Məhkəmə qərarları › İş №1(4-1)-23/2026

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(4-1)-23/2026

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(4-1)-23/2026 02.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.3cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(4-1)-23/2026 nömrəli cinayət işi daxil olmuşdur. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, cinayət işinin məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar mövcuddur, bu səbəbdən qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, qeyd olunan cinayət işi üzrə 02 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı vəsatət verərək, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X5 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətində qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfindən öyrənilərkən müəyyən olunmuşdur ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Belə ki, ittihama əsasən, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xüsusilə külli miqdarda əkib yetişdirərək kultivasiya etmək üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və şəraitdə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan istixanada 2066 (iki min altmış altı) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xüsusilə külli miqdarda əkib yetişdirərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş və 16 iyul 2025-ci il tarixdə, saat 05:32-də Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində olan istixanaya videoçəkiliş aparılmaqla baxış keçirilən zaman oradan yaş vəziyyətdə ümumi çəkisi 881415 qram (881 kiloqram 415 qram) olan xüsusilə külli miqdar təşkil edən 2066 (iki min altmış altı) ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd kibrit qutusunda təmiz çəkisi 9,89 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq 21 iyul 2025-ci il tarixdə ünvan 1 ünvanının yaxınlığına daşımış və 21 iyul 2025-ci il tarixdə saat 18:50 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 9,89 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xüsusilə külli miqdarda əkib yetişdirərək kultivasiya etmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan istixanada 2066 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xüsusilə külli miqdarda əkib yetişdirərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş və əkibbecərdiyi çətənə (kannabis) bitkilərinin hissələrini, o cümlədən yarpaqlarını toplayıb qurudaraq satış məqsədi ilə kustar üsulla hazırlamaqla ümumi təmiz çəkisi 485 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı xeyli miqdarda qanunsuz olaraq satış məqsədi ilə əldə edib qeyd olunan yaşadığı ünvanda saxlamış və 16 iyul 2025-ci il tarixdə, saat 05:32 radələrində Suraxanı RPİ-nin 30-cu PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir yaşayış massivində yerləşən fərdi yaşayış evində şübhəli şəxs qismində saxlanılaraq bilavasitə onun iştirakı ilə həyətyanı sahədə olan istixanaya videoçəkiliş aparılmaqla baxış keçirilən zaman oradan yaş vəziyyətdə ümumi çəkisi 881415 qram (881 kiloqram 415 qram) olan 2066 ədəd xüsusilə külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 05:55 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir yaşayış massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman dəhlizdə olan ayaqqabı saxlanılması üçün nəzərdə tutulmuş dolabın içərisindən isə həyətyanı sahədə olan istixanada əkib-becərdiyi çətənə (kannabis) bitkilərinin hissələrini, o cümlədən yarpaqlarını toplayıb qurudaraq satış məqsədi ilə kustar üsulla hazırlamaqla əldə edib saxladığı 01 ədəd sellofan bağlamada təmiz çəkisi 345 qram, 01 ədəd plastik qabda təmiz çəkisi 100 qram və 01 ədəd şüşə qabda təmiz çəkisi 40 qram olmaqla, ümumi təmiz çəkisi 485 qram olan, öz aralarında tərkiblərinə görə eynilik təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından (tərtib edilmiş ittiham aktından) göründüyü kimi, ittiham aktının təsviri-əsaslandırıcı hissəsinin sonunda iş üzrə toplanılmış sübutların məcmusunun Təqsirləndirilən şəxs2 CM-in 234.1 (234.2-ci maddəsinin əvəzinə) və 237.3cü maddələri ilə ittiham olunaraq cinayət işinin baxılması üçün məhkəməyə göndərilməsinə əsasların verilməsi qeyd edilmişdir. Bundan başqa, ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs2 ittihamı qeyd ediləndən sonra sonda “Bununla da Təqsirləndirilən şəxs1”nun CM-in 234.2 və 237.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə vaxtı, üsulları, nəticələri və digər mühüm hallar, həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddənin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. İttihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın “faktiki tərəfi” və “hüquqi tövsifi”)” təqsirləndirilən şəxsin hüququdur. Yuxarıda göstərilənlər bilavasitə ittihamın mahiyyətini əks etdirdiyindən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətinə uzadılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi X5 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə cinayət işi üzrə tərəflərin fikirlərini dinləyərək, dövlət ittihamçısının vəsatətində qeyd olunan halları nəzərə alıb, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən, Dövlət ittihamçısı vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(4-1)-23/2026 (2********) nömrəli cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmalı və xüsusi qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 vəsatətlə məhkəməyə müraciət edərək, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 vəsatətlə məhkəməyə müraciət edərək, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarının verilmiş vəsatətlərlə bağlı fikirlərini dinləyib, vəsatətlərdə qeyd edilən halları nəzərdən keçirib hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş vəsatətlər əsaslar müəyyən edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən həmin Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbiri 01 (bir) ay müddətinə - 02 mart 2026-cı il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 159, 298-300, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.3cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(4-1)-23/2026 (2********) nömrəli cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbiri 01 (bir) ay müddətinə - 02 mart 2026-cı il tarixədək uzadılsın. Təqsirləndirilən şəxslərin müdafiəçiləri - Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş vəsatətlər təmin edilməsin. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar