Məhkəmə qərarları › İş №1(4-1)-29/2026

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-1)-29/2026

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(4-1)-29/2026 26.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Rusiya Federasiyası, Krasnodar vilayəti, Soçi şəhərində anadan olmuş, vətəndaşlığı müəyyən edilməyən, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak düşərgəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttihama görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Mayak düşərgəsi, nömrəsiz fərdi yaşayış evində atası Şahid1 ilə yaranmış sözlə mübahisənin davamı olaraq, sonuncunun evin həyətindən küçəyə çıxıb, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yanına getməsindən sonra sonuncunun arxasınca gedərək, atasına yaxınlaşıb, onun vaxtında sənədlərini düzəltmədiyini və satmaq üçün bir neçə kiçik buynuzlu heyvanı vermədiyini irad tutarkən, araya girib, onu sakitləşdirməyə çalışan qonşusu Zərərçəkmiş şəxs ilə yaranmış sözlə mübahisəni cüzi bir səbəb kimi bəhanə edərək, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, gödəkçəsinin sağ qolundan özünə məxsus qatlanmayan tipli bıçağı çıxarıb, Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid sağ tərəfli pnevmatoraksla müşayiət olunan döş qəfəsinin ön və arxa səthinin döş boşluğuna nüfuz edən 2 ədəd, dalağın zədələnməsi və xaric edilməsi (splencktomiya), qaraciyərin sol payının, diafraqmanın və yoğun bağırsağın, piyliyin zədələnmələri ilə müşayiət olunan qarnın ön və sol yan divarının qarın boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid burunun 1 ədəd, sağ üst göz qapağının 1 ədəd, sol saidin 1 ədəd kəsilmiş yaraları kimi xəsarətlər yetirib, kənar şəxslərin “polis gəldi” ifadəsini eşidib, oradan uzaqlaşaraq, Zərərçəkmiş şəxs isə X5 publik hüquqi şəxsə çatdırılaraq, vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, onun şəxsiyyətini təsdiq edən sənədi yoxdur, hansı ölkədə doğulduğunu, vətəndaşlığının hansı ölkəyə mənsub olduğunu bilmir. O, valideynlərinə hər dəfə onun sənədlərini qaydaya salmasını desə də, valideynləri günləri ötürə-ötürə onu yubandırmışlar. O, sənədlərini toplamaq üçün müxtəlif yerlərə getmiş, 1 il gözləmiş, sonra valideynləri onu qəsdən reabilitasiya mərkəzinə göndərmiş, bilə-bilə ona zülm vermişlər. Valideynlərinin ona yazığı gəlməmiş, oradan çıxdıqdan sonra sənədlərini hazırlamış, yalnız valideynlərinin onunla səfirliyə gedib, imza etməsi qalmışdır. Lakin valideynləri onunla gəlməmiş, elə buna görə də aralarında mübahisə yaranmışdır. Hadisə günü o, atasını vurmamış, lakin mübahisə zamanı atası ona söyüş söymüş, üzünə tüpürmüşdür. Atası olduğunda onu vura bilmədiyi üçün o da atasını sinəsindən itələmişdir. Onun atasını öldürmək niyyəti olsa, həqiqətən də öldürərdi. Onun atasından tək istəyi imza atması olmuşdur. Həmin gün atası mübahisədən sonra qonşu İnqilabı çağırmış, onun yanında üzünə söyüş söymüşdür. O da buna dözə bilməmiş, 1 dəfə atasının sinəsindən itələmişdir. O, valideynlərinin, həqiqətən də onun valideyni olub-olmadığını dəqiq bilmir, çünki valideynləri həmişə övladları arasında ayrıseçkiliyə yol vermiş, digər iki qardaşı ilə yaxşı davrandıqları halda, onu həmişə döyübsöymüşlər. Hadisə günü atası onu söymüş, zərərçəkmiş olan qonşusu isə onu vurmuşdur. O da özünü müdafiə etmək üçün bıçaqdan istifadə etmişdir. Zərərçəkmiş şəxs bu hadisədən əvvəl də onu vurmuşdur. Belə ki o, yaşlı kişidir, dostunun atasıdır. Ona dəfələrlə xuliqan, narkoman deyərək, məhəlləyə çıxmamasını demişdir. Zərərçəkmiş şəxs 2-3 dəfə çubuqla onu vurmuş, o da çubuğu əlindən alaraq kənara tullamışdır. “Səni öldürərəm, məhəlləyə çıxma” kimi sözlər işlətmişdir. O, bu barədə İqilab Bayramovun oğluna da demiş, atasına cavab verməyə utandığını, cavabını özünün verməsini bildirmişdir. O, atasını itələdikdən sonra atası söyüş söyərək onu vurmuş, qolu ilə saxlamış, qolu şişmişdir. Uşaqlıqdan bəri həmişə onun üzərində bıçaq olmuş, bıçağı bəlkə qorxub qaçar deyə çıxarmışdır. İnqilab onu vurduqdan sonra “səni öldürəcəm” demiş, daha sonra dəhrə ilə üstünə gəlmiş, onu vurduqca o da sol əli ilə saxlamağa çalışmış, bu vaxt barmağı da kəsilmiş, yerə tökülən də onun qanı olmuşdur. İnqilabın gödəkçəsi qalın olmuş, bir dəfə yanından vurmuş, həmin zərbənin da dəydiyinə inanmamışdır. O, bıçağı İnqilabı qorxutmaq üçün hərəkət etdirmiş, ona zərbə vurmamışdır. Bu vaxt şərait yaranmış, o, oradan çıxmış, yolun o biri üzünə keçib ziyarətgahda əlini yumuş, ordan isə qəbirstanlığa getmişdir. Həmin gün natkotik vasitənin təsiri altında olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, bıçaq çoxdan onda olmuş, Cabir adlı mərhum dostundan ona qalmış, mütəmadi olaraq həmin bıçağı üstündə gəzdirmişdir. Zərərçəkmiş şəxsla mübahisəsi tez-tez olmamış, ona heç vaxt “səni öldürəcəm” kimi ifadələr işlətməmişdir. Qonşunun həyətinə getməmişlər, dükanın qabağında danışmışlar. Onun Zərərçəkmiş şəxs orada olduğundan məlumatı olmamışdır. Zərərçəkmiş şəxsə 3 dəfə xəsarət yetirmiş, bir dəfə yan tərəfindən, bir dəfə qolundan və burnunun üstündə xəsarətlər yaranmışdır. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməyinin səbəbi özünü müdafiə etmək olmuşdur. Zərər çəkmiş şəxs onu 2 dəfə vurmuş, daha sonra o, bıçağı çıxarmışdır. Vurduqdan sonra avtobusdan bir qadın düşmüş, qışqırmağa başlamış, ardınca polis gəlmişdir. Zərərçəkmiş şəxsla əvvəllər heç bir düşmənçiliyi olmamış, ailəvi dost olmuşlar. O, əvvəllər də məhkum olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “X6” ziyarətgahının qarşısında qurbanlıq qoyun işi ilə məşğul olur. Hadisədən bir gün əvvəl axşam saat 20-21 arası yatmış, saat 00 radələrində oyanmış, səhərə qədər yuxusu gəlmədiyi üçün işləmişdir. Onun Vəzir adlı şəriki gəlib ona kömək etmiş, təxminən saat 10.30-da yatmağa getmişdir. Axşam saat 19 radələrində oyanmış, Vəzir hələ də orada olmuş, bundan 5-10 dəqiqə sonra Zahidin atası Ədalət gəlmişdir. Ədalət ona evdə səs-küy olduğunu, Zahidin anasını divara dirədiyini, onun da söhbətə qarışdığını, onu öldürmək istədiyini, arxasınca gələcəyini, əlində bıçaq olduğunu demişdir. Bir az keçdikdən sonra Zahid gəlmiş, ona nalayiq ifadə işlədərək 4 ədəd heyvan aparacağını demiş, o, Zahidə müdaxilə edəndə “sən bu söhbətə qarışma, bu iti öldürəcəm” demiş, daha sonra atasına tərəf uzanıb sillə vurmuşdur. O, Zahidin bıçağı çıxartdığını görmüş, bu zamanda əlindəki çubuqla irəli durmuş, ona mane olmağa çalışmış, Zahid onun üstündən atılaraq atasını vurmaq istəyəndə bıçağı onun kürəyinə vurmuşdur. O, Ədalətə Zahidin onu vurduğunu demişdir. O, bıçaq zərbələrindən qorunmağa çalışmış, Zahid isə bıçağı necə gəldi ona vurmuş, bir dəfə yan tərəfdən, bir dəfə sinəsindən vurmuş, zərbənin biri isə başına dəymişdir. O, öləcəyini anladığı üçün yaba götürmək istəmiş, bu zaman ətrafdan bir qadın polisin gəldiyini dedikdən sonra Zahid oradan qaçmışdır. Zərər çəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Zahidlə arasında dava-dalaş olmamış, bir dəfə pəncərənin qabağında Zahidin onun oğlu ilə mübahisəsi olmuş, bir dəfə də evinin yaxınlığında Zahid yüksək səslə söyüş söydüyünə görə aralarında mübahisə yaranmışdır. Hadisə vaxtı ona 7 zərbə- ikisi sinəsindən, biri başından, biri kürəyindən, biri də qolundan dəymişdir. Zahid birinci Ədalətə sillə vurmuş, məqsədi onu öldürmək olmuş, amma o, Zahidin qabağından qaçmadığı üçün atasına keçə bilməmişdir. Onun Şahid1la dostluğu olmuşdur. Ədalətin 3 övladı var, Zahid də Ədalətin oğludur, lakin onun atası ilə münasibəti yaxşı olmamışdır. Hadisə vaxtı Zahid Ədalətə bir sillə vurmuşdur. Hadisədən sonra onu xəstəxanaya bacanağının oğlu aparmış, o, 8 gün xəstəxanada qalmışdır. O, atasının xatiri üçün Zahiddən şikayətçi deyil. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, hadisə baş verən gün oğlu narkotik vasitənin təsiri altında olmuş, Zahid atasından pul istəmiş, atası isə pul olmadığını bildirmiş, sonra küçəyə çıxmışlar. Bir müddət sonra İnqilabın qan içində olduğunu eşitmişdir. O, həyat yoldaşı ilə oğlunun əlbəyaxa olduğunu görməmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə həmin gün ata ilə oğul arasında dava olmuş, o, oğlunun həmin gün narkotik vasitə istifadə etdiyini görməsə də, onun davranışlarından narkotik sərxoşluğu vəziyyətində olduğu hiss olunmuşdur. Həmin gün Zahid atası ilə əlbəyaxa olmamış, lakin mübahisələri olmuşdur. Zahidin qonşularla münasibəti yaxşı olmuşdur. Zahid atasından pul istəmiş, atası normal şəkildə pulunun olmadığını demişdir. Daha sonra həyat yoldaşı Ədalət ona zəng vurub Zahidin qonşu İnqilabı vurduğunu demişdir. O, hadisə yerinə gəlib İnqilabı görəndə Zahid orada olmamışdır. Həmin an İnqilabdan və yoldaşından hadisənin necə baş verdiyini soruşmamışdır. Sonradan oğlunun saxlanıldığını eşitmişdir. Zahid onların doğma övladıdır, yoldaşının uşaqları ilə münasibəti həmişə yaxşı olmuş, Zahid son vaxtlar narkotik vasitəyə görə psixoloji cəhətdən tam normal olmamışdır. Onlar bir valideyn kimi Zahidin sənədlərini almaq üçün əllərindən gələni etmiş, lakin Zahid hər dəfə həbs olunduğu üçün həmin prosesi başa çatdıra bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərdi ki, o, hadisənin necə baş verdiyini bilmir. Sadəcə hadisə yerinə gəlib, İnqilabın qan içində olduğunu görmüşdür. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə zamanı özünə məxsus olan və heyvan satdığı mağazanın qarşısında oturmuş, bu vaxt Zahidlə İnqilabın söhbət etdiyini görmüş, onların arasında təxminən 200 metr məsafə olmuşdur. O, Zahidin Zərərçəkmiş şəxs xəsarət yetirdiyini görməmiş, lakin sonradan İnqilabın yaralı olduğunu görmüşdür. Kənardan polisin gəldiyini demişlər, Zahid də həmin vaxt çıxıb getmişdir. O, İnqilabın hansı hissədən yaralandığına fikir verməmişdir. İnqilab hadisə zamanı əlində olan nazik bir çubuqla özünü qorumuş, həmin vaxt Zahid atasına sillə ilə vurmuş, o, Zahidin atasını nəyə görə vurduğunu bilməmişdir. Zahidin atasını vurduğunu görəndən sonra onlara yaxınlaşmamış, Zahid atasını vuranda İnqilab müdaxilə etmiş, Zahidə atasını niyə vurduğunu demişdir. Həmin vaxt İnqilab yerdən çubuq götürmüşdür. Zahidin onunla hər hansı mübahisəsi olmamışdır. O, Zahidin əvvəllər bıçaq gəzdirdiyini görməmişdir. Zahid gedəndən sonra İnqilabı ət dükanında əyləşdirmişlər, sonra isə oğlu İnqilabı xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 İsmıxan qızı digər şahidlərlə oxşar məzmunda ifadə vermişdir. Məhkəmədə yaxın qohumunun əleyhinə şahid qismində ifadə verməkdən imtina etmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və müəyyən edilmişdir ki, o, öz ifadəsində göstərmişdir ki, arvadı Şahid2 ilə birlikdə yaşayır, qoyun-quzu satır. Təqsirləndirilən şəxs onun doğma oğludur. O, əvvəl arvadı ilə birlikdə Rusiya Federasiyasının Krasnodar şəhərində yaşamış, Zahid də məhz orada doğulmuşdur. Təxminən 2-3 yaşı olarkən ailəliklə Gürcüstan Respublikasının Bolnisi rayonuna köçmüşlər. 2005-ci ildə isə Azərbaycana köçmüşlər və o vaxtdan Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşamışlar. Zahid uşaqlıqdan sözə qulaq asmayan, özbaşına olub, çox dəcəllik etmiş, oxumağa marağı olmamış, daha çox idmana meyilli olmuşdur. Zahid kikboksinq idman növü ilə məşğul olmuş, 2018-ci ildən Zahid narkotik vasitə istifadə etməyə başlamışdır. Bundan sonra Zahidin bir neçə dəfə məhkumluğu olmuşdur. Sonuncu dəfə Zahid narkotik vasitə istifadə etdiyinə görə tutulmuşdur. Onlar Zahidə həmişə sürdüyü həyat tərzinə görə irad bildirsələr də, sonuncu öz bildiyini etmişdir. Zahid özünə sənəd düzəltmək istəmiş, onlar da sonuncuya kömək etməyə çalışmışlar, lakin Zahid tez-tez məhkumluq həyatı yaşadığından sənəd məsələsi yubanmışdır. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Zahid ona pul lazım olduğunu demiş, o, həmin vaxt Zahidin yenə narkotik vasitənin təsiri altında olduğunu hiss etmiş, belə ki, Zahid danışığını bilməmişdir. Zahid saxladıqları heyvanlardan bir neçəsini aparıb, satmaq istədiyini bildirmiş, o da bununla razılaşmamışdır. Həmin heyvanları nisyə götürdüyünü, öhdəlik daşıdığını bildirmişdir. Həmin vaxt onlar həyətdə olmuşlar, Banu isə evin içində olmuşdur. Zahid onun üzərinə gəlib, yaxasından tutmuş, səsə yoldaşı həyətə çıxıb, ona küçəyə getməyini demişdir. Həmin vaxt Zahidin üzərində bıçaq olduğunu görməmiş, ona tərəf də hər hansı qanunsuz əşya çıxartmamışdır. Lakin üzərində bıçaq ola biləcəyini ehtimal etmiş, çünki əvvəllər də Zahidin üstündə bıçaq gəzdirdiyi vaxtlar olmuşdur. O, küçəyə çıxanda İnqilabı görmüş, sonuncunun yanına gedib, Zahidin hərəkətlərini danışmış və üzərində bıçaq ola biləcəyini demişdir. Həmin vaxt Zahid də küçəyə çıxıb, onların yanına gəlmiş, öz-özünə danışmaqla onun nə dediyini başa düşmək mümkün olmamışdır. Zahid ona sillə vurmuş, lakin o, yerə yıxılmamışdır. Həmin vaxt İnqilab araya keçib, Zahidi sakitləşdirməyə çalışmış, Zahid isə ağır maddə qəbul etdiyini, İnqilaba kənara çəkilməyini demişdir. Hava qaranlıq olmuş, İnqilab ona deyəsən Zahidin bıçaqla onu vurduğunu demişdir. İnqilab da əlində olan çubuqla bir dəfə Zahidi vurmuşdur. İnqilab müdafiə olunmaq üçün ona gedib yaba gətirməyini demişdir. Həmin vaxt kənardan tanımadığı bir qadın “polis gəldi” ifadəsini işlətmiş və Zahid aralanıb, oradan uzaqlaşmışdır. O, özündə olmamış və İnqilaba yaxınlaşan zaman sonuncunun kürək, yan, sifət nahiyələrindən qan gəldiyini görmüşdür. Onlar dərhal İnqilabı xəstəxanaya aparmışlar. Xəstəxanada İnqilaba tibbi yardım göstərilmiş, əməliyyat olunmuşdur. Qısa müddət sonra Zahidin polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Zahidin əvvəllər İnqilab ilə heç bir ədavət, düşmənçiliyi olmamışdır. Zahiddən əlavə daha iki oğlu var. Onlardan biri Türkiyə, digəri isə Rusiyada yaşayır. Zahid də qısa müddətlik qeyri-rəsmi evlilik həyatı sürmüşdür. Narkotik vasitə istifadə etməyə başladığı vaxtlar, 2018-ci ildə arvadı Gülnarə ondan ayrılmışdır. Uşaqları olmamış, cəmi səkkiz ay evlilikləri davam etmişdir. Zahidin İnqilabı bıçaqlamaqda heç bir səbəbi olmamış, narkotik vasitənin təsiri altında olduğundan belə hərəkət etmişdir. Həmişə imkanı daxilində oğlunun qayğısına qalmağa çalışmışdır. Şahid əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs xəsarət yetirən zaman onun kənardan bıçaq götürdüyünə dair qeyd etdiklərinin düzgün deyil, Zahid İnqilaba bıçaqla xəsarət yetirən zaman sonuncu müdafiə olunmaq üçün ona kənardan yaba və ya başqa hər hansı əşya gətirməyini demiş, o da özünü itirmiş və qaranlıq olduğundan, heç nə gözünə dəyməmişdir. Qısa müddət sonra da Zahid çıxıb getmişdir. Zahid ona sözlə yaşamaq haqqının olmadığını desə də, bıçaqla birbaşa onun üzərinə hücum etməmişdir. Zahid özündə olmamış, bir dəfə ona sillə zərbəsi vurmuşdur. İnqilab Zahidi sakitləşdirməyə çalışan zaman isə bıçaqla sonuncuya xəsarət yetirməyə başlamışdır. Qaranlıq olduğundan Zahidin bıçağı haradan çıxartdığını görməmişdir. İnqilab Zahidə qarşı nalayiq ifadələr işlətməmiş, əksinə Zahidə gedib çay içməsini, sakitləşməsini demişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1035 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin kəsilmiş yarası kəsici təsirə malik əşya (alət), sol saidin sıyrığı isə küt əşya təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sol əlin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Sol saidin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətin müxtəlif şəraitlərdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. (cild İ, i/v 197-199) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1060 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ tərəfli pnevmatoraksla müşayiət olunan döş qəfəsinin ön və arxa səthinin döş boşluğuna nüfuz edən 2 ədəd, dalağın zədələnməsi və xaric edilməsi (splenektomiya), qaraciyərin sol payının, diafraqmanın və yoğun bağırsağın, piyliyin zədələnmələri ilə müşayiət olunan qarnın ön və sol yan divarının qarın boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yaraları; burunun, sağ üst göz qapağının, sol saidin kəsilmiş yaraları deşici-kəsici və kəsici təsirə malik alətin (ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən törənmişlər, həyatidirlər, törənmə müddətləri onun “X5” publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ tərəfli pnevmatoraksla müşayiət olunan döş qəfəsinin ön və arxa səthinin döş boşluğuna nüfuz edən 2 ədəd, dalağın zədələnməsi və xaric edilməsi (splenektomiya), qaraciyərin sol payının, diafraqmanın və yoğun bağırsağın, piyliyin zədələnmələri ilə müşayiət olunan qarının ön və sol yan divarının qarın boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; burunun 1 ədəd, sağ üst göz qapağının 1 ədəd, sol saidin 1 ədəd kəsilmiş yaraları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarət ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla törənə bilərdi. (cild İ, i/v 100-104) - Məhkəmə kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 492-MTKŞ/2025 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild İ, i/v 204-208) - Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 746/2025-TBŞ nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll). Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi üzərində və iki ədəd çubuqlu pambıq tampona hopdurulmuş ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigenləri alındı. “A” və “B” antigenləri və aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş bir ədəd bıçağın dəstəyi üzərində qan aşkar olunmadı. Təqdim edilmiş iki ədəd çubuqlu pambıq tampon və bir ədəd bıçağın tiyəsi üzərində olan ləkələrdən hazırlanmış preparatlarda qanın cinsi mənsubiyyətinin təyini üçün yararlı olan hər hansı hüceyrə elementi aşkar olunmadı. (cild İ, i/v 209-214) - Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7138 nömrəli rəyinə əsasən müayinə olunan Təqsirləndirilən şəxs “Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən mərkəzdə opioidlərin qəbulu nəticəsində yaranan asılılıq” diaqnozu ilə 5 il ərzində dispanser qeydiyyatdadır. (cild İ, i/v 215-217) - Kompleks ambulator məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3950 nömrəli rəyinə əsasən, məhkəmə-psixiatriya ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, konfliktə meyllilik, kobudluq, eqosentrizm aşkar olunmaqla xasiyyətin psixopatik cizgilərinə malik olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs psixoloji vəziyyətinə görə hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən bilavasitə əvvəl və cinayət əməlini törədərkən sonra psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ekstremal psixi vəziyyət keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində olmamışdır. (cild İ, i/v 218-221) - 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin müəssisədə qeydiyyatda yoxdurlar. (cild İ, i/v 142) - Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə mərkəzdə qeydiyyatdadır. Zərərçəkmiş şəxs həmin müəssisədə qeydiyyatda yoxdur. (cild İ, i/v 142) - Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild İ, i/v 168-170) - Xəzər rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Xəzər rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə qismən toplanılmaqla, qəti 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild İ, i/v 171-173) Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, özünü müdafiə etmək məqsədilə bıçağı əlində hərəkət etdirməsi nəticəsində zərərçəkmiş şəxsin xəsarət alması, onun zərərçəkmiş şəxsi vurmaq, ona xəsarət yetirmək, öldürmək niyyətinin olmaması, əksinə atasının və zərərçəkmiş şəxsin onu söyməsi və vurmaları ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin sayı, lokalizasiyası və xarakteri qeyd olunan zərbələrin bıçağın əldə hərəkət etdirilməsi nəticəsində deyil, xəsarətlərdən dördünün daxilə nüfuz etməsi həmin xəsarətlərin məqsədli şəkildə zərbə vurulması nəticəsində yaranmasını göstərir. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şəxslərin hər birinin ifadəsi ilə zərərçəkmiş şəxsə ilkin olaraq təqsirləndirilən şəxsin hücum etməsi, yaranmış mübahisədən sonra bıçaq çıxarması, bundan sonra zərərçəkmiş şəxsin özünü müdafiə etmək üçün əlindəki çubuqdan istifadə etməsi müəyyən edilmiş, bununla da təqsirləndirilən şəxsin guya zərərçəkmiş şəxsin onu vurması, bundan sonra təqsirləndirilən şəxsin guya özünü müdafiə etmək məqsədi ilə bıçağa əl atması və zərərçəkmiş şəxsə xəsarət yetirməsi ilə bağlı ifadəsi tam təkzib olunmuşdur. Həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə öz atasına hücum etməsi, onu vurması ilə bağlı irad bildirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ona dəfələrlə həyati əhəmiyyət kəsb edən orqanlarına bir neçə bıçaq zərbəsi vurmaqla, öz iradəsindən asılı olmayan səbəbdən, yəni kənardakı şəxslərin “polis gəlir” deməsinə əsasən hadisə yerindən qaçıb uzaqlaşmaq məcburiyyətində qalıb əməlini başa çatdıra bilməməsi ilə əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq 29, 120.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, onun ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin məhkum edilməsinə dair Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hər iki məhkəmə hökmündə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması qeyd olunsa da, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin öz ifadəsi, həm də dindirilən digər şəxslərin ifadələri ilə təqsirləndirilən şəxsin heç vaxt övladının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN-nin Vahid informasiya platforması tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Xəzər rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə qismən toplanılmaqla, qəti 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (cild İ, i/v 15-18) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum olunmuş şəxslər cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən iki ildən artıq müddət keçdiyi üçün onun məhkumluğu ödənilmiş hesab olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən xüsusilə ağır cinayət törətməyə cəhd etməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddələrinin sanksiyası daxilində, başa çatmamış cinayətlərə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, onun şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. «İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2025-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 oktyabr 2025-ci il tarixdən hesablanmışdır (cild İ, iş vərəqə 33, 73-77). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Xəzər rayon prokurorluğunda saxlanılan bir ədəd qatlanmayan tipli bıçaq və hadisə yerindən götürülmüş iki ədəd DNT çöpləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili X2 352 (üç yüz əlli iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Xəzər rayon Prokurorluğunda saxlanılan bir ədəd qatlanmayan tipli bıçaq və hadisə yerindən götürülmüş iki ədəd DNT çöpləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili X2 352 (üç yüz əlli iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Səbuhi Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar