Məhkəmə qərarları › İş №1(5-104)-25/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(5-104)-25/2026

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-104)-25/2026 04.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1968-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Qazax rayonu, Aslanbəyli kəndində fərdi yaşayış evində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən, yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 10 iyun 2025-ci il tarixdə saat 12:53-də B1, B, C1, C, D1, D, C1E, CE, D1E, DE sürücülük vəsiqəsi və yol vərəqi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus 65 saylı marşrut xətti üzrə hərəkət edən “OTOKAR” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtobusla Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti ilə A.Əliyev küçəsinin kəsişməsində 20 yanvar istiqamətində yolun sağ tərəfdən 1-ci hərəkət zolağında 39 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan, yəni “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunan tələblərə riayət etməyərək, hərəkətini davam etdirib, həmin prospektdə yerləşən piyada keçidindən yolu sol tərəfdən sağ tərəfə keçən piyada Zərərçəkmiş şəxs yolun sağ tərəfdən 1-ci hərəkət zolağında avtobusun qabaq hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan ona baş beyin əzilməsi, baş beyin qişaları altın və maddəsinə qansızmalar, Vİİ boyun fəqərəsinin cisminin sınığı, sağ ciyərin cırılmış yaraları, hər iki ağ ciyərin əziyi, döş sümüyünün, sağ tərəfli İl-lİl-lV-V-Vİ-Vİİ, sol tərəfli l-ll-lll-İV-V-Vİ qabırğaların travmatik sınıqları, qabırğalararası əzələlərə qansızmalar, bədənin qançır və sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs baş beyin əzilmısi, baş beyin qişaları altın və maddəsinə qansızmalar, sağ ağciyərin cırılmış yaraları, döş sümüyünün, sağ tərəfli İl-lİl-lV-V-Vİ-Vİİ, sol tərəfli l-ll-lll- İV-V-Vİ qabırğaların travmatik sınıqları ilə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, avtobus sürücüsüdür və "xxxx" MMC şirkətində Bakı şəhər daxilində sərnişin daşıma avtonəqliyyat vasitəsini idarə edir. Dəqiq xatırlamadığı tarixdə, saat 12:00 radələrində o, idarə etdiyi avtobusla təyin olunan marşrust xətti ilə hərəkət etməyə başlamışdır. Yasamal rayonu, Tiblisi prospekti ilə A.Əliyev küçəsinin kəsişməsində 20 yanvar istiqamətində hərəkət zolağında 30-35 km sürətlə avtobuslar üçün nəzərdə tutulan zolaq ilə hərəkət edirmiş. Hərəkət etdiyi yolda piyada keçidinə çatdığı zaman sfetoforun yaşıl işığının yandığını görüb sürətini edirmədən hərəkətinə davam etmişdır. Lakin avtonəqliyyat vasitəsini idarə edərkən anidən qarşısın iki nəfər piyada çıxmış, həmin piyadalardan biri avtobus gəldiyini görüb öz hərəkətini dayandırmış, o isə həmin şəxsin dayandığını görüb sürətini dəyişmədən hərəkətinə davam etmişdir. Dayanan piyadanın hərəkəti onu çaşdırdığı üçün o, digər piyadanın da öz hərəkətini dayandıracağını güman etmişdir. Lakin həmin piyadanı görmədiyinə görə avtobusun sol tərəfi ilə həmin şəxsi vurmuş və həmin an piyada yerə yıxılmışdır. Piyadanı vuran zaman dərhal nəqliyyat vasitəsini dayandırıraraq avtobusdan yərə enmişdir. Piyadaya ilkin yardım göstərmək məqsədi ilə ona yaxınlaşmış və həmin zaman Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə piyada avtomobilə əyləşdirilərək Kliniki tibbi mərkəzinə aparılmışdır. Bir az sonra o da piyadanın ardınca həmin xəstəxanaya gəlmişdir. Lakin vurduğu piyada dünyasını dəyişmişdir. Yekun olaraq o əməlindən peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsini törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Qanuni nümayəndə ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, onun mobil telefonuna xəstəxanadan zəng gələrək atası Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı vurulduğu bildirilmişdir. O, xəstəxanaya gəlmiş, bir müddət sonra isə atasının dünyasını dəyişməsi ona bildirilmişdir. Onun atasını vuran avtobus sürücüsü Təqsirləndirilən şəxs ilə bu vaxta kimi heç bir ədavət və düşmənçilikləri olmamışdır. Hadisə ehtiyatsızlıq ucbatından baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/32588 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v. 5) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtobusla vurulma hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti ilə A.Əliyev küçəsinin kəsişməsində 20 yanvar istiqamətində yolun sağ tərəfdən 1-ci hərəkət zolağında baş verməsi müəyyən edilmişdir. (i.v. 12-20) "xxxx" MMC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, 01 iyun 2025-ci il tarixdən 15 iyun 2025-ci il tarixədək “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtobus idarə edilməsi üçün Təqsirləndirilən şəxs verilmişdir. (i.v. 21) xx.xx.2022-ci il tarixli BD seriyalı 039579 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C, D1, D, C1E, CE, D1E, DE” kateqoriyalı sürücüdür. (i.v. 22) “Maddi sübut kimi tanımaq haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “OTOKAR” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınmaqla, sahibi "xxxx" MMC-yə təhvil verilmişdir. (i.v. 24) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx.xx.2025-ci il tarixli, 61 saylı ekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: -Baş beyin əzilməsi. Baş beyin qişaları altın və maddəsinə qansızmalar. -Vİİ boyun fəqərəsinin cisminin sınığı. -sağ ağciyırin cırılmış yaraları. Hər iki ağciyərin əziyi. Döş sümüyünün, sağ tərəfli İİ- 11l-lV-V-Vİ-Vİİ, sol tərəfli l-ll-lİl-lV-V-Vİ qabırğaların travmatik sınıqları. Qabırğalar arası əzələlərə qansızmalar. -Bədənin qançır və sıyrıqları.

2. Qeyd edilən xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölmündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqələr vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarda təsviri hissəsində göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür.

3. Zərərçəkmiş şəxs ölmünün səbəbi - baş beyin əzilməsi, baş beyin qişaları altın və maddəsinə qansızmalar, sağ ağciyərin cırılmış yaraları, dğş sümüyünün, sağ tərəfli İ l-l İ l-lV-V-Vİ-Vİİ, sol tərəfli l-l l-l İ l-l V-V-Vİ qabırğalarının travmatik sınıqları nəticəsində baş verən travmatik-hemorragik şok olmuşdur.

4. Zərərçəkmiş şəxs ölümü “X4 X5də xx.xx.2025-ci il tarixdə saat 15:40-də baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur.

5. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 27-34) “Diskə baxış keçirilməsi haqqında” 04 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 01 (bir) ədəd “DVD” fomatlı disk ağ rənglidir. Həmin disk Yasamal RPİ-nin inzibati binanın 403 saylı iş otağımda olan kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd video fayl aşkar olundu. Baxış zamanı məlum olmuşdur ki, həmin video faylda əks edilmiş görüntülər Təhlükəsizlik Şəhər Xidmətinin TŞ-3-090 nömrəli videomüşahidə kamerasının xx.xx.2025-ci il tarixdə saat 12:50-dən 13:00-dək qeydə alınır. Videoçəkilişdən görünür ki, görüntü kamerası Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti ilə A.Əliyev küçəsinin kəsişməsində yerləşir və həmin ərazini əks etdirir 12:53 dəqiqə Yasamal rayonu, Tiblisi prospekti ilə A.Əliyev küçəsinin kəsişməsi ilə üzü 20 yanvar metrostansiyası istiqamətində açıq çəhrayı rəngli “Otokar” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı sərnişin daşıyan avtobus hərəkət edir, irəlidə piyada keçidini keçən piyada qismində şəxs anidən yolu soldan sağ tərəfə keçən piyadanı vurması əks olunur. (i.v. 37) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 48-49) “Diskə baxış keçirilməsi haqqında” 16 iyul 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşına 03 ədəd “65- 99J0979 xx.xx.2025 Hadisə ön kamera”, “65- 99J0979 xx.xx.2025 Hadisə sürücü kamera” və “65- 99J0979 xx.xx.2025 Hadisə yan kamera” adlı video-görüntü əlavə edilmişdir. “65- 99J0979 xx.xx.2025 Hadisə ön kamera” adlı video-görüntünü açdıqda müəyyən edilmişdir ki, videogörüntü 01 dəqiqədən ibarətdir, 10 iyun 2025-ci il tarixdə saat 12:53:35-dən 12:54:35-ə qədər olan müddət ərzində hərəkətdə olan avtobusun ön müşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Avtobus saat 12:53:35-də hərəkətə davam edir və hərəkət sürəti həmin anda 34.5 km/saatdan başlayaraq, saat 12:53:40-a qədər 38 km/saatadək yüksəlir. Saat 12:53:41-də avtobusun qabaq hissəsi yolu soldan sağa keçən bir nəfər piyadaya dəyir və həmin piyada yerə yıxılır. Piyada vurulduğu andan dərhal sonra avtobusun hərəkət dayandırır, bir neçə saniyədən sonra avtobusun içəsindəki sərniçinlərin düşməsi, bundan sonra ətrafda olan polis əməkdaşları və digər şəxslərin avtobusa yaxınlaşmaları müşahidə olunur. “65- 99J0979 xx.xx.2025 Hadisə sürücü kamera” adlı video-görüntünü açdıqda müəyyən edilmişdir ki, video-görüntü 30 saniyədən ibarətdir, 10 iyun 2025-ci il tarixdə saat 12:53:34-dən 12:54:04-ə qədər olan müddət ərzində avtobusun salon hissəsində olan və sürücü hissəsini qeydə alan müşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Avtobus saat 12:54:04-də hərəkətə davam edir sürəti həmin andan 34.4 km/saatdan başlayaraq, saat 12:53:40-a qədər 39.2 km/saatadək yüksəlir. Saat 12:53:43-də sürücünün avtobusun hərəkət sürətini azaldaraq tormozlayıb dayandırması, həyəcan keçirməsi, bundan sonra ətrafda olan şəxslərin avtobusa yaxınlaşmaları, sürücünün isə avtobusun yan şüşəsindən aşağı tərəfə baxması müşahidə olunur. “65- 99J0957 xx.xx.2025 Hadisə yan kamera” adlı video-görüntünü açdıqda müəyyən edilmişdir ki, video-görüntü 30 saniyədən ibarətdir, 10 iyun 2025-ci il tarixdə saat 12:53:30-dan 12:54:00-a qədər olan müddət ərzində avtobusun sol yan hissəsində olan və yolun hərəkət hissəsini qeydə alan müşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Saat 12:53:30-dən 12:53:43-ə qədər avtobusun hərəkət sürəti 39.2 km/saatadək yüksəlir. Saat 12:53:43-də avtobusun dərhal sonra hərəkət sürətinin azalaraq tormozlanması müşahidə olunur. (i.v. 60) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 02 avqust 2025-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş X6 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 039579 nömrəli «BCDCE DE» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 67) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 dekabr 2025-ci il tarixli 8/2640 saylı, rəyindən görünür ki, “Otokar” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 80-83) “Sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2026-cı il tarixli qərardan görünür ki, 02 ədəd DVD disk iş üzrə sübut növü kimi qəbul olunmuş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 135-142) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Qətimkan tədbiri seçilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. (i.v. 115) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci madəsi ilə təqsirli bilinərək 02 il müddətinə şərti sınaq müddəti müəyyən edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 132-133) M/V seriyalı 080573 nömrəli Azərbaycan Respublikasının Müharibə veteranı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. 14 fevral 2026-cı il tarixli A-007/26 nömrəli xasiyyətnamədən görünür ki, işlədiyi müddət ərzində o özünü işgüzar, bacarıqlı, yüksək səviyyəyə malik işçi kimi göstərmişdir. Ona həvalə edilmiş bütün işləri vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Vicdanlı və keyfiyyətli işi ilə rəhbərliyin rəğbətini qazanmışdır. Qanuni nümayəndə tərəfindən verilmiş 04 mart 2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin yaxın qohumu olan hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, müharibə veteranı olmasını və iş yerində müsbət xarakterize edilməsini Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “OTOKAR” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtobusun "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmaldır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Maddi sübut “Otokar” (minik) markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddis übut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar