Məhkəmə qərarları › İş №1(4-5)-23/2026

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-23/2026

16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-23/2026 16.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran Rayon Məhkəməsinin 1(049)-453/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-186/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarına əsasən, “8 Noyabr - Zəfər Günü münasibətiylə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməklə, cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 30 noyabr 2023-cü il tarixdə cəza sonu ilə azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 11 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 4(049)-81/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 mart 2026-cı il tarixdə, saat 11:30da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 1 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,468 qram olmaqla külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən 11 oktyabr 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:14 dəqiqədə Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən qeyd olunan 2,468 qram psixotrop maddə metamfetamin 01 (bir) ədəd şəffaf sellofan bükümdə əynində olmuş şalvarın sağ yan cibliyindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Lənkəran şəhəri, N.Gəncəvi küçəsində yaşadığı evin qarşısında həyət və bəzək güllərinin satışı ilə məşğul olur. 78 yaşlı anası ilə birikdə yaşayır. O, 11 oktyabr 2025-ci il tarixdə “Şilavar dörd yolu” deyilən ərazidə olmamışdır. O, tutulanda üstündə heç bir narkotik vasitə və ya psixotrop maddə olmayıb, iki nəfər polis əməkdaşı onu tutulduğu yerdən öz avtomobillərinə əyləşdirib yaşadığı evin qarşısına aparmışlar. Ora əlavə iki nəfər polis əməkdaşı da gəlmişdir. Onu, yaşadığı evə narkotik vasitə qoyacaqları ilə təhdid edildiyi üçün razılaşmış, daha sonra onu çəkiliş üçün əvvəlki yerə aparmışlar. O, birinci dəfə deyil ki, tutulur, əvvəllər cinayət törətməsi o demək deyil ki, azadlıqda qalmamalıdır. Tutulanadək son 5 il müddətində narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Qardaşının iki oğlu həmin günü onların evində olduğu üçün polislərin təklifi ilə razılaşmağa məcbur olmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu Rahid və Elçin adlı polis əməkdaşları saxlamışdır. Polis əməkdaşları onu döyməsə də sözlə təsir göstərmişlər. Saxlanılan vaxtı üzərində bıçaq, mobil telefon, dəsmal və 50 (əlli) manat məbləğində pul olmuşdur. Ona satışla bağlı ittiham verilməməsi üçün tutulduqdan sonra narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitəni ona Rahid adlı polis əməkdaşı vermişdir. Onu polis əməkdaşları 11 oktyabr 2025-ci il tarixdə, saat 15-16 radələrində Lənkəran şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində taksidə gedərkən saxlamışlar. Taksidə ondan başqa iki nəfər də olmuş, həmin şəxslərin adını bilsə də ata adını və soyadını dəqiq bilmir. Polislər ona demişlər ki, içəri getməlisən. Evli olmuş, 15 və 12 yaşlarında uşaqları var. Uşaqlar hazırda anaları ilə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət- Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə 13 oktyabr 2025-ci il tarixdə verdiyi ifadəsi elan olunmuş, ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, qeyd olunan ünvanda anası ilə birgə yaşayır. Həyət və bəzək güllərinin satışı ilə məşğul olur. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Təxminən 30 ildən çox müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Ən çox psixotrop maddə olan metamfetamin istifadə edir. Sadəcə narkotik vasitə aludəçisidir. Çəkməyən zaman ağrı və yaxud digər nəsə hallar olmurmuş, sadəcə vərdiş etdiyi üçün narkotik vasitə qəbul edirmiş. Tutulanadək son 5 il müddət olarmış ki, narkotik vasitə və psixotrop maddə istifadə etmirmiş. Lakin son günlər beyninə yenidən patı, yəni psixotrop maddə olan metamfetamin düşmüşdür. Sonucu dəfə 11 oktyabr 2025-ci il tarixdə səhər saatlarından günorta təxminən 15 radələrinə kimi yaşadığı ünvanda olmuş. Yenidən patı çəkmək tələbatını artıq hiss edirmiş. Buna görə də saat 15 radələrində yaşadığı ünvandan çıxaraq piyada şəkildə ünvan 2lamışdır. Adətən patı istəyəndə 4 yol adlanan əraziyə gedirmiş, ora Şiləvar kəndinin ərazisidir. Ora çatdıqda həmişəki kimi gözləməyə başlamışdır. Üzdən tanıdığı lakin haqqında heç bir məlumata sahib olmadığı şəxsi orada gördükdə yaxınlaşıb patı istəyirmiş. Bu dəfə belə etmişdir. Bir qədər həmin ərazidə gözlədikdən sonra, üzdən tanıdığı həmin o şəxsi görmüşdür. Yaxınlaşaraq ondan 50 manat dəyərində patı istəmişdir. Həmin şəxsdə ondan 5 manatı ilk öncə almış və daha sonra 1 büküm patını ona təqdim etmişdir. Bundan sonra o yerdən dərhal uzaqlaşmış və yaşadığı evə doğru istiqamətlənmişdir. Təxminən artıq 18 radələri olarmış ki, Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi ilə yolda piyada olan zaman, öndən üç nəfərin ona yaxınlaşdığını görmüş, onlar özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onlardan biri video çəkirmiş. Daha sonra narkotik vasitə istifadəsi ilə bağlı şübhəli olduğunu bildirərək, üzərini yoxlayacaqlarını demişlər. Üzərini yoxlamamış, ona nə qanunsuz əşya varsa təqdim etməyini istəmişlər. O da üstündə olan şəxsi əşyalarını, telefonunu və şalvarının cibində saxladığı 1 büküm patını, yəni psixotrop maddə olan metamfetamini də təqdim etmişdir. Həmin patı polis əməkdaşları tərəfindən tərəzi ilə çəkilmişdir. Üzərinə də baxış keçirmişlər. Lakin başqa heç nə aşkarlanmamışdır. Baxış keçirildikdən sonra şəxsi əşyaları ona qaytarılmış, lakin bir ədəd Nokia markalı telefonunu polis əməkdaşları götürmüşlər və 1 büküm patını zərfə qoymuşlar. O da zərfin üzərini imzalamışdır. Bunlar baş verərkən polis əməkdaşlarından biri video ilə olanları qeydə alırmış. Daha sonra onu polis şöbəsinə gətirmişlər orada ona hüquq və vəzifələri izah olunduqdan sonra, hüquqlarının müdafiəsi üçün vəkil seçmək təklif edilmiş, o da İntiqam adlı vəkili seçmiş, vəkil gəldikdən sonra izahatı alınmışdır.(i.v 68-70) İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, ifadəsi müstəntiq tərəfindən yazılmış, ifadəsini oxumadan imzalamışdır. Üzərində Nokia marakalı mobil telefon olmayıb, Samsung markalı mobil telefon olmuşdur. Hazırki məhkəməyə verdiyi ifadəni, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimata Lənkəran Rayon Məhkəməsində baxılarkən hakimə deməmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə ağır cinayət əməlini törtəməyə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Baladadaş oğlu ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əməliyyat tədqiqinə götürmüş, 11 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat daxil olmuş, məlumat da onun narkotik vasitə dalınca gedəcəyi barədə olmuşdur. Məlumat daxil olan kimi rəhbərliyə bu barədə məruzə etmiş və əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri özü olmuşdur. Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər və onu Üzeyir Hacıbəyov küçəsində saxlamışlar. Özünü və yanında olan polis əməkdaşlarını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşduq, Təqsirləndirilən şəxs üzərində olan 51 manat 80 qəpik pulu, “Davidov” markalı sikater qutusunu, alışqanı, cib dəsmalını və sağ cibindən bir ədəd bükümdə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, dörd yol deyilən ərazidə öz istifadəsi üçün 50 manata almışdır. Aşkar olunan metamfetamin sənədləşdirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsinə 6 aya yaxın müddət idi ki, əməliyyat tədqiqi gedirdi. 11 oktyabr 2025-ci il tarixdə, saat 10:00-da konkret təqsirləndirilən şəxsin narkotik vasitə əldə etmək üçün gedəcəyi barədə əməliyyat məlumatı daxil olduğu üçün onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs hansı küçədə narkotik vasitə əldə edəcəyini bilmədikləri üçün onu narkotik vasitə alan vaxtı saxlaya bilməmişlər. Onlar təqsirləndirilən şəxsi yaşadığı evə aparmamışlar və təqsirləndirilən şəxsin üzərindən bıçaq aşkar olunmamışdır. Dindirilmiş şahidlər Lənkəran ŞRPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 ifadələrində Şahid1 Baladadaş oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Bundan başqa, Lənkəran Rayon Məhkəməsinin 4(049)-81/2025 saylı, 13 oktyabr 2025-ci il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Əvvəllər 30 il narkotik vasitələrdən istifadə etmişdir. Lakin son 5 ildir ki, narkotik vasitələrdən istifadə etmir. Əvvəllər CM-nin 234.1-ci maddəsi ilə cəza çəkmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 13 yaşında uşağı ürək əməliyyatı olunacağı üçün psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. 20-25 gün ərzində ümumilikdə psixotrop maddə metamfetamin əldə edərək, hər gün zərdə tüstüsünü udmaq yolu ilə qəbul etmişdir. Psixotrop maddə metamfetamini tanımadığı şəxsdən Lənkəran şəhərində 50 manata əldə etmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı psixi və ya fiziki təzyiq və təsirlər olmamışdır. Əməlindən peşmandır və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiriseçilməsini xahiş etmişdir.(i.v.78-82) Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 11 oktyabr 2025-ci il tarixdə, saat 17:14 dəqiqədə Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Lənkəran şəhəri Ü.Hacıbəyov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq, üzərinə keçirilmiş yoxlama zamanı üzərindən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar olması faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır.(i.v.1) -“Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 11 oktyabr 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şübhəli şəxsin üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibliyindən təqdim etdiyi 01 (bir) ədəd bükümdə təmiz çəkisi: -2,468 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bükümün psixotrop maddə olan metamfetamin olduğunu bildirərək, ona məxsus olduğunu və onu Lənkəran rayonu dörd yol adlanan ərazidə, 50 manat müqabilində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir.(i.v.9-11) -“Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında” 11 oktyabr 2025ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd büküm psixotrop maddə olan metamfetaminə baxış keçirilmiş və ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılaraq götürülmüşdür.(i.v.14-15) -“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.29) -“Məhkəmə-kimyəvi ekspertizası”nın 12 oktyabr 2025-ci il tarixli 19/398 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkarlanmış 1 (bir) ədəd bükümdə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -2,468 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.(i.v.49-52) -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(i.v.58-59) -“Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 13 oktyabr 2025-ci il tarixli, 539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin qəbulundan yaranan asılılıq sindorumu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2020-ci tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur.(i.v.83) -“Məhkəmə-tibbi ekspertizası”nın 13 oktyabr 2025-ci il tarixli, 777 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir.(i.v.85-86) -“Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” X12 28 oktyabr 2025-ci il tarixli, 811 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil.(i.v.100) -”CD-də olan məlumatlara baxış keçirilməsi haqqında” 13 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-nin təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrinə 13 aprel 2025-ci il tarixdən 13 oktyabr 2025-ci il tarixədək müddətdə daxil olan və çıxan zənglər, SMS mətnləri, anten məlumatları, əlaqə yaradılmış nömrələrin kimə məxsus olması barədə məlumatların əks olunduğu 2 (iki) ədəd DVD diskə baxış keçirlmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu anten məlumatları üzrə ünvanlara nəzər saldıqda onun psixotrop maddə olan metamfetamini həqiqətən Lənkəran rayonu Şiləvar kəndi ərazisində əldə etməsi faktı təsdiqini tapır.(i.v.118-119) -Lənkəran Rayon Məhkəməsinin 1(049)-453/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(i.v.121-135) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-186/2022 nömrəli, 21 yanvar 2022ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətiylə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır.(i.v.137-140) -“Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 12 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq çəkisi - 2,368 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Həmçinin şübhəli şəxsin üstünün yoxlanılmasına dair istintaq hərəkətin qeydə alındığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə istintaq hərəkətin qeydə alındığı videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk olmaqla ümumilikdə 02 (iki) ədəd DVD disk işin faktiki hallarını müəyyən etmək üçün əhəmiyyət kəsb etdiyinə görə iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.145-146) -“Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 15 yanvar 2026-cı il tarixli qərardan görünür ki, külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə edilmə mənbəsinə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi şəxslər barəsində ********* saylı cinayət işindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir.(i.v.155) Cinayət işinin materiallarına əlavə edilmiş 16 mart 2026-cı il tarixli “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs yaxın qohumları, iki övladından - xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 ibarətdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, 11 oktyabr 2025-ci il tarixdə Lənkəran rayonu, “Şilavar dörd yolu” deyilən ərazidə olmadığını, saxlanılarkən üzərində psixotrop maddə aşkar edilmədiyini, iki nəfər polis əməkdaşı tərəfindən tutulduqdan sonra avtomobillə yaşadığı evin qarşısına aparıldığını, yaşadığı evə narkotik vasitə qoyulacağı ilə hədələndiyini və bu səbəbdən polis əməkdaşlarının təklifi ilə razılaşmağa məcbur olduğunu bildirmişdir. O, daha sonra çəkiliş aparılması məqsədilə tutulduğu yerə aparıldığını, son 5 il ərzində narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini, qardaşı oğlanlarına görə və psixoloji təsir altında qalaraq polis əməkdaşlarının təklifi ilə razılaşdığını qeyd etmişdir. Bundan əlavə, saxlanılan zaman üzərində bıçaq olduğunu, tutulduqdan sonra narkotik vasitə qəbul etdiyini və həmin narkotik vasitəni ona Rahid adlı polis əməkdaşının verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən metmafetamin psixotrop maddə, heroin və qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Siyahılara əsasən metamfetaminin 0,15 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 400 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı mövqeyni nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin saxlanılarkən üzərində psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən tutulduqdan sonra avtomobillə yaşadığı evin qarşısına aparılması, yaşadığı evə narkotik vasitə qoyulacağı, qardaşı oğlanlarının da məsuliyyətə cəlb edilə biləcəyi ilə hədələnməsi və bu səbəbdən polis əməkdaşlarının təklifi ilə razılaşmağa məcbur olması hissələrini məsuliyyətdən yayınma kimi qiymətləndirir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təziqə məruz qalmasına əsaslı şübhə yaradan dəlilləri məhkəməyə təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təziqə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bundan başqa, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən piyada deyil, taksi ilə gedərkən saxlanmasını, yanında adını bildiyi iki şəxsin olduğunu, polis əməkdaşları tərəfindən yaşadığı evə aparılarkən evdə yaşlı anasının və qardaşı oğlanlarının olduğunu bildirsə də məhkəmə tərəfindən təqsirləndirilən şəxsə həmin şəxslərin adı, ata adı və soyadlarını dəqiq göstərilməklə onların məhkəməyə əlavə şahid qismində dindirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətin olub-olmması təklif olunsa da müdafiə tərəfi vəsatətlə məhkəmədə çıxış etməmişdir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, “məhkəmə kimyəvi ekspertizası”nın 12 oktyabr 2025-ci il tarixli, 19/398 nömrəli rəyi, “ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 13 oktyabr 2025-ci il tarixli, 539 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 may 2025-ci il tarixli tələbnamədən, cinayət işinin materiallarında olan hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 1(049)-453/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-186/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarına əsasən, “8 Noyabr - Zəfər Günü münasibətiylə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4cü bəndi tətbiq edilməklə, cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 30 noyabr 2023cü il tarixdə cəza sonu ilə azad olunmuşdur.(i.v.96-98, 121-135, 137-140) -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2026-cı il tarixli, xx-xx/0005 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır.(i.v.143-144) Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza müddəti 30 noyabr 2023-cü il tarixdə bitmiş, onun cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş, yəni məhkumluğu ödənilməmiş və qanunverciliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan-islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olubolmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cinayətlərin residivi olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, CPM-nin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan 11 oktyabr 2025-ci il tarixdən hesablanmalı, Lənkəran Rayon Məhkəməsinin 4(049)-81/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın 13 oktyabr 2025-ci il tarixli, 539 nömrəli rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, onun ərazi Narkoloji Xəstəxanasında 2020-ci il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ CPM-nin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunur. Odur ki, CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi - 2,368 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd DVD icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 11 oktyabr 2025-ci il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 4(049)-81/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi Narkoloji Xəstəxanasında 2020-ci il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,368 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd DVD icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar