Məhkəmə qərarları › İş №1(4-1)-8/2026

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-1)-8/2026

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(4-1)-8/2026 25.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti qanuni nümayəndəsi: yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Qanuni nümayəndə Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Yusifcanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 1 saylı yataqxana, ev 2, mənzil 56-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 1 saylı yataqxana, ev 2, mənzil 56-da anası Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış, deşicikəsici xassəyə malik, soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə bir dəfə sonuncunun bədənindən qəsdən vuraraq ona sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 1 saylı yataqxana, ev 2, mənzil 56-da anası və nənəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə anası Zərərçəkmiş şəxs ona bayram münasibəti ilə bağlı 100 manat pul verəcəyini və həmin pula özünə geyim almasını desə də, növbəti günü ona pul verməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində evdə olan zaman anasından onun söz verdiyi 100 manat pulun verməsini istəsə də, sonuncu bundan imtina etmişdir. Buna görə də anası ilə arasında mübahisə yaranmış, bu zaman anası onun istifadə etdiyi mobil telefonu götürərək yerə atmışdır. O da buna bərk əsəbləşdiyi üçün mətbəxdən bıçağı götürüb onun üzərinə gələrək mənzilin çıxış qapısının qarşısında anasının kürək nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Anası qapını açıb evdən qaçmış, o isə bıçağı qab yuyulan yerə qoyub oturub gözləməyə başlamışdır. Bundan bir neçə dəqiqə sonra anası qonşuluqda yaşayan Zümüş adlı qadınla birlikdə gəlmiş, kürək nahiyyəsindən xəsarət aldığı üçün təcili tibbi yardıma müraciət olunmuşdur. Həkimlər gəlib anasına ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparmışlar. Bu zaman o evdə qalmış və bir neçə saatdan sonra polis əməkdaşları gəlib onu aparmışlar. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, həyat yoldaşı ilə ayrıldıqdan sonra oğlu Təqsirləndirilən şəxs ilə birlikdə bir müddət kirayədə yaşasa da, 2024-cü ilin sentyabr ayından etibarən anasına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, 1 saylı yataqxana, ev 2, mənzil 56-da yaşamağa başlamışlar. xx.xx.2024-cü il tarxidə bayram münasibəti ilə bağlı Fəridə 100 manat pul verəcəyini söz verib həmin pula özünə təzə geyim almasını bildirmişdir. Lakin bayram günü və ondan bir neçə gün sonra başı qarışıq olduğu üçün söz verdiyi pulu Fəridə verə bilməmişdir. Fərid də bununla bağlı ona heç nə söyləməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində evdə olan zaman Fərid 100 manat pulu ondan istəsə də, o birlikdə gedib paltarlar alacaqlarını demişdir. Fərid isə buna etiraz edib pulu ona verməsini və özünün gedib istədiyi paltarları alacağını demişdir. Buna görə onların arasında sözlü mübahisə yaranmış və o, pulu verməkdən imtina etmiş, hətta Fəridə aldığı telefonu da yerə çırpmışdır. Telefonun qırılmasını görən Fərid bərk əsəbləşmiş, gözlənilmədən mətbəxdən bıçağı götürüb onun üstünə gəlmişdir. O, bunu görüb evin çıxış qapısına doğru qaçmağa başlasa da, qapını açıb çölə çıxan zaman Fərid onun kürəyinin arxa sağ hissəsindən bıçaqla zərbə endirmişdir. O, əlini bel hissəsinə uzatmış və kürək hissəsindən qan gəlməsini görmüş, evdən çölə çıxıb qışqırmağa başlamış, səsini eşidən qonşusu Zümüş gəlib köməklik göstərməyə başlamışdır. Daha sonra təcili tibbi yardıma zəng etmiş, həkim briqadası gələrək ona yerində ilkin tibbi yardımı etdikdən sonra xəstəxanaya aparmışlar. Bu zaman Fərid evdə qalmışdır. Fərid etmiş olduğu hərəkətə görə ondan üzr istəmişdir. Hazırda oğlunu bağışlamış, ondan şikayətçi deyil. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “Baxış aparıması barədə” xx.xx.2026-cı il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə görə hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 1 saylı yataqxana, ev 2, mənzil 56-da baş vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hadisəni törətdiyi bıçağı hadisə baş verdikdən sonra eyvana, yəni sonradan düzəldilmiş mətbəxdə olan əl-üz yuyanın içərisinə atdığını qeyd edir və həmin bıçaq da oradan aşkar edilərək götürülür. Bundan sonra isə o, mənzilin giriş qapısının qarşısında, mənzilin içərisində anası, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri göstərir (İ cild, i.v.07-14); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6: - 03.03.2025-ci il tarixli, 58 nömrəli rəyinə görə Zərərçəkmiş şəxs aşkar olunan xəsarət - sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (İ cild, i.v.29-30); - 03.10.2025-ci il tarixli, 389-2025/MTKŞ saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir dəyişiklik edilməmişdir. Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş döş qəfəsinin sağ yarısının arxa səthində İX-X qabırğalararası səviyyədə 2-2,5 sm uzunluqda, döş qəfəsinə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarətinin təqdim edilmiş bıçağın tiyəsi ilə və ya ona bənzər digər bıçaqla törənməsi inkar olunmur (İ cild, i.v.120-124); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6: - 25.07.2025-ci il tarixli, 2425 saylı ambulator məhkəmə-pixiatrik ekspertizasının rəyinə görə Təqsirləndirilən şəxs yoxlanılan zaman hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin isterik cizgiləri müəyyən edilir. Onda təsvir edilən hadisəni törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. O, hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində o, anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (İ cild, i.v.56-57); - 16 oktyabr 2025-ci il tarixli, 3521 saylı rəyinə əsasən aparılmış eksperimental-psixoloji müayinəninn nəticələrinə görə Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Psixi-emosional vəziyyətində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Emosional-iradi sferasında emosional qeyri-sabitlik, qıcığa qarşı həssaslıq, xarakterik xüsusiyyətlərində nümayişkaranəlik, müstəqilliyə və sərbəstliyə can atmaq, diqqət mərkəzində olmağa çalışmaq, eqosentrizm və s. aşkar olunmaqla xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Onun psixoloji durumunda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik aşkar olunmur. O, hadisəni törədərkən affekt vəziyyətində olmamışdır. O, öz hərəkətlərinin xarakter və mənasını dərk etmək, qiymət vermək və hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malikdir (İ cild, i.v.149-150); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla hadisə zamanı istifadə olunan və soyuq silah hesab edilməyən 01 ədəd məişət təyinatlı mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir (İ cild, i.v.157-167); - 16.09.2025-ci il tarixli tutma protokoluna görə Təqsirləndirilən şəxs həmin günü saat 15:40-da tutulmuş, Bakı şəhəri Qaradağ rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən imtina olunaraq o, azad edilmiş, müstəntiqin bu tarixli qərarı ilə onun haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.59, 106-108); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.152). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmədə araşdırılmış dəlillər nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdə, saat 13 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 1 saylı yataqxana, ev 2, mənzil 56-da anası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən sonuncunun bədəninə bir dəfə zərbə vurmuş, nəticədə zərər çəkmiş şəxsə sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan, döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası yetirilmiş, həmin xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Təqsirləndirilən şəxs bu əməlin törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə tam təsdiq olunur, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi müəyyən edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş əməlin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından törətdiyi əmələ görə cəzalandırılmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər (11-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58, 86-cı maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını və zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.2-ci və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla belə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yaşı, ailə mühiti, hadisənin emosional gərginlik şəraitində baş verməsi və zərər çəkmiş şəxslə barışıq faktı nəzərə alınmaqla onun islah olunması cəzanın real çəkilməsi olmadan da mümkündür. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin cəmiyyət üçün yüksək təhlükəlilik dərəcəsi mövcud deyil və ona münasibətdə cəzanın fərdiləşdirilməsi prinsipi tətbiq olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və ona müəyyən sınaq müddətinin tətbiqi cəzanın məqsədlərinə - sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsin islahına və yeni cinayətlərin qarşısının alınmasına uyğun olacaqdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs islah olunmasının cəzanın real icrası olmadan mümkün olduğu qənaətinə gələrək, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini zəruri və məqsədəuyğun hesab edir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış, təhsil və iş yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 25-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Həmin izaha görə, şərti məhkum etmə tətbiq edilərkən təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə və ya ev dustaqlığında saxlanıldığı müddət təyin olunmuş cəza müddətinə hesablanmır. Çünki bu halda cəza real icraya yönəlmir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmamalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında olan 01 ədəd mətbəx bıçağı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 385 və 428-435-2-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış, təhsil və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Babək Pənahov Hakimlər Hafiz Kamranov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar