Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-42/2026 25.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət Dövlət ittihamçısı, Tərcüməçi – X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Pakistan İslam Respublikası, Gujranvala şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, bağban işləmiş, Pakistan İslam Respublikası Gujranvala şəhərində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət X5 Villa 3 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sufyan (X8) verilmiş ittihama əsasən özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Sufyan (X8) özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində, gözətçi və bağban kimi işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” İstirahət Mərkəzinin “X9 3” ünvanında yerləşən fərdi yaşayış evinin həyətində saxlanılan, həmin evin sahibinə məxsus “Zeekr 001” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin onda olan açarından istifadə edərək, avtomobilin arxa yük yerindən avtomobilin sürücüsü Zərərçəkmiş şəxs məxsus qara sellofan bağlamada olan 45 000 manat məbləğində pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Sufyan (X8) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Sufyan (X8) ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Sea Breeze” İstirahət Mərkəzinin “X9 3” ünvanında fərdi yaşayış evində bağban kimi işləyərkən, ailə üzvləri ilə bağlı yaranmış ciddi maddi çətinliklərlə üzləşmişdir; belə ki, atası ağır xəstə olmuş və əməliyyata ehtiyacı yaranmış, bacısı isə nişanlı olduğundan onun toy xərcləri ilə bağlı əlavə maliyyə yükü mövcud olmuşdur. Bu səbəbdən, o, xx.xx.2025-ci il tarixdə, təxminən saat 02:00 radələrində, gözətçi və bağban kimi çalışdığı fərdi yaşayış evinin həyətində yerləşən avtomobilin arxa yük yerində saxlanılan 45 000 manat məbləğində pulu gizli şəkildə götürmüşdür. Daha sonra şəxsi əşyalarını toplayaraq həmin ünvandan uzaqlaşmışdır. Cinayət işinin istintaqı zamanı, tərəfindən oğurlanmış 45 000 manatlıq məbləğin təxminən 70 faizi, yəni 30 000 manat zərərçəkmiş şəxsə geri ödənilmişdir. Sufyan (X8) ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Sufyan (X8) məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşıdır və həmin ölkənin Gujranvala şəhərində qeydiyyatdadır. Onun ailəsi – atası İqbal, anası Pərvin, iki qardaşı və dörd bacısı – Pakistanın Gujranvala şəhərində yaşayır. O isə 2022-ci ildən etibarən Azərbaycan Respublikasının Bakı şəhərində məskunlaşmışdır. xx.xx.2022-ci il tarixdə müvəqqəti yaşayışı üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində bir il müddətinə qeydiyyata düşmüşdür. O, əslən Əfqanıstandan olan Hamid adlı tanışının köməyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breeze” Yaşayış Kompleksində metlax və daş döşəmə işlərində fəhlə kimi çalışaraq, kompleksdə tikinti aparılan evlərdə yaşamışdır. Onun sonuncu iş yerini, iş icraçısı Zərərçəkmiş şəxs vasitəsilə tapmışdır və 2023-cü ilin mart ayından etibarən “Sea Breeze” İstirahət Mərkəzinin “X9 3” ünvanında yerləşən fərdi yaşayış evində daş və metlax döşəmə işlərini yerinə yetirərək orada yaşamışdır. 2024-cü ilin oktyabr ayında həmin işini başa vurduqdan sonra, villaya köçən ailə üzvləri və iş icraçısı Zərərçəkmiş şəxs onu bəyənmiş və 700 manat aylıq əmək haqqı ilə bağban kimi işə götürmüşlər. O, həmin vaxtdan bağban kimi işlədiyi villada bir otaqlı saxlanc otağında yaşamışdır. Ev sahibi Kamran müəllim olmuş, Zərərçəkmiş şəxs isə “Zeekr” markalı avtomobillə ev sahibinin həyat yoldaşı Ulya xanıma sürücülük etmişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 23:00 radələrində, Zərərçəkmiş şəxs bağban işlədiyi villaya gəlmiş, “Zeekr” markalı avtomobili həyətə saxlamış və ona qara sellofan bağlama ilə avtomobilin açarını vermişdir. Zərərçəkmiş şəxs tapşırmışdır ki, bağlamanı yaşadığı otaqda saxlasın. O, həmin bağlamada nəyin olduğunu yoxlamadan onu çarpayısında, yastığının altına qoymuşdur. xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində yatağına girdiyi zaman, yastığının altında saxlanılan qara sellofan bağlamanı görmüşdür. Bağlamaya baxarkən içərisində müxtəlif nominallarda – 500, 200, 50 və kiçik hissədə 100 manatlıq – əskinazlardan ibarət topa pulun olduğunu müşahidə etmiş, həmin pulu oğurlamağa qərar vermişdir. O, ev sahibinin və ailə üzvlərinin yatdığını dəqiqləşdirdikdən sonra, saat 02:00 radələrində şəxsi əşyalarını çantasına yığmış, bağlamadakı pulu bel çantasına yerləşdirmiş və evin darvazasından çıxaraq piyada “Sea Breeze” Yaşayış Kompleksindən uzaqlaşmışdır. Daha sonra mobil telefonundan “Bolt” proqramı vasitəsilə taksi sifariş etmiş və planlaşdırmışdır ki, Pakistan İslam Respublikasına gedəcək bilet alaraq ölkəni tərk etsin. İlkin olaraq oğurladığı pulun təxminən 30 000 manatını Heydər Əliyev prospektində yerləşən “Bravo” mağazasındakı terminaldan “Binance” hesabına köçürmüşdür. Daha sonra, ölkədən çıxmaq məqsədilə “Facebook” vasitəsilə Ajimal adlı şəxsi taparaq onunla “WhatsApp” proqramı üzərindən danışıqlar aparmışdır. Bir başa Pakistana uçuş mövcud olmadığından, Ajimalın bank kartına təxminən 1 300 manat göndərərək xx.xx.2025-ci il tarixdə Dubaya, xx.xx.2025-ci il tarixdə isə Pakistanın Lahor şəhərinə onlayn bilet almışdır. Bundan əlavə, “WhatsApp” proqramı vasitəsilə qardaşı Davidlə əlaqə saxlamış və “Binance” hesabındakı puldan təxminən 5 900 ABŞ dollarını Pakistan milli valyutasına çevirərək qardaşının bank kredit borcunu ödəməyi təmin etmişdir. Eyni zamanda, Pakistan İslam Respublikasındakı ailəsinə əli boş getməsin deyə həmin puldan 300 manatını ərzaq məhsullarına xərcləmişdir. xx.xx.2025-ci il tarixdə, saat 05:00 radələrində taksi ilə Heydər Əliyev hava limanının 1-ci terminalına çatmış, gözləmə salonunda əyləşmişdir. Saat 09:00 radələrində kassaya sənədlərini təqdim edərək biletlərini çap etdirmiş, bel və yük çantalarını baqaja vermişdir. Hava limanının ikinci mərtəbəsində yoxlamadan keçərkən nəzarətçi sənədlərini götürərək ondan gözləməsini tələb etmişdir. Təxminən saat 11:30 radələrində polis əməkdaşları təqsirləndirilən şəxsi Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Sea Breeze” Yaşayış və İstirahət Kompleksinin “X9 3” ünvanında yaşayan Kamran Uluxanlının ailə üzvlərinin sürücüsü vəzifəsində çalışır və etibarnamə əsasında Kamran Uluxanlıya məxsus “Zeekr 001” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq həmin nəqliyyat vasitəsindən istifadə edir. Sufyan (Təqsirləndirilən şəxs) 2023-cü ilin sonlarında Pakistan İslam Respublikasının vətəndaşı qismində, Əfqanıstan Dövlətinin vətəndaşı olan Həmid adlı şəxsin vasitəçiliyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” Yaşayış və İstirahət Kompleksində metlax və daş döşəmə işləri ilə məşğul olan usta kimi tanınmışdır. O, həmin kompleksin “X9 3” ünvanında aparılan tikinti işləri çərçivəsində metlax və daş döşəmə işlərini icra etmiş və göstərilən işləri 2025-ci ilin iyul ayında başa çatdırmışdır. Sufyan (Təqsirləndirilən şəxs) həmin ünvanda işlədiyi müddət ərzində ev sahibinin etimadını qazandığından, sonuncu tərəfindən aylıq 700 manat əmək haqqı müəyyən edilməklə bağban və eyni zamanda gözətçi vəzifəsinə qəbul edilmişdir. Eyni dövrdə anası X2 ürək və digər xəstəliklərdən əziyyət çəkməsi səbəbindən onun cərrahi əməliyyat olunması üçün Türkiyə Respublikasına aparılması zərurəti yaranmışdır. Bu məqsədlə, o, bir neçə ay ərzində ümumilikdə 45 000 manat məbləğində pul vəsaiti toplamışdır. xx.xx.2025-ci il tarixdə, qeyd olunan pul vəsaitinə ehtiyac yarandığından, o, 45 000 manat məbləğində pulu yaşadığı evdən götürərək idarə etdiyi “Changan” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirmişdir. Həmin gün saat 11:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” Yaşayış və İstirahət Kompleksinə gəlmiş, qara sellofan paketdə olan 45 000 manat məbləğində pulu “Zeekr 001” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymuşdur. Pulu avtomobilə yerləşdirərkən Sufyan (Təqsirləndirilən şəxs) bunu görmüşdür. Həmin gün o, sürücü qismində “Zeekr 001” markalı avtomobili idarə edərək Kamran müəllimin ailə üzvlərini müxtəlif ünvanlara aparmış, saat 23:00 radələrində isə yenidən həmin şəxsləri “Sea Breeze” Yaşayış və İstirahət Kompleksinə gətirərək avtomobili villanın həyətində saxlamışdır. “Zeekr 001” markalı avtomobil tam elektrik enerjisi ilə işlədiyindən, avtomobilin açarlarını Süfyana (X10) verərək tapşırmışdır ki, nəqliyyat vasitəsini elektrik cərəyanına qoşsun. Daha sonra özü “Changan” markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək yaşadığı ünvana getmiş və ehtiyatsızlıq nəticəsində “Zeekr 001” markalı avtomobilə qoyduğu 45 000 manat məbləğində pulu götürməyi unutmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 06:00 radələrində evdə olduğu zaman qəfil oyanaraq avtomobildə unutduğu pul yadına düşmüşdür. Bu səbəbdən dərhal Süfyanın (X10) ***-***-**-** nömrəsinə açıq zənglə və “WhatsApp” tətbiqi vasitəsilə 3-4 dəfə zəng etmiş, lakin sonuncu zənglərə cavab verməmişdir. Axırıncı zəngdən sonra Süfyanın telefonunun söndürülmüş olduğu müəyyən edilmişdir. Bununla əlaqədar o, təcili şəkildə “Changan” markalı avtomobili ilə “Sea Breeze” Yaşayış Kompleksinə gəlmişdir. Villada Süfyanın yaşadığı otağa baxış keçirərkən onun yerində olmadığını görmüşdür. Daha sonra “Zeekr 001” markalı avtomobilin açarını bağban otağındakı dolabın üzərindən götürərək avtomobilin arxa yük yerini yoxlamış və qara sellofan paketdə saxlanılan 45 000 manat məbləğində pulun oğurlandığını aşkar etmişdir. Hadisə ilə bağlı dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşlarının iştirakı ilə avtomobilə və Süfyanın yaşadığı otağa baxış keçirilmişdir. O, Süfyanın sənədlərinin surətlərini və fotoşəkillərini polis əməkdaşlarına təqdim etmişdir. O, bildirir ki, ona dəymiş maddi ziyanın təxminən 70 faizi təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bununla əlaqədar olaraq, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və ya əlavə maddi tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 09 noyabr 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 1). "Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, baş vermiş oğurluq faktı üzrə hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” İstirahət Mərkəzinin “X9 3” ünvanında yerləşən fərdi yaşayış evinin həyətidir. (i.v. 5-12). "Şübhəli şəxsin tutulması haqqında” 09 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Sufyan (Təqsirləndirilən şəxs) 09 noyabr 2025-ci il tarixdə, saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 42). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-514/2025 nömrəli, 11 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Sufyan (Təqsirləndirilən şəxs) barəsində həbsetmənin əvvəli 09 noyabr 2025-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 80-84). “Maddi ziyanın ödənilməsi haqqında” 12 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru X3 tərəfindən tərtib edilmiş müvafiq protokola əsasən, təqsirləndirilən şəxs Sufyan (Təqsirləndirilən şəxs) tərəfindən oğurlanmış 45 000 manat məbləğində pul vəsaitinin 30 380 manatı Zərərçəkmiş şəxs ödənilmişdir. (i.v. 85). "Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Sufyana (Təqsirləndirilən şəxs) Azərbaycan Respubliksı CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. (i.v. 90-93). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Sufyan (Təqsirləndirilən şəxs) əvvəllər məhkum olunmamışdır.(i.v. 88). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Sufyan (Təqsirləndirilən şəxs) tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Sufyan (Təqsirləndirilən şəxs) törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq müəyyən qisminin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Sufyana (Təqsirləndirilən şəxs) cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Sufyan (Təqsirləndirilən şəxs) tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, təqsirləndirilən şəxs Sufyana (Təqsirləndirilən şəxs) təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Sufyan (Təqsirləndirilən şəxs) əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Sufyanın (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Sufyan (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Sufyan (Təqsirləndirilən şəxs) əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Sufyan (Təqsirləndirilən şəxs) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2025-ci il tarixdən hesablansın. X8 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və saxlanılması üçün konvoy taboru vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində vurulmuş ziyan məbləğinin ödənilməyən hissəsində mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. Sufyanın (Təqsirləndirilən şəxs) dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında sərf etdiyi 20 iş saatına görə 11 manat hesablanmaqla 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Bakı şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(5-101)-42/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-42/2026
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver