Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-441/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, İsmayılov Mirkamil Mirşamil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Bağırov İxtiyar Famil oğlu və məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1975-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 01 (bir) ay 26 (iyirmi altı) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan, həbsetmənin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmaqla barəsində Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş Bağırov İxtiyar Famil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Bağırov İxtiyar Famil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X2) Bağırov İxtiyar Famil oğlu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin edilməsi, cəza çəkmənin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Bağırov İxtiyar Famil oğlu apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilərək ona yüngül cəza verilməsini xahiş etmişdir. İŞİN HALLARI: Bağırov İxtiyar Famil oğlu Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. O, istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, 01 ədəd polietilen torbada, xeyli miqdarda, ümumi təmiz çəkisi 455,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, ## ###### 2025-ci il tarixdə saat 10:17 dəqiqədən saat 10:24 dəqiqəyədək Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Şirvan şəhəri M.Mirzəyev küçəsində əlində polietilen torba olarkən saxlanılaraq, əlindəki polietilen torbaya baxış aparılan zaman 01 ədəd polietilen torbada, xeyli miqdarda, ümumi təmiz çəkisi 455,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Bağırov İxtiyar Famil oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə ona təyin edilmiş cəza ilə razı deyil, işinə yenidən baxılmasını xahiş edir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Bağırov İxtiyar Famil oğlu və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünun dəyişdirilərək barəsində yüngül cəza verilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Bağırov İxtiyar Famil oğlunun CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(032)-177/2025 hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Bağırov İxtiyar Famil oğlunun CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hallar iş materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125 və 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı iş üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Bağırov İxtiyar Famil oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən – satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Bağırov İxtiyar Famil oğluna isə CM-in 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan mərhum etmə cəzası, yəni sanksiya daxilində həmin cəza növünün aşağı həddinə yaxın cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Bağırov İxtiyar Famil oğlunun törətdiyi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və III dərəcə əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivinin yaranmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi Bağırov İxtiyar Famil oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, Bağırov İxtiyar Famil oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən hallarla bağlı qeyd edir ki, Bağırov İxtiyar Famil oğluna cəza təyin edilərkən bütün hallar nəzərə alınmışdır. Beləliklə, apellyasiya şikayətindən görünür ki, Bağırov İxtiyar Famil oğlu ona təyin olunan cəzanın yüngülləşdirilməsi üçün əlavə heç bir əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Bağırov İxtiyar Famil oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Bağırov İxtiyar Famil oğluna təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən cəza təyin edilmişdir, təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmadı. CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Cinayət Məcəlləsinin 61.1ci maddəsi konkret müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsinə görə cəzaların ədalətliliyi və ölçüsü məsələsi əsasən milli məhkəmələrin səlahiyyətinə aiddir. Avropa İnsan Hüquqları Məhkəməsi o halda müdaxilə edir ki, təyin edilmiş cəza açıq şəkildə qeyri mütənasib, yəni birmənalı şəkildə ədalətsiz olsun (“Vinter və başqaları Birləşmiş Krallığa qarşı” (2013), “Svinarenko və Slyadnevin Rusiyaya qarşı” (2014)). Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6 və 7-ci maddələri (ədalətli məhkəmə araşdırması və qanunsuz cəza qadağası) çərçivəsində cəzanın növü və miqdarı milli məhkəmələrin sərbəst qiymətləndirmə səlahiyyətinə malikdir. (“Kafkaris Kiprə qarşı” (2008)) Qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza qanuni məqsədlərə, yəni cəzalandırma, islah olunma və profilaktikaya xidmət edir, cəzanın fərdiləşməsi balansını qoruyur və Avropa İnsan Hüquqları Məhkəməsi praktikasında təsbit edilmiş mütənasiblik prinsipinə tam uyğundur. Məhkum edilmiş şəxs Bağırov İxtiyar Famil oğlu tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən arqumentlər cəzanın dəyişdirilməsini və yüngülləşdirilməsini zəruri edən yeni hüquqi və ya faktiki əsaslar yaratmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bağırov İxtiyar Famil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxs Bağırov İxtiyar Famil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-441/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-441/2026
09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver