Məhkəmə qərarları › İş №1(5-101)-59/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-59/2026

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-59/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşayan Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 yanvar 2026-cı tarixdə saat 18:30 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz ünvanın qonaq otağında arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə sifətindən və qolundan vuraraq, ona sol qulaq seyvanının dərialtı hematoması və xarici qulaq seyvanı qığırdağının əzilməsi, sağ əlin 1-ci barmağının qançırından ibarət, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərməşdir ki, o, 2013-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladı dünyaya gəlmişdir. Ailə həyatı qurulduqdan sonra münasibətləri normal olmuşdur. xx.xx.2018-ci il tarixdə törətdiyi əmələ görə məhkəmənin hökmü ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanı çəkdiyi müddətdə Zərərçəkmiş şəxs məhkəmə qaydasında ondan boşanmışdır. Lakin o, cəzasını tam çəkib azadlığa çıxdıqdan sonra yenidən ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2026-cı il tarixdə, saat 18:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi nömrəsiz ünvanın qonaq otağında olduğu zaman Zərərçəkmiş şəxs ilə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı qarşı tərəfin yüksək səslə danışması səbəbindən əsəbləşərək əl ilə onun sifətinə və qol nahiyəsinə zərbələr endirmiş, nəticədə xəsarət yetirmişdir. Daha sonra yaşayış yerini tərk etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildən rəsmi nikah münasibətlərində olmuş, həmin nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir. Ailə həyatı qurulduqdan sonra tərəflər arasında münasibətlər normal olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etmiş və ailə daxilində mübahisələr yaratmışdır. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə qonşuluqda yaşayan Tələt adlı şəxsə daş atmaqla xəsarət yetirdiyinə görə məhkəmənin hökmü ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə, 2021-ci ilin fevral ayında məhkəmənin qərarı ilə ondan rəsmi qaydada boşanmışdır. Lakin Təqsirləndirilən şəxs cəzasını çəkib azadlığa çıxdıqdan sonra, uşaqlarının xatirinə tərəflər qeyri-rəsmi olaraq birgə yaşamağa başlamışlar. Buna baxmayaraq, Təqsirləndirilən şəxs sonradan da ailə daxilində mütəmadi olaraq mübahisələr yaratmışdır. xx.xx.2026-cı il tarixdə, saat təxminən 18:30 radələrində yaşadıqları ünvanda olduqları zaman, heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Onun cavab verməsindən sonra Təqsirləndirilən şəxs ona hücum edərək baş və qol nahiyələrindən bir neçə dəfə zərbə endirmiş, nəticədə xəsarət yetirmişdir. Hadisə ilə əlaqədar “102” xidmətinə məlumat verilmişdir. Hadisə zamanı yaşayış yerində onlardan başqa azyaşlı övladları da olmuşdur. O, Təqsirləndirilən şəxs tərəfindən əl ilə sifət və qol nahiyələrindən vurularaq xəsarət aldığını, mübahisənin səbəbinin isə onun ünvanına nalayiq ifadələrin işlədilməsi və buna cavab verməsi olduğunu göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 08 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz ünvanın qonaq otağında baş vermişdir. (i.v. 7-8). AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. (i.v. 6). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X1 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 12 yanvar 2026-cı i il tarixli, 50 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qulaq seyvanının dərialtı hematoması və xarici qulaq seyvanı qığırdağının əzilməsi, sağ əlin 1 ci barmağının qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2026-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v. 21-22). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 yanvar 2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. 19 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 nömrəli Sərəncamına əsasən əfv edilərək, təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. (i.v. 35- 36). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, ekspertin dindirilməsi zamanı göstərdiyi xüsusatlar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi qanunverici şəxsin yalnız bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətdən azad edilməsini nəzərdə tutmuşdur ki, hazırki halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs daha əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri nəzərə alınaraq cinayət məsuliyyətindən azad edildiyindən yenidən həmin əsasla onun cinayət məsuliyyətindən azad edilməsi qanunvericiliklə istisna edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əvvəl törətdiyi cinayət əməllərinin bu zərərçəkmiş şəxsə qarşı törədilmədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını (CM-59.1.2), zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini (CM- 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar