Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-101)-77/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs – X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X5 xx.xx.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinə onun barəsində "xüsusi ittiham" şikayəti ünvanlamışdır. Həmin şikayətdə X5 ona böhtan atmaq və onu təhqir etmək məqsədilə, özünün professional fotoqraf olmağından məharətlə istifadə edərək, barəsində bir çox montajlı yazılar və saxta Facebook səhifələri hazırlamış, orada müxtəlif yazılar dərc etmiş və həmin hərəkətlərin guya onun tərəfindən həyata keçirildiyini iddia etmişdir. X5 bunu ondan qisas almaq məqsədi ilə etmişdir, çünki aralarında münaqişə mövcuddur. Onun şikayəti nəticəsində X5 barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-827/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işi qaldırılmış və eyni zamanda onun barəsində amnistiya tətbiq olunmuşdur. Lakin həmin iş hələ də davam edir. O, həmin qərardan apellyasiya şikayəti vermiş və hazırda şikayət apellyasiya qaydasında araşdırılmaqdadır. Bu fakta görə X5 ondan qisas almaq qərarına gəlib və bilə-bilə onu təhqir edən, ona böhtan olan söz və ifadələri saxta Facebook səhifəsi düzəltməklə şikayət etmişdir. X4 əməlinin ictimai təhlükəliliyi ondadır ki, onu ağır cinayətdə, yəni "dövlət çevrilişi" ilə ittiham edir. Bütün bunlar ona qarşı iftira və qisas xarakteri daşıyır. X5 bunu qərəzli şəkildə edir və qarşı tərəfə böhtan atır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 saylı Qərarının 5-ci bəndində deyilir: Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. xx.xx.2026-cı il tarixdə Apellyasiya Məhkəməsinin açıq iclasında X5 hamının eşidə biləcəyi formada onu yuxarıda qeyd edilən söz və iddialarla açıq şəkildə ittiham etmişdir. Bu təhqirli ifadələr yayımlandığı andan etibarən o, özünü çox pis hiss etməyə başlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, onun şəxsiyyəti dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə: Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948 ci il tarixli "X7 Bəyannaməsinə" və İnsan Hüquqülarının və X1 Haqqında" Avropa Konvensiyasının təsbit edilmiş insan hiiqüquların pozulması məsuliyyətə səbəb olur. Plenum qeyd edir: Bənd №7. Məhkəmələrə tövsiyə edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə edib-etməməsinə diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına uyğun olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio France və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir – yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya internet informasiya ehtiyatlarında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 11-ci bəndinə görə, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə təqdim edilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: a) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasmm adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasmm adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasmm adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqmda xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Onun xüsusi ittiham qaydasında şikayətinin icraata götürülərək, xüsusi ittihamçı kimi tanınması və X5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması və işin məhkəmə baxışına çıxarılması, X5 barəsində AR Cinayət Məcəlləsinin 147 və 148 ci maddələrində nəzərdə tutulumuş əməllərin törədilməsində təqsirli bilinərək ona 6 ay azadlıqdan məhrum edilmə cəzası verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 bildirdi ki, tərəfindən X5 barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin qərarı ilə X5 təqsirli bilinmiş, lakin barəsində amnistiya tətbiq olunduğundan, cəzadan azad edilmişdir. O, qərardan narazı qaldığından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı, X5 şikayət təqdim edərək, şikayətdə qeyd olunanları məhkəmə zalında olan şəxslərin yanında səsləndirmiş, onun barəsində dövlət çevrilişi və dövlətə qarşı düşmənçilik ittihamlarını irəli sürmüşdür. Bundan əlavə, onun barəsində qeyri-insani və təhqiredici ifadələr işlətmiş, onun Facebook hesabında dövlət çevrilişinə çağırış etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 saylı qərarında deyilir: qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. xx.xx.2026-cı il tarixdə Apellyasiya Məhkəməsinin açıq iclasında X5 hamının eşidə biləcəyi formada onu yuxarıda qeyd edilən söz və iddialarla açıq şəkildə ittiham etmiş, qeyd edilən söz və iddiaları şikayətində göstərmişdir. Bu fakt, X4 onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığını təsdiq edir. Qeyd olunanları nəzərə alaraq, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onların barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə dair hökm çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 bildirdi ki, X3 özünün Facebook sosial şəbəkəsindəki səhifəsində dövlət əleyhinə fikirlər səsləndirmişdir. Lakin Facebook sosial şəbəkəsindəki səhifəsini silməklə və ya deaktivləşdirməklə özünü hüquqi məsuliyyətdən azad edə biləcəyini düşünür. Halbuki, silinmiş səhifənin bərpası mümkündür və həmin səhifə bərpa edilərək ekspertizaya təqdim olunduğu halda, orada yerləşdirilmiş yazıların qanunvericiliyə uyğun olub-olmaması asanlıqla müəyyən edilə bilər. Qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsində iştirak edərkən tərəfindən rəsmi şikayət təqdim edilmiş, lakin, X3 barəsində böhtan və ya təhqiredici hər hansı fikir səsləndirilməmişdir. X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi bildirdi ki, qarşı tərəf qeyd edir ki, bütün qeyd olunan hallar yalnız Bakı Apellyasiya Məhkəməsinin iclas zalında baş vermişdir. Həmçinin, sözügedən fikirlər kütləvi informasiya vasitələrində və ya sosial şəbəkələrdə səsləndirilməmişdir. Xüsusi ittiham qaydasında şikayət prosessual normalara uyğun tərtib edilməmişdir. Xüsusi ittiham qaydasında şikayət verilməsi üçün müvafiq prosessual əsaslar tələb olunur, lakin X2 şikayətində bu əsaslar mövcud deyil. Məhkəmə hesab edir ki, hər bir iş yalnız aidiyyəti məhkəmədə baxılmalıdır. Xüsusi ittiham qaydasında verilmiş şikayətin müvafiq ərazi və ixtisas yurisdiksiyasına aid olması məhkəmə prosesinin səmərəli və qərəzsiz aparılması üçün zəruri şərtdir. Xüsusi ittiham qaydasında verilmiş şikayət ilə bağlı mübahisənin aidiyyəti olmayan məhkəmədə baxılması prosessual pozuntu hesab olunur və qanunla qarşısı alınır. Bu prinsip hüquqi prosedurların şəffaflığı, tərəflərin hüquqlarının qorunması və mübahisələrin vaxtında həlli baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı X3 xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilən halların 02 fevral 2026-cı il tarixdə məhz Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında baş verdiyini bildirmişdir. İş materiallarından görünür ki, qeyd olunan hadisə Bakı şəhərinin inzibati ərazi bölgüsünə daxil olan Yasamal rayonu ərazisində yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baş vermişdir. Bu hal nəzərə alınmaqla, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə işə baxılması səlahiyyəti hadisənin baş verdiyi inzibati ərazi vahidi üzrə fəaliyyət göstərən birinci instansiya məhkəməsinə məxsusdur. Həmin ərazi üzrə birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ərazi yurisdiksiyası baxımından belə işlərə baxmaq səlahiyyətinə malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X5 tərəfindən səsləndirilən fikirlər, Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında proses iştirakçıları qarşısında irəli sürüldüyünə görə, X2 xüsusi ittiham qaydasında məhkəməyə təqdim etdiyi şikayəti müvafiq olaraq həmin məhkəmənin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayəti ərazi aidiyyəti pozulmaqla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayəti və şikayət üzrə toplanmış materiallar ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(5-101)-77/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(5-101)-77/2026
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver