Məhkəmə qərarları › İş №1(3-9)-454/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-454/2026

22.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-454/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə), Müdafiəçi müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Ellara Abbasova) ilə ## ###### 1972-ci ildə ünvan 1ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ## ###### 2009-cu il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin ## ####### 2016-cı il tarixli qərarı ilə cəzasının qalan 09 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, təyin edilmiş şərti cəza müddətini qurtarmış və ## #### 2017-ci ildə qeydiyyatdan çıxarılmış, məhkumuğu ödənilmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülmüş, ünvan 1ndə qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək tutulduğu müddət 02 (iki) gün kimi nəzərə alınsın və ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu ## #### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir bükümdə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, ## #### 2026-cı il tarixdə saat 13:43-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı rayonu Musaküçə kəndində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,50 qram təşkil edən xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Özünün 3-cü qrup əlil olduğunu, himayəsində 83 yaşlı anasının olduğunu nəzərə alıb cəzasının yüngülləşdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, apellyasiya şikayətinin təmin olunmamasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxs işin faktiki hallarını deyil, cəza hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş veribverməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün ifadələri ilə yanaşı, şahidlər şahid2, şahid1 ifadələri, məhkəmə-bioloji ekspertizasının ## #### 2026-cı il tarixli, **/*** saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının ## ##### 2026-cı il tarixli, *** nömrəli rəyi habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir bükümdə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, ## #### 2026-cı il tarixdə saat 13:43də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı rayonu Musaküçə kəndində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,50 qram təşkil edən xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə verdiyi ifadələrində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, əvvəllər bir dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Polis tərəfindən saxlanılan zaman üzərində qurudulmuş marixuana olmasını etiraf edir. Həmin marixuananı 10 manat pulun qarşılığında Masallı rayonu, Musaküçə kənd ərazisində üzdən tanıdığı amma adını bilmədiyi şəxsdən almışdır. Ona verilən ittihamda qeyd edilən 7,50 qram qurudulmuş marixuana üzərində olmamış, bir siqaretlik (istifadəlik) marixuana olmuşdur. Polis əməkdaşları onun saxlanılmasına dair videoçəkiliş etməzdən əvvəl ona bildirmişlər ki, 7,50 qram qurudulmuş marixuana onundur. Həmin vaxt ətrafda insanlar çox olduğuna görə polis əməkdaşlarına etirazını bildirməmişdir. O, üzərində narkotik vasitə olmasını inkar etmir. Özünün 3-cü qrup əlil olmasını və yaşlı anasının olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm əvvəlki mərhələlərdə, həm də apellyasiya baxışı zamanı verdiyi ifadələrini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, sonuncunun istintaq mərhələsində, habelə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsi, baş vermiş hadisə ilə bağlı etirafedici ifadələr verməsi kollegiyada onun hazırkı mərhələdə artıq cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlı qənaət formalaşdırır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili R şahid2 ifadəsində göstərmişdir ki, ## #### 2026-cı il tarixdə ünvan 1ndə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi Masallı Rayon Polis Şöbəsinin KMQnin baş əməliyyat müvəkkili şahid1 və Rayon Polis Şöbəsinin X12 baş inspektoru, Ramal Şükürovdan ibarət əməliyyat qrup yaradılmışdır. ## #### 2026-cı il tarixdə saat 13:43-də Təqsirləndirilən şəxs Masallı rayonu Musaküçə kəndində olduğunu görüb Ramal Şükürovun videokamera vasitəsilə çəkiliş aparılması ilə ona yaxınlaşmışlar. Həmin vaxt tərəfindən xidməti vəsiqəsi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirin keçirilməsi barədə qərar ona elan edilərək şahid1 və Ramal Şükürovun iştirakları ilə üzərində yoxlama aparılacağı elan edilmişdir. Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına heç bir etirazının olmamasını bildirdikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. O, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü və əynində olan şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonu təqdim etmişdir. Həmin təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olmasını, şəxsi istifadəsi üçün Masallı şəhəri ərazisində 10 manat pulun qarşılığında tanımadığı şəxsdən aldığını demişdir. Bundan sonra tərəfindən həmin bükülünün içərisi proses iştirakçılarına açılıb göstərildikdən sonra bükülü tərəfindən elektron tərəzidə çəkilmiş və narkotik vasitə olan qurudulmuş marixuananın bükümlə birlikdə ümumi çəkisinin 8,45 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 1 ədəd “Redmi Not 12” markalı mobil telefonu orada içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmış və üzərləri polis şöbəsinin ** saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs paltarlarına şəxsi axtarış keçirilsə də, onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir İş materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili R şahid2, Masallı Rayon Polis Şöbəsinin KMQ-nun baş əməliyyat müvəkkili R şahid1, Masallı RPŞ-nin X13 baş inspektoru X2 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs tərəfindən Masallı RPŞyə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək, üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdə, saat 13:43-də Masallı rayonu, Musaküçə kəndində hərəkətdə olan zaman saxlanılaraq, üzəri yoxlanılan zaman özü əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmiş, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində aşkar olunmuş narkotik maddə qurudulmuş marixuanaya oxşar kütləni Masallı şəhər ərazisində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirilərkən onun narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüş, sonra həmin marixuanaya bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 8,45 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni və “Redmi” markalı mobil telefonu orada ayrıayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı R Xalid Qurbanov tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyataxtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili R şahid2, Masallı Rayon Polis Şöbəsinin KMQ-nun baş əməliyyat müvəkkili R şahid1, Masallı RPŞ-nin X13 baş inspektoru X2 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək hər biri ağ rəngli zərfdə qablaşdırılmış 1 ədəd sellofanda şəffaf rəngli bükümdə qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd “Redmi” markalı mobil telefon və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar olmuş və həmin büküm elektron tərəzidə çəkilmiş, təqdim edilmiş “Redmi” markalı telefona baxış keçirilmiş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, R Hüseynov Qasım İdris oğlu tərəfindən müdafiəçisi müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə-bioloji ekspertizasının ## #### 2026-cı il tarixli, **/*** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” sözlər və imzalar olan bir ədəd kağız paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi -7,50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 7,50 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 7,45 qramdır. Məhkəmə-narkoloji ekspertizasının ## ##### 2026-cı il tarixli, *** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz fəaliyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. ## #### 2026-cı il tarixli “maddi sübutun tanınması və təhvil verilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 7,45 qram olan narkotik maddə marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin "əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd olmaqla ümumilikdə 02 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Masallı Rayon Mərkəzi X7 Şəxsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, **-*-**/*- ***/**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Mərkəzi X7 Şəxsin ruhiəsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, *** saylı məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Lənkəran şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Öncəqala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ndə qeydiyyatdadır. Yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. ## #### 2026-cı il tarixli qəbzdən görünür ki, bir ədəd “Redmi ” markalı mobil telefon cihazı Təqsirləndirilən şəxs tərəfindən saz vəziyyətdə təhvil alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ## #### 2026-cı il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında məhkəmə əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında protokoldan və MSY-dən buraxılma və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ## #### 2026cı il tarixdə saat 13:43- də şübhəli şəxs qismində tutulmuş, ## #### 2026-cı il tarixdə barəsində “polisin nəzarəti altınavermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan xüsusatlarla bağlı dəlilləri obyektiv sübutlarla təsdiq olunmayan, ehtimal və fərziyyələrə əsaslanan mülahizələr olmaqla təqsirləndirilən şəxsin təqsirliliyinə dair iş üzrə toplanmış mötəbər sübutların məcmusunu şübhə altına almaq üçün kifayət etmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətdə irəli sürülən iddialar hər hansı obyektiv sübutla təsdiq olunmur və yalnız ehtimal və mülahizələrinə əsaslanır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ## ###### 2009-cu il tarixli hökmü ilə CM-in 234.4.3 maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə cəzasının qalan 09 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, təyin edilmiş şərti cəza müddətini qurtarmış və ## #### 2017-ci ildə qeydiyyatdan çıxarılmışdır. Məhkumuğu ödənilmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülmüşdür. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə; həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardığı gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq normalara əsasən təyin edilməsi mümkün olan ən aşağı həddə yaxın müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmuj halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar