Məhkəmə qərarları › İş №1(3-9)-463/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-463/2026

23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-463/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## ####### 1991-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş MÜƏYYƏN ETDI: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim X5) Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilərək onun barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qismində qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında həbs olunması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilərək ona yüngül cəza verilməsini xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünə əsasən satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 490,0 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, ## ###### 2025-ci il tarixdə saat 21 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qərar əsasında Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsində hərəkətdə olarkən saxlanaraq, videoçəkiliş vasitəsi ilə saat 21:35-dən saat 21:43-dək üzərinin yoxlanılması zamanı əlində olan 01 ədəd polietilen torbada təmiz çəkisi - 490,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ilə ona təyin edilmiş cəza ilə razı deyil. Belə ki, məhkəmə hökm verərkən törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, məhkumluğunun ödənilməsini, cəzasını ağırlaşdıran halların olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə almamışdır. Bundan əlavə hakim hökmdə onun iki azyaşlı uşaqlarının onun himayəsində olmadığı, onun həmin uşaqlara aliment də ödəmədiyini qeyd etmişidr. Halbuki, hər iki uşağının maddi tələbatlarını ödəyir. Bunu uşaqlarının anası da təsdiq edə bilər. Qeyd edilənləri nəzərə alaraq işinə yenidən baxılmasını xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünun dəyişdirilərək barəsində yüngül cəza verilməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(032)-153/2025 hökmü cəza hissəsində dəyişdirilməlidir. Apellyasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hallar iş materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı iş üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Məhkum edilmiş şəxs apellyasiya şikayətinin əsas dəlili kimi himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə cəza təyini zamanı yüngüllşdirici hal kimi nəzərə almayaraq ona ağır cəza təyin etməsini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edlən dəlilini əsaslı hesab etmir. Belə ki, işdə olan iddiaçı X2 cavabdeh Təqsirləndirilən şəxs qarşı “atalığın müəyyən edilməsi və aliment“ tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı Ayşən Kazımova cavabdeh Təqsirləndirilən şəxsla faktiki olaraq ayrı yaşadıqlarını, cavabdehin uşaqlarının maddi ehtiyacları ilə maraqlanmadığını, Təqsirləndirilən şəxs isə iddiaçının tələb etdiyi qədər aliment ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin faktiki nikah münasibətindən doğulmuş uşaqların onun himayəsində və öhdəsində olmaması, Təqsirləndirilən şəxs həmin uşaqlara aliment də ödəməməsi və nəticə etibarı ilə cəza təyini zamanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almaması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayəthüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanı ağırlaşdıran halların olmaması, əvvəlki məhkumluğunun ödənilməsi, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı əməlini etiraf etməsi, peşmançılıq göstərməsi və ailə vəziyyəti birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası konkret işin halları ilə tam uzlaşmır. Kollegiya hesab edir ki, bu iş üzrə azadlığın məhdudlaşdırılması növündə alternativ cəzanın tətbiqi məsələsi müzakirə oluna bilsə də, aşkar edilmiş narkotik vasitənin miqdarı, əməl üzrə ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirinin saxlanılması zərurəti nəzərə alınaraq cəzanın tamamilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsi məqsədəuyğun deyildir. Bununla yanaşı, həmin hallar cəzanın yuxarı həddə yaxın saxlanılmasını da zəruri etmir. Cəzanın fərdiləşdirilməsi cinayət hüququnun fundamental prinsiplərindən biri olmaqla, onun mahiyyəti eyni hüquqi tövsif verilmiş əməllərə görə formal bərabərliyin deyil, hər bir konkret iş üzrə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyətini, cinayətin törədilmə şəraitini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirkarın islahına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqdan ibarətdir. Cəzanın ədalətliliyi yalnız onun qanunda nəzərdə tutulmuş sanksiya daxilində təyin olunması ilə deyil, eyni zamanda konkret hadisənin bütün fərdi xüsusiyyətlərini əks etdirməsi ilə təmin olunur. Bu mənada proporsionallıq prinsipi formal qanuniliyin ayrılmaz elementi kimi çıxış edir. Bu baxımdan 02 il müddətə azadlıqdan məhrum etmə cəzası qanuni sanksiya daxilində olsa da, CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələb etdiyi proporsionallıq və fərdiləşdirmə meyarlarına tam cavab vermir. Həmin cəza məhkum edilmiş şəxsin şəxsiyyəti, yüngülləşdirici halların məcmusu ilə müqayisədə artıq sərt nəticə doğurur. Cəzanın məqsədi yalnız məhkum edilmiş şəxsə ağır məhrumiyyət tətbiq etmək deyil, sosial ədalətin bərpası, şəxsin islah olunması və yeni cinayətlərin qarşısının alınmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Bu yanaşma hazırkı işdə də cəzanın daha sərt deyil, daha ədalətli və məqsədəuyğun həddə müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarında cinayət hüququnda humanizm prinsipinin məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini və cinayət-hüquqi təsir tədbirlərinə qənaət edilməsini ehtiva etdiyi göstərilmişdir. Bu hüquqi mövqe cəzanın seçilməsində məhkəmənin sərtliklə zərurilik arasında ədalətli tarazlığı qorumasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həm törədilmiş cinayətin ictimai təhlükəliliyinə adekvatdır, həm də məhkum edilmiş şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar ilə daha uyğun gəlir. Bu müddət cəzanın qaçılmazlığını təmin edir, eyni zamanda əvvəlki hökmdə seçilmiş azadlıqdan məhrum etmə növünü tam aradan qaldırmadan onun həddini proporsional səviyyəyə endirir. Belə yanaşma narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlətin cinayət-hüquqi reaksiyasını zəiflətmir. Əksinə, məhkum edilmiş şəxs barəsində azadlıqdan məhrum etmə cəzası saxlanılır, hökmün narkomaniyadan məcburi müalicə tədbiri və digər hissələri dəyişdirilmədən qalır, lakin cəzanın müddəti konkret işin fərdi hallarına uyğunlaşdırılır. Ittiham tərəfinin apellyasiya protesti verməməsi və apellyasiya şikayətinin yalnız məhkum edilmiş şəxs tərəfindən cəzanın yüngülləşdirilməsi tələbi ilə verilməsi nəzərə alındıqda, hökmün cəza hissəsində məhkum edilmiş şəxsin xeyrinə dəyişdirilməsi apellyasiya baxışının hüdudlarına uyğundur və onun vəziyyətini ağırlaşdırmır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü cəza hissəsində dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cəza hissəsində dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 03 (üç) ay azaldılaraq 01 (bir) il 09 (doqquz) ay həddində müəyyən edilsin. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar