Məhkəmə qərarları › İş №1(5-101)-30/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-30/2026

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-30/2026 28.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə. Məmmədəliyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, 29 dekabr 2025-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Zeynalova küçəsində yerləşən nömrəsiz ünvanın qarşısında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailəməişət zəminində yaranmış mübahisə zamanı qəsdən əli və ayaqları ilə zərərçəkmiş şəxsin baş, sol çiyin və sağ ayaq nahiyələrinə bir neçə dəfə zərbə endirmişdir. Nəticədə Zərərçəkmiş şəxs sol təpə-gicgah nahiyəsinin dərialtı hematoması, sol bazu, sağ diz oynağı nahiyələrinin və sağ baldırın qançırları yetirilmiş, bununla da onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurulmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə il əvvəl Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. 28 dekabr 2025-ci il tarixdə həyat yoldaşı ilə yaşadıqları evdə mübahisə etmiş, mübahisədən sonra Zərərçəkmiş şəxs yaşayış yerini tərk edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən onun dostuna məxsus evə getmişdir. 29 dekabr 2025-ci il tarixdə, səhər saat 09 radələrində həyat yoldaşının olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N. Zeynalova küçəsində yerləşən nömrəsiz ünvana getmişdir. Həmin ünvanda Zərərçəkmiş şəxs ilə söhbət edərək 28 dekabr 2025-ci il tarixdə evi tərk etməsi ilə bağlı ona iradını bildirmişdir. Eyni zamanda qumar oyunlarına pul xərcləməsi səbəbindən aralarında yenidən mübahisə yaranmış, o, etdiyi hərəkətlərin yanlış olduğunu dərk etdiyini bildirərək Zərərçəkmiş şəxs özünü toparlaması üçün ona beş dəqiqə vaxt verməsini xahiş etmiş, lakin zərərçəkmiş şəxs onun otaqdan çıxmasına mane olmuş və mübahisəni davam etdirmişdir. Bu zaman, o, əsəblərini cilovlaya bilməyərək Zərərçəkmiş şəxs bir dəfə şillə vurmuş, zərbənin təsirindən sonuncu ayağı sürüşərək metlax örtüklü döşəmədə yıxılmışdır. Zərərçəkmiş şəxs yerdə yıxılı vəziyyətdə olduğu zaman tərəfindən ona əlavə hər hansı fiziki zorakılıq tətbiq edilməmiş, bununla da mübahisə sonlanmışdır. Əvvəllər aralarında mübahisələr baş verməsinə baxmayaraq, həyat yoldaşına qarşı fiziki zorakılıq tətbiq etməmişdir. O, əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərmiş, lakin Zərərçəkmiş şəxs barışığa razılıq verməmişdir. Zərərçəkmiş şəxs etdiyi səhvlərə görə ona çox psixoloji təzyiq göstərir. Bu qədər psixoloji təzyiq qarşısında insan ya özünü öldürər, ya da qarşısındakını. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etməsi, digər qadınlarla yazışması və qumar oyunlarına pul xərcləməsi səbəbindən tərəflər arasında dəfələrlə mübahisələr baş vermişdir. Qeyd etmişdir ki, həmin mübahisələr zamanı Təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalsa da, xəstəxanaya müraciət etsə də, Təqsirləndirilən şəxs cəza almaması üçün xəsarətin səbəblərini gizlətmiş, bu hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. 28 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs dostu Osman adlı şəxs ona Şaiqin qumar oyunlarına 260 manat məbləğində pul qoyduğunu və qazanc əldə edə bilmədiyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs evə gəldikdə ondan pul alıb-almadığını soruşmuş, Təqsirləndirilən şəxs isə pul almadığını bildirmişdir. Təqsirləndirilən şəxs yalan danışmamağı və həqiqəti deməyi tələb etdikdə, Təqsirləndirilən şəxs əsəbiləşərək qışqırmağa başlamış və masanın üzərində olan balonu onun başına vuracağını bildirmiş, mübahisənin davamında gecə saat doqquz radələrində onu küçəyə atmışdır. O, gecəni küçədə qalmamaq üçün Təqsirləndirilən şəxs dostunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N. Zeynalova küçəsində yerləşən nömrəsiz ünvana getmişdir. Epilepsiya xəstəsi olduğu üçün həmin ünvana çatdıqdan sonra bütün bu olanların təsiri ilə qıcolma keçirmiş, bir müddət sonra özünə gəlmişdir. 29 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs dostunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N. Zeynalova küçəsində yerləşən nömrəsiz ünvana gəlmişdir. Həmin vaxt evdə olan dostunun anası Nəzakət adlı şəxs Təqsirləndirilən şəxs onun harada olmasını soruşmuş, Təqsirləndirilən şəxs isə onu döyərək evdən qovduğunu bildirmişdir. Bu zaman, o, otaqda olmuşdur. Təqsirləndirilən şəxs otağa daxil olmaq istədikdə buna mane olmağa çalışmış, lakin Təqsirləndirilən şəxs qapını itələyərək otağa daxil olmuşdur. Daha sonra onunla mübahisə etməyə başlamış, onu itələyərək mətbəxə aparmış, orada onun başını bir neçə dəfə metlax örtüklü döşəməyə vurmuş, həmçinin əli və ayaqları ilə müxtəlif bədən nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirmişdir. Səs-küyə Təqsirləndirilən şəxs dostu Osman və onun ailə üzvləri gəlmiş, Osmanın atası müdaxilə edərək tərəfləri ayırmışdır. Bundan sonra, o, həmin evi tərk etmiş, yolda olarkən yenidən qıcolma keçirmişdir. Hadisə yerində ona ilkin tibbi yardım göstərən şəxslər bədənində xəsarətləri müşahidə edərək 102 xidmətinə məlumat vermişlər. Hadisə yerinə üç nəfər polis əməkdaşı gəlmiş, o, ilkin olaraq polis bölməsinə getməkdən imtina etsə də, polis əməkdaşları tərəfindən ondan izahat və ərizə alınmışdır. Təqsirləndirilən şəxs ona davamlı olaraq fiziki və psixoloji şiddət göstərir. Dəfələrlə əlinə bıçaq alaraq onun üzərinə hücum etmiş, bıçağı havada irəli-geri hərəkət etdirərək “Bıçağı soxum qarnıva? Cırım töküm içalatıvı?” kimi təhdidlər səsləndirmişdir. Bu hadisələr zamanı çox qorxmuş, təhdidlər real olmuşdur. Hazırda da, həyatını təhdid altında hiss edir. Təqsirləndirilən şəxs ondan şikayət etdiyinə görə onu hədələyir və deyir ki, “onsuz məhkəmə məni ya tutacaq, ya da cərimələyəcək. Elə bilirsən mən çıxandan sonra sən yaşayacaqsan?”, “Səni sağ qoymayacağam”, “Səni öldürəcəyəm”, “Səni evin içində olanda evlə birlikdə yandıracağam”, “Sənin işini elə gərək birdəfəlik həll edərdim” kimi hədələyici ifadələr işlədir. Təqsirləndirilən şəxs şikayətçidir və onun Təqsirləndirilən şəxs qorunmasını və onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 29 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N. Zeynalova küçəsində yerləşən nömrəsiz ünvanda baş vermişdir (i.v. 6-8). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X4 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 30 dekabr 2025-ci il tarixli, 2779 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə-gicgah nahiyəsinin dərialtı hematoması, sol bazu və sağ diz oynağı nahiyələrinin, sağ baldırın qançırları müəyyən edildi. Xəsarətlər bərk əşya(lar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v. 23-24). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 dekabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 20). "Sübutların qiymətləndirilməsi haqqında” 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, məhkəmətibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 63-64). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2- ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Zərərçəkmiş şəxs X1 ifadəsində göstərilən hallar üzrə birbaşa maddi sübutlar təqdim etməməsi, məişət daxili zorakılıq işlərinin xarakteri nəzərə alındıqda, normal və izah ediləndir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məişət daxili zorakılıq əməlləri, bir qayda olaraq, ailə mühitində, qapalı məkanlarda, üçüncü şəxslərin iştirakı olmadan baş verir. Belə hallar ictimai nəzarətdən kənarda qaldığından, zorakılığa məruz qalan şəxsin hadisəni foto, video və ya digər maddi sübutlarla təsdiq etməsi əksər hallarda obyektiv olaraq mümkün olmur. Eyni zamanda, zərərçəkmiş şəxslər çox zaman psixoloji asılılıq, qorxu, hədələnmə, ailənin dağılacağı, münasibətlərin daha da korlanacağı ilə bağlı narahatlıq, habelə təqsirləndirilən şəxsin cəzasız qalacağına dair inam səbəbindən hüquq-mühafizə orqanlarına vaxtında müraciət etmirlər. Zərərçəkmişin əvvəlki hallarda xəsarətlərin səbəbini gizlətməsi və şikayət etməməsi də məhz bu tipik psixoloji vəziyyətlə izah olunur və onun ifadəsinin etibarlılığını şübhə altına almır. Məhkəmə təcrübəsində də formalaşmış mövqeyə görə, məişət daxili zorakılıq işlərində zərərçəkmişin sübut təqdim edə bilməməsi onun ifadəsinin inandırıcılığını istisna etmir və bu hallar işin hallarının hərtərəfli, obyektiv və tam araşdırılması üçün əsas kimi qiymətləndirilməlidir. Əks yanaşma zorakılığın gizli xarakter daşıdığı ailə mühitində faktiki olaraq cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan, zərərçəkmiş şəxsin sübutlarının olmaması iş üzrə onun hüquqlarının müdafiəsinə maneə kimi qiymətləndirilə bilməz və məhkəmə tərəfindən iş üzrə digər sübutlarla birlikdə kompleks şəkildə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Opuz Türkiyəyə qarşı (Opuz v. Turkey) qərarında ailə daxili zorakılıqla bağlı aşağıdakılar qeyd olunmuşdur: Ailədaxili zorakılıqla bağlı işdə ərizəçinin anasının ölümlə nəticələnmiş xəsarətlər alması və dövlət orqanlarının cinayəti törətmiş şəxsin bundan öncə də zorakılıqlar törətdiyini bildikləri halda tədbir görməmələri dövlətin pozitiv öhdəliyini pozması kimi qiymətləndirilmişdir. Belə ki, Məhkəmə 2-ci maddənin pozulduğunu müəyyən etmək üçün əmin olmalıdır ki, dövlət orqanları üçüncü şəxslərin cinayətkar hərəkətləri nəticəsində konkret şəxsin və ya şəxslərin həyatına qarşı real və birbaşa təhlükənin mövcud olduğunu bilirdilər və ya bilməli idilər və təhlükənin qarşısını almaq üçün səlahiyyətləri çərçivəsində olan və onlardan əsaslı olaraq gözlənilən təbirləri görməyiblər. a) Dövlət orqanları təhlükəni öncədən görə bilərdilərmi? - Açıq-aydın görünürdü ki, ərizəçinin əri ailədaxili zorakılığa meyllidir, buna görə də zorakılığın davam edəcəyini güman etmək olardı. Dövlət orqanları vəziyyət barədə məlumatlı idilər, ərizəçinin anası ölümündən iki həftə əvvəl prokurorluğa məlumat vermişdi ki, həyatı birbaşa təhlükə altındadır və polisin müdaxiləsini tələb etmişdi. Beləliklə, onun ölümü ilə nəticələnmiş hücumun baş verəcəyini öncədən görmək mümkün idi. b) Dövlət orqanları lazımi tədbirləri görmüşdülərmi? - Burada birinci sual ondan ibarətdir ki, ərizəçi ilə anası şikayət ərizələrini geri götürdükdən sonra ərizəçinin əri barəsində öncə qaldırılmış cinayət işinə xitam verilməsi barədə qərar əsaslı idimi? Avropa Məhkəməsi müəyyən etdi ki, cinayət nə qədər ciddidirsə və ya yeni cinayətlərin törədilməsi təhlükəsi nə qədər çoxdursa, hətta zərərçəkən şikayətini geri götürsə belə, cəmiyyətin maraqları naminə cinayət təqibinin davam etdirilməsi ehtimalı bir o qədər yüksəkdir. Cinayət təqibini davam etdirib-etdirməmək barədə qərar çıxararkən müxtəlif amillər nəzərə alınmalıdır. Onlar cinayətə (onun ağırlığına, zərərçəkənin xəsarətlərinin xarakterinə, silahdan istifadəyə, cinayətin öncədən planlaşdırılmasına), cinayətkara (onun bioqrafiyasına, təkrar cinayət törətməsi təhlükəsinə, əvvəllər zorakılıqlarda iştirakına), zərərçəkənə və potensial zərərçəkənlərə (onların sağlamlığına və təhlükəsizliyinə qarşı təhlükəyə, cinayətin uşaqlara təsirinə, yeni hücumların baş vermə olması ehtimalına) və cinayətkarla zərərçəkən arasındakı qarşılıqlı münasibətlərə (bu münasibətlərin əvvəlki və indiki vəziyyətinə, habelə zərərçəkənin özünün istəyi əleyhinə olaraq münasibətlərin zərərçəkən üçün doğurduğu nəticələrə) aiddir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkənin onu məcbur bu hala çatdırdığını, ona hər dəfə borcları ilə bağlı psixoloji təzyiq etdiyini, bu təzyiq nəticəsində insanın ya özünü , ya da onu öldürmək həddinə çatdığını bildirmişdir. Bütün bunlar onun əməlindən peşman olduğunu yalnız daha aşağı cəza ala bilmək üçün dediyini, əslində isə əməlindən peşman olmadığını və etdiyi cinayət əməlində özünü haqlı gördüyünü göstərir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıqla bağlı dediklərinin formal xarakter daşıdığını, buna görə də yüngülləşdirici hal kimi nəzərə alınmamalı olduğunu hesab edir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2026-cı il tarixdən hesablanmalı, barəsində “həbs”qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 28 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəməyədək və məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar