Məhkəmə qərarları › İş №1(4-5)-7/2026

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-7/2026

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-7/2026 05.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1975-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında qonşusu və tanışı olan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunun onu nalayiq sözlərlə təhqir etməsi və döyərək xəsarət yetirməsi səbəbindən intiqam hissi ilə yaşadığı evə daxil olaraq evin mətbəxindən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi-kəsici, ucu deşici-xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb yenidən hadisə yerinə qayıdaraq, orada həmin bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə qarın nahiyəsindən zərbə vuraraq, ona qarın boşluğunu dəlib keçən, nazik bağırsağın zədələnməsinə səbəb olan deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. Məlum hadisəyə qədər münasibətləri normal olmuş, aralarında hər hansı düşmənçilik, ədavət və ya münaqişə olmamışdır. 27 aprel 2025-ci il tarixdə, saat 13 radələrində yeməkxanaya getmək məqsədilə evdən çıxarkən Qorxmazı evdən iki dəfə səsləmiş, lakin çağırışlarına cavab ala bilməmişdir. Bundan sonra yeməkxanaya gedib, tanış biri ilə yemək yemiş və spirtli içki qəbul etmiş, daha sonra yaşadığı evə qayıdıb yatmışdır. 28 aprel 2025-ci il tarixdə evdə yatdığı zaman çöldən çağrılmasını eşidib yerindən qalxaraq çölə çıxmış və Qorxmazın sərxoş vəziyyətdə onu çağırdığını görmüşdür. Nə baş verdiyini soruşanda Qorxmaz 27 aprel 2025-ci il tarixdə onu səsləyərkən güya xoşagəlməz ifadələr işlətdiyini bildirmişdir. Evlərinin yanında 50 metr məsafədə məktəb var, qadınlar, uşaqlar evinin yanından keçdikləri üçün Qorxmazı yaxınlıqda olan parka aparmaq qərarına gəlmişdir. Həmin vaxt Qorxmazın əmisi oğlu Şahid Qorxmaza sakit olması barədə öz iradını bildirmişdir. Bundan sonra qonşuluqda yaşayan Firuzə xalasıgilə getmiş, beş-on dəqiqə oradan qaldıqdan sonra evinə gəlmiş, bir qədər sonra evinin darvazasından çölə çıxanda Qorxmaz qəfildən onun boğazından tutub başını qaz turbasına vurmuş və başı qanamışdır. Başında xəsarət olması ilə bağlı iş materiallarında tibbi sənədləri də var. Qorxmaz həmin vaxt onun qızına, rəhmətə getmiş anasına və şəxsiyyətinə qarşı nalayiq ifadələr işlətmişdir. Bu vaxt Qorxmazın əmisi oğlu Babək hadisə yerinə gələrək Qorxmaza öz iradını bildirib onları ayırmışdır. Qorxmaz ona nəsə edəcəyini bildirmiş və bu barədə israrlı olmuşdur. Kontuziyası olan biri kimi əsəbiləşərək yaşadığı evə gedib, evin mətbəxindən bıçaq götürüb geri qayıdaraq Qorxmazın qarın nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Qorxmaz xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, orta məktəb vaxtında Şuşa, Laçın və digər bölgələrimizdə gedən döyüşlərdə iştirak etmiş, kontuzuya almışdır, lakin müharibə veteranı deyil. Zərərçəkmiş şəxs barəsində hüquq-mühafizə orqanına şikayət etməmişdir. İbtidai istintaq zamanı tibbi ekspertizadan keçirilmişdir. Hadisə 28 aprel 2025-ci il tarixdə səhər saat 10-11 radələrində baş vermişdir. Həmin gün Qorxmaz bir dəfə səhər saat 08:30 radələrində gəlib onu çağırmış, ikinci dəfə gələndə isə məlum hadisə baş vermişdir. Təqsirləndirilən şəxs məhkəmədəki son sözündə əməlindən peşman olmasını, ailəsinin yeganə qazanc gətirən fərdi olduğunu bildirərək, barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidin) ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, münasibətləri məlum hadisəyə qədər normal olmuşdur. 27 aprel 2025-ci il tarixdə yaşadığı evdə olarkən Farizin küçədən onu səslədiyini eşitmiş və Farizin onu spirtli içki qəbul etmək üçün çağırdığını, özü isə xəstə olduğundan içmək istəmədiyini düşünüb onun çağırışına məhəl qoymamış və çölə çıxmamışdır. Bir qədər sonra Fariz onu küçədən nalayiq sözlərlə söyərək oradan kənarlaşmışdır. Həmin vaxt ona fikir verməmişdir. Sabahısı gün, yəni 28 aprel 2025-ci il tarixdə, saat 15 radələrində spirtli içki qəbul etdikdən sonra Farizin bir gün əvvəl onu çağırarkən təhqir etməsini xatırlamış və məsələni aydınlaşdırmaq üçün gedib onu çağıraraq, dünən onu söyməsinin səbəbini soruşmuşdur. Fariz əvvəlcə onu söymədiyini demiş, daha sonra isə bunu etiraf etmişdir. Bundan sonra Farizin yaşadığı evin qarşısında aralarında mübahisə yaranmış, əlbəyaxa olmuşlar. Mübahisə zamanı bir-birilərini yumruq və təpiklə vurmuş, bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Bu zaman əmisi oğlu Şahid hadisə yerinə gələrək onları ayırmış, Fariz yaşadığı evə getmiş, özü isə küçədə dayanmış, Babək də bir müddət sonra oradan uzaqlaşmışdır. Az sonra Fariz yenidən küçəyə çıxaraq onun hələ də küçədə dayandığını görüb yenidən mübahisə etmiş, nalayiq ifadələrlə söymüş, yenidən əlbəyaxa olmuşlar. Farizin başını küçədən keçən qaz borusuna vurmuşdur. Bundan sonra Fariz ondan aralanaraq yaşadığı evə daxil olmuş, az sonra isə əlində mətbəx bıçağı ilə küçəyə çıxaraq üzərinə gəlmiş və onu qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Həmin vaxt əmisi oğlu Şahid səsə dərhal yanına gəlib, onu öz avtomobili ilə xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs içki qəbul edib onu təhqir etməsinə səbəb güya əvvəllər telefonunu satıb ona 200 (iki yüz) manat pul xərcləməsi olmuşdur. Fariz ona “şaftalı” deyə müraciət etmiş, o da qarşılığında öz etirazını bildirmişdir. Farizi özünü müdafiə etmək üçün itələmişdir. Hadisə saat 15-16 radələrində baş vermişdir. Əmisi oğlu Şahid Farizin onu bıçaqla vurmasını görməmişdir. Farizgil məlum hadisədən sonra onunla maraqlanmamışlar, Farizə qarşı mülki iddia və maddi tələbi olmasa da, ondan şikayətçidir və barəsində azadlıqdan məhrum etmə növündə ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu, zərərçəkmiş Zərərçəkmiş şəxs isə əmisi oğludur, onların heç biri ilə aralarında ədavət və ya düşmənçilik yoxdur, hər ikisi ilə münasibətləri normal olmuşdur. Qorxmazla Fariz spirtli içki aludəçisidirlər və mütəmadi olaraq yaşadıqları küçənin yaxınlığında spirtli içki qəbul edib gəzişirlər. 28 aprel 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olarkən küçədən Qorxmazla Farizin bir-biriləri ilə mübahisə etdiklərini eşidib küçəyə çıxmış və onların sonuncunun yaşadığı evin qapısının qarşısında əlbəyaxa olduqlarını, bir-birilərini qarşılıqlı olaraq söyüb-təhqir etdiklərini, yumruq və təpiklə vurduqlarını görüb yaxınlaşaraq ayırmağa çalışmış, lakin hər iki şəxsin sərxoş vəziyyətdə olması səbəbindən onları həmin anda ayırmaqda çətinlik çəkmiş, bir qədər sonra Farizi Qorxmazdan ayıraraq yaşadığı evin həyətinə aparmağa nail olmuş, daha sonra Qorxmazı da hadisə yerindən aralayaraq yaşadığı evin yaxınlığına gətirmişdir. Farizlə Qorxmazın evlərinin arasında 10-15 metr məsafə var. Daha sonra onları ayırdığını düşünüb yenidən öz evinə qayıtmışdır. Həmin gün günorta saatlarında küçədən yenidən Farizlə Qorxmazın mübahisə etdiklərinə dair səs-küy eşidib, yenidən küçəyə çıxmış, bu dəfə Qorxmazın qarın nahiyəsindən bıçaqlandığını görüb, onları yenidən ayırmışdır. Fariz hadisə yerindən naməlum istiqamətdə getmiş, o isə Qorxmazı öz avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Şahid cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, 28 aprel 2025-ci il tarixdə səhər saatlarında da Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs görmüşdür. Məlum hadisə nəticəsində hər iki şəxsdə xəsarət izləri olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş və vətəndaş Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 01). Kürdəmir Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs Qadaşəli oğlu “qarının sağ tərəfindən kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur (iş vərəqi 03). Zərərçəkmiş şəxs Kürdəmir Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə, saat 15:30 radələrində yaşadığı küçədə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla ona xəsarət yetirildiyi üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (iş vərəqi 04). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “baxış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş və üzərində qan ləkələri olan bir ədəd boz rəngli, dama-dama naxışlı köynək və alt maykasına baxış keçirilərək götürülmüş və bu barədə fotocəfvəl protokola əlavə edilmişdir (iş vərəqi 05-06). Kürdəmir Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs “başın təpə nahiyyəsinin əzilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur (iş vərəqi 07). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “baxış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanıdır və həmin evin həyətində giriş qapısından təxminən 2 metr məsafədə, sağ tərəfdə hasarın dibində mübahisə zamanı istifadə edildiyi ehtimal olunan metal tiyəli, sap hissəsi plastik materialdan ibarət bir ədəd bıçaq aşkar edilərək götürülmüş, bu barədə fotolar protokola əlavə edilmişdir (iş vərəqi 08-10). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərar və protokolundan görünür ki, həmin tarixdə, saat 17:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 15-16, 29-30). “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanın acil şöbəsinə qarının ön divarının kəsilmiş-deşilmiş daxilə nüfuz edən bir ədəd yarası diaqnozu ilə daxil olmuşdur (iş vərəqi 40). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 41-42). Kürdəmir Rayon Məhkəməsinin 4(041)-59/2025 nömrəli, xx.xx.2025-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilmişdir (iş vərəqi 56-58). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və bu barədə ondan iltizam alınmışdır (iş vərəqi 59-60). Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Mənzil İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli arayışı, xasiyyətnaməsi və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır, dörd uşaq atasıdır, himayəsində olan uşaqların xx.xx.2009, xx.xx.2011 təvəllüdlü olmaqla ikisi yerkinlik yaşına çatmayan, biri isə xx.xx.2015-ci il təvəllüdlü azyaşlıdır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 84-85). “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur (iş vərəqi 89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 120 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər:- başın ənsə-təpə nahiyyəsinin yarası, hər iki gözaltı və burun nahiyənin sıyrıqları, sağ gözün ağlı qışasında qansızma. Göstərilən xəsarətlər küt əşya (alət) təsirindən törənmişdirlər, qərarda göstərilən 28 aprel 2025-ci il tarixdə əmələ gəlməyə uyğundurlar və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zədə küt alət təsirindən əmələ gəlmişdir, kəsici-deşici, çapıcı xarakterli xəsarətlər aşkar edilmədi. Baş və üz nahiyəsindəki xəsarətlər bir neçə dəfə təkrar zərbənin təsirindən əmələ gəlmişlər (iş vərəqi 94-96). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 156 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində qarın boşluğunu dəlib keçən nazik bağırsağın zədələnməsinə səbəb olan deşilmiş-kəsilmiş yara xəsarətləri vardır. Göstərilən xəsarətlər törənmə müddəti 28 aprel 2025-ci il tarixə uyğun gəlir və küt əşya (alətin) təsirindən əmələ gəlmişlər. Zədə bir ədəd olmaqla bir zərbənin təsirindən əmələ gəlmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 98-100). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizon Hərbi Tribunalının xx.xx.1994-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 241 M.B.V bəndi ilə təqsirli bilinərək 42-ci maddəyə əsasən 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə alınmış və döyüşən orduya göndərilmiş; Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 241 M.A., 242 M.A. bəndləri ilə təqsirli bilinərək 38, 39-cu maddələrə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə 02 il 07 ay 17 gün müddətdən azad edilmiş, Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə 02 il 01 ay 18 gün müddətə həbs yerinə qaytarılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli Amnistiya Qərarının 3-cü maddəsinə əsasən xx.xx.1998-ci ildə azad edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 04 il 06 ay müddətə endirilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli qərarı ilə barəsində həmin Məcəllənin 73.2-ci maddəsi (bu Məcəllənin ... 128-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur (iş vərəqi 104-106). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən, məhkumluq böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrində göstərdikləri xüsusatları əyani olaraq hadisə yerində bildirmişlər və bu barədə fotolar protokola əlavə edilmişdir (iş vərəqi 115-121). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-ballistik-trasaloji ekspertizasının 3/683, 3/695 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir.; bir ədəd köynək və bir ədəd maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edlmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, uçu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə maİik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən köynəyin və maykanın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın, həmçinin tiyəsi həmin xassəyə malik hər hansı bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş bir ədəd köynəyin və bir ədəd maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə sağ istiqamətlərdə olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd köynəyin səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş “a” və “b” zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Aparılmış tədqiqatın dəyəri 125 (bir yüz iyirmi beş) manat müəyyən edilmişdir (iş vərəqi 122-126). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “maddi sübut kimi tanınmaq haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hadisə yerindən götürülmüş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və mayka iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, həmin şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 127). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 04-xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilməklə tutulması qərara alınmış və bu əsasla cinayət işi üzrə icraat dayandırılmışdır (iş vərəqi 129-130, 133-134, 139). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (iş vərəqi 137). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:30-da könüllü şəkildə özünü istintaq orqanına tqədim etmiş və eyni tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir (iş vərəqi 141-142). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittham elan edilmiş və bu barədə qərarın surəti təqdim edilmişdir (iş vərəqi 146-147). Kürdəmir Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş vərəqi 156-165). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 14 (on dörd) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir ki, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, hər iki tərəfin hüquqlarına hörmətlə yanaşılmışdır. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə özü və müdafiəçisi vasitəsi ilə suallar verilmiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Sözügedən Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Barəsində bəhs olunan Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur:- həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də, təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı evinin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi-kəsici, ucu deşici-xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə sonuncuya qəsdən bir dəfə zərbə vuraraq, qarın boşluğunu dəlib keçən, nazik bağırsağın zədələnməsinə səbəb olan deşilmiş-kəsilmiş yara xəsarəti ilə nəticələnən, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməsi ibtidai istintaq orqanı tərəfindən doğru olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. 349-cu maddənin tələbinə görə məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Barəsində bəhs olunan Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət hüququnun nəzəriyyəsində göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilsə də, əməlin ictimai-təhlükəliliyini azaldacaq hərəkətləri (zərərçəkmiş şəxsə maddi yardım göstərmək, onunla barışıq əldə etməyə çalışmaq) etməmiş, bundan başqa, onun şəxsiyyətini xarakterizə edərkən qeyd etməyi zəruri hesab edir ki, bundan əvvəl də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək, dəfələrlə məhkumluq həyatı yaşaması onu göstərir ki, o, bu qəbildən olan ictimai-təhlükəli əməlləri törətməyə meyilli şəxsdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqlarının, özünün ailənin yeganə qazanc gətirən fərdi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal, habelə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularkən 2025-ci ilin aprel ayının 28-dən 30-na kimi 2 (iki) gün ərzində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu yuxarıda göstərilən cinayət əməli ilə bağlı tutulduğu iki gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanaraq ona, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti cəza müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; dəyəri olmayan digər əşyalar isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və bir ədəd mayka məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsindəki hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksinə həvalə olunmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, ona məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 125 (bir yüz iyirmi beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin 28 aprel tarixindən 30 aprel tarixinədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı iki gün onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli həbs edildiyi, yəni 05 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarları, habelə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2025-ci ilin 28 aprel tarixindən 30 aprel tarixinədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında dərhal həbs edilsin, barəsindəki hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və hökmün icrası bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksinə həvalə olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu yəni, 05 fevral 2026-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 125 (bir yüz iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd bıçaq, habelə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və bir ədəd mayka məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar