Məhkəmə qərarları › İş №1(3-9)-495/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-495/2026

24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-495/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs İsmayılzadə Ülvi Abuzər oğlunun, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, İsmayılzadə Ülvi Abuzər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2ci maddəsi ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs İsmayılzadə Ülvi Abuzər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü (hakim Bağırovu Nurəddin Abuzər oğlunun sədrliyi) ilə ##.##.1999-cu il tarixdə Sabirabad rayonu Moranlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, II X4 iştirakçısı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş İsmayılzadə Ülvi Abuzər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə məhkəmə məsrəfi məsələsi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə İsmayılzadə Ülvi Abuzər oğlu Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, ## ###### 2025-ci il tarixdə saat 01 radələrində atası İsmayılov Abzər Cankişi oğluna məxsus VAZ 2121 (NİVA) markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobili «Yol hərəkəti haqqında» Qanunun 32-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Sabirabad rayonu Moranlı kəndi ərazisində həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən 60 km/saat sürətlə idarə etməli olduğu halda, 80 km/saat sürətlə idarə etməklə qeyd olunan qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair tələblərini pozaraq idarəetməni itirmiş, avtomobili yol kənarındakı su arxına aşırtmış, nəticədə o, avtomobilin ön sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraks, sağ 11-ci qabırğa qövsündə yerdəyişməyən sınıq, oma sümüyünün hər iki qanadında xüsusən sol tərəfli yerdəyişən qəlpəli sınıqlar, sol oturaq şaxəsində azyerdəyişən qəlpəli sınıq, C2 boyun fəqərəsinin sağ laminasının yerdəyişməmiş sınığı, qaraciyərin sağ payında subkapsulyar minimal hematoma, qarnın sağ yuxarı yan kvadratında qaraciyər proyeksiyasında yumşaq toxumalarda hematoma və emfizema, alın sümüyünün sağ orbitanın yuxarı səthinə keçən qəlpəli sınığı, sağ almacıq sümüyünün minimal basılmış sınığı ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs İsmayılzadə Ülvi Abuzər oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona təyin olunmuş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının 01 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özü II X4 iştirakçısıdır. Ailəlidir. Zərərçkmiş şəxslə barışıq əldə etmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Belə ki, ona istinad edilən maddədə alternativ cəza mövcuddur. Onun isə məhkumluğumun olmaması və cəzasını yüngülləşdirən halın olmasına baxmayaraq, azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilməsi absuddur. Belə ki, ailədə yeganə qazanc gətirən şəxsdir. Digər tərəfdən məhkəmə tərəfindən cinayətprosessual qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Göstərilən prosessual normalara əsasən hesab edir ki, barəsində olan hökm yuxarıda göstərilən normalara uyğun tərtib edilməmiş, həmin normalarda göstərilən qaydalara onun əməl edilməmişdir. Lakin, məhkəmə tərəfindən əsassız olaraq hökm çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» ## #### 2004-cü il tarixli, * saylı Qərarında göstərilir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin edilməldir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» ## #### 2003-cü il tarixli ** saylı qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollektivi mənə cəza təyini məsələsini müzakirə edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, cəzanın səmərəliliyini və məqsədəuyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, mənə törədilməsində təsqirli bilindiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarının «Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.» tövsiyyəsini də nəzərə alır. Eyni zamanda, məhkəmə kollektivi mənim şəxsiyyətimi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cəzasını yüngülləşdirən halları, həmçinin cinayət törətdikdən sonrakı davranışımı nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və buna görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməli və həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələr qoyulmalıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxs İsmayılzadə Ülvi Abuzər oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün ona cəza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək İsmayılzadə Ülvi Abuzər oğlunun əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrı, yəni təqsirləndirilən şəхs Ülvi İsmayılzadənin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsZərərçəkmiş şəxs, şahid Şahid ifadələri, ##.##.2025-ci il tarixli hadisə yerinə baxış protokolu, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının ## ####### 2025-ci il tarixli */**** nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli *** nömrəli rəyi, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib Ülvi İsmayılzadənin Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Ülvi İsmayılzadənin qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Ülvi İsmayılzadənin Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Ülvi İsmayılzadənin təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Ülvi İsmayılzadəyə istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Ülvi İsmayılzadənin əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Təqsirləndirilən şəxs İsmayılzadə Ülvi Abuzər oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış ## #### 2026-cı il tarixli tələbnamədən görünür ki, İsmayılzadə Ülvi Abuzər oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sabirabad rayon İHB nın Moranlı kəndi İƏD üzrə nümayəndəliyindən verilmiş arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılzadə Ülvi Abuzər oğlu ailə üzvləri ilə birlikdə Sabirabad rayonu Moranlı kəndində yaşayır, yaşadığı yerdən müsbət xarakterizə olunur və himayəsində bir nəfər azyaşlı uşağı var. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, İsmayılzadə Ülvi Abuzər oğlu II X4ndə aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşcü” medalları ilə təltif olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Ülvi İsmayılzadəyə cəza təyin edərkən onun ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, cinayət əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, həmçinin onun II X4ndə aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşcü” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunu CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilib ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonra cəzanı yüngülləşdirən yeni hal yaranmamışdır. Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, onun həyat şəraitini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almaqla, İsmayılzadə Ülvi Abuzər oğluna düzgün olaraq qeyd olunan həddə və növdə cəza təyin etmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, eyni zamanda təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və törədilmiş əməl xarakterizə edilməlidir. Cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə kollegiyasının fikrinə görə təyin edilən cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda, əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai-təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya təyin olunmuş cəza onun tərəfindən törədilmiş cinayətin ağırlıq dərəcəsinə, həmçinin CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın şərti hesab edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, işin faktiki halları Cinayət Qanununun bu normasının tətbiqinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində qeyd olunur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun cəzanı real çəkmədən islah olmasının mümkünlüyü təkcə cəzanı yüngülləşdirən ayrı-ayrı hallardan və ya belə halların məcmusundan asılı deyil. Cəzanı yüngülləşdirən hallar adından göründüyü kimi cəzanın yüngülləşməsinə xidmət edir. Bu hallar həm məcmu halında, həm də ayrı-ayrılıqda məhkumun cəzanı real çəkmədən islah olmasına əsas verə də bilər, belə əsasa zəmin yaratmaya da bilər. Həmçinin, məhkəmə kollegiyasına görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, məhkum əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən də islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasa malik aktiv davranışı nəzərdə tutur. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin tələbindən də göründüyü kimi, təqsirkarın cəzasını real olaraq çəkməsinə lüzum olmadığı barədə məhkəmədə qənaət hasil olarsa, o cəzasını şərti çəkə bilər. Lakin yuxarıda qeyd edilən işin faktiki halları (cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən hallar) təqsirkarın barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların və ya onun cəzanı real çəkmədən islah oluna biləcəyinə dəlalət edən halların olması barədə kifayət qədər təsəvvür formalaşdırmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını və bununla, cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etməməsi barədə mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə və cəzasının yüngülləşdirilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə və sosial vəziyyətini, əmələ münasibətini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərək CM-nin müvafiq maddəsinin sanksiyası çərçivəsində ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar artıq cəza təyin edilərkən qiymətləndirilmiş və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. İstinad edilən hallar yeni və ya əlavə hüquqi əhəmiyyət kəsb edən hallar olmadığından, təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün müstəqil əsas kimi çıxış edə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs İsmayılzadə Ülvi Abuzər oğluna münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş həddə cəzanı çəkməsi ilə mümkündür. Odur ki, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsə təyin edilmiş kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə, habelə həmin cəzanın şərti hesab olunmasına əsas vermir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs İsmayılzadə Ülvi Abuzər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar