Məhkəmə qərarları › İş №1(4-5)-1/2026

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-1/2026

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-1/2026 05.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxxx 2007-ci ildə Ağcabədi rayonunun Pərioğullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bacısı 02 fevral 2009-cu il təvəllüdlü X5 özünə məxsus çılpaq halda çəkmiş olduğu fotoşəklini 05 sentyabr 2025-ci il tarixdə anası X4 istifadəsində olan “Honor” markalı mobil telefon cihazından istifadə edərək “İnstagram” sosial şəbəkəsi vasitəsilə ibtidai istintaqla müəyyən edilməyən şəxsə göndərdiyini bildikdən sonra, onun və ailəsinin şərəf və ləyaqətini alçaldan əməllərə yol verməklə, ailəsinin namusuna ləkə gətirməsi qənaətinə gələrək, qısqanclıq zəminində yaranmış nifrət və ədavət səbəbindən X5nı öldürmək qərarına gəlmiş, bununla əlaqədar 05 sentyabr 2025-ci il tarixdə, saat 19 radələrində sonuncu ilə birgə yaşamış olduqları ünvan 1 ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağına daxil olaraq, öz cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə əvvəlcədən üzərində götürdüyü tiyəsi gümüşü rəngli metaldan, dəstəyi hər iki üzdən taxtayabənzər materialdan hazırlanmış, ümumi uzunluğu 235 mm olan, o cümlədən tiyəsinin uzunluğu 135 mm, qalınlığı 2 mm, dəstəyinin uzunluğu 100 mm, qalınlığı 17 mm zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən, qatlanmayan bıçaqla X5nın həyat və sağlamlığına, təhlükəsiz yaşamaq kimi konstitusion hüququna qəsd edib, sonuncunun döş qəfəsinin sağ yuxarı nahiyyəsinə bir dəfə zərbə endirməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sağ yarısından döş boşluğuna və qarın boşluğuna keçərək diafraqmanın və qaraciyərin zədəlməsi ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə onu qəsdən öldürmüş, bununla da digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, bununla əlaqədar onun ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinə (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) əsasən elan olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadəsində ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxxxx 2007-ci il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuş, bir müddət rayonunun Pərioğullar kəndində yaşadıqdan sonra ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərinə köçmüşdür. Ailəsi atası Şahid1, anası X4, qardaşı X30 və bacısı X5dan ibarət olmuşdur. 2013-2014-cü il tarixdən 2025-ci il tarixədək Şirin Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbində orta təhsil almış, orta təhsilini bitirdikdən sonra hər hansı ali təhsil müəssisəsinə qəbul ola bilmədiyi üçün bu ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə gedəcəkmiş, məktəbi bitirdikdən sonra hər hansı işlə məşğul olmamışdır. Ana və atası heç bir yerdə işləmir, atası ürək xəstəliyindən əziyyət çəkir, maddi dolanışıqlarına əsasən nənə və babası kömək etmişdir. Bacısı X10 02 fevral 2009-cu il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuş, onunla çox yaxın münasibətləri olmasa da hər hansı problemi, düşmənçiliyi və ədavəti olmamış, hər zaman bacısının qarşı cinsdən olan şəxslərlə münasibət qurmasına, mobil telefon istifadə etməsinə və təkbaşına bir yerlərə getməsinə qarşı olmuşdur. Düşünmüşdür ki, qız uşaqları nəzarət altında qalmalıdır. Həmçinin Fidan bir yerə getməli olduqda atası və ya digər ailə üzvləri ilə birlikdə gedər və sonuncularla birlikdə yaşadıqları evə qayıdarmış. 05 sentyabr 2025-ci il tarixdə saatını dəqiq xatırlamasa da, axşam tərəfi hava tam qaralmamış ailə üzvləri ilə birlikdə xalası Esmira Hüseynovanın oğlu Kənan Hüseynovun doğum günü olduğu üçün nənəsı Elzanın Ağcabədi şəhərində yerləşən evinə qonaq getmiş, qonaqlıq zamanı hər şey qaydasında olmuş, həyətdə yelləncəkdə oturmuş, qonaqların bəziləri evdə, bəziləri çöldə olmuş, susadığı üçün evə qalxıb su içmək istəyərkən X5nın evin zalında anası Elyananın mobil telefonunu istifadə etməsini görmüşdür. Fidanın anası Elyanaya məxsus mobil telefondan istifadə etdiyini bilir, lakin buna tez-tez icazə vermirmiş. X5nın qarşısını kəsərək mobil telefonu ondan almış, onun nə ilə məşğul olduğunu öyrənmək üçün dərhal yazışma və ya başqa bir şey axtarmağa başlamış, mobil telefonda “İnstagram” mobil tətbiqinə baxdıqda Fidanın qeyd edilən mobil tətbiqin mesaj bölməsində tanımadığı profil hesabı ilə mesajlaşmasını və özünə məxsus olan sinəsi açıq halda, yaşamış olduqları evin hamam otağında güzgünün qarşısında özü tərəfindən çəkilmiş fotoşəklini həmin profilə göndərmiş olmasını görmüş və hazırda məzmununu xatırlamadığı yazışmaları, profil hesabını və fotoşəkli dərhal Fidana göstərib yazışdığı şəxsin kim olduğunu soruşmuş, sonuncu heç bir cavab verməmiş, başını aşağı salıb sakitcə dayanmışdır. Bundan sonra anası Elyana, xalası Esmira və nənəsi Elzaya Fidanın “İnstagram” üzərindən çılpaq fotoşəklini başqa şəxsə göndərməsini bildirmiş, həmçinin həmin mesajla göndərilən fotoşəkli onlara da göstərmişdir. Fidanın bu hərəkətlərini ürəyində ağır problemlər olan atası Şahid1 deyə bilmədiyi üçün baş verənləri anası Elyana, nənəsi Elza və xalası Esmira ilə bölüşməklə kifayətlənmiş, başqa heç kəsə hər hansı məlumat verməmişdir. Sonuncular Fidandan məsələnin nə olduğunu soruşduqda, Fidan heç bir cavab verməmiş, öz növbələrində Fidanı bir az tənbeh edib, ümumiyyətlə bu kimi hərəkətlərə yol verməyin qadağan olduğunu bildirmişlər. Bundan sonra Fidanın mobil telefonda başqa şəxslərlə danışaraq əxlaqsız hərəkətlərə yol verdiyini və böyüklərinin ona qarşı düzgün cəza verə bilmədiyini düşünərək onu cəzalandırmaq, yəni öldürmək qərarına gəlmiş, bundan sonra atasına yaxınlaşıb narahat olduğunu, evə getmək istədiyini bildirmiş, 05 sentyabr 2025-ci il tarixdə, saat 19 radələrində anası, nənəsi, atası, qardaşı və bacısı Fidanla birlikdə ünvan 1ndə yerləşən evlərinə getmişlər. ünvan 1ndə yerləşən evləri həyətyanı sahəsi olan, birmərtəbəli fərdi yaşayış evidir, giriş qapısından daxil olduqda geniş zal ilə qarşılaşılır, girişdən sağ tərəfdə mətbəx və iki ədəd yataq otağı, sol tərəfdə isə hamam və hadisənin baş verdiyi geniş qonaq otaq yerləşir. Evə qayıtdıqdan sonra Fidan, anası Elyana və nənəsi Elza evə daxil olmuş, atası isə həyətdə evin giriş qapısının qaşısında qardaşını evə daxil etməyə çalışmışdır. Bu zaman Fidanı cəzalandırmaq qərarını icra etmək üçün dərhal mətbəxə daxil olub şkafdan məişət təyinatlı mətbəxdə işlərin görülməsi üçün istifadə edilən tiyəsi sarı rəngli taxtadan, kəsici hissəsi isə gümüşü rəngli metaldan ibarət olan bıçağı götürüb tiyəsindən tutmaqla sol əlində gizlədib Fidanın olduğu otağa daxil olaraq heç kəs onları görməsin deyə otağın giriş qapısını örtmüş, bu zaman ana və nənəsi evin digər otağında, atası isə evin həyətində evə giriş qapısının qarşısında azyaşlı qardaşı Hümbəti evə daxil etməyə çalışırmış. Fidanın olduğu otağa daxil olarkən o, otağın giriş qapısı ilə üzbəüz yerləşən divanda oturmuş, hər hansı işlə məşğul olmamışdır. Qeyd edilən divan künc divanı olduğu üçün otağın girişindən başlayaraq sol tərəfdəki küncü əhatə etməklə pəncərənin yanında bitir və qarşısında boz rəngli alçaq jurnal masası var. Otaqda olarkən bıçağı gizlətdiyi üçün Fidan onu görməmiş, otağın ortasında bir ədəd stol və qeyd edilən stolun başında üç ədəd üzbəüz olmaqla səkkiz ədəd stul olmuşdur. Fidana əlini uzadıb onun əlindən tutmuş, ehmalca özünə tərəf çəkmiş, Fidan da ayaq üstə qalxaraq ona tərəf yaxınlaşmış, stolun sol tərəfinə yəni otaqda olan iki ədəd yanbayan pəncərənin ortasına gəlmişdir. Fidan ona qarşı hər hansı bir şey ediləcəyini düşünmədiyindən dediyi yerə etiraz etmədən gəlmişdir. Bu zaman dərhal sol əlində gizlətdiyi bıçağı bədəninin arxasında sağ əlinə almış, Fidanın bədənin sağ yuxarı nahiyyəsinə bir ədəd zərblə bıçaq zərbəsi vurmuşdur. Fidana zərbə vurarkən onunla üzbəüz durmamış, Fidanın sağ tərəfi ilə üzbəüz olduğu üçün onun bədəninin sağ yuxarı hissəsinə zərbə vura bilmişdir. Zərbə vurduqdan sonra Fidan geri çəkilmiş, bu zaman bıçağın tiyəsi sürüşüb əlindən çıxmış və Fidanın üzərində sancılmış halda qalmışdır. Fidan zərbədən sonra otağın giriş qapısına doğru gedərək bıçağı çıxarmış, bu vaxt döşəməyə qan tökülməyə başlamış, zərbə vurularkən səs çıxarmasa da, bıçağı çıxardıqdan sonra qışqırmağa başlamış, divanın yaxınlığında yerə çöməlib qalmışdır. Fidanın səs-küyündən sonra əvvəlcə atası Zahir, onun arxasınca isə anası Elyana və nənəsi Elza dərhal qapını açaraq otağa daxil olmuş, Fidanın qanlar içərisində olduğunu gördükdən sonra anası Elyana qışqıraraq nə üçün belə etdiyini soruşmuş, o, isə anasına “Fidan əxlaqsızlıq edibdir, belə yaşamaqdansa ölsə yaxşıdır” demişdir. Ata, ana və nənəsi Fidanı təcili “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə aparmışlar, özü isə azyaşlı qardaşı Hümbət qorxduğu üçün onunla qalaraq onu evin yanında yerləşən mağazaya aparmış, daha sonra isə Ağcabədi şəhərində yerləşən nənəsigilin evinə getmişdir. Nənəsigilə getməkdə məqsədi qardaşını nənəsigilin evinə qoyub Ağcabədi Rayon Polis Şöbəsinə təslim olmaq olmuş, lakin, evə daxil olarkən nənəsigildə kimsə olmamış, evdən çıxmamış polis şöbəsinin əməkdaşları Ağcabədi şəhərində yerləşən nənəsigilin evinə gələrək, onu şöbəyə dəvət etmişlər. Fidana xəsarət yetirməkdə məqsədi namusunu təmizləmək üçün onu öldümək olmuş, bu əməlini 05 sentyabr 2025-ci il tarixdə, saat 19 radələrində reallaşdırmış, həmin vaxt yanlarında kimsə olmamış, heç kəs onun Fidana xəsarət yetirməsini görməmiş, Fidanı öldürmək üçün ona xəsarət yetirənə qədər heç kəsin onun Fidanı öldürmək, yaxud hər hansı şəkildə cəzalandırmaq istəyi barədə məlumatı olmamışdır (cild 01 i.v. 82-89; cild 02 i.v. 88-95). Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, bacısı X5nın əxlaqsız hərəkətindən sonra onu qətlə yetirmək niyyəti yaranmışdır. Məlum vaxtadək bacısının hər hansı bir qeyri-əxlaqi hərəkəti olmamışdır. Hadisəyə qədər bacısının anasının mobil telefonu vasitəsilə “İnstagram” işlətməsini bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin elan olunmuş ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu, zərərçəkmiş isə qızı X5dır. Ailə daxilində münasibətləri hər zaman yaxşı olmuş, heç zaman əsaslı bir söz-söhbət, narazılıq olmamışdır. 05 sentyabr 2025-ci il tarixdə bacısı Lüdmilanın, öz aralarında ona “Esmira” deyirlər, oğlu Kənanın doğum günü ilə əlaqədar əri Zahir, qızı Fidan, oğlu Tahir, digər azyaşlı oğlu Hümbətlə birlikdə onların Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə qonaq getmişlər. Həmin fərdi yaşayış evi anası Elzaya məxsusdur və orada anası, atası, bacısı, bacısının əri və onların birgə nikahdan olan övladları Kənanla Sənan birlikdə yaşayırlar. Təxminən saat 16-17-də evin həyətyanı sahəsində yerləşdirilmiş qaz sobasında yemək hazırlayan zaman əri, bacısı, anası, bacısının əri həyətin digər hissəsində oturub söhbət etmiş, qızı Fidan bacısıgilin evində təmizlik işləri görürmüş və televizorun səsini bir qədər yuxarı qaldırmışdır. Həmin anlarda Tahirin arxasınca evə daxil olmuş, Tahirlə Fidanı yan-yana görəndə Tahir demişdir ki, ona məxsus mobil telefon cihazını Fidanın istifadə etdiyini görüb əlindən almış, telefona baxış zamanı Fidanın özünə məxsus çılpaq fotoşəkli sosial şəbəkədə tanımadığı profil sahibinə göndərilməsini görmüşdür. Fidan həmin şəkildə yaşamış olduqları evin hamamında güzgünün qarşısında, sinəsi aşıq halda imiş. Şəkli gördüyü zaman əhvalı dəyişmiş, çox pis olmuş, əri xəstə olduğu üçün bundan xəbər tutmağını istəməmiş, Tahirdən xahiş etmişdir ki, səssiz olsun ki, Zahir və evdəki digər şəxslər nəsə eşitməsinlər. Bundan sonra bacısı, anası və Tahirlə birlikdə Fidanla söhbət etmiş, onu tənbeh etmiş, Fidan onun sözlərinə heç bir reaksiya verməmiş, sakitcə başını aşağı salıb dayanmış, bir neçə dəqiqə orada gözlədikdən sonra Tahir ona və atasına evə getmək istədiyini bildirmişdir. Baş verənlər anasını narahat etdiyi üçün onlarla birlikdə evlərinə gəlmiş, istəyirmiş ki, əgər evdə uşaqlar arasında narazılıq olarsa və Zahir bundan xəbər tutub səhhəti pisləşərsə, sakitlik yaratmağa kömək etsin. Həmin gün saat 19 radələrində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə çatmış, bundan sonra anası ilə evə daxil olan kimi evə girişdən sağ tərəfdə yerləşən Tahir, Fidan və Hümbətin yatmaq üçün istifadə etdiyi otağa daxil olmuş, otaq səliqəsiz idi deyə, yorğandöşəyi yığmaq istəmiş, həmin vaxt anası da ona kömək etmiş, otağa daxil olduqdan beşon dəqiqə sonra Zahirin qışqırıq səsini eşitmiş, anası ilə birlikdə tez otaqdan çıxmış və görmüşdür ki, Zahir qonaq otağının içərisində qapının ağzında ayaq üstə dayanıb, Fidan da onun yanında ayaqüstə və qanlar içərisindədir, ondan iki-üç metr kənarda isə Təqsirləndirilən şəxs dayanıbdır. Tez Fidanı əri və anası ilə birlikdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırmışlar. Bir saatdan da qısa müddətdə xəbər gəlmişdir ki, Fidanın həyatını xilas etmək mümkün olmamışdır. Tahir “İnstagram”da Fidanın çılpaq fotoşəklinin sosial şəbəkə vasitəsilə tanımadığı profilə göndərdiyini görmüş, buna görə də hədsiz dərəcədə əsəbləşmiş, hesab etmişdir ki, bu məsələ Tahirin namusuna toxunmuşdur, ona görə də Fidana xəsarət yetirib öldürmüşdür. Tahirin Fidana xəsarət yetirməsini görməmiş, Tahir özü də ona bu barədə heç bir məlumat verməmişdir. Fidanın özünə məxsus mobil telefon cihazı olmamış, vaxtaşırı onun telefonundan istifadə etmişdir. Özü heç bir sosial şəbəkədən istifadə etməmişdir. Fidanın özünə məxsus çılpaq fotoşəkli göndərmiş olduğu şəxsin kimliyini bilmir və həmin profil hesabını xatırlamır. Həmçinin də, Fidan kimisə sevməsi, yaxud kiminləsə münasibəti olması barədə ona hər hansı məlumat verməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, qızı X5 natamam orta təhsilli olmuş, təkbaşına harasa gedən biri olmamış, gedəndə də onunla birlikdə getmişdir. Oğlu Təqsirləndirilən şəxs Lənkəranda kollecə daxil olmuş, onun hərbi xidmətə getməməsi üçün hərbi komissarlığa müraciət etmişlər, lakin möhlət hüququ olmadığı üçün bu barədə müsbət cavab verilməmişdir. Məlum hadisədən sonra Tahir həyəcanlı və narahat olmuş, onlar xəstəxanaya gedəndə evdə qalmışdır. Bıçağın kimin əlində olmasını xatırlamır. Oğlu Tahirin səhv hərəkət etdiyini başa düşür, lakin övladıdır, barışmışdır, ona qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi yaşayış evində arvadı və üç övladı ilə birlikdə yaşamış, ailə daxilində münasibətləri çox yaxşı olmuş, övladları Təqsirləndirilən şəxs və X5 arasında da heç bir ədavət və ya düşmənçilik olmamış, bacı-qardaş kimi hər zaman bir-biri ilə mehriban yola getmişlər. 05 sentyabr 2025-ci il tarixdə arvadının bacısı Lüdmilanın, öz aralarında ona Esmira deyirlər, oğlu Kənanın doğum günü mərasimi olmuş, saat 15-16 radələrində arvadı və üç övladı ilə birlikdə onların yaşadığı Ağcabədi şəhəri ərazisindəki fərdi yaşayış evinə getmişlər. Evdə qaynanası Elza, qaynatası Hümbət, baldızı Esmira, onun əri Vüsal və uşaqları Kənanla Sənan olmuşlar. Birlikdə eyni süfrə başında əyləşmiş, yemek yeyib, söhbət etmişlər. Saat 18-19 radələrində oğlu Tahir yaxınlaşaraq evə getmək istədiyini bildirmiş, fikirləşmişdir ki, o, yorulduğu üçün evə getmək istəyir, ona görə də səbəbini soruşmadan yemək yedikdən təxminən otuz-qırx dəqiqə sonra arvadı, üç övladı və qaynanası Elza ilə birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə gəlmişlər. Evə çatdıqdan sonra qızı, arvadı, qaynanası və Tahir evə daxil olmuş, özü isə azyaşlı oğlu Hümbətlə birlikdə evin həyətində olmuşlar. Təxminən bir neçə dəqiqədən sonra səs eşidib evə daxil olmuş və evin pilləkənindən yuxarıda sol tərəfdə yerləşən qonaq otağı kimi istifadə etdikləri otağa daxil olanda Fidanın qapının yaxınlığında əlində bıçaq qan içərisində ayaqüstə dayanmasını görmüş, Tahir isə onlardan üç-dörd metr kənarda ayaq üstə hərəkətsiz vəziyyətdə dayanmışdır. Fidanı bu halda gördükdən sonra qışqırmağa başlamış, həmin vaxt arvadı Elyana və qaynanası Elza otağa daxil olmuşlar. Fidanın əlindəki bıçağı ondan götürüb arvadı Elyanaya vermiş, Elyana da mətbəxdə qabyuyanın içərisinə qoymuşdur. Elyana Tahirin üzərinə gedib nə üçün belə bir hərəkət etdiyini soruşmuş, həmin vaxt onların arasında hansı dialoq keçdiyinə fikir verməmiş, başı qızı Fidana qarışmışdır. Cəld Fidanı qucağına götürüb şəxsi avtomobilinin arxa hissəsində uzatmış, qaynanası və arvadı ilə birlikdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparmış, yol gedərkən Fidan ona “narahat olma, pis olma, maşını yavaş sür” demiş, bundan başqa hər hansı ifadə işlətməmişdir. Saat 20 radələrində xəstəxanaya çatmış, qızını dərhal cərrahi əməliyyat otağına aparmışlar və təxminən bir saatdan sonra qızının ölməsi məlum olmuşdur. Tahir və Fidan arasındakı münasibətlər çox yaxşı olmuş, kiçik yaşlarından Tahir Fidana “qızım” deyə müraciət etmiş, aralarında hər hansı anlaşılmazlıq, ədavət olması barədə kimsə ona hər hansı məlumat verməmiş, özü də bu barədə nəsə eşitməmişdir. Həmçinin son illərdə ürəyi xəstə olduğu üçün evdə baş verən hər hadisə barədə ona məlumat verilməmişdir. Fidanın özünə məxsus mobil telefon olmamış, anasına məxsus mobil telefon cihazından istifadə etmişdir. Tahir Fidanı öldürəcəyi barədə onlara hər hansı məlumat verməmiş, bu barədə kimdənsə hər hansı məlumat eşitməmişdir. Tahirin Fidanın “İnstagram” sosial şəbəkəsi üzərindən mesajlaşdığı profilə çılpaq şəklini göndərdiyini görməsi barədə heç kəs ona deməmiş, səhhəti ilə əlaqədar bu mövzunu bildirməmişlər. Cinayət hadisəsinin birbaşa şahidi olmamışdır. Fidanın qarşı cinsdən kiminləsə ünsiyyət saxlaması, yaxud hər hansı qeyri-etik hərəkətinin şahidi olmamış, kimləsə sevgi münasibətində olmasını bilməmişdir. Fidana məxsus intim məzmunlu fotoşəkli görməmiş və şəklin Fidan tərəfindən kimə göndərilməsini də bilmir. Qaynatasıgildə qonaqlıqda olan zaman nə o, nə də evdəki digər şəxslər Tahir və Fidan arasında hər hansı dava, münaqişənin şahidi olmuş, Tahir ona, anasına, nənəsinə və qardaşına hər hansı xəsarət yetirməmiş, buna cəhd də göstərməmişdir. Tahir könüllü şəkildə polisə təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qızı X4 rayon sakini Şahid1la ailə həyatı qurmuş, əvvəl rayonun Pərioğullar kəndində, sonra isə ünvan 1ndə yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. 05 sentyabr 2025-ci il tarixdə nəvəsi Kənanın doğum günü olmuş, bununla əlaqədar yaşamış olduqları evdə öz aralarında kiçik məclis təşkil etmişlər. Həmin gün günorta saatlarında Elyana, Zahir, Tahir, Fidan və Hümbət onlara gəlmiş, onlar evin həyətində, uşaqlar da yarısı evdə, yarısı da evin həyətində olmuşlar. Uşaqları səsləmişdir ki, süfrəyə oturub yemək yesinlər. Onların yubanmasını görüb özü evə qalxmış və görmüşdür ki, Elyana, Lüdmila, Tahir və Fidan evdə nəsə danışırlar. Onlara yaxınlaşanda ya Elyana, ya da Esmira Elyananın telefonunda Fidanın hamamda sinəsi çılpaq halda güzgünün qarşısında çəkmiş olduğu şəkli ona göstərmiş, şəkli görəndə çox təəssüflənmış, onlar Fidanın həmin şəkli telefonda kiməsə göndərdiyini demiş, lakin şəklin kimə göndərilməsini bilməmişlər. Fidanı danlamış, o isə heç bir cavab vermədən başını yerə dikib sakit dayanmış, daha sonra məyus halda süfrəyə əyləşmişlər. Narazılıq, əlavə söz-söhbət olmasın deyə olanlar barədə başqa heç kəsə məlumat verməmiş, həmçinin Zahir xəstə olduğu üçün bu barədə nəsə eşitməsini istəməmişlər. Təxminən bir neçə dəqiqədən sonra, Zahir, Elyana, Tahir, Hümbət, Fidanla birlikdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə gəlmiş, Elyana ilə birlikdə uşaqların yatdığı otağa daxil olub orada yır-yığış etməyə başlamış, bir neçə dəqiqədən sonra Zahirin səsini eşidib Elyana ilə birlikdə otaqdan çıxıb qonaq otağına tərəf qaçmış və görmüşdür ki, Zahir qonaq otağının qapısının ağzında dayanıb, Fidan da onun yanındadır, qarın hissəsindən qan axır. Zahir əlindəki bıçağı Elyanaya vermiş, Elyana da həmin bıçağı mətbəxə qoymuşdur. Daha sonra Zahir və Elyana ilə birlikdə Fidanı təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırmışlar, Tahirlə Hümbət isə evdə qalmışlar. Xəstəxanaya çatandan otuz-qırx dəqiqə sonra Fidan ölmüşdür. Şahid3 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hər kəsə qarşı tərbiyəli olmuşdur. 05 sentyabr 2025-ci il tarixdə onların evində olarkən Tahirin əsəbi olmasına səbəb bacısı X5nın əlinə telefon alması olmuşdur. Həmin vaxt Tahirlə Fidanın arasında hər hansı mübahisə olmamışdır. Tahirgilə getməsinə səbəb onun yemək yeməməsi idi və ona yemək aparmışdır. Tahir Fidanı öldürəcəyi barədə ona deməmişdir. Tahirdən bu hərəkəti gözləmirmiş. Əvvəllər Tahirin Fidana telefonla bağlı öz iradını bildirməsi, hər hansı məhdudiyyət qoyması kimi hallar olmamışdır. Fidana yaşının az olması ilə əlaqədar telefon işlətməməsi bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğu Ağcabədi Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Ağcabədi Rayon Prokurorluğunun “cinayət barədə şifahi məlumatın qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, X5 aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölməsi barədə məlumat daxil olmuşdur (cild 01, i.v. 03). Ağcabədi Rayon Prokurorluğunun “hadisə yerinə baxış aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, hadisə yeri Ağcabədi şəhəri, Yaqub Məmmədov küçəsi, nömrəsiz fərdi yaşayış evidir və bu barədə fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 04-16). Ağcabədi Rayon Prokurorluğunun “meyitə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, meyitin (X5nın) boyunun uzunluğu 169 sm, döş qəfəsinin ön və sol yan hissəsi qana bulaşmış vəziyyətdədir. Döş qəfəsinin sağ yarısının ön səthində məmə xətti üzrə, 6-7-ci qabırğalar səviyyəsində düz xətt formalı, kənarları hamar, itibucaqlı, üzərində on üç ədəd cərrahi tikiş olan, 13,0 x 0,2 sm ölçüdə əməliyyat kəsiyi var. Qarının ön divarında düz xətt formalı, şaquli istiqamətdə yerləşmiş, kənarları hamar, iti bucaqlı, üzərində cərrahi tikişlər olan 14,0 x 0,2 ölçüdə əməliyyat kəsiyi var. Döş və qarın boşluğuna üç ədəd drenaj trubka qoyulmuşdur. Meyitə məxsus üzərində qanabənzər ləkələr olan bir ədəd cins şalvar, bir ədəd ağ rəngli cizgili köynək, bir ədəd büstqalter, bir ədəd mayka qablaşdırılaraq götürülmüş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 17-26). Ağcabədi Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarları və protokolundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndə təyin edilmiş və o, həmin tarixdə, saat 23:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə yaxın qohumuna məlumat verilmiş və ona sənədlərin surəti təqdim olunmuşdur (cild 01, i.v. 29; 46). Ağcabədi Rayon Prokurorluğunun “əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2025ci il tarixli protokolundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd qara rəngli qıssaqol kofta, bir ədəd göy rəngli cins şalvar, bir cüt qara rəngli yarıboğaz corab, bir cüt üstü açıq yay çəkələyinə baxış keçirilməklə götürülmüş, bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 66- 69). Ağcabədi Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v 75-76). Ağcabədi Rayon Prokurorluğunun “əşyanın tanınmasının aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs müxtəlif bıçaqlar təqdim edilmiş, o, fərdi əlamətlərinə əsasən cinayət törədərkən istifadə etdiyi bıçağı əminliklə fərqləndirmiş, bu barədə fotocədvəl protokola əlavə edilmişdir (cild 01, i.v. 92-93). Ağcabədi Rayon Məhkəməsinin 4(017)-66/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 sentyabr 2025-ci il, saat 23:00-dan hesablanmaqla üç ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2026-cı il tarixinədək uzadılmışdır (cild 01, i.v. 110-111; cild 02, i.v. 34-35). Ağcabədi Rayon Prokurorluğunun 08 və 09 sentyabr 2025-ci il tarixli qərarlarından görünür ki, mərhum X5 hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs, anası X6 isə onun hüquqi varisi qismində tanınmışdır (cild 01, i.v. 118-119, 122-123). Ağcabədi Rayon Prokurorluğunun “əşyanın baxışın aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, zərərçəkmiş şəxs X5nın istifadə etdiyi “Honor” markalı mobil telefon cihazına baxış aparılması zamanı ona məxsus çılpaq halda çəkilmiş fotoşəkil və sevgi məzmunlu yazışmanı müəyyən etmək mümkün olmamış, bu barədə fotocədvəl protokola əlavə edilmişdir (cild 01, i.v. 135-136). Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olmaqla, Ağcabədi şəhəri, Yaqub Məmmədov küçəsində yerləşən nömrəsiz evdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, i.v. 146-148). “Ağacabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın konsultativ poliklinika şöbəsində narkoloji və psixiatr kabinetlərində qeydiyyatda deyildir (cild 01, i.v. 149). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 01, i.v. 156). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair’’ xx.xx.2025-ci il tarixli, 487 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir (cild 01, i.v. 157- 158). “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 01, i.v. 159). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “meyitin ekspertizasına dair’’ xx.xx.2025-ci il tarixli, 59 nömrəli rəyində göstərilmişdir ki, X5 meyitinin bədənində döş qəfəsinin sağ yarısından döş boşluğuna və qarın boşluğuna keçərək diafraqmanın və qaraciyərin zədəlməsi ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər iti ucu və kənarı olan yastı tiyə tipli deşici-kəsici əşyanın, ola bilsin bıçağın təsirindən törənmişdir. Göstərilən deşilmişkəsilmiş yara xəsarətinin tədqiqata təqdim edilmiş bıçaqla yetirilməsi inkar edilmir. Döş qəfəsinin sağ yarısından döş və qarın boşluğuna keçərək, diafraqma və qaraciyərin zədələnməsi ilə müşahidə edilən kəsilmiş-deşilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Qeyd olunan bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti həyati olmaqla mərhumun ölümündən az əvvəl yetirilmişdir. Ölümə səbəb döş qəfəsinin sağ yarısından döş və qarın boşluğuna keçərək, difraqmanın və qaraciyərin zədələnməsi nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən demək olar ki, X5nın ölümü meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən iki-üç saat əvvəl, yəni 05 sentyabr 2025-ci il tarixdə baş vermişdir. X5ya xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarət yetirilərkən zərərçəkən və hücum edən müxtəlif duruş vəziyyətlərində ola bilərdilər, lakin daha çox ehtimal olunan duruş vəziyyəti onların ayaqüstə olduğu vəziyyətdir. X5nın meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil və amil spirtləri, baribitur turuşusu törəmələri, alkolodlər (həincinin tiryək qurupu), fenilalkilamin qrupunu aid olan amfetamin və metamfetamin, tenotiazin, prazalon, benzodiazepin törömələri və salisilatlar aşkar edilməmişdir. X5nın qızlıq bəkarət pərdəsinin anatomik tamlığı pozulmamış, arxa keçəcək dəliyi nahiyəsində onunla qeyritəbii yolla cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir əlamət aşkar edilməmişdir (cild 01, i.v. 160-165). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “maddi sübutların ekspertizasına dair’’ xx.xx.2025-ci il tarixli, 584/2025-TBŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş iki ədəd pambıq topasının üzərində insan qanı ləkələri aşkar edildi, ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə yalnız H antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə O/İ/ qrup şəxsə o cümlədən X7 və ya Təqsirləndirilən şəxs (əgər sonuncunun bədənində xəsarətlə müşayət olunan qanaxma varsa) məxsus ola bilər (cild 01, i.v. 167-170). Ağabədi Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığı üçün qanuni nümayəndəsinin cinayət prosesində iştirakına xitam verilmişdir (cild 01, i.v. 176-177). Ağabədi Rayon Prokurorluğunun “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları, yəni evin mətbəxini göstərərək bıçağı mətbəxdən götürməsini, sonra X5nın olduğu qonaq otağına daxil olub, otağın qapısını örtməsini, sonra əli ilə Fidanın əlindən tutaraq, onu ayaq üstə qaldırıb bir qədər özünə tərəf çəkməsini, daha sonra bıçağı sağ əlində tutaraq Fidanın bədəninin sağ yuxarı nahiyyəsinə bir dəfə zərbə endirməsini əyani olaraq hadisə yerində göstərmiş, protokola əlavə olunmuş bu barədə videogörüntülərin əks olunduğu DVD disk məhkəmə iclasında nümayiş etdirilmişdir (cild 01, i.v. 178-180). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Eskpertizası Mərkəzi” məhkəmə daktiloskipik-ballistik-trasoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/1048, 1055, 1056 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçağın səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət gədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Həmin bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş, bağlamasının üzərində “zərərçəkmiş şəxs X7 məxsus…" yazı qeydləri olan bir ədəd maykanın, büstqalterin ön hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlara aiddir. Ümumi əlamətlərinə əsasən mayka və büstqalterin üzərində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Lakin, həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından, zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq (bıçaq tiyəsi) ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Mayka və büstqalterin ön tərəfində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə sağ istiqamətlərdə olmaqla yetirilmişdir. Həmin bağlamadan aşkar edilmiş bir ədəd şalvarın, köynəyin üzərində zədə aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş, bağlamasının üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus…" yazı qeydləri olan şalvar, koynək, bir cüt corab və bir cüt çəkələyin üzərində zədə aşkar edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 185 (bir yüz səksən beş) manat müəyyən edilmişdir (cild 01, i.v. 188-192). “Məhkəmə Eskpertizası Mərkəzi”nin materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/3059 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs və X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində kənar lif mikrohissəcikləri vardır. X5ya məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs, həmçiin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X5ya məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir (cild 01, i.v. 193-197). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 734 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür (cidl 02, i.v. 06-11). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “maddi sübutların ekspertizasına dair’’ 713/2025-TBŞ nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən ekspertizaya təqdim olunan bir ədəd bıçaq, X7 məxsus büstqalter, köynək, alt mayka və cins şalvar üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə X7 və ya Təqsirləndirilən şəxs məxsus olması inkar olunmur, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa (cild 02, i.v. 12-18). “Məhkəmə Eskpertizası Mərkəzi”nin 5/1062 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim olunan “Honor X9C” markalı, “BRC-NX1” modelli mobl smartfonun yaddaşında mövcud olan məlumatlar və pozulmuş (çat seansı (WhatsAap), cookie faylları, axtarış elementləri, istifadəçi hesabaları, zaman qeydləri və foto təsvirlər) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar və onlar əsasında tərtib edilən (Extraction Report) hesabat “Eskpertiza 5- 1062” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülmüş, aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manat müəyyən edilmişdir (cild 02, i.v. 46-50). Ağcabədi Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” və “təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə yeni məzmunda ittiham olunmuş və o həmin maddə ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş; Təqsirləndirilən şəxs və mərhum X5nın hadisənin baş verdiyi vaxt üzərlərində olmuş geyim əşyaları, həmçinin sonuncunun istifadə etmiş olduğu “Honor” markalı mobil telefon cihazı, cinayətin törədilməsində istifadə olunmuş bir ədəd bıçaq, hadisə yerindən aşkar olunmuş qan ləkələri olan nümunələr (pambıq tamponda) maddi sübut kimi tanınaraq, rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 02, i.v. 62-82). Zərərçəkmiş şəxsin hüquqi varisi X4nın məhkəməyə ünvanladığı notarial qaydada təsdiqlənmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 13 (on üç) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş və o, irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Sözügedən Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli Qərarının 21-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin, təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarka qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs bacısı X5nı onun və ailəsinin şərəf və ləyaqətini alçaldan əməllərə yol verməklə, ailəsinin namusuna ləkə gətirməsi qənaətinə gələrək, qısqanclıq zəminində yaranmış nifrət və ədavət səbəbindən yaşadıqları evin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən, qatlanmayan bıçaqla onun döş qəfəsinin sağ yuxarı nahiyyəsinə qəsdən bir dəfə zərbə endirməklə, onu həyatdan məhrum etməsi haqlı olaraq qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, “hadisə yerinə baxış aparılması haqqında”, “meyitə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il, “əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il, “əşyanın tanınmasının aparılması haqqında” 07 və 09 sentyabr 2025-ci il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokollar, həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, həmçinin fotocədvəllər, “meyitin ekspertizasına dair’’ xx.xx.2025-ci il tarixli, 59 nömrəli, “maddi sübutların ekspertizasına dair’’ xx.xx.2025-ci il tarixli, 584/2025-TBŞ nömrəli, “məhkəmə daktiloskipik-ballistik-trasoloji ekspertizası”nın xx.xx.2025-ci il tarixli, 3/1048, 1055, 1056 nömrəli, “materialların məhkəmə ekspertizası”nın xx.xx.2025-ci il tarixli, 6/3059 nömrəli, “maddi sübutların ekspertizasına dair’’ 713/2025-TBŞ nömrəli, xx.xx.2025-ci il tarixli, “kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 734 nömrəli rəyləri, maddi sübutlar və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. 349-cu maddənin tələbinə görə məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Barəsində bəhs olunan Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək əsas cəzaya Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə əsasən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün ödənilməli olan şərtlərdən biri də odur ki, cinayət törətmiş şəxsin əməlində 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olsun. xx.xx.2017-ci il tarixli Qanunla dəyişiklik edilənədək Cinayət Məcəlləsinin 59.1.9 və 59.1.10-cu maddələrində əks olunan yüngülləşdirici hallardan birinin və ya bir neçəsinin olması 60-cı maddənin tətbiqi üçün yetərli sayılırdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəmə Plenumunun xx.xx.2012-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların hər biri təqsirin fərqli formalarını, müxtəlif növ cinayətləri xarakterizə edir. Belə ki, Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində nəzərdə tutulan hallar daha çox təqsirin qəsd formasında, iştirakçılıqla törədilən cinayətləri, 59.1.10-cu maddəsində nəzərdə tutulan hallar isə bir qayda olaraq, ehtiyatsızlıqdan törədilən cinayətləri səciyyələndirir. Buradan aydın olur ki, qanunverici Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan halların mütləq qaydada məcmu halında mövcud olmasını şərtləndirmir, təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq bu maddələrdə nəzərdə tutulan halların müstəqil olaraq tətbiqini də mümkün edir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin qüvvədə olan redaksiyası bu maddənin tətbiqi üçün yüngülləşdirici halların dairəsini genişləndirsə də, “bütün hallar mövcud olduqda” tələbini qoymaqla əslində yenidən maddənin şamil olunduğu halları daraltmışdır. Düzdür, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi istisna olmaqla, digər maddələrdə (59.1.8, 59.1.11, 59.1.12 və 59.1.13-cü maddələri) yalnız bir yüngülləşdirici hal təsbit edilmişdir. Həmin maddələrdəki halların 60-cı maddənin tətbiqi üçün müstəqil şərt olaraq mövcudluğunu qanunverici yetərli hesab edir. Lakin, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində bir neçə (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi) yüngülləşdirici halın hamısının eyni zamanda mövcudluğu tələbinin qoyulması qanunun postkriminal pozitiv davranışı stimullaşdırmaq istəyinin ziddinə olaraq müəyyən hallarda 60-cı maddənin tətbiqini mümkünsüz edir. Bəzi hallarda isə sadalanan halların hamısının müəyyən edilməsinə obyektiv olaraq zərurət yaranmır. Məsələn, bir nəfər tərəfindən sağlamlığa yüngül zərər vurma cinayəti törədildikdə və həmin şəxs könüllü gəlib təqsirini boynuna aldıqda Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiqi üçün şərt ödənmiş olur. Nəzərə almaq lazımdır ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 5-ci bəndinə əsasən cəzanı yüngülləşdirən halların təsbit olunduğu digər maddələrdən fərqli olaraq, yalnız Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin məqsədləri üçün ayrı-ayrılıqda nəzərə alınması mümkün olan “şəxsin könüllü gəlib təqsirini boynuna alması”, “cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi”, “cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi” kimi halları təsbit edir. İşin hallarından asılı olaraq konkret işdə bu halların yalnız biri və yaxud eyni zamanda bir neçəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini tələb edən cəzanı yüngülləşdirən hal (hallar) qismində müəyyən oluna bilər. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növlərindən bəhs edən 85.5-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 84.1-ci və 428.2-ci maddələrinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2007-ci il təvəllüddür və məlum hadisəni 05 sentyabr 2025-ci il tarixdə, yəni yetkinlik yaşına çatmamış törətmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Ağcabədi Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, cinayətin törədilməsində istifadə olunmuş bir ədəd bıçaq, hadisə yerindən aşkar olunmuş qan ləkələri olan nümunələr (pambıq tamponda), Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş bir ədəd qara rəngli, qıssaqol kofta, bir ədəd göy rəngli cins şalvar, bir cüt qara rəngli yarıboğaz corab, bir cüt üstü açıq yay çəkələyi, mərhum zərərçəkmiş şəxs X5nın hadisənin baş verdiyi vaxt üzərində olmuş üzərində qanabənzər ləkələr olan bir ədəd cins şalvar, bir ədəd ağ rəngli cizgili köynək, bir ədəd büstqalter, bir ədəd mayka məhv edilməli, həmçinin onun istifadə etmiş olduğu “Honor” markalı mobil telefon cihazı yaxın qohumuna qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, ona məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 394 (üç yüz doxsan dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 05 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 sentyabr 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 394 (üç yüz doxsan dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğu Ağcabədi Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, cinayətin törədilməsində istifadə olunmuş bir ədəd bıçaq, hadisə yerindən aşkar olunmuş qan ləkələri olan nümunələr (pambıq tamponda), Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş bir ədəd qara rəngli qıssaqol kofta, bir ədəd göy rəngli cins şalvar, bir cüt qara rəngli yarıboğaz corab, bir cüt üstü açıq yay çəkələyi və mərhum zərərçəkmiş şəxs X5nın hadisə baş verdiyi vaxt üzərində olmuş üzərində qanabənzər ləkələr olan bir ədəd cins şalvar, bir ədəd ağ rəngli cizgili köynək, bir ədəd büstqalter, bir ədəd mayka məhv edilsin; “Honor” markalı mobil telefon cihazı yaxın qohumuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar