Məhkəmə qərarları › İş №1(5-103)-70/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(5-103)-70/2026

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-103)-70/2026 05.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs 24 yanvar 2026-cı il tarixdə, saat 09 radələrində ünvan 3 ünvanında tanışı Zərərçəkmiş şəxs gödəkçəsini bir neçə gün öncə yerə salmasını əsas tutaraq aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qəsdən yumruğu ilə burnundan vuraraq ona ağrı simptomu və burun tənəffüsünün pozulması ilə qeyd edilən burun sümüyünün yerdəyişən sınığı və burun beli nahiyəsində şişkinli qançır, burun beli nahiyəsində sıyrıq və boyun nahiyəsində qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəməyədək sadələşdirlmiş icraat zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, barəsində şikayətçi olan Zərərçəkmiş şəxs 10 ildir tanıyır, uzun illərdi dostluq münasibətləri mövcuddur, hər zaman münasibəti yaxşı olmuş və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Ramin ilə dəfələrlə onun yaşadığı evdə əyləşərək spirtli içki qəpul edərək evdən gətirdiyi yeməkləri yemişlər və hər zamn yaxın dost olmuşlar. Lakin yeyib içdikdən sonra yığışdırmağa və evdə səliqə yaratmağa köməklik etmədiyi üçün Ramin ona oz narazıçılığını bildirərək söyüb təhqir etmiş və bu səbəbdən aralarında söz mübahisəsi yaranmışdır. Sonuncu dəfə bir neçə gün əvvəl Ramin ilə yenidən onun evində əyləşərək spirtli içki qəbul edərək yemək yedikləri zaman Ramin qəsdən gödəkçəsini yerə salmış və bu səbəbdən aralarında söz mübahisə yaranmışdır. Raminə nə üçün gödəkçəsini bilərəkdən yerə atdığını demiş, Ramin bilərəkdən etmədiyini demiş və o, Raminin etdiyi hərəkəti etiraf etmədiyini gödüyü üçün yenidən evi yığışdırmağa köməklik etmədən çıxıb getmişdir. xx.xx.2026-cı il tarixdə saat 08:30 radələrində Raminə zəng edərək yaşadığı evə gələrək birlikdə spirtli içki qəbul etmək istədiyini demiş, lakin Ramin ona hər dəfə köməklik etmədən getdiyi üçün bərabər əyləşmək istəmədiyini demiş və bu zaman Raminə nə üçün onun gödəkçəsini bilərəkdən yerə atdığını soruşmuşdur. Ramin bilərəkdən atmadığını demiş və o, Raminə səbəbini deməsini dediyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ramin onu söyüb təhqir etmiş və bu onda artıq əsəb yaratmışdır. Raminə onunla görüşmək istədiyini demiş və Ramin onu yaşadığı evə dəvət etmişdir. xx.xx.2026-cı il tarixdə saat 09 radələrində Raminin yaşadığı evə çataraq qapını döymüş və Ramin qapını açaraq evə dəvət etmişdir. Evə daxil olduqdan sonra Raminə nə üçün onun gödəkçəsini bir neçə gün əvvəl evdə spirtli içki qəbul etdikləri zaman qəsdən yerə salmasını irad bildirdirərək nə üçün onu söyüb təhqir etdiyini demiş və Ramin əsəbləşdirdiyi üçün söyüb təhqir etdiyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı yenidən onu söyüb təhqir etmişdir. Bu səbəbdən o,anidən şillə ilə Raminin sifətindən vurmuş, sonra boynundan əli ilə tutaraq yumruqla burnundan vurmuşdur. Bu səbəbdən Ramin yerə yıxılmış və o, evi tərk edib getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirlmiş icraat zamanı dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, barəsində şikayətçi olduğu Təqsirləndirilən şəxs 10 ildir tanıyır, uzun illərdi dostluq münasibətləri mövcuddur, hər zaman münasibətləri yaxşı olmuş və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Cəfər ilə dəfələrlə onun yaşadığı evdə əyləşərək spirtli içki qəpul edərək evdən gətirdiyi yeməkləri yemişlər və hər zamn yaxın dost olmuşlar. Lakin hər dəfə Cəfər yeyib içdikdən sonra yığışdırmağa və evdə səliqə yaratmağa köməklik etmədiyi üçün O, öz narazıçılığını bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Sonuncu dəfə bir neçə gün əvvəl Cəfər ilə yenidən onun evində əyləşərək spirtli içki qəbul edərək yemək yedikləri zaman Cəfərin gödəkçəsini yerə salmış və bu səbəbdən Cəfər onunla mübahisə etməyə başlamışdır. O, bilərəkdən etmədiyini desədə Cəfər yenədə öz bildiyini demiş və hər zamanki kimi köməklik etmədən çıxıb getmişdir. xx.xx.2026-cı il tarixdə saat 08:30 radələrində Cəfər zəng edərək yaşadığı evə gələrək birlikdə spirtli içkiə qəbul etmək istədiyini demiş, lakin o, Cəfərə hər dəfə köməklik etmədən getdiyi üçün bərabər əyləşmək istəmədiyini demiş və bu zaman Cəfər ona nə üçün onun gödəkçəsini bilərək yerə atdığımı soruşmuşdur. O, bilərəkdən atmadığını desədə Cəfər yenədə bildiyini dediyi üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı Cəfəri təhqir etmişdir. Cəfər onunla görüşmək istədiyini demiş və o, Cəfəri yaşadığı evə dəvət etmişdir. xx.xx.2026-cı il tarixdə saat 09 radələrində yaşadığı evdə imiş və həmin vaxtı qapının döyülməsini eşitmişdir. Bu səbəbdən qapını açmış və Cəfərin gəldiyini görərək evə dəvət etmişdir. Cəfər evə daxil olduqdan sonra ona nə üçün onun gödəkçəsini bir neçə gün əvvəl evdə spirtli içki qəbul etdikləri zaman yerə salmağını irad bildirdirərək nə üçün onu söyüb təhqir etdiyini demiş və o, Cəfərə onu əsəbləşdirdiyi üçün söyüb təhqir etdiyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı yenidən Cəfəri söyüb təhqir etmiş və Cəfər anidən şillə ilə sifətindən vurmuş, sonra boynundan əli ilə tutaraq yumruqla burnundan vurmuşdur. Bu səbəbdən yerə yıxılmış və Cəfər evi tərk edib getmişdir. Daha sonra ayağa qalxaraq bu barədə AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Eyni zamanda bu barədə ərizə ilə Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. Məhkəmə iclasınadək Zərərçəkmiş şəxs yazılı ərizə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Bununla bağlı notarial qaydada ərizəsi vardır. Növbəti məhkəmə iclaslarında onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş 19 fevral 2026-cl il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı hansısa şikayət və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 5 (beş) iş saatı üçün 55 (əlli beş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar