Məhkəmə qərarları › İş №1(4-1)-3/2026

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-1)-3/2026

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(4-1)-3/2026 12.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitəni əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,443 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən özünü şübhəli aparması səbəbindən 08 avqust 2025-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Lukoil” YDM-in yaxınlığında saxlanılaraq gətirildiyi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli kətan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümündə təmiz çəkisi 5,443 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 avqust 2025-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid həmin tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Lukoil” YDM-in yaxınlığında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görüb həmin şəxsi saxlamış, o, həmin şəxsə özünü təqdim edərək şəxsiyyətini təsdiq edən sənədin təqdim etməsini xahiş etmiş, bu vaxt həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək ondan yayınmağa çalışmışdır. Həmin şəxsin nə isə gizlətdiyi onda şübhə yaratdığından, dağınıq cavablar verdiyindən, nədənsə narahat olması və tez bir zamanda yayınıb getməsini gördükdən sonra həmin şəxsi üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnib Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişdir. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir.(Cild 1, iş vərəqi 4)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 avqust 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 5; 15)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 avqust 2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, 09 avqust 2025-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli kətan şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə, həmin şalvarın sol yan cibindən isə bir ədəd “OPPO” markalı telefon təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə “kakos” olduğunu, tanımadığı şəxsdən Suraxanı rayonundan 40 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənib götürülmüşdür.(Cild 1, iş vərəqi 24-26; 48)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2025-ci il tarixli, 6/2724 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №159”-li dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 5,443 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 5,443 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 5,343 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. (Cild 1, iş vərəqi 35-37)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 10 avqust 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 49-50)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 10 avqust 2025-ci il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə olunmasından imtina edilmişdir. (Cild 1, iş vərəqi 68-70)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 10 avqust 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 71-72)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 avqust 2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Oppo” markalı mobil telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. (Cild 1, iş vərəqi 74)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15 avqust 2025-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5,443 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, tədqiqatdan sonra qalıq qalan 5,343 qram hissəsi Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir.(Cild 1, iş vərəqi 76-77)

12. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 07 noyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 87-88)

13. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 49-2/2-12076 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbə kimi ifadəsində bildirdiyi Bülbülə qəsəbəsində həmin maddəni ona 40 manata satan şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamış, Təqsirləndirilən şəxs aşkarlanmış heroini satış məqsədi olmadan üzərində saxlayaraq daşıması müəyyən edilmiş, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı fakt, məlumat əldə edilməmişdir. (Cild 1, iş vərəqi 89)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 üzrə 09 avqust 2025-ci il tarixli 5595 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqi 92- 93)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 05 noyabr 2025-ci il tarixli “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqi 96-97)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 dekabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5,443 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,343 qram qalıq hissəsinin Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə alınmış təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, baxış və axtarış protokolları cinayət işi üzrə sübut növü kimi tanınmışdır. (Cild 1, iş vərəqi 109-114)

17. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə müvəkkili vəzifəsində işləyən Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik olmamışdır. O, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi üzrə sahə müvəkkili vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs barəsində narkotik tərkibli maddələri istifadəsi etməsi barədə məlumatlar verildiyindən, o, bu məlumatın həqiqi olub-olmaması üçün dəqiqləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs hər dəfə gizləndiyi üçün bu mümkün olmamışdır. Hətta dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ 21021” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili irəli-geri hərəkət etdirməsi nəticəsində onun sol ayağının daban nahiyəsi zədələnmiş və həmin zədə ilə bağlı qeyd etdiyi nahiyəyə cərrahi yolla 3 tikiş qoyulmuşdur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs saxlanılıb avtomobildən düşdükdən sonra ona müqavimət göstərdiyindən onun sol dirsək nahiyəsində çat əmələ gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparılmış və orada sonuncunun üzərində baxış keçirilərkən narkotik tərkibli maddə heroin aşkar edilib götürülmüş, aşkarlanmış narkotik tərkibli maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitə istifadəçisi olan şəxslərin valideynləri ona demişdir. 08 avqust 2025-ci il tarixdə saat 20 radələrində saxlanılarkən Təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən şərait olmadığına görə orada videoçəkiliş aparıla bilməmiş və sonuncu 12-ci Polis Şöbəsinə aparıldıqdan sonra müdafiəçi ilə təmin edilmişdir. O, tək Təqsirləndirilən şəxs saxlamış, sonuncuya qarşı hər hansı qərəzi olmamışdır. Şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd narkotik tərkibli maddə aşkarlanmış, həmin narkotik tərkibli maddə sonuncuya məxsus olmuş, Təqsirləndirilən şəxs nümayiş etdirməsi üçün hər hansı kütlə təqdim edilməmiş, üzərindən aşkarlanmış narkotik tərkibli maddəyə əlavə olunmamışdır. O və ya digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.

18. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, əvvəllər məhkumluğu olmamışdır. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. 08 avqust 2025-ci il tarixdə narkotik vasitəyə ehtiyacı olduğundan o, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə görüşüb sonuncuya Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 40 manat pul verərək bir ədəd bükümdə narkotik vasitə heroini alıb öz istifadəsi üçün üzərində saxlamış, həmin tarixdə saat 20:00 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Lukoil” YDM-in yaxınlığında piyada hərəkət edən zaman bir nəfər mülki geyimli şəxsin onu izləməsini görmüşdür. Həmin şəxs ona yaxınlaşaraq özünü Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı kimi təqdim edib xidməti vəsiqəsini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istədikdə, o, üzərində heç bir sənəd olmadığından və üzərində saxladığı narkotiklə bağlı ifşa olunmağından qorxaraq sonuncudan yayınmağa çalışmışdır. Lakin, polis əməkdaşı onun narkoman olmağından və üzərində nəsə qanunsuz maddə saxlamağından şübhələndiyi üçün onu saxlayıb 12-ci Polis Şöbəsinə dəvət etmişdir. Həmin polis şöbəsində inzibati otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına müdafiəçi dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video-görüntü ilə təhqiatçı tərəfindən baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunduqdan sonra o, əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd bükümdə “kakos” adlanan narkotik vasitə heroini təqdim etmiş, sorğu-sual zamanı o, həmin bükümdə olan maddənin narkotik vasitə “kakos” adlanan maddə olduğunu, öz istifadəsi üçün bir neçə saat əvvəl Suraxanı rayonu ərazisində üzdən tanıdığı şəxsdən 40 manat ödəməklə alıb əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan başqa, şəxsi axtarış zamanı istifadəsində olan “Oppo” markalı mobil telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilən narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

19. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparılmış, polis şöbəsində ona sənədə imza atmalı olduğu bildirildikdə, o, həmin sənədi oxumadan imzalamışdır. Daha sonra isə təqdim edilmiş sənəddə narkotik vasitənin çəkisinin 5 qram kimi qeyd edildiyini görrmüşdür. Halbuki onun üzərində aşkarlanmış narkotik vasitənin miqdarı təxminən 2 qrama yaxın olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, evdən çıxarkən üzərində heç bir narkotik vasitə olmamışdır. O, narkotik tərkibli maddənin kim tərəfindən verildiyini bilmir. O, saxlanılarkən videoçəkiliş aparılmışdır. Narkotik tərkibli maddə heroin onun şalvarının cibindən aşkar edilsə də, evdən çıxarkən onun üzərində hər hansı narkotik vasitə olmamışdır. O, üzərindən aşkarlanmış həmin narkotik vasitənin başqa bir şəxs tərəfindən cibinə qoyulub-qoyulmadığını bilmir. Polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitəni özü təqdim etməmiş, polis əməkdaşları həmin maddəni onun cibindən çıxarmışlar. Saxlanılarkən o, ayıq vəziyyətdə olmuş, ona qarşı hər hansı şəxs tərəfindən zorakılıq və ya işgəncə tətbiq edilməmişdir. Onu saxlayan polis əməkdaşlarının ona qarşı hər hansı şəxsi qərəzi olmamışdır. Onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının sayı və adını xatırlamır, lakin təxminən 4–5 nəfər polis əməkdaşı iştirak etmişdir. O, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparıldıqdan sonra üzərində dərhal baxış həyata keçirilməmiş, videoçəkiliş bir neçə saat sonra aparılmışdır. O, saxlanılmasının səbəbini bilmir. O, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsi istiqamətində tək hərəkət etmiş və evdən təxminən 1–2 km uzaqlaşdıqdan sonra saxlanılmışdır. Üzərində şəxsi axtarış və baxış keçirilərkən müdafiəçisi iştirak etmiş, ibtidai istintaq zamanı verdiyi ifadədəki imzalar ona məxsusdur.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

20. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

22. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

23. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

24. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

25. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

26. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

27. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

28. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

29. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

30. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

32. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

35. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

36. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

37. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

38. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

39. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qramdan 800 qramadək miqdarı isə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

41. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

42. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

45. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

46. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

47. Məhkəmə müdafiə tərəfinin dəlillərini araşdırmışdır.

48. Belə ki, müdafiəçi bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması üçün hər hansı əməliyyat tədbiri həyata keçirilməmiş, şahid X5 qərəzi olduğundan, sonuncu Təqsirləndirilən şəxs saxlamışdır.

49. Məhkəmədə həmin xüsusatla bağlı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşının onunla qərəzinin olmadığını, şahid X8 da Təqsirləndirilən şəxsla heç bir qərəzinin olmadığını söyləmişdir.

50. Məhkəmə araşdırması zamanı cinayət işinin materialları, təqsirləndirilən şəxsin, şahid ifadələri və digər sənədlərlə şahid X8 ilə Təqsirləndirilən şəxs arasında hər hansı qərəz və ədavətin olması müəyyən edilməmişdir.

51. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinə əsasən, əməliyyat-axtarış fəaliyyətinin subyektləri həmin Qanunla müəyyən edilmiş qaydada vətəndaşların sorğusu, soraqlaşma, telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, məhkumların məktublarının yoxlanılması, nəqliyyat vasitələrinə baxış keçirilməsi, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi, insanların güdülməsi, şəxsiyyətin eyniləşdirilməsi, nəzarət qaydasında mal alınması, əşya və sənədlərin tədqiqi, müqayisəli tədqiq üçün nümunələrin toplanılması, nəzarətli göndəriş, cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi, hüquqi şəxsin yaradılması və əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər.

52. Lakin məhkəmə araşdırması zamanı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununda nəzərə tutulmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, eləcə də məhkəmə bu tədbirlərin baş tutması üçün əsas olan dəqiq əməliyyat məlumatının mövcudluğu müəyyən edilməmişdir.

53. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs şübhəli davranışlarına görə polis əməkdaşı Şahid tərəfindən saxlanılmışdır. Şahid məhkəmədə verdiyi ifadəsində saxlanılarkən şərait olmadığından Təqsirləndirilən şəxs üzərində həmin yerdə baxış keçirə bilmədiyini bildirmişdir.

54. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs daha çox şəxs tərəfindən, yəni 4-5 nəfər polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyindən, məhkəmə həmin xüsusatı araşdırarkən müəyyən etmişdir ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2025-ci il il tarixli raportuna əsasən, Təqsirləndirilən şəxs Şahid tərəfindən saxlanılmışdır. İşin hallarından da görünür ki, orada yalnız Şahid iştirak etmiş, məhkəmə iclasında təqsirləndirilən şəxs və şahid dindirilmiş, cinayət işinin materialları və digər sənədlərlə həmin əməliyyat tədbirində kənar şəxsin iştirak etməsi, təqsirləndirilən şəxsin başqa şəxslər tərəfindən saxlanılması müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin iddiasını əsassız, hər hansı dəlilə söykənməyən iddia hesab etmişdir.

55. Bundan əlavə, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bir neçə saat sonra üzərində videoçəkilişin aparıldığını qeyd etdiyindən, məhkəmə həmin xüsusatın müdafiə hüququnun pozulması kimi qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək məqsədilə cinayət işinin materiallarına istinad edilməsini zəruri hesab etmişdir.

56. Əvvəla, məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs şəxsi axtarışın bir neçə saat keçdikdən sonra aparıldığını bildirsə də, dəqiq vaxtı söyləməmiş, bu, məhkəmə üçün qeyri-müəyyən qalmışdır.

57. Cinayət işinin 1-ci cildinin 4-cü vərəqəsində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə saat 20:00 radələrində saxlanılmışdır. Daha sonra barəsində “Şübhəli şəxsin tutulması haqqında” qərar qəbul edilmiş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi dəvət olunmuşdur. O, həmin tarixdə saat 21:15-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra saat 21:30-da şəxsi axtarış başlanmışdır.

58. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparılmışdır. Həmin polis şöbəsi ünvan 2 ünvanında yerləşir. İş materiallarından görünür ki, şəxs barəsində “Müdafiəçinin təyin edilməsi barədə” qərar qəbul edilmiş, həmin qərar icra olunması üçün göndərilmişdir. Təbii ki, Təqsirləndirilən şəxs 12-ci Polis Şöbəsinə gətirilərkən yolda itirilən vaxt, müdafiəçinin təyin edilməsi üçün qərarın qəbul olunması, qərarın qeydiyyatdan keçirildikdən sonra icra edilməsi üçün müvafiq vəkil qurumuna göndərilməsi, həmin qurumdan növbətçi vəkilin ayrılması, vəkilin polis bölməsinə yol qət edib gəlməsi müəyyən vaxt tələb edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edildiyi vaxtadək keçən müddət ağlabatandır, hər hansı qanun pozuntusu müəyyən olunmur.

59. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin tutulduğu yerdə və vaxtda keçirilməməsi barədə dəlillər isə qəbulediləndir. Lakin, məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində saxlanılmış və saxlanıldığı yerə ən yaxın polis bölməsinə gətirilərək üzərinə baxış keçirilmişdir. Saxlanılması ilə üzərinə baxış arasında müəyyən müddətin keçməsi narahatlıq yaratsa da, bu müddət o dərəcədə ifadə olunmamışdır ki, bu sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaransın.

60. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin miqdarı və digər sübutlar külli miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.

61. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, təqsirləndirilən şəxsin, şahidin ifadələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

62. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

63. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan narkotik vasitəni əldə etmə, saxlama və daşımaya görə verilmiş ittiham əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,443 olan narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.

64. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

65. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir.

66. Əvvəla, məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi öz-özlüyündə bir-biri ilə uzlaşmır. O, məhkəməyə verdiyi ifadəsində və ona verilmiş suallara cavablarında üzərindən aşkarlanmış narkotik vasitə heroinin ona məxsus olmadığını desə də, həmin narkotik vasitənin cibindən çıxmasını əsaslandıra bilməmişdir.

67. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatlar, sənədlər və digər əşyalar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bildiyindən, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə verdiyi ifadəsində şübhələr olduğuna görə həmin ifadəni sübut kimi qəbul etmir.

68. Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmamasını iddia etsə də, bu hal da iş materialları təkzib edilməkdədir.

69. Əvvəla, bu hal, təqsirləndirilən şəxsin istintaq zamanı verdikləri ifadələri ilə uzlaşmır.

70. Çünki, o, həmin ifadəsində narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir.

71. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu, şahid ifadələri ilə həmin narkotik vasitənin təqsirləndirilən şəxsə aidiyyəti müəyyən edilir.

72. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan boz rəngli kətan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, sorğu zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkarlananlar kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2724 saylı ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə 5,443 qram narkotik vasitə heroin olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi hər hansı dəlil və sübutla möhkəmlənməmiş, formal mülahizələrə əsaslanmışdır.

73. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir.

74. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür.

75. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür.

76. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2025-ci il tarixli ifadəsini əsas götürür.

77. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir.

78. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsini, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə üzərində narkotik vasitənin olmasını səmimi şəkildə etiraf etməsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi olmadan əldə etmişdir.

79. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

80. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

81. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

82. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

83. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

84. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

85. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, məhkumluğunun olmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

86. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

87. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, üzərindən aşkarlanmış narkotik vasitə heroinin xeyli miqdarından təxminən 36,28 dəfədən, külli miqdarından isə 2,72 dəfədən artıq olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

88. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

89. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə olunmasından imtina edilmiş, onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 22 yanvar 2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

90. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu vaxtdan, yəni 22 yanvar 2026-cı il tarixdən hesablanmalı, CM-in 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

91. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

92. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,343 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır.

93. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

94. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hazırki iş üzrə 08 avqust 2025-ci il tarixdən 10 avqust 2025-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət, bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X4 barəsində narkomaniya tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 5,343 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar