Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-9/2026 03.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X11 və müdafiəçi-Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə İran İslam Respublikasının Qomişan şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işsiz, evli, İran İslam Respublikası, Bəndərtürk şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29,318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikası (bundan sonra İİR) vətəndaşı X6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, X6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İİR ərazisində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 29120 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daha sonra qeyd olunan narkotik vasitəni 01 may 2025-ci il tarixdə, saat 20 radələrində X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xəzər dənizinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (bundan sonra DSX) X13 Sahil Nəzarəti şöbəsinin Neftçala rayonunda yerləşən xidməti sahəsindən, “Layner” tipli, “Yamaha-200” mühərrikli üzmə vasitəsindən istifadə etməklə qəsdən, qanunsuz olaraq İİR-dan Azərbaycan Respublikası istiqamətində keçirmiş, həmin gün, saat 22 radələrində sahildən 2,7 mil, orta klassik xəttən 90 mil məsafədə DSX Sahil Mühafizəsinin 303 nömrəli gəmisi tərəfindən aşkar edildikdən sonra, təkrar X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda qeyd olunan üzmə vasitəsindən istifadə etməklə qanunsuz olaraq keçməyə cəhd göstərmiş, lakin DSX-in hərbi qulluqçuları tərəfindən Neftçala rayonunda yerləşən xidməti sahəsində silah tətbiq edilməklə saxlanılmış, X6 hadisə yerində ölmüş, o isə müxtəlif dərəcəli bədən xəsarətləri almış və hərbiçilər tərəfindən saxlanılmış, bununla da, özünün iradəsindən asılı olmayan səbəbdən qanunsuz olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından İİR istiqamətində keçmək əməlini başa çatdıra bilməmiş, Təqsirləndirilən şəxs olduğu “Layner” tipli, “Yamaha-200” mühərrikli üzmə vasitəsindən cinayətkar qrupa məxsus üç ədəd bağlamalarda külli miqdarda narkotik vasitə olan, təmiz çəkisi 29120 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni CM-in 318-ci maddəsi ilə təqsirli bilmiş, digər maddələr ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 may 2025-ci il tarixdə X6 ilə balıq tutmaq üçün dənizə çıxmış, başqa heç nədən məlumatı olmamışdır. Qayıqda olduğu vaxtlar orada bir torba (kisə) olmuş, kisənin içərisində balıq ovlamaq üçün torlar olmasını bilmiş, narkotik vasitə marixuana olmasını bilməmişdir. Dənizdə olduğu vaxt onlara atəş açmışlar, sonra ayılanda xəstəxanada olduğunu bilmişdir. Təxminən 40 gün xəstəxanada müalicə almışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Behzadın ona Azərbaycana getmələrini demədiyini, dənizdə olarkən Azərbaycan ərazisində olduqlarını bilmədiyini, dənizdə güllə səsləri eşitdiyini, Behzaddan həmin səslərin nə olduğunu soruşduqda ona «Sakit qal, səsini çıxartma» dediyini, sonra huşunu itirdiyini, Behzadı balıqçı kimi tanıdığını, xəstəxanada olarkən müstəntiq, vəkil və tərcüməçi ilə gələrək ona sənədlər təqdim etdiyini, həmin sənədlərin nə sənəd olduğunu soruşduqda xəstəliyi barədə sənədlərin olduğunu demiş, o da sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, özünü təqsirli bilərək göstərmişdir ki, 29 aprel 2025ci ildə İİR, Qomişan şəhər sakini olan X6 adlı tanışı onunla əlaqə saxlayıb 3 (üç) ədəd bağlamanı özü ilə birlikdə Xəzər dənizi vasitəsilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına aparmaq lazım olduğunu, bu işdə kömək edəcəyinə razı olacağı təqdirdə ona 70 (yetmiş) milyon iran tüməni (təxminən 2500 manat) pul verəcəyini demişdir. O isə sonuncudan həmin bağlamalarda nə olduğunu maraqlandıqda Behzad ona bildirmişdir ki, “sənlik deyil”. Behzadın ona çoxlu pul təklif etməsindən başa düşmüşdür ki, həmin bağlamalarda narkotik ola bilər. 01 may 2025-ci il tarixdə qanunsuz yolla İİR-dan Azərbaycan Respublikasına Xəzər dənizi vasitəsilə gəlməkdə məqsədləri X2 ona təklif etdiyi pulun qarşılığında 3 (üç) ədəd bağlamalardakı narkotik vasitə olduğunu təxmin etdiyi predmeti gətirmək olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəməyə verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Azərbaycana balıq tutmaq üçün gəldiyini, başqa heç nədən məlumatının olmaması, qayıqdakı kisədə balıq ovlamaq üçün torlar olmasını düşünməsi” hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona daha yüngül cəza təyin edilməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş DSX əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə dənizdə xidmətində olan zaman saat 22:05-də Baş Komanda-Nəzarət Mərkəzi tərəfindən gəmidən 4000 metr məsafədə hədəfin aşkar olunması ilə bağlı məlumat daxil olmuş və əraziyə baxış keçirilməsi əmri verilmişdir. Bu səbəbdən gəmi vasitəsi ilə şəxsi heyətlə birlikdə göstərilən koordinatlar istiqamətində hərəkətə başlamışlar. Qısa zamanda hədəfin sahildən 2.7 mil məsafədə olması müəyyən oludu. Hədəfə yaxınlaşdıqca “Layner” tipli kiçik həcmli üzmə vasitəsi olması, içərisində iki nəfər şəxsin olmasını müşahidə edərək qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə keçmələrində şübhələnmişlər. Hədəfin dayanmasından ötrü siqnal tapançasından havaya atəş açılsa da, üzmə vasitəsində olan şəxslər xəbərdarlığa məhəl qoymayaraq cənub-şərq istiqamətdə İİR-na doğru hərəkət etmişlər. Buna görə də, hədəfin dayanmasından ötrü xəbərdalıq məqsədi ilə “Tayfun” silah sistemindən əvvəlcə 3 ədəd mərmi hədəfin ətrafına atılmasına baxmayaraq həmin üzmə vasitəsində olan şəxslər “dayan!” çağırışına əməl etməyib hərəkətlərini davam etdirmişlər. Bundan sonra “Karagedov” adlı kiçik ölçülü adanın cənubunda (Nefçala rayonu yaxınlığı) hədəfin dayandırılması üçün tərəfindən “Tayfun” silahından 7 ədəd mərmi ilə hədəfin üzərinə atəş açılmış, mərmilərdən biri hədəfə dəymiş, hədəf bir neçə saniyəlik dayanıb yenidən İİR istiqamətində hərəkətini davam etdirmişdir. Hədəfin yenidən hərəkətini davam etdirməsini gördükdə o, avtomat silahdan hədəfin ətrafına doğru bir darağın içərisində olan 30 ədəd patronu atıb bitirdikdən sonra hədəfin hərəkətini dayandırdığını görmüşdür. Bundan sonra üzmə vasitəsinə yaxınlaşdıqda içərisində bir nəfər naməlum şəxsin öldüyünü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs isə yaralanmış vəziyyətdə görmüş, həmçinin həmin üzmə vasitəsinin içərisində 3 ədəd bağlamalar olduğunu görmüşlər. Zərərsizləşdirilmiş şəxsi və yaralanmış şəxsi təxliyə etdikdən sonra onların İİR vətəndaşları olmaları, həmçinin üzmə vasitəsindən aşkar edilmiş 3 ədəd bağlamalardan narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyi məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş DSX əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadələr verməklə sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 02 may 2025-ci il tarixli «kiçik həcmli üzmə vasitəsinə baxış keçirilməsi haqqında» və «baxış keçirilməsi haqqında» protokollardan və fotoşəkillərdən görünür ki, Xəzər dənizinin İİR istiqamətindən Azərbaycan Respublikası istiqamətində sərhədi pozmuş 2 (iki) nəfər şəxsin istifadəsində olan kiçik həcmli “Layner” tipli üzmə vasitəsindən 04 (dörd) ədəd bağlamalar aşkar edilmişdir. Bağlamalar yerə endirildikdən sonra 03 (üç) ədəd bağlamalarda birinin içərisində 02 ədəd, birinin içərisində 10 ədəd, digərinin içərisində isə 06 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 may 2025-ci il tarixli 19/185 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “01 ədəd torba içərisində 02 ədəd bağlama olan bükümlər....” sözlər və imzalar olan bir ədəd torbadakı 13 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1010,0 qr: -1010,0 qr: -990,0 qr: -1010,0 qr: - 1015,0 qr: -1015,0 qr: -1030,0 qr: - 1025,0 qr: -1015,0 qr: -1010,0 qr: -1020,0 qr: -1005,0 qr: -1020,0 qram: ümumi təmiz çəkisi: - 13175,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “01 ədəd torba içərisində 06 ədəd bağlama olan bükümlər....” sözlər və imzalar olan bir ədəd torbadakı 8 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -975,0 qr: -990,0 qr: -990,0 qr: -915,0 qr: -760,0 qr: -980,0 qr: -990,0 qr: - 980,0 qram: ümumi təmiz çəkisi: -7580,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “01 ədəd torba içərisində 10 ədəd bağlama olan bükümlər....” sözlər və imzalar olan bir ədəd torbadakı 10 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -490,0 qr: -490,0 qr: -970,0 qr: -985,0 qr: -500,0 qr: -965,0 qr: -980,0 qr: - 1000,0 qr: - 1005,0 qr: -980,0 qram: ümumi təmiz çəkisi: -8365,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş 18 ədəd bağlamanın içərisində ümumilikdə 31 ədəd bükülüdə olmaqla, ümumi təmiz çəkisi: -29120,0 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmuş marixuana 29118,0 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat təşkil edir. İş materiallarında olan komputer-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-5/501/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş obyektin sensor ekran və “Android 14” əməliyyat sistemi ilə təhciz olunmuş bir ədəd “Samsung Galaxy A15” markalı “SM-A155F/DSN” modelli “**********23334, **********23332” İMEİ kodlu mobil smartfon olması müəyyən edilmişdir. Təqdim edilmiş obyektin sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş bir ədəd “Xiaomi Redmi” markalı arxa məlumat lövhəsinə görə “M2010J19SG” modelli “**********69103, **********69111” İMEİ kodlu mobil smartfon olması müəyyən edilmişdir. Təqdim edilmiş obyektin “Thuraya” markalı arxa məlumat lövhəsinə görə “XT-lite” modelli “**********55269” İMEİ kodlu mobil telefon olması müəyyən edilmişdir. Təqdim edilmiş obyektin “Garmin” markalı “etrex 20x” modelli GPS naviqator cihazı olması müəyyən edildi. Təqdim edilmiş obyektin “Garmin” markalı “ETREX 221x” modelli GPS naviqator cihazı olması müəyyən edildi. Təqdim edilmiş “Xiaomi Redmi” markalı arxa məlumat lövhəsinə görə “M2010J19SG” modelli mobil smartfonun daxilində olan hər iki SİM danışıq kartının “İrancell” mobil operatoruna, “Samsung Galaxy A15” markalı “SM-A155F/DSN” modelli mobil smarfonun daxilində olan SİM danışıq kartının “İR-MCİ” mobil operatoruna, “Thuraya” markalı arxa məlumat lövhəsinə görə “XT-lite” modelli mobil telefonun daxilində olan SİM danışıq kartının “Thuraya” mobil operatoruna aid olması müəyyən edildi. Təqdim edilmiş “Samsung Galaxy A15” markalı “SM-A155F/DSN” modelli mobil smarfonların yaddaşlarından toplanmış məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. “Xiaomi Redmi” markalı, “M2010J19SG” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş ekran kilidinin keçilməsi mümkün olmaması səbəbindən mobil cihazın yaddaşında məlumat olubolmaması və pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. “Thuraya” markalı, “XT-lite” modelli mobil telefonun modelinin olmaması səbəbindən məlumatın olub-olmaması və pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Tədqiq olunan GPS naviqator cihazlarının daxili yaddaşına “Garmin BaseCamp” adlı proqram təminatı vasitəsilə baxış keçirildikdə “Garmin” markalı “etrex 20x” modelli cihaz yaddaşından 12 ədəd “waypoint”, 01 ədəd “Show track”, 02 ədəd “Show BirdsEyelmagery” və 03 ədəd “Show geotagged photos” ümumilikdə cəmi 18 ədəd rəqəmsal qeyd aşkar olunmuşdur. Tədqiq olunan “Garmin” markalı “ETREX 221x” modelli GPS naviqator cihazının yaddaşında 176 ədəd “waypoint”, 207 ədəd “Show track”, 02 ədəd “Show BirdsEyelmagery” və 03 ədəd “Show geotagged photos” ümumilikdə cəmi 388 ədəd rəqəmsal qeyd aşkar olunmuşdur. GPS naviqator cihazları yaddaşında aşkar olunan bütün koordinatlara aid rəqəmsal qeydlər “.gpx”, “.kml” formatda “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur.Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 15- MTB saylı rəyində göstərilmişdir ki, X2 ABO sistemi üzrə qan qrupu (İİ)-dir, təqdim edilmiş iki ədəd gödəkcə, sviter, bir ədəd qısaqol köynək, üç ədəd şalvar, bir ədəd alt tumanı, bir ədəd papaq fraqmenti, bir cüt corab, bir tay corab və bir tay çəkmə zərində insan qanı aşkar olundu, həmin qanın qrup mənsubiyyəti tədqiq edildikdə yalnız “A” antigeni alındı. Beləliklə, qeyd olunan qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən bu qrupdan olan X4 məxsus ola bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. İş materiallarında olan kompleks məhkəmə ballistik-trasoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-3/574; 3/580; 3/581;3/582/2025 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 09 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 23x152 kalibrli olmaqla, həmin kalibrə malik, yivli odlu döyüş silahları hesab edilən, “Volkov-Yartsev Vya-23”, “ZSU-23-4” (“Şilka”), “ZU- 23M1”, həmçinin “Typhoon” kompleksində quraşdırıla bilən “ZU-23” və s. avtomatik zenitartilleriya qurğularında istifadə edilmək üçün nəzərdə tutulmuş mərmilərin atəşlə ayrılmış hissələridir-gilizləridir. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət-təsərrüfat təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Qərarda qoyulmuş “...Tayfun adlı silah müasir dövrdə mövcuddurmu...” sualı Mərkəzin ekspertinin vəzifələrinə aid olmadığından cavablandırılmadı. Tədqiqata təqdim edilmiş, X4 məxsus olduğu qeyd edilən 01 ədəd saç bonesinin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında metal izinin aşkar edilməməsinə baxmayaraq, onların morfoloji quruluşuna, ölçüsünə, ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin zədələr №1 (şərti işarələnmiş) giriş, №2 (şərti işarələnmiş) çıxış zədələri olmaqla, yivli odlu silahdan açılmış 2 (iki) atəş nəticəsində, güllələrin təsirindən yerinə yetirilməyə xarakterikdir. Zədələrin ölçülərinə və morfoloji əlamətlərinə əsasən hansı kalibrli odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, X4 məxsus olduğu qeyd edilən digər geyim əşyalarının üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır, lakin hər hansı odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş gödəkçələrin və boz rəngli şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Gödəkçələrin səthindəki zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə, şalvarın səthində olan zədə isə ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Tədqiqata təqdim edilmiş 01 ədəd saç bonesinin, 01 ədəd sviterin, 02 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd alt tumanın, 03 ədəd corabın və 01 ədəd çəkmənin üzərində hər hansı bir trosoloji zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 192 (yüz doxsan iki) manat təşkil edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 657 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – baş beyinin orta dərəcəli əzilməsi, diffuz beyin zədələnməsi, sol alın payında hemorragik kontuziya ocağı, travmatik subaraxnoidal qansızma, ön kəllə çuxuru kəllə əsasının sınığı, sol orbita sümüklərinin qəlpəli yerini dəyişmiş sınığı, sağ gözün buynuz qişanın yad cismi, sol gözün göz almasının və göz qapaqların dağılmış yaraları ilə müşayiət olunan açıq kəllə-beyin travması, sifətin, boyunun, sol yuxarı ətrafın, qasıq nahiyyəsinin yaraları və kiçik ölçülü yad cisimləri-partlayıcı xüsusiyyətə malik sursatın partlaması nəticəsində əmələ gələn qəlpələrin (birincili və ikincili) təsirindən törənmişlər, müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilənlərə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. İş materiallarında məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6 saylı rəyində göstərilmişdir ki, X2 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olunmuşdur: Açıq kəllə beyin travması kəllə sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin əzilib-dağılması və evakuasiyası ilə müşayiət olunan həyatla bir araya sığmayan odlu silah yarası olmuşdur. X3 qeyd olunan, kəllə sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin əzilib-dağılması və evakuasiyası ilə müşayiət olunan həyatla bir araya sığmayan xəsarəti həyati olub, odlu silahdan açılan atəş nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025ci il tarixdə yetirilə bilərdi və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. X2 baş nahiyyəsinə yetirilən xəsarətlərdən sonra sərbəst, məqsədyönlü hərəkətlər edə bilməzdi, həmçinin özü tərəfindən yetirilməsi qeyrimümkündür. X2 baş nahiyyəsində qeyd olunan xəsarətin lokalizasiyasına, xarakterinə, əmələgəlmə mexanizminə və yara kanalının istiqamətinə əsasən demək olar ki, zərərçəkən ayaqüstü və ona yaxın vəziyyətdə olarkən atəşin istiqaməti öndən arxaya doğru ola bilərdi. X2 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı zamanı qanda etil spirti və narkotik maddə aşkar olunmamışdır. İş materiallarında xx.xx.2025-ci il tarixli, 5228 nömrəli ambulator məcburi-tibbi yoxlma rəyində göstərilmişdir ki, müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 06 may 2025-ci il tarixli “maddi sübutun tanınma haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 29118,0 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İstintaq və təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 22 dekabr 2025-ci il tarixli “maddi sübutun tanınma haqqında” qərardan görünür ki, mərhum X4 məxsus içərisində “SİM” danışıq kartı olan “Samsung Galaxy A15” markalı, “SM-A155F/DSN” modelli mobil telefon, daxilində iki ədəd “SİM” danışıq kartı olan “Xiaomi Redmi” markalı, “M2010J19SG” modelli mobil telefon, daxilində bir ədəd “SİM” danışıq kartı olan “Thuraya” markalı, “XT-lite” modelli mobil telefon, 01 ədəd bıçaq və 09 ədəd gilizlər 2 ədəd “Garmin” markalı GPS naviqator cihazlar maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və təhqiqat İdarəsinin maddi sübutlar otağıda saxlanılır. İş materiallarında olan 13 may 2025-ci il tarixli «videogörüntüyə baxış keçirilməsi haqqında» protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Xəzər dənizində kiçik ölçüdə üzmə vasitəsi müşahidə olunur, həmin hədəf qaçmaq məqsədilə sürətlə hərəkət edir. Təqib edilən gəminin ətrafına atəş açılmasına baxmayaraq o buna məhəl qoymadan hərəkətini davam etdirir. Nəticədə zərbələrdən biri hədəfə dəyir, nəticədə hədəf hərəkətini dayandırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 1112 nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək DSX-nin Hərbi Hospitalında üç-çənə cərrahiyyəsi və stomotolojiya bölməsində stasionar müalicədə olmuşdur. Diaqnoz. Odlu silah yaralanması. Müştərək travma. Sol orbita kompleksinin qəlpəli yerdəyişmiş sınığı.(S02.) Açıq KBT(S02.0). Baş beyinin orta dərəcəli əzilməsi(S06.3). Diffuz beyin zədələnməsi(S06.2)Sol alın payında hemorragik kontuziya ocağı (S 06.6)Travmatik subaraxnoidal qansızma(S 06.8)ön kəllə çuxuru kəllə əsasının sınığı. Pnevmasefaliya(G40.5)Posttravmatik klonikotonin epileptik tutmalar(anamnezində) OS:Göz almasının və göz qapaqların dağılmış yaralanması. OD:buynuz qişanın yad cismin pteriqium. Sol yuxari ətrafın,boyun və qasıq nahiyyəsinin kor qəlpə yaraları və kiçik ölçülü yad cisimləri. Sağ tərəfli posttravmatik mastoidit(H70.9).Skabiesdən sonrakı vəziyyət.(B86) İş materiallarında olan 04 iyun 2025-ci il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olmanın əvvəli 02 may 2025-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 02 may 2025-ci il tarixdə məhdudlaşdırılmışdı. Buna görə də, ona azadlıqdan məhrumetmə cəzası təyin edildiyi halda, cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2025-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli Dövlət Sərhəd Xidmətinin Əməliyyat- Axtarış Baş İdarəsindən alınmış sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. İş materiallarında olan 13 iyun 2025-ci il tarixli Respublika Narkoloji Mərkəz X17 məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan 24 dekabr 2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, şəxsiyyətləri istintaqa Behzad, Qərincik, Səfa adları ilə məlum olan İİR vətəndaşları və cinayət işinin digər iştirakçıları barələrində cinayət işinin materiallarından CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29,318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29,318.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 9 və 13-cü bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Belə əməlləri törətmiş şəxsin eyni zamanda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi də müəyyən edildikdə təqsirkarın əməlləri CM-nin 206-cı maddəsi ilə yanaşı, həm də CM-nin 318-ci maddəsi ilə tövsif edilir. Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə — CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Təqsirləndirilən şəxs CM-in 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29,318.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməklə, CM-in 66.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DSX-nin İstintaq və təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 29118,0 qram qurudulmuş marixuana məhv edilməli, həmin idarədə saxlanılan 01 ədəd bıçaq və 09 ədəd gilizlər 2 ədəd “Garmin” markalı GPS naviqator cihazlar məhv edilməli, mərhum X4 məxsus içərisində “SİM” danışıq kartı olan “Samsung Galaxy A15” markalı, “SM-A155F/DSN” modelli mobil telefon, daxilində iki ədəd “SİM” danışıq kartı olan “Xiaomi Redmi” markalı, “M2010J19SG” modelli mobil telefon, daxilində bir ədəd “SİM” danışıq kartı olan “Thuraya” markalı, “XT-lite” modelli mobil telefon DSX-nin İstintaq və təhqiqat İdarəsində saxlanılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə 642 (altı yüz qırx iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2025-ci il tarixdə başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 29,318.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 may 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə 642 (altı yüz qırx iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - DSX-in İstintaq və təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 29118,0 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq - DSX-in İstintaq və təhqiqat İdarəsində saxlanılan 01 ədəd bıçaq və 09 ədəd gilizlər 2 ədəd “Garmin” markalı GPS naviqator cihazlar məhv edilsin. İş üzrə maddi sübut - mərhum X4 məxsus içərisində “SİM” danışıq kartı olan “Samsung Galaxy A15” markalı, “SM-A155F/DSN” modelli mobil telefon, daxilində iki ədəd “SİM” danışıq kartı olan “Xiaomi Redmi” markalı, “M2010J19SG” modelli mobil telefon, daxilində bir ədəd “SİM” danışıq kartı olan “Thuraya” markalı, “XT-lite” modelli mobil telefonun DSX-nin İstintaq və təhqiqat İdarəsində saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(4-5)-9/2026
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-9/2026
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver