Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-104)-40/2026 18.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs 04 fevral 2026-cı il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllə, ev 10 ünvaıında olarkən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ilə borcunu qaytarması ilə bağlı onunla kobud danışması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı əsəbiləşərək Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs üz nahiyyəsinə 1 dəfə yumruq zərbəsi vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün alt göz qapağının qançırı, sol gözaltı-almacıq nahiyyəsinin qançır-şişkinliyi yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxslə biryerdə işləyir, avtomobil dayanacağında nəzarətçi kimi çalışırlar. Ondan borc pul almışdı, demişdi bir-iki günə qaytaracaq. Sonra aralarında münaqişə yarandı və ona vurdu. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Onun pulunu qaytarmışdır. Əməlindən peşmandır. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nicat ondan 20 manat pul istəmişdi, o da verdi. Dedi ki, 1-2 günə pulunu qaytaracaq. Sonra ondan pulunu istəyəndə dedi ki, indi qaytara bilmir, bir-iki günə qaytaracaq. Sonra pula ehtiyacı olduğu üçün yenidən ondan pulunu tələb edəndə aralrında mübahisə yarandı və Nicat ona bir dəfə yüngül formada vurdu. O da polisə məlumat verdi. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, nəzərə almağı xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 98 saylı, xx.xx.2026-cı il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxsnın bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün alt göz qapağının qançırı, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixatiriya Xəstəxanası” X6 tərəfindən təqdim edilmiş, xx.xx.2026-cı il tarixli 3-28-29/2- 1337/2026 saylı məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixatiriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarında olan Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(5-104)-305/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin N.Yəhyayev tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət qanunu ilə nəzərdə tutulmuş əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında 5 növ cəza yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2026cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, vurulmuş ziyanı tam ödəmiş və əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Bu hallar Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Bununla yanaşı, məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən belə kateqoriyalı cinayətlər üzrə zərərçəkmiş şəxslə barışıq əldə edildikdə və ziyan tam ödənildikdə şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Lakin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni əsasla cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu əsaslarla yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Bu səbəbdən, təqsirləndirilən şəxsin yenidən barışıq əsasında cinayət məsuliyyətindən azad edilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan mümkün hesab edilmir və ona cəza təyin olunmalıdır. Məhkəmə həmçinin nəzərə alır ki, törədilmiş əməl az ağır cinayətlər kateqoriyasına aiddir, ictimai təhlükəlilik dərəcəsi yüksək deyildir və təqsirləndirilən şəxsin islah olunması cəmiyyətdən təcrid edilmədən də mümkündür. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü – islah işləri cəzasının təyin edilməsi ədalətli, qanuni və məqsədəuyğundur. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(5-104)-40/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(5-104)-40/2026
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver