Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-9/2026 26.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Naxçıvan MR Sədərək rayonu Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, Naxçıvan MR Sədərək rayonu Qaraağac ərazi dairəsi Qaraağac kəndində qeydiyyatda olmaqla, ünvan 1ana qəsəbəsi Dimitrov küçəsi ev 4 mənzil ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi-0,769 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 11 sentyabr 2025-ci il tarixdə saat 17:30-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Dimitrov küçəsi fərdi nömrəsiz evin qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi-0,769 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 3 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. 11 sentyabr 2025-ci il tarixdə günorta saatlarında ünvan 1ana qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata istifadəsi üçün şüşə kimi tanıdığı narkotik vasitəni almış və üzərində saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. 11 sentyabr 2025-ci il tarixdə saat 17:30-da Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Dimitrov küçəsi ilə piyada gedərkən bir nəfər polis geyim formasında olan şəxs ona yaxınlaşmış, özünü təqdim etdikdən sonra xidməti vəsiqəsini göstərdikdən sonra onun adını soyadını soruşmuşdur. Həmin vaxt onun cibində şüşə olduğundan o, tez bir zamanda oradan yayınmaq istəsədə, polis əməkdaşı buna imkan verməmiş bir qədər söhbət etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələri, əldə etməyi, üzərində saxlamağı və daşımaqda şübhəli olduğunu deyib Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getməyini bildirmişdir. O, da etiraz etməyərək həmin polis əməkdaşı iə birlikdə 12-ci Polis Şöbəsinə getmiş, bundan sonra şöbədə olan xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməsi xahiş olunmuş o, da başqa çıxış yolu görmədiyindən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə olan şüşəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarından biri həmin maddənin nə olduğunu və neçeyə aldığını soruşduqda o, da həmin maddənin şüşə olduğunu Yeni Ramana qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş maddə kağız zərfə qoyularaq möhürlənmiş orada olan iştirakçılarla birlikdə o, da həmin zərfin üzərini imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmiş və narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, tutularkən ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Üzərində aşkar edilmiş metamfetamin ona məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru Şahid ifadəsində göstərmişdir ki, 11 sentyabr 2025-ci il tarixdə saat 17:30-da ünvan 1ana qəsəbəsi Dimitrov küçəsində inzibati ərazidə xidmət aparan zaman bir nəfər şəxsin onu gördükdə dayandığını və istiqamətini dəyişmək istədiyi hiss edib həmin şəxsə yaxınlaşmış özünü təqdim etdikdən sonra xidməti vəsiqəsini təqdim etməklə polis əməkdaşı olduğunu deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişdir. Lakin həmin şəxs üzərində heç bir sənədinin olmamasını bildirdikdən sonra o, həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə əşya və narkotik vasitə olması onda şübhə yaratmış, bu səbəbdən də o, həmin şəxsi işlədiyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişdir. Həmin şəxsi saat 18 radələrində şöbəyə aparıb təhvil vermişdir. Həmin şəxs etiraz etməmiş və onunla birlikdə polis şöbəsinə aparılana kimi olan müddət ərzində onun tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni özündən kənarlaşdırmağa imkanı olmamışdır. Polis Şöbəsində həmin şəxsin şəxsiyyəti məlum olduqdan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs odluna təqdim olunmuş və barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş və həmin maddənin “şüşə” olduğunu Yeni Ramana qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin maddə təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunduqdan sonra imzalanmışdır. Ona verilmiş suallara cavabında göstərmişdir ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə şüşə olduğunu, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 03 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİNnin Zərflər üçün 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir(i.v. 24-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2025-ci il tarixli 3-16-16/2-6/3040 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi-0,769 qram olan ağ rəngli kristallik hissəsciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə”-in İİ siyahısına daxildir(i.v.34-36). “diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, videogörüntü “20250911_180158” adı ilə yazılmış 05 dəqiqə 12 saniyədən ibarətdir. Polis əməkdaşları və Təqsirləndirilən şəxs və onun vəkili özlərini təqdim edirlər, bundan sonra onun üzərində qanunla qadağan olunmuş əşya və predmet soruşulduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq stolun üzərinə qoyur. Həmin sellofan açldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddə aşkar olunur. Sorğu əsasında Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” olduğunu və Yeni Ramana qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş maddə qablaşdırılır möhürlənir və orada iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra ekspertizaya göndəriləcəyi bildirilir. Bununla da çəkiliş sona çatır(i.v 66-67). “maddi sübut kimi tanıma haqqında” 13 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi- 0,769 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut hesab olunmuş, tədqiqatdan sonra qalıq qalmış 0,719 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir(i.v 79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkolojl tibbi yoxlamanın 15 sentyabr 2025-ci il tarixli 5746 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır(i.v.113-114). “CD diskə baxış keçirilməsi haqqında” 21 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 25334 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir(i.v.120). “sübutların qiymətləndirilməsi haqqında” 09 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi-0,769 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq qalmış hissəsinin 13 sentyabr 2025-ci il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtraış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etdiyi şəxsin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs, şahidin ifadəsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2025-ci il tarixli 3-16-16/2-6/3040 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 senyabr 2025-ci il tarixli 5746 nömrəli rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir(i.v.139-146). İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(i.v.1). “şübhəli şəxsin tutulması haqqında” 11 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17.30-da tutulmuşdur(i.v.13). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.46-47). “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 13 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.71-73) “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 13 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.74-75,77). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Həsənli X2 MR Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 332.1-ci maddəsi 06 ay intizam xarakterli Hərbi Hissədə saxlama cəzasına məhrum edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 134, 332.2.1-ci maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilib. Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM 185.1-ci maddəsi ilə 05 ay 27 gün azadlıqdan məhrum edilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.1 bəndinə əsasən cəzadan azad edilib. Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM 234.1-ci maddəsi ilə 05 ay 28 gün azadlıqdan məhrum edilmişdir. xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilib. Sədərək rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu fiziki şəxs və cavabdeh kimi barəsində axtarış elan olunmuşdur(i.v.91-93). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3, 234.1-ci maddəsi ilə 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir(i.v 94-101). 01 noyabr 2025-ci il tarixli qərardan görünür ki, CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır(i.v 126-127). 09 dekabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(i.v 129). “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 09 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə gəlmişdir(i.v.131). “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 09 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.133-134). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(5-101)-30/2026 saylı 21 yanvar 2026cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək öz müdafiəsi üçün məhkəməyə dəlillər təqdim etməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır(CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3, 234.1-ci maddəsi ilə 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 11 sentyabr 2025-ci il tarixdə, yəni məhkumluğu ödənilməmiş törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasına münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olduğundan, onun islah olunması yalnız cəmiyyətdən tam təcrid edilməklə mümkün hesab edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar olmaması və ağırlaşdıran hallar(cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət həmin cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan edildiyi tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, başqa iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut-psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), iş üzrə maddi sübut–01 ədəd DVD və 01 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Təqsirləndirilən şəxsin barəsində hazırki iş üzrə cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, o, başqa cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(5-101)-30/2026 saylı 21 yanvar 2026-cı il tarixli qərarı ilə həbs etmənin əvvəli 19 yanvar 2026-cı il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyindən, həmin qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, başqa iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs başqa iş üzrə 19 yanvar 2026-cı il tarixdən tutulduğundan qeyd edilən hal həmin cinayət işi üzrə nəzərə alınmalı, hazırki iş üzrə təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirildiyindən, cinayət iş üzrə cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi, yəni 26 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2025-ci il tarixdən 13 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, barəsində başqa iş üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 0,719 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut-01 ədəd “DVD” və 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı sərf edilmiş 19 iş saatına görə 209 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(5-101)-9/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-9/2026
26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver