Məhkəmə qərarları › İş №1(3-9)-442/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-442/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-442/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi) ilə ## ###### 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ##### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 müştərək qaydada 31.700 (otuz bir min yeddi yüz) manat dəymiş ziyan, mənəvi zərər əvəzi olaraq 300 (üç yüz) manat, vəkil xərci 1000 (bir min) manat və ödənilmiş 189 (yüz səksən doqquz) manat dövlət rüsumunun tutularaq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməsi, ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manat hissəsinin mülki iddiaçıya aid edilməsi, mülki iddianın qalan hissədə rədd edilməsi barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi həll edilmişdir. Hökmlə, həmçinin təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi münasibətdə olduğu təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs yüksək vəzifədə işləyən tanışlarının olduğunu bildirməklə sonuncunu Sabirabad rayon Osmanlı kənd Asif Məmmədov adına ümumi orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verərək, etibarından suiistifadə edib, aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayının sonlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi *** nömrəli evin qarşısında 17.500 manat, Zərərçəkmiş şəxs ## ### 2023-cü il tarixdə saat 14:47-də Şirvan şəhəri, Heydər Əliyev prospekti 48 ünvanında yerləşən Cəngan Ticarət Mərkəzində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə onun 4169-73**-**** **** nömrəli bank kartına göndərdiyi 2.700 manat, ## ### 2023-cü il tarixdə saat 18:59 da həmin ünvandan həmin üsulla onun həmin bank kartına göndərdiyi 2.500 manat, ## #### 2023-cü il tarixdə saat 19:09-da həmin ünvandan həmin üsulla onun həmin bank kartına göndərdiyi 4.000 manat, ## ###### 2023-cü il tarixdə saat 16:16-da Şirvan şəhəri Heydər Əliyev prospekti 48 ünvanında yerləşən Neptun supermarketində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə onun 4169- 73**-****-**** nömrəli bank kartına göndərdiyi 3.000 manat, ## ###### 2023-cü il tarixdə saat 16:19-da həmin ünvandan həmin üsulla cinayətdən xəbəri olmayan şahid3 məxsus 4169-73**- ****-**** nömrəli bank kartına göndərdiyi 3.000 manat, ## #### 2024-cü il tarixdə saat 18:41-də Şirvan şəhəri Energetik küçəsində yerləşən “Al market 3144” mağazasında quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə təqsirləndirilən şəxs1 adına olan 5239-15**-****-**** nömrəli bank kartına göndərdiyi 4.000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 36.700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, hökmdən narazı olduğunu bildirib, işinə yenidən düzgün şəkildə baxılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək, Zərərçəkmiş şəxs 19200 manat pul aldığını, onun verdiyi məbləğin 5000 manatı ona geri qaytardığını, hal-hazırda Zərərçəkmiş şəxs 14200 manat borcu olduğunu, yerdə qalan məbləği Nigar adlı bir xanıma verdiyini, onun da Təhsil Nazirliyində tanışı olduğunu və həmin şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs məktəb direktoru vəzifəsinə təyin edəcəyini vəd etdiyini, zərərçəkmiş şəxsə olan borcunu ödəməsi üçün azadlığa çıxmalı olduğunu göstərib, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxsin göstərdiyi halların nəzərə alınmasını, şikayətin təmin olunmasını və cəzanın yüngülləşdirilməsini xahiş etdi. Dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin apellyasiya baxışındakı çıxışından görünür ki, o işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün ona cəza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrı, yəni təqsirləndirilən şəхs təqsirləndirilən şəxs2 özünün qismən etirafedici ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəхs təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, şahidlər şahid4, şahid3, şahid1 ifadələri, ## #### 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol, ## ##### 2025-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokol, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxs2 təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. təqsirləndirilən şəxs2 əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halı nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun vurulmuş maddi ziyandan qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar isə müəyyən etməmiş, sonuncunun CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs2 düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halı kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs2 təyin edilmiş cəza ədalətlilik, fərdiləşdirmə və qanunçuluq prinsiplərinə tam uyğun olmaqla, törədilmiş əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə adekvatdır. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli təsadüfi xarakter daşımamış, onun əvvəlcədən formalaşmış vahid niyyət çərçivəsində zərərçəkmiş şəxsin etimadından məqsədli şəkildə istifadə etməklə, sonuncunu yüksək vəzifədə işləyən tanışlarının olduğu və onu məktəbə direktor vəzifəsinə təyin etdirə biləcəyi barədə yalan vədlərlə inandıraraq, müxtəlif vaxtlarda ümumilikdə 36.700 manat məbləğində pul vəsaitini ələ keçirməsindən ibarət olmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsin inam və etibarının məqsədli şəkildə formalaşdırılması, həmin etibardan cinayətkar məqsədlə istifadə edilməsi və nəticədə əhəmiyyətli məbləğdə maddi vəsaitin ələ keçirilməsi kimi halların məcmusu mövcud olmuşdur. Əməlin törədilmə üsulu və mexanizmi də cəzanın müəyyən edilməsi zamanı nəzərə alınmalı mühüm hallardandır. Belə ki, pul vəsaitlərinin bir dəfəyə deyil, müxtəlif tarixlərdə və ayrı-ayrı ödənişlər şəklində əldə edilməsi, habelə vədin icra ediləcəyi barədə zərərçəkmiş şəxsdə yaranmış inamın davam etdirilməsi nəticəsində yeni məbləğlərin alınması təqsirləndirilən şəxsin cinayət niyyətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir. Bu isə törədilmiş əməlin ictimai təhlükəliliyinin qiymətləndirilməsi zamanı yalnız vurulmuş ziyanın məbləğinin deyil, həmin nəticəyə gətirib çıxaran davranışın xarakterinin də nəzərə alınmasını zəruri edir. Bununla yanaşı, təqsirləndirilən şəxslərin sözügedən cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri də cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı hallardandır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Hazırkı halda cinayətin iki şəxsin qabaqcadan razılaşdırılmış və bir-birini tamamlayan hərəkətləri nəticəsində törədilməsi əməlin təsadüfi və ya spontan xarakter daşımadığını, cinayət niyyətinin həyata keçirilməsi üçün əvvəlcədən razılaşdırılmış davranışın mövcud olduğunu göstərir. Bu hal təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi ilə yanaşı, ona təyin edilən cəzanın fərdiləşdirilməsi baxımından da əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həm də məhkumun şəxsiyyətinə uyğun olmaqla cəzanın qanunla müəyyən edilmiş məqsədlərinin həyata keçirilməsi üçün kifayətdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Odur ki, müdafiə tərəfin dəlilləri hökmün cəza hissəsində dəyişdirilməsini şərtləndirən hər hansı yeni və ya əhəmiyyətli halı əks etdirməməklə, kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar