Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-27/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Kür kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:40 radələrində idarə etdiyi Mercedes Benz 208 D markalı, **-QB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq yaşayış massivi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında “X13” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib avtomobilinin ön hissəsi ilə yolun hərəkət hissəsini sağdan sola doğru keçən piyada X5 vuraraq sonuncuya ehtiyyatsızlıqdan ikitərəfli hemopnevmotoraks (hər iki plevra boşluğuna sərbəst qan və havanın yığılması), ağciyərlərin kontuziyası, ikitərəfli qabırğaların yerini dəyişən, çoxsaylı qapalı sınıqları və həmin səviyyədə plevraya qansızma, qaraciyərin, mədənin, mədəaltı vəzin zədələnmələri, sol bud, sağ baldır nahiyələrinin hematomaları, sağ almacıq nahiyəsinin sıyrığı ilə müşayiət olunan, həyati və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olub ölümlə səbəbli əlaqəsi olan xəsarətlər yetirərək sonuncunun almış olduğu travmalar fonunda qabırğaların ikitərəfli çoxsaylı, qapalı sınıqları ilə əlaqədar ağciyərlərin kontuziyası nəticəsində inkşaf edən ağciyər-ürək çatışmazlığı nəticəsində xx.xx.2025-ci il tarixdə saat 08:25-də X11 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə axşam vaxtı 19 radələrində olmuşdur, o, avtomobillə yol ilə gedərkən zərərçəkmiş şəxs yolun sağı ilə gəlmişdir, onun maşını yol kənarına çıxmamışdır. Gecə idi, hava qaranlıq idi, vuranda görməmişdir. Zərərçəkmiş şəxs içkili olmuşdur, bunu ona xəstəxanadada demişlər. 40 ildən çoxdur sürücü işləyir, maşın zərərçəkənə çataçatda özünü atmışdır maşının qarşısına. 14 yaşında paralic keçirmiş ağır vəziyyətdə olan nəvəsi vardır, imkanı olmadığından onu xəstəxanaya belə apara bilmir, ev şəraitində dərmanlarını güclə çatdırırlar, ona görə zərərçəkmiş şəxsin hüquqi varisinin istədiyi məbləği ödəyə bilmir.Əməlindən peşmandır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ora elə yerdir ki, sürəti təxmini 30-35 km/saat olardı. Maşın saz vəziyyətdə olmuşdur. Yol məhəllə içi yol olmuş, səki olmamış, zərərçəkən yolun kənarı ilə ağaclıqla gəlmişdir. İşıqlanma olmamışdır. Özü polisə məlumat vermiş, təcili tibbi yardım çağırmışdır. 3 gün xəstəxanada zərərçəkənin başının üstündə durmuşlar, həm dərman həm xəstəxana xərclərini çəkmişlər. 3 gündən sonra mərhumun qohumları gəlib xəstəxanaya. Reseptləri və aldıqları dərmanın reseptlərini saxlamamışdır. Aldığı aptekdə təsdiqləyə bilərki, oğlu dərmanları almışdır. Həyat yoldaşı psixi xəstədir. Bakıda heç kimi yoxdur, oğlu rayonda yaşayır, yaxın adamları üzrxahlığa getmişlər. Zərərçəkmiş şəxsin yas mərasimində qohumları demişdir ki, 3000 manat mərasimə xərcləri çıxıb, o da yarısını yəni 1300 manatı ölənin qardaşına vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərdi ki, hadisə ayın 2-si olmuşdur, həmin günü qardaşının 76 yaşı tamam olmuşdur. Albalılıq massivində tək yaşamışdır. Ola bilər ki, bir az içmişdir, bunu danmır. Maştağadan evinə gedərkən yold amaşın vurmuşdur. Yaşadığı yerdən qonşudan xəbər gəlmişdir ki, evə gəlməmişdir qardaşı. 102-ə zəng etmiş, 1 gün sonra ona məlumat vermişlər ki, Sabunçu xəstəxanasındadır. 14 gün qardaşı xəstəxanada qalmış, sonra ölmüşdür. Təqsirləndirilən şəxs tərəf yaxın gəlməmişdir. Dəfn eləmişlər, baş sağlığı verməmişlər. Xəstəxanaya təqsirləndirilən şəxsin oğlu gəlmişdir. Demişdir ki, şikayət edən deyil, qardaşını qaldırıb versinlər, baxsın özü. Hazırda təqsirləndirilən şəxsi bağışlamır. 9000 manat xərc çəkmişlər, ziyanı tələb edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, yas mərasiminə pul verməmişlər. Bir nəfər danışığa gəlmişdir, o da bildirmişdir ki, bu qədər xərci çıxıb, onu versinlər şikayətçi olmasın. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində bildirmişdir ki, 2013-cü ildən X9, 2022-ci ildən isə tutduğu vəzifədə xidmət edir. xx.xx.2025-ci il tarixdə Sabunçu RPl-nin DYPŞ-də xidmətdə olmuş, həmin gün saat 19 radələrində “Çaylı-1” çağırışı vasitəsi ilə Mercedes 208 D markalı, **-QB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində bir nəfər kişini vurması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə əlaqədar o, dərhal hadisə yerinə getmiş, hadisə yerində ona məlum olmuşdur ki, şəxsiyyəti sonradan Təqsirləndirilən şəxs Mirməhəmməd oğlu kimi bəlli olan sürücü idarə etdiyi Mercedes 208 D markalı, 77- QB- 604 dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində M.Hüseynzadə küçəsində şəxsiyyəti sonradan X2 məlum olan piyadanı vurmuş və piyada aldığı xəsarətlərlə bağlı X12 aparılmışdır. O, hadisə yerinin mühafizəsi ilə bağlı tədbirlər görərək təhqiqatçının hadisə yerinə baxış keçirilməsi üçün şərait yaratmış, özü də həmin baxış zamanı iştirak edərək təhqiqatçı tərəfindən tərtib edilmiş protokola və sxemə imza etmişdir.xx.xx.2025-ci il tarixdə isə ona məlum olmuşdur ki, hadisə nəticəsində xəsarət almış X1 Tibb Mərkəzində ölmüşdür(i.v.61-62). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 02 oktyabr 2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Q.Məmmədov küçəsində hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v.06-12); Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə 10 il müddətinə «ABCD» kateqoriyalı BA 454282 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.13); 02 oktyabr 2025-ci il tarixli, 1/10487 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.17); İfadənin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs Mirməhəmməd oğlunun ifadəsi yerində yoxlanılmış, sonuncu idarə etdiyi Mercedes 208 D markalı, **-QB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 02 oktyabr 2025-ci il tarixdə saat 19:40 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında piyada X6 vurması barədə istintaq zamanı vermiş olduğu ifadəsini hadisə yerində hadisənin baş vermə şəraitini əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. Bu barədə tərəfimdən fotoşəkilləri çəkilməklə hadisə yerinin sxemi və protokol tərtib edilib cinayət işi materiallarına əlavə edilmişdir(i.v.28-30); MTE-nın 11 noyabr 2025-ci il tarixli, 281 nömrəli rəyindən görünür ki, mərhum X3 xəsarətləri ikitərəfli hemopnevmotoraks (hər iki plevra boşluğuna sərbəst qan və havanın yığılması), ağciyərlərin kontuziyası, ikitərəfli qabırğaların yerini dəyişən, çoxsaylı qapalı sınıqları və həmin səviyyədə plevraya qansızma, qaraciyərin, mədənin, mədəaltı vəzin zədələnmələri, sol bud, sağ baldır nahiyələrinin hematomaları, sağ almacıq nahiyəsinin sıyrığıdır. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən Ş.Ağayevin xəstəxanaya daxil olmasından (xx.xx.2025-ci il, saat 21:45) az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X3 ölümünə səbəb almış olduğu travmalar fonunda, qabırğaların iki tərəfli çoxsaylı, qapalı sınıqları ilə əlaqədar ağciyərlərin kontuziyası nəticəsində inkişaf edən ağciyər-ürək çatmazlığı olmuşdur, ölüm xx.xx.2025-ci il tarixdə, saat 08:25-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. X3 adına tərtib olunmuş xəstəlik tarixində onun xəstəxanaya daxil olarkən (xx.xx.2025-ci iİ tarixdə, 21:45) sərxoş vəziyyətdə olduğu qeyd olunmuşdur(i.v.41-45); Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixində ölmüşdür(i.v.48); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.55); Azərbaycan Respublikası DİN-in BDYPl-dən alınmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN-in BDYP-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cı il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BA 454282 nömrəli “A1 A B1 B C1 C D1 D” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır(i.v.56); Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 26 dekabr 2025-ci il tarixli, 8/2786 nömrəli rəyindən görünür ki, Mercedes Benz 208 D markalı, 77-QB- 064 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X13» Azərbaycan Respublikasının Qanununun 50- ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.57-60); Qətimkan tədbirinin seçilməsi haqqında 28 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.80-81); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 40 ildən artıq müddətdə sürücü kimi fəaliyyət göstərmiş, başqa əmək fəaliyyəti ilə məşğul olmamış, həmin müddət ərzində bir dəfədə olsun hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməmiş, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir.Təqsirləndirilən şəxs ilk dəfə olaraq 62 yaşında ehtiyatsızlıqdan cinayət əməli törətmiş, yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs sərxoş olmuş, təqsirləndirilən şəxs hadisə yerindən qaçmayaraq təcili tibbi yardıma zəng edərək onun xəstəxanaya çatdırılmasına nail olmuş, lakin buna baxmayaraq zərərçəkmiş şəxs 14 gün sonra vəfat etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs 62 yaşında ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsini, hadisədən sonra təcili tibbi yardıma zəng edərək zərərçəkmiş şəxsi xəstəxanaya çatdırılmasına nail olmasını, əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin törətmiş olduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə görə nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddi 6 (altı) ildir. Lakin, qanunvericiliyin tələbinə əsasən şəxs həmin cinayətə görə 5 ilədək müddətə azadlıqdan məhrum edildikdə cəzasını daha yüngül rejim olan məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəyi halda, 5 ildən artıq müddətə azadlıqdan məhrum edildikdə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olması müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə yuxarıda qeyd edilən işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 62 yaşında ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətmiş şəxsə tətbiq oluna biləcək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası da kifayət qədər sərt və ağır cəzadır və təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddinə yaxın olmaqla, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(5-101)-27/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-27/2026
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver