Məhkəmə qərarları › İş №1(3-9)-465/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-465/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-465/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü (hakimlər X3 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) ilə ## ### 1968-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin 4-cü bəndinin tələbinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinin tələbinə zidd olaraq alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi BD****** nömrəli, ## ######## 2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsinə baxmayaraq faktiki sahibliyində olan texniki cəhətdən saz vəziyyətdə “Mercedes Benz E230” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## ###### 2025-ci il tarixdə, saat 19 radələrində Yuxarı Qarabağ kanalı - Daşburun avtomobil yolunun Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisindən keçən 3-cü kilometrliyində Daşburun istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin tələbi pozub idarə etdiyi avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyərək idarə etməni itirib avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşırmış, nəticədə onun ehtiyatsızlığından avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş X5 “sol II-III-IV, sağ III-IV-V-VI qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin hər iki tərəfdə cırılmaları ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qan yığılması), bədən səthinin çoxsaylı qançır və sıyrıqları, alt çənənin əzilmiş yarası, daxili üzvlərin venoz azqanlılığı” xarakterli həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri, avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs “baş beyinin ağır dərəcəli əzilməsi, kəllə sümüklərinin sınıqları, diffuz aksonal zədələnmə, baş beyin ödemi, ikitərəfli hemotoraks sağtərəfli pnevmotaraks, solda V, VI, VII, VIII, IX, X, XI, XII qabırğaların qapalı sınıqları” xarakterli həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almış, Nizami Məmmədov aldığı “qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmasından törənmiş çoxlu qanitirmə və ağır travmatik şok” xarakterli xəsarətlərdən hadisə yerində ölmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026 cı il tarixli hökmünün Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, həmçinin cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, nəticəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmamış, cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin edilmişdir. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli 4№-li qərarının 4-cü hissəsinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Аzərbаcаn Rеspublikаsı CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən ## #### 2003cü il tarixli * saylı qərarında həmçinin məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəllənin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Baxmayaraq ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin ## ###### 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamla məhkəmə orqanlarına yol-nəqliyyat hadisələrinə dair işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etməsi tövsiyə olunmuşdur. İşin faktiki halları ilə müəyyən olunur ki, əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs hazırki törətdiyi cinayət əməli də hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, ağır cinayətlər kateqoriyasına aid olmuş, hadisə vaxtı o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmaması azmış kimi sərxoş olmuş, avtomobilin saxlanması üçün lazım olan tədbirləri görməmiş və cinayətkarcasına özünəgüvənmə nəticəsində hadisənin qarşısını ala biləcəyini yalnış düşünərək bir nəfərin ölümü ilə, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən və cəmiyyətdə artıq böyük bir fəlakətə çevrilən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncuların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını, əməlini səmimi etiraf etməsini, peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 1990-1994-cü Azərbaycan Respublikasının Ərazi Bütövlüyü Uğrunda gedən İ Qarabağ döyüşlərində fəal iştirak etməsini, 2016-cı il aprel döyüşləri və 44 günlük vətən müharibəsində ictimai birlik üzvləri ilə birlikdə ön cəhbədə əsgər və zabitlərin yanında olması, onlara ərzaq və dərman çatdırılmasında şəhidlərin nəşinin son mənzilə yola salınması üçün dəfn işlərinin görülməsində fəal iştirak etməsini, ailənin yeganə gəlir gətirən şəxsin olmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib ona aşağı həddə cəza təyin etmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda səhvə yol vermişdir. Məhkəmə cəza təyini zamanı CM-in 58-ci maddəsinin tələblərinə formal yanaşaraq həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamış və əsassız olaraq həmin halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə görə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması səmimi peşmançılıq hesab edilir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşiman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs davranışınlarında belə hərəkətlər müəyyən edilməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək üçün hərəkətlərindən peşmançılıq keçirməsini bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş və məhkəmə istintaqı zamanı isə səmimiyyət görünüşü yaratmaqla cəzasını yüngülləşdirmək məqsədi ilə əməllərindən peşman olduğunu bildirmişdir. Məhkəmə əməli səmimi etiraf etməsini və peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, ictimai təhlükəlilik dərəcəsi olduqca yüksək olan, ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törədən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almasının, nə dərəcədə düzgün, ədalətli və işin obyektiv hallarına uyğun olmasını və belə bir nəticəyə gəlməsinin səbəblərini hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 59-cu maddəsində nəzərdə tutulmamış, yəni “yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını” cəzasını yüngülləşdırici hal kimi qəbul etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, xarakter şəxsiyyət üçün tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi-psixoloji xüsusiyyətlərin məcmusudur. (D.G.Myers “Psixologiya” – 2010). Yəni, hər bir şəxs müxtəlif münasibətlər kontekstində fərqli formada (müsbət və ya mənfi) xarakterizə edilə bilər. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs xasiyyətnamə əsasında müsbət xarakterizə edilmişdir. Lakin məhkəmə, Təqsirləndirilən şəxs “yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını” yalnız cəzasını yüngülləşdirən halların siyahısında qeyd etməklə kifayətlənmiş, lakin bunların nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasının nədə ifadə olunmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Xüsusi ilə vurğulanmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etməsi nəticəsində bir şəxsin ölümünə və digər şəxsin sağlamlığına ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmiş şəxsin gələcəkdə baş verə biləcək və verməli olduğu ictimai təhlükəli nəticələrin onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi qiymətləndirilə bilməzdi. Həmçinin məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncuların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını” cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Lakin məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq qeyd olunanları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi göstərməklə kifayətləmiş, lakin bunun nə ilə təsdiq olunmasını aydınlaşdırmamış, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları da nəzərə almamış, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun şəxsiyyətini səciyyələndirən məlumatlar diqqətdən kənarda qalmış, bununla da həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə, 02 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Lakin, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda idarə etməsini, törətdiyi cinayət nəticəsində 1 nəfərin ağır dərəcəli bədən xəsarəti alması və 1 nəfərin ölməsini, əvvəlki məhkumluğun nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlə bağlı olmasını, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşmamasını, törətdiyi cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan, cinayət qanunu normasının tələblərinə əsasən minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Ümumiyyətlə məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı xüsusatların nə ilə sübut olunmasını hökmdə göstərməmişdir. Аzərbаycаn Rеspublikаsı CPM-nin 139-cu mаddəsinə görə cəzаnı yüngülləşdirən hаllаr sübut еdilməli hаllаr siyаhısınа dахil еdilmişdir. CPM-nin 346.1.11-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla) təyin edilməli olduğu məsələləri məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CPM-nin 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. CPM-nin 353.2.7-ci maddəsinə görə bu Məcəllənin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini nəzərə almamış, Təqsirləndirilən şəxs cinayət əməlini məhz yuxarıda sadalanan şəraitdə və üsullarla törətməsinə baxmayaraq, ona təyin etdiyi cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamış, bununla da dövlətin cinayət törətmiş şəxsləri cəzalandırmağa qadir olmasına inamını azaltmışdır. Xüsusi ilə qeyd edilməsi zəruridir ki, məhkəmə ölkə ərazisində son zamanlar sürücülərin Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda nəqliyyat vasitələrini idarə etməsi ilə əlaqədar ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayının artmasını nəzərə almamışdır. Beləliklə də, təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə açıq-aşkar uyğun olmamışdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, protestin təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, məhkəmənin hökmü isə cəza hissəsində dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, ittiham və müdafiə tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, dövlət ittihamçısı apellyasiya protestində yalnız təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngüllüyü ilə bağlı məsələ qaldırmışdır. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrı, yəni təqsirləndirilən şəхsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələri, şahidlər şahid5, şahid3 ifadələri, ## ###### 2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və fotoşəkillər, ## ###### 2025-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillər, ## ###### 2025ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillər, ## #### 2026-cı il tarixli “baxış keçirilməsi haqqında” protokol, meyitin məhkəmə–tibbi ekspertizasının ## ###### 2025ci il tarixli **/** nömrəli rəyi, ## ###### 2025-ci il tarixli ****A/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, ## ###### 2026-cı il tarixli */**** nömrəli materialların məhkəmə ekspertizasının rəyi, ## ###### 2026-cı il tarixli **/** nömrəli məhkəmə-tibb ekspertizasının rəyi, ## ###### 2026-cı il tarixli **/** nömrəli «məhkəmə-genetik» ekspertizasının rəyi, ## ###### 2026-cı il tarixli */*** nömrəli «məhkəmə yol nəqliyyat hadisələri» ekspertizasının rəyi, ## #### 2026-cı il tarixli, **** nömrəli «kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının» rəyi, ## #### 2026-cı il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan və fotoşəkillər, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsasların olmamasına görə, həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Apellyasiya protestinin dəlillərindən görünür ki, dövlət ittihamçısı məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində olan hallara obyektiv qiymət verilməyərək, ona yüngül cəza təyin edildiyini qeyd etməklə, təyin olunmuş cəzanın ağırlaşdırılmasını tələb etmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin etməyən nisbətən yüngül həddə cəza təyin edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən verilmiş ## #### 2026-cı il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ## ###### 2021ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis Məmmədəli qızının ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan şəhəri, N.Nərimanov küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı və 3 yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri ictimai birliyinin ##.##.2026-cı il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2004-cü ildə Birliyin Beyləqan filialının üzvü olmaqla 2018-ci ildən filialın sədr müavini, 2019-cu ildən isə filialın sədri vəzifəsində fəaliyyət göstərmiş, fədəkarlıq və yüksək vətənpərvərlik hissinə malikdir, 1990-1994-cü Azərbaycan Respublikasının Ərazi Bütövlüyü Uğrunda gedən İ Qarabağ döyüşlərində fəal iştirak etmiş, 2016-cı il aprel döyüşləri və 44 günlük vətən müharibəsində ictimai birlik üzvləri ilə birlikdə ön cəhbədə əsgər və zabitlərin yanında olmuş, onlara ərzaq və dərman çatdırılmasında şəhidlərin nəşinin son mənzilə yola salınması üçün dəfn işlərinin görülməsində, eyni zamanda şəhidlərin əziz xatirəsini əbədiləşdirmək üçün onların büst və abidələrinin inşa edilməsində xidmətləri olmuşdur. İş materiallarında olan *** nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri vəzifəsində işləyir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncuların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını, əməlini səmimi etiraf etməsini, peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 1990-1994-cü Azərbaycan Respublikasının Ərazi Bütövlüyü Uğrunda gedən İ Qarabağ döyüşlərində fəal iştirak etməsini, 2016-cı il aprel döyüşləri və 44 günlük vətən müharibəsində ictimai birlik üzvləri ilə birlikdə ön cəhbədə əsgər və zabitlərin yanında olması, onlara ərzaq və dərman çatdırılmasında şəhidlərin nəşinin son mənzilə yola salınması üçün dəfn işlərinin görülməsində fəal iştirak etməsini, ailənin yeganə gəlir gətirən şəxsin olmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, onun CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məhkəmə baxışında tədqiq edilmiş sübutları və apellyasiya protestinin dəlillərini araşdıraraq və işin faktiki hallarını nəzərə alaraq, ilk növbədə onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların müəyyən edilməsi və nəzərə alınması əsaslı olmuş, lakin həmin halların cəzanın fərdiləşdirilməsi zamanı işin digər mühüm halları ilə nisbəti düzgün müəyyən edilməmiş və nəticədə təqsirləndirilən şəxsə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə şəraitinə, nəticələrinə və şəxsiyyətinə uyğun olmayan, həddindən artıq yüngül cəza təyin edilmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göründüyü kimi, cəza təyini zamanı yalnız təqsirləndirilən şəxsin xeyrinə olan halların deyil, həmin hallarla yanaşı cinayətin xarakterini, onun ictimai təhlükəlilik dərəcəsini və törədilmə şəraitini müəyyən edən bütün digər xüsusatların da məcmu halında qiymətləndirilməsi tələb olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsassız hesab etmir. Əksinə, kollegiya qeyd olunan halların iş materialları ilə müəyyən edildiyini və onların təqsirləndirilən şəxsin şəxsiyyətinin, hadisədən sonrakı davranışının və ailə vəziyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıdığını nəzərə alır. Bu baxımdan apellyasiya protestində birinci instansiya məhkəməsinin qeyd olunan halları ümumiyyətlə cəzanı yüngülləşdirən hal kimi qəbul edə bilməməsi barədə irəli sürülən dəlillərlə razılaşmaq üçün əsas yoxdur. Həmin halların mövcudluğu və iş üzrə cəzanın fərdiləşdirilməsi baxımından nəzərə alınmasının mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Lakin kollegiya hesab edir ki, həmin yüngülləşdirici halların mövcudluğu özlüyündə daha yüngül cəzanın seçilməsini şərtləndirmir. Cəzanı yüngülləşdirən halların nəzərə alınması ilə yanaşı, onların cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini müəyyən edən digər hallarla qarşılıqlı nisbəti də müəyyən edilməlidir. Məhz bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs xeyrinə olan hallara lazımi əhəmiyyət versə də, həmin halların hazırkı cinayətin törədilməsinin və nəticələrinin xarakteri fonunda cəzanın həddinə təsirini düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs artıq əvvəllər də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət törətmiş, Füzuli Rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırkı işin hallarından da görünür ki, Təqsirləndirilən şəxs sonradan yenidən eyni xarakterli hüquqazidd davranışa yol vermişdir. Üstəlik, hazırkı hadisə əvvəlki əməlin təkrarlanmasından ibarət olmaqla məhdudlaşmamış, daha ağır nəticələrlə müşayiət olunmuşdur. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluq keçmişi onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Yuxarıda qeyd olunanlar təqsirkar Təqsirləndirilən şəxs barəsində belə qənaətə gəlməyə tam əsas verir ki, o, əvvəlki əməlinə görə ona təyin olunmuş cəzadan nəticə çıxarmamış, həmin cəza yetərli islah edici təsirə malik olmamışdır. Belə ki, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu da məhz hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlə bağlı olmuşdur. Bu isə onu göstərir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza onun islah olunmasına heç cür müsbət töhfəsini verməmişdir. Bütün bunlar isə kollegiyada sonuncunun şəxsiyyətinin yetəri qədər ictimai təhlükəli olması barədə qənaət formalaşdırmışdır. Lakin bu önəmli xüsusatı nəzərdən qaçıran birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə qeyd olunan halları kifayət qədər nəzərə almamış, Rövşən Namazəliyeə müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Digər tərəfdən, işin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, eyni zamanda alkoqollu içkinin qəbulu nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etmiş, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq və nəqliyyat vasitəsinin dayanıqlı hərəkətini təmin etmək vəzifələrinə əməl etməyərək idarəetməni itirmiş və avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşırmışdır. Nəticədə avtomobildə sərnişin qismində olan X5 aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş, Zərərçəkmiş şəxs isə həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Bu halların hər biri ayrıca qiymətləndirildikdə belə cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyətli olmaqla, onların məcmu halında mövcudluğu cinayətin ictimai təhlükəliliyinin yüksək olduğunu göstərir. Burada söhbət sadəcə ehtiyatsızlıqdan törədilmiş yol-nəqliyyat hadisəsindən getmir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmadığı halda sükan arxasına keçmiş, bununla kifayətlənməyərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş və nəticədə bir insan həyatını itirmiş, digər şəxs isə ağır xəsarət almışdır. Xüsusilə nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu da məhz yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı olmasına baxmayaraq, əvvəlki məhkumluğun onun üçün yol hərəkəti qaydalarına riayət etməyin zəruriliyi barədə ciddi hüquqi və faktiki nəticə çıxarmaq üçün kifayət etmədiyi, əksinə, sonrakı davranışında həmin qaydalara daha kobud şəkildə riayət edilməməsinin təzahür etdiyi müəyyən olunur. Başqa sözlə, əvvəlki cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, təqsirləndirilən şəxsin yenidən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə sükan arxasına keçməsi hazırkı cinayətin cəza təyini baxımından əhəmiyyətli xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2013-cü il tarixli * nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, “törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır”. Hazırkı işdə məhz qeyd olunan meyarlar baxımından 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının məqsədlərinin təmin olunması üçün kifayət edib-etmədiyi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, yüngülləşdirici halların mövcudluğuna baxmayaraq, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğundan sonra yenidən eyni xarakterli cinayət törətməsi, bu dəfə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda avtomobil idarə etməsi, nəticədə bir şəxsin həyatını itirməsi və digər şəxsin sağlamlığına ağır zərər vurulması 5 il müddətinə azadlıqdan məhrum etmənin cəzanın məqsədlərini tam təmin edə bilməyəcəyini göstərən hallardır. Eyni zamanda, hazırkı nəticəyə gələrkən hadisənin nəticələrinin ağırlığının CM-in 61.1.2ci maddəsi üzrə ayrıca cəzanı ağırlaşdıran hal kimi təkrar qiymətləndirilmədiyi də nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun adı çəkilən Qərarının 21-ci bəndində izah edildiyi kimi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Lakin bu, həmin nəticələrin cəzanın fərdiləşdirilməsi zamanı ümumiyyətlə nəzərə alınmasını istisna etmir. Əksinə, cinayətin ictimai təhlükəlilik dərəcəsinin, vurulmuş zərərin həcminin və nəticələrin ağırlığının cəza təyin edilərkən nəzərə alınması həmin Plenum qərarının özündə də ayrıca vurğulanmışdır. Bu səbəbdən bir şəxsin həyatına son qoyulması və digər şəxsin sağlamlığına ağır zərər vurulması hazırkı işdə cəzanı ağırlaşdıran ayrıca hal kimi deyil, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini müəyyən edən obyektiv nəticələr kimi nəzərə alınmalıdır. Həmin nəticələr təqsirləndirilən şəxsin əvvəlki analoji cinayətə görə məhkum olunmasına baxmayaraq, yenidən yol hərəkəti qaydalarını kobud şəkildə pozması, idarəetmə hüququ olmadan və sərxoş vəziyyətdə avtomobil idarə etməsi ilə birlikdə qiymətləndirildikdə cəzanın minimum həddə müəyyən edilməsinin kifayət qədər əsaslı olmadığını göstərir. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, zərərçəkmiş tərəflə barışığın əldə olunmasını və maddi ziyanın ödənilməsini təqsirləndirilən şəxsin xeyrinə olan yüngülləşdirici hallar kimi qiymətləndirilsə də, bu hallar törədilmiş cinayətin obyektiv nəticələrini aradan qaldırmır. Belə ki, insan həyatının itirilməsi və digər şəxsin ağır xəsarət alması sonradan maddi ziyanın ödənilməsi və tərəflərin barışması ilə faktiki olaraq bərpa edilə bilən nəticələr deyildir. Buna görə də, həmin hallar cəzanın müəyyən edilməsində nəzərə alınmalı olsa da, cinayətin yüksək ictimai təhlükəliliyini və əvvəlki analoji cinayətdən sonra yenidən belə əmələ yol verilməsini neytrallaşdıran hallar kimi qəbul edilə bilməz. Kollegiya hesab edir ki, eyni yanaşma təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması, ictimai fəaliyyəti və digər müsbət şəxsiyyət məlumatlarına da aiddir. Həmin məlumatlar onun şəxsiyyətinin hərtərəfli qiymətləndirilməsi baxımından əhəmiyyətli olmaqla, cəzanın fərdiləşdirilməsində nəzərə alınmalıdır. Lakin şəxsin gündəlik həyatda müsbət xarakterizə olunması onun tərəfindən konkret olaraq törədilmiş ağır nəticəli cinayətin xarakterini və nəticələrini arxa plana keçirə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs xeyrinə olan halları müəyyən edib nəzərə alması düzgün olmuş, lakin həmin hallara həddindən artıq üstün əhəmiyyət verilmiş və nəticədə cəzanın həddi cinayətin real ictimai təhlükəliliyinə uyğun müəyyən edilməmiş, təyin olunmuş cəza yuxarıda qeyd edilən Plenum qərarının tövsiyyələrinə, həmçinin CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmamışdır. Təqsirləndirilən şəxsin əvvəllər eyni xarakterli cinayətə görə məhkum olunması, buna baxmayaraq yenidən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə avtomobil idarə etməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair tələbləri pozması, nəticədə bir şəxsin həyatını itirməsi və digər şəxsin sağlamlığına ağır zərər vurulması, hadisənin qarşısının alınması üçün texniki imkanın mövcud olmasına baxmayaraq onun həmin imkandan istifadə etməməsi cəzanın daha ciddi həddə müəyyən edilməsini zəruri edən hallardır. Eyni zamanda, məhkəmə kollegiyası cəzanın həddinin müəyyən edilməsində yalnız cəzanın sərtləşdirilməsi məqsədini deyil, onun fərdiləşdirilməsi prinsipini də rəhbər tutur. Belə ki, iş üzrə təqsirləndirilən şəxsin xeyrinə olan barışıq, ziyanın ödənilməsi, peşmanlıq, müsbət xarakteristika, ictimai fəaliyyəti, ailə vəziyyəti və digər hallar nəzərə alınaraq onun barəsində dövlət ittihamçısının protestində tələb etdiyi 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının deyil, 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi işin bütün halları arasında daha uyğun tarazlıq yaradır. Kollegiyanın qənaətincə, bu halda təyin ediləcək cəza törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla cəzanın ədalətliliyi, fərdiləşdirilməsi və cinayət qanununun məqsədlərinə nail olunmasını təmin edə bilər. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protestinin birinci instansiya məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilmə şəraiti, nəticələri və təqsirləndirilən şəxsin əvvəlki analoji cinayətə görə məhkum olunmasının cəza təyininə təsirinin lazımi səviyyədə nəzərə alınmaması ilə bağlı dəlilləri əsaslı olduğundan, bununla belə protestdə tələb olunan həddlərdə cəzasının təyin edilməsi iş üzrə mövcud yüngülləşdirici halların məcmusuna tam uyğun gəlmədiyindən protest qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddi artırılmaqla dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, yuxarıda qeyd olunanlara məcmu halında obyektiv hüquqi qiymət verərək, hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli hökmü cəza hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi artırılaraq 05 (beş) il 06 (altı) ay həddində müəyyən edilməli, onun üzərində qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli ## ######## 2026-cı il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs olunmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi artırılaraq 05 (beş) il 06 (altı) ay həddində müəyyən edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli ## ######## 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına etap edilsin. Qərarın icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Cavid Sultanov Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar