Azərbaycan Respublikası adından Qərar İş № 1(3-9)-445/2026 27.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü (hakimlər X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə) ilə ## ###### 1983-cü il ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcınını ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 2,345 qram psixotrop maddəni qanunsuz olaraq əldə edib, həmin çəkidə psixotrop maddə metamfetamini 03 ədəd bükümdə ayırıb üzərində daşımaqla saxlamış, ## ###### 2026-cı il tarixdə saat 17 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanlması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qərarı əsasında Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsində saxlanaraq, video çəkiliş vasitəsi ilə saat 17:31-dən saat 17:44-dək üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçənin sağ sinə cibindən 03 ədəd bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiİəri-0,28 8 qr, 0,087 qr, 1,970 qr, ümumi çəkisi-2,345 qr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 2,345 qram psixotrop maddə metamfetamini əldə edib, 03 ədəd bükümlərdə olmaqla üzərində daşımaqla saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasənda Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat - axtarış tədbiri nəticəsində ## ###### 2026-cı il tarixdə saat 17 radələrində Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsində saxlanaraq, saat 17:31-dən 17:44-dək olan müddətdə üzərinin videoçəkilişdən istifadə olunmaqla yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçənin sağ sinə cibindən 03 ədəd bükümlərdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri-0,288 qr, 0,087 qr, 1,970 qr, ümumi çəkisi- 2,345 qr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində CM-nin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasını ədalətsiz hesab etdiyini bildirib, işinə yenidən düzgün şəkildə baxılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, polislər onu saxlayan zaman üzərində narkotik vasitə olmadığını, ondan maşına əyləşməyini istədiklərini, bir az maşınla hərəkət etdikdən sonra narkotik vasitənin harda olduğunu soruşduqlarını, onun da evdə şəxsi istifadəsi üçün narkotik olmasını dediyini, evdən bir büküm narkotik vasitəni gətirib onlara verdiyini, daha sonra polislərin çəkiliş apardıqlarını, lakin daha çox narkotik vasitə göstərərək ona aid olduğunu bildirdiklərini, əslində isə həmin narkotik vasitənin özünə məxsus olmadığını, üç az yaşlı övladı olduğunu və onların həyatının da çox ağır keçdiyini göstərib, ona köməklik edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlillərindən müdafiə tərəfin apellyasiya baxışındakı çıxışlarından görünür ki, təqsirləndirilən şəxs həm işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirmiş, həmçinin ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddənin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi ilə yanaşı, şahid şahid3 və şahid1 ifadələri, ## ###### 2026-cı il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol və protokola əlavə edilmiş videoçəkiliş, materialların məhkəmə ekspertizasının ## ###### 2026-cı il tarixli, **/*** nömrəli rəyi, məhkəmə narkoloji ekpertizasının ## #### 2026-cı il tarixli, **** nömrəli rəyi, habelə digər iş materialları ilə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinin müəyyən edilməməsi, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1- 1-ci maddəsi ilə istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ## ###### 2026-cı il tarixdə Kür çayının yaxınlığında gəzərkən yerdən kibrit qutusunda üç ədəd bükümdə metamfetamin tapmış və istifadə etmək üçün cibinə qoymuşdur. ## ###### 2026-cı il tarixdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən Kərpic restoranının qarşısında olan zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona üzərində qanunsuz olaraq psixotrop maddə gəzdirmək və istifadə etmək ilə bağlı şübhəli olduğunu bildirmişlər. Sonra isə üzərində videoçəkiliş vasitəsi ilə polis əməkdaşları tərəfindən baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ sinə cibindən 01 ədəd kibrit qutusunun içərisində 02 adəd seloofan bükümdə və 01 ədəd kağız bükümdə metamfetamin aşkar olunmuşdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü narkotik istifadəçisi kimi təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə Şirvan şəhərində yaşayır, narkomaniya xəstəliyindən əziyyət çəkir. Psixotrop maddə metamfetamindən istifadə edir. Hər gün on manat pul müqabilində patı, yəni metamfetamin əldə edərək istifadə edir. Özü ev təmiri ustasıdır. Həmin işdən əldə etdiyi pul hesabına öz istifadəsi üçün metamfetamin alır. Polis işçilərinin onu saxlamalarından əvvəl 20 manat pul müqabilində metamfetamin almışdır. Metamfetaminin bir hissəsini istifadə etmiş, bir hissəsini isə bir ədəd kağız bükümdə olmaqla yaşadığı evdə saxlamışdır. ## ###### 2026-cı il tarixdə saat 17 radələrində yaşadığı evdə olduğu zaman polis işçiləri onun yaşadığı evin yaxınlığına gələrək onu çağırmışlar. Onunla söhbət zamanı yaşadığı evdə bir ədəd bükümdə metamfetamin olduğunu etiraf etmişdir. Polis işçilərindən biri onunla birlikdə evə getmiş, evdən bir ədəd bükümdə metamfetamini gətirib polis işçilərinə təqdim etmişdir. Bundan sonra polis işçiləri onu özləri ilə polis şöbəsinə aparmışlar. Üzərinə əlavə olaraq iki ədəd sellofan bükümlərdə metamfetamin qoymuşlar. Sonra isə onu Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsinə aparıb orada videoçəkilişlə saxlamaqla üzərində yoxlama aparmışlar. Üzərində üç ədəd bükümdə aşkar olunan metamfetaminin bir ədəd kağız bükümdə olanı ona məxsus olsa da, iki ədəd sellofan bükümlərdə metamfetamin polis tərəfindən qoyulmuşdur. Apellyasiya baxışı zamanı da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Şirvan şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. ## ###### 2026-cı il tarixdə ona Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində qanunsuz olaraq psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirməklə ## ###### 2026cı il tarixdə saat 17 radələrində aparılan videoçəkilişlə xidməti avtomobillərlə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsinə gəlmişlər və həmin küçədə Təqsirləndirilən şəxs saxlamışlar. Ona üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ sinə cibindən 01 ədəd kibrit qutusunda 03 ədəd bükümdə psixotrop maddə metamfetaminəbənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr 01 ədəd zərfə qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb aparmamışlar və o, yaşadığı evdən bir ədəd bükümdə metamfetamin gətirməklə polis işçilərinə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşı şahid1 da şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bundan başqa, iş materiallarında olan ## ###### 2026-cı il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, ## ###### 2026-cı il tarixdə saat 17 radələrində Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanaraq, üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ sinə cibindən 01 ədəd kibrit qutusunda 03 ədəd bükümlərdə psixotrop maddə metamfetaminəbənzər kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Materialların məhkəmə ekspertizasının ## ###### 2026-cı il tarixli, **/*** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi-0,288 qr, 0,087 qr və 1,970 qr, ümumi çəkisi - 2,345 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. İş materiallarında olan Məhkəmə narkoloji ekpertizasının ## #### 2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, iş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu cinayət hadisəsi barəsində belə qənaət yaradır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 2,345 qram psixotrop maddə metamfetamini əldə edib, 03 ədəd bükümlərdə olmaqla üzərində daşımaqla saxlamışdır. Cinayət hadisəsinin yuxarıda təsvir edilən qaydada baş verməsi işdə olan sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər yazılı sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda - 2,345 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlaması onun əməlində CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olduğunu təsdiq edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş II Siyahıda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 400 qram müəyyən edilmişdir. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin “polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, evindən aşkar edilmiş psixotrop maddələrdən yalnız bir bükümünün ona məxsus olması, qalan iki bükümün isə polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə” dəlillərini iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə araşdıraraq həmin dəlillərin əsassız olduğu qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxsin qeyd olunan dəlilləri ilk növbədə onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə uzlaşmır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ## ###### 2026-cı il tarixdə metamfetamini taparaq istifadə etmək məqsədilə özündə saxladığını, ## ###### 2026-cı il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində aparılmış baxış zamanı qara rəngli gödəkçəsinin sağ sinə cibindən kibrit qutusunda 03 ədəd bükümdə metamfetamin aşkar edildiyini bildirmişdir. Göründüyü kimi, həmin mərhələdə o, üzərində aşkar edilmiş üç büküm psixotrop maddənin ona məxsus olmadığını, onların hər hansı hissəsinin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirməmiş, əksinə, narkotik vasitənin özündə olduğunu və istifadə məqsədilə saxladığını göstərmişdir. Təqsirləndirilən şəxsin sonrakı mərhələdə mövqeyini dəyişərək iki büküm metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirməsi isə əvvəlki ifadəsi ilə açıq şəkildə ziddiyyət təşkil edir. Əgər həqiqətən də onun üzərinə əlavə olaraq iki büküm psixotrop maddə qoyulmuşdursa, belə bir halın onun üçün bilavasitə məsuliyyət yaradan mühüm hal olduğu nəzərə alınmaqla, bu xüsusatın ilk ifadəsində qeyd edilməməsi, əksinə, üzərindən aşkar edilmiş üç büküm maddənin mövcudluğunu təsdiq etməsi onun sonradan irəli sürdüyü versiyanın mötəbərliyinə əsaslı şübhə yaradır. Üstəlik, təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə konkret və inandırıcı faktlar göstərilməmiş, həmin iddianı təsdiq edən hər hansı obyektiv sübut da təqdim edilməmişdir. Məhkəmə kollegiyası təqsirlərdirilən şəxsin polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulması ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, göstərilən səbəblərdən təqsirləndirilən şəxsin qeyd olunan dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddələrin məhz polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Habelə iş materiallarından və işin faktiki hallarından təqsirləndirilən şəxsin polis əməkdaşlarının qeyriqanuni hərəkətlərinə məruz qalması da müəyyən edilmir. Bununla da, ondan ilkin etirafedici ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 3 ədəd bükümdə psixotrop maddə metamfetaminin məhz ona məxsus olması yalnız onun özünün etirafedici ifadəsi ilə deyil, eləcə də iş materiallarında olan digər mötəbər və bir-birini tamamlayan sübutların məcmusu ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş Təqsirləndirilən şəxs məhz Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanıldıqdan sonra üzərində baxış keçirildiyini və qara rəngli gödəkçəsinin sağ sinə cibindən kibrit qutusunda üç ədəd bükümdə psixotrop maddə aşkar edilərək götürüldüyünü təsdiq edir. Həmin sübutların məzmununda təqsirləndirilən şəxsin evinə aparılması, oradan hər hansı büküm gətirməsi və ya sonradan onun üzərinə əlavə iki büküm qoyulması barədə irəli sürdüyü versiyanı təsdiq edən hal müəyyən edilmir. Bu xüsusat şahidlər şahid3 və şahid1 ifadələri ilə də uyğunluq təşkil etmişdir. Hər iki şahid Təqsirləndirilən şəxs yaşadığı evdən çağırılaraq aparılmadığını, evdən hər hansı narkotik vasitə gətirib polis əməkdaşlarına təqdim etmədiyini, saxlanıldıqdan sonra üzərinə baxış keçirilərkən üç bükümdə metamfetaminin onun gödəkçəsinin cibindən aşkar edildiyini ardıcıl və bir-birini tamamlayan şəkildə bildirmişdir. Təqsirləndirilən şəxs isə bütün bu xüsusatları təkzib edən hər hansı konkret və obyektiv sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxsin özünün məhkəmədə verdiyi ifadəsində metamfetamin istifadəçisi olduğunu, həmin maddəni mütəmadi olaraq əldə edib istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılmasından əvvəl də metamfetamin əldə etdiyini və onun bir hissəsini özündə saxladığını etiraf etməsi iş üzrə müəyyən edilmiş halların ümumi məzmunu ilə uzlaşır. Həmçinin, ## ###### 2026-cı il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş üç bükümdəki maddələrin ayrı-ayrılıqda 0,288 qram, 0,087 qram və 1,970 qram olmaqla ümumilikdə 2,345 qram kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Beləliklə, aşkar edilmiş maddənin növü, miqdarı və onun məhz təqsirləndirilən şəxsin üzərindən götürülməsi barədə sübutlar bir-birini tamamlayır və onun üzərinə iki bükümün qanunsuz olaraq polis əməkdaşları tərəfindən qoyulması barədə sonrakı izahatını təkzib edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, müdafiə tərəfin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin CMnin 234.1-1-ci maddəsi ilə təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası cəza məsələsini də müzakirə edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur, iş materiallarında məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halı nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində ##.##.2013, ##.##.2014 və ##.##.2023-cü il tarixlərdə doğulmuş üç azyaşlı uşaqları vardır. İşdə olan yaşayış yerindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşaqlarının olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunun CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında 03 ildən 08 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq qeyd olunan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, habelə cəzanın müddətini maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə müəyyən etməklə, təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə və sosial vəziyyətini, əmələ münasibətini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərək CM-nin müvafiq maddəsinin sanksiyası çərçivəsində ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar artıq cəza təyin edilərkən qiymətləndirilmiş və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. İstinad edilən hallar yeni və ya əlavə hüquqi əhəmiyyət kəsb edən hallar olmadığından, təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün müstəqil əsas kimi çıxış edə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur və ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiə tərəfin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-445/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-445/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver