsini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamasını qeyd etməklə cəzanın ağırlaşdırılmasını tələb etmişdir “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır; Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər; 11-1. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CMin 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarında göstərilir ki, CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının fikrinə görə təyin edilən cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda, əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olubolmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimaitəhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli, * №-li Qərarının 21-ci bəndində qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum olunmuş şəxs İbrahim Şahbazova təyin edilmiş cəza da kifayət qədər ciddi və ağır, eləcə də, məhkumun törətmiş olduğu cinayət əməlinə uyğundur. Bu halda məhkuma təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəklində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkum Şahbazov İbrahim Qorxmaz oğlunun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün olaraq nəzərə almış, ona təyin olunmuş əsas cəzaya münasibətdə qanuni və əsaslı hökm çıxarmışdır. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan yüngülləşdirici halları, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmin əsas cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya protestinin təqsirləndirilən şəxsə əlavə cəza təyin edilməsi zərurəti ilə bağlı dəlilinə də qiymət verərək aşağıdakıların qeyd olunmasını vacib sayır Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Şahbazov İbrahim Qorxmaz oğlunun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlkin oğlu ilə barışıq əldə etməsi və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi, yetkinlik yaşına çatmayan şəxs olması və əvvəllər məhkum olunmamasından ibarət olan cəzanı yüngülləşdirən ayrı-ayrı hallar əsasında Şahbazov İbrahim Qorxmaz oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi üzrə cərimə cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Məhkəmə kollegiyası işi tətbiq edilməli olan qanun normalarının tələbləri baxımından, həmçinin sadəcə cərimə cəzası təyin etməklə kifayətlənməsi baxımından nəzərdən keçirib belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə yanlışlığa yol vermişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəsinəəsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Cinaayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Şahbazov İbrahim Qorxmaz oğlu ona istinad olunan cinayəti törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, Şahabzov İbrahim Qorxmaz oğluna Cinayət Məcəlləsinin 45.2-ci maddəsi tətbiq edilməklə 06 (altı) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1-ci maddəsinə əsasən: - məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - məhkəmənin gəldiyi nəticələrin işik faktiki hallarına uyğun olmaması; - birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - cinayət qanunu normasının düzgün tətbiq edilməməsi; - təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü cəza hissəsində dəyişdirilməli, Şahbazov İbrahim Qorxmaz oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə, barəsində Cinayət Məcəlləsinin 45.2-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, İbrahim Şahbazovun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təyin olunmuş 600 (altı yüz) manat məbləğində cərimə cəzası saxlanılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Apellyasiya protesti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü cəza hissəsində dəyişdirilsin. Şahbazov İbrahim Qorxmaz oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ona təyin olunmuş 600 (altı yüz) manat məbləğində cərimə cəzası saxlanılmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1ci maddəsi ilə, barəsində Cinayət Məcəlləsinin 45.2-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar