Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-52/2026 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,028 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 22 oktyabr 2025-ci il tarixdə saat 12:28-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 May küçəsində piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı, əynində olan şalvarının cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,028 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025ci il tarixdə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün bir büküm “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin almış və onu şalvarının cibinə qoymuşdur. 22 oktyabr 2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 May küçəsində piyada hərəkətdə olarkən iki polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün yaxınlaşdıqlarını bildirmişlər. Polis əməkdaşları vəkillə təmin edilmək hüququnu izah etmiş, lakin o, imtina etmişdir. Polis əməkdaşlarının qanunsuz predmet təqdim etmə tələbi üzrə o, şalvarının cibindən bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmiş, təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Sonra o, polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilmiş, burada vəkillə təmin olunmuşdur. Bölmədə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən qablaşdırılmış bir ədəd bükümə baxış keçirilmişdir. Polis əməkdaşı bükümdəki maddənin mənşəyini soruşduqda, o, bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərindən götürülüb qablaşdırılmış metamfetamin olan bükümə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və həmin maddə qablaşdırılıb möhürləndikdən sonra orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir.Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən X4 xidmət etmişdir, 2023-cü il tarixdən Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir, polis leytenantı xüsusi rütbəsində olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin cinayət əməlinin ifşa olunması məqsədilə 22 oktyabr 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin cinayət- axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və həmin bölmənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X5 daxil edilmişdir. Aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 oktyabr 2025-ci il tarixdə saat 12:28-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 May küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşılmış, özünü təqdim etmə həyata keçirilmişdir. Həmin şəxsə vəkillə təmin olunmaq hüququ izah olunmuş, bu hüquqdan imtina etmişdir. Daha sonra ona üzərində saxlanılması, daşınması və istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya digər vasitələrin təqdim edilməsi təklif olunmuşdur. Təklifə əsasən Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd bükülü çıxararaq təqdim etmişdir. Təqdim edilmiş bükümün mahiyyəti soruşulduqda, bükülünün içərisində olan kütlənin “patı” kimi tanınan maddə olduğunu, həmin maddəni Balaxanı qəsəbəsindən tanımadığı şəxsə 20 manat pul verməklə şəxsi istifadəsi üçün aldığını göstərmişdir. Təqdim edilmiş bükülü tərəflərdən biri tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmişdir. Bölmənin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs təhqiqatçı polis kapitanı Yasin Ağayev tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan olunmuşdur. Onun hüquqlarının müdafiəsi məqsədilə Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət olunmuşdur. Dəvət olunmuş vəkil Müdafiəçi Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş zərf açılmışdır. Zərfin içərisində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, içərisində kütlə olan bükülü olmuşdur. Bükümün ona məxsus olub-olmaması soruşulduqda, bükülünün ona məxsus olduğu, içərisindəki kütlənin “patı” kimi tanınan maddə olduğu, həmin maddəni Balaxanı qəsəbəsindən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul verməklə aldığı göstərilmişdir. Təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyi izah olunmuş, buna etiraz edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş, içərisində kütlə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və təsir göstərilməmişdir(i.v.94- 97); Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(i.v.98-101); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 22 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:28 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.19); Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 22 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman üslubu şalvarın sağ cibindən şəffaf siqaret selofana bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddələr təqdim etmiş, sonra həmin büküm qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs tərəfindən imzalanaraq götürülmüşdür(i.v.06-07); Baxış və götürmə aparılması haqqında 22 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübutun qablaşdırıldığı zərfə baxış keçirən zaman 01 ədəd şəffaf siqaret selofanına bükülmüş ağ rəngli xırda kristal formada olan psixotrop maddəyə bənzər maddə olan bükümü yenidən qablaşdıraraq möhürlənərək götürülmüşdür(i.v.27-28); Məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2025-ci il tarixli, 6/3471 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)..." sözləri olan zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,028 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət madde kustar üsulla hazırlanmış psixotrop madde metamfetamindir.Qeyd: Metamfetaminin təmiz çəkisi - 1,028 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,978 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir(i.v.39-41); Diskə baxış keçirilməsi haqqında 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 22 oktyabr 2025-ci il tarixli protokola əlavə etdiyi 01 (bir) ədəd diskdə qeydə alınmış videoyazıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunur ki, günün aydınlıq vaxtı vaxtı 2 nəfər mülki geyimdə olan polis əməkdaşı piyada hərəkətdə olan şəxsə iti addımlarla yaxınlaşırlar və onu yaxalayırlar. Daha sonra həmin şəxsdən özünü təqdim etməsi xahiş olunur və həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxsuin saxlanılma səbəbini, saxlanıldığı tarixi, saatı, ünvanı bildirir və polis əməkdaşları özlərini təqdim edir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd bükülünü çıxararaq təqdim edir. Polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “patı’ olduğunu, həmin maddəni Balaxanı qəsəbəsindən tanımadığı şəxsə 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Diskdə olan « 20251022_134708.MP4» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 3 dəqiqə 02 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, 15-ci PB-nin inzibati binasında, xidməti otaqda ilk olaraq 15ci PB-nin təhqiqatçısı, daha sonra ardıcıllıqla polis əməkdaşları və Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra Müdafiəçi özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxsa onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirəciyini bildirir və Təqsirləndirilən şəxs vəkilin iştirakıyla buna etiraz etmir. Bundan sonra təhqiqatçı zərfi açır və içərisindəki bükülünü Təqsirləndirilən şəxsa göstərərək ondan təqdim etdiyi bükülünün kimə məxsus olduğunu soruşur, Təqsirləndirilən şəxs isə həmin bükülünün özü təqdim etdiyi bükülü olduğunu təsdiq edir, təhqiqatçı həmin kütləni kimdən aldığını, və vaxt və haradan aldığını soruşçduqda Təqsirləndirilən şəxs həmin maddəni Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 (iyirmi) manat pul verməklə həmin gün səhər şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra təhqiqatçı təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirir və Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir və bununla da çəkiliş sona çatır(i.v.77-78); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.86-88); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.89-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 oktyabr 2025-ci il tarixli 6667 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür(i.v.104-105); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(i.v.107-108); Maddi sübut kimi tanıma haqqında 05 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə olan təmiz çəkisi 1,028 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, tədqiqata 0,050 qram sərf edilməsi nəzərə alınmaqla 0,978 qram qalıq hissəsi saxlanması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v.119-121); Sübutların qiymətləndirilməsi haqqında 08 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.124-129); Amnistiya aktının tətbiq edilməsi barədə 09 yanvar 2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair, baxış və götürmə aparılması haqqında 22 oktyabr 2025-ci il tarixli protokollara uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,028 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli hökm üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə baxmayaraq üzərindən məhkumluğu götürülmədən və ödənilmədən hazırki cinayət əməlini törətmişdir ki, bu da onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasına dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın qanuna nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (CM-59.2) və ağırlaşdıran halların olmaması, ondan aşkar olunmuş psixotrop maddənin miqdarı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 22 oktyabr 2025-ci il tarixdən 24 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 18 fevral 2026-cı il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar -psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 81 (səksən bir)manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 22 oktyabr 2025-ci il tarixdən 24 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 06(altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,028 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,978 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(5-101)-52/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-52/2026
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver