Məhkəmə qərarları › İş №1(5-101)-36/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-36/2026

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-36/2026 05.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Əli-Bayramlı Hacı-Qəhrəmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair tərtib olunmuş yekun protokolun ittiham irəli sürülməsinə dair hissəsinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2025-ci il tarixdə saat 01:50 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən «OBA» marketin giriş hissəsində yerləşən kassa aparatının qarşısında Zərərçəkmiş şəxs Allaha qarşı nalayiq ifadə işlətməsini səbəb kimi bəhanə edərək özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə yumruq zərbəsi vuraraq ona alt dodağın əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 01:00 radələrində işini bitirdikdən sonra bir qədər ərzaq və spirtli içki olan “Jaquar” almaq məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bazarın yaxınlığında yerləşən “OBA” marketə getmişdir. Marketdə ödəmə terminalından istifadə edən zaman orada fiziki qüsurlu bir şəxsin Allahın ünvanına nalayiq ifadə işlətdiyini eşitmişdir. Bu ifadəyə əsəbləşərək həmin şəxsə yumruq zərbəsi endirmişdir. Daha sonra ətrafda olan şəxslər onları ayırmış və hadisədən sonra qarşı tərəf DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında Tovuz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən sağ ayağı amputasiya olunmuşdur. Həmin hadisədən sonra o, Bakı şəhərinə gələrək burada müxtəlif ünvanlarda günlük kirayə mənzillərdə yaşamış, işıqforlarda və kafelərdə əl dəsmalı (salfetka) satmaqla maddi vəsait əldə edərək gündəlik tələbatlarını qarşılamışdır. 29 dekabr 2025-ci il tarixdə gecə saat təxminən 01:00 radələrində işini bitirdikdən sonra yaşadığı mənzilə qayıtmış, orada spirtli içki (araq və pivə) qəbul etmişdir. Daha sonra tütün məmulatının qurtardığını nəzərə alaraq Sabunçu rayonu, Sabunçu qəsəbəsində bazarın yaxınlığında yerləşən “OBA” marketə getmişdir. Marketdə tütün məmulatı aldıqdan sonra ödəmə terminalından istifadə edərək özünə məxsus mobil nömrəyə danışıq kartı yükləmək istəmişdir. Bu zaman əvvəllər tanımadığı bir şəxs onun önünə keçmək istəmiş, nəticədə o, əsəbiləşərək Allahın ünvanına nalayiq ifadə işlətmişdir. Həmin şəxs bu ifadəyə əsəbləşərək ona fiziki təsir göstərmişdir. Ətrafda olan şəxslər onları ayırmış, daha sonra o, DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən “OBA” marketində təxminən 5 ay müddətində satıcı-kassir vəzifəsində çalışır, onun iş qrafiki hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək davam edir. Gecə növbəsində onunla birlikdə Əli Mehdiyev adlı şəxs də çalışır. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlara qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 29 dekabr 2025- ci il tarixdə gecə saat 01:00 radələrindən sonra sonradan adının Sakit olduğunu bildiyi şəxs bir neçə dəfə mağazaya gələrək spirtli içki olan “QO” markalı içkidən alıb qəbul etmişdir. Saat təxminən 01:50 radələrində isə sonradan adının Fizuli olduğu müəyyən edilən şəxs mağazaya daxil olmuşdur. Fizuli ödəmə terminalından istifadə edərkən Allahın ünvanına nalayiq ifadə işlətmişdir. Bunu eşidən Sakit onunla mübahisə etmiş, daha sonra yumruq zərbəsi ilə Fizulinin bədəninin yuxarı nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən Fizuli yerə yıxılmış və mağazada piştaxtada satış üçün nəzərdə tutulmuş meyvələri dağıtmışdır. Hadisə zamanı mağazada olan müştərilər və işçilər onları ayırmışdır. Bundan sonra mağazanın giriş qapısı bağlanmış və dağıdılmış əşyalar səliqəyə salınmışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş X2 müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 4 ünvanında yerləşən “Oba” marketdir. Hadisə yerinə baxış zamanı “Oba” marketə quraşdırılmış müşahidə kameralarından baş vermiş hadisənin görüntüsü götürülərək araşdırma materialına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 Sabunçu Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 2785 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yarası ilə müşayiət olunan hematoması xəsarətləri müəyyən edilmişdir. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuramaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 02 ay 1 gün vaxtından əvvəl azad edilmişdir. Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Oba” marketdə baş vermiş mübahisəni özündə əks etdirən videogörüntüyə baxış keçirilmişdir. Baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, CD diskdə əks edilmiş görüntü xx.xx.2025-ci il tarixdə saat 01:50 radələrində baş vermiş mübahisə qeydə alınır. Görüntüdə mağazada 5 nəfər olması və daha sonra isə qara paltar geyinmiş şəxin əlində əsa olan şəxsi vuraraq yıxması və daha sonra digər şəxslərin onları ayırması əks olunmuşdur. Qeyd dilən videomüşahidə kameralarının görüntülərini özündə əks etdirən diskə baxış keçirilən zaman xx.xx.2026-cı il tarixli protokolda göstərilən hallar müəyyən olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış zamanı “Oba” marketdə quraşdırılmış müşahidə kameralarından götürülmüş video görüntü iş üzrə sübut kimi qəbul edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs, şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin, videogörüntünün sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 02 ay 1 gün vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun əməlində residiv müəyyən olunmamışdır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, hadisənin video görüntülərini özündə əks etdirən maddi sübut kimi tanınmış 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hadisənin video görüntülərini özündə əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı və məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 30 iş saatına görə hər iş saatına görə 11 manat hesablanmaqla 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar