Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-104)-7/2026 03.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 01 oktyabr 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mehdi Hüseynzadə parkında xx.xx.2012-ci il təvəllüdlü zərərçəkmiş Zərərçəkmiş şəxs1 məktəbli çantasını parkda olan oturacağa qoyub futbol oynadığını və sonuncunun onu görmədiyini tam əmin olduqdan sonra çantanın içərisindən Zərərçəkmiş şəxs1 istifadə etdiyi və anası Zərərçəkmiş şəxs2 məxsus üzərində 10 manat dəyərində “Azerfon” mobil operatoruna aid ***-***-**-** mobil nömrəsi olan bir ədəd 256 GB yaddaş həcmli 3000 manat dəyərində «İphone-16 Pro Max» markalı mobil telefonunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3010 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 oktyabr 2025-ci il tarixdə saat 14 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, 60 saylı məktəbin qarşısında yerləşən Mehdi Hüseynzadə parkında olarkən azyaşlı uşaqların parkda futbol oynadıqlarını, bir qədər aralıda isə oturacağın üstündə məktəbli çantasını gördüyünü, heç kəsin onu görmədiyini, lakin əmin olduqdan sonra çantanı açıb içəridə bir ədəd «İphone 16 PRO MAX» markalı mobil telefon gördüyünü, bir daha onu heç kəsin görmədiyinə əmin olduqdan sonra çantadan həmin telefonu çıxarıb telefonu oğurladığını və çantanı 3-4 metr aralı səkiyə atıb oradan uzaqlaşdığını bildirmişdir. Statistika Komitəsinin yaxınlığına çatdıqda telefon alqı-satqısı ilə məşğul olan Şahid zəng etdiyini, sonuncuya satılası telefon olduğunu, daha sonra Vasiflə 3cü mikrorayon dairəsində görüşdüyünü və oğurladığı telefonu sonuncuya göstərərək telefonu oğurladığını bildirmişdir. Vasif telefona baxdıqda telefonun ekranının çatlaq olduğunu, həmin telefonu ehtiyyat hissələrinə bölüb satacağını və telefon oğurluqdursa həmin telefonu 25 manata ala biləcəyini demişdir. O da həmin telefonu 25 manata Vasifə satmışdır. 11 oktyabr 2025-ci il tarixdə onu polis əməkdaşları 27-ci polis bölməsinə aparmışlar və o, orada oğurluq etməyini etiraf etmişdir. Verilən suallara cavab olaraq iş tapa bilmədiyi və maddi imkanı zəif olduğu üçün cinayət törətdiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. 01 oktyabr 2025-ci il tarixdə saat 15:00 radələrində oğlu Renad evə gəlib ona məlumat vermişdir ki, sinif yoldaşları ilə oxuduğu 60 saylı məktəbin qarşısında yerləşən Mehdi Hüseynzadə parkında futbol oynamış, oynamamışdan qabaq məktəbli çantasını parkda olan oturacağa qoymuş, oyundan sonra çantanın yerində olmadığını görmüş, sonra çantanı tapmış və çantanı açıb içərisinə baxdıqda bir ədəd 3000 manat dəyərində olan «İPHONE» Pro MAX 16» markalı mobil telefonun oğurlandığını görmüşdür. Oğlu Renad ona bu barədə məlumat verdikdən sonra o, qardaşı Rasimə müraciət etmiş, sonuncu bu barədə polisə məlumat vermiş, bundan sonra o, Yasamal RPİ-nin 27-ci Polis şöbəsinə gələrək bu barədə ərizə yazmışdır. Bir müddətdən sonra onlara polisdən xəbər vermişlər ki, telefonu oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Həmin mobil telefonu oğluna o, 2025-ci ilin iyul ayında Kontakt Home mağazasından 3000 manata alımışdır, telefonda eyni zamanda ***-***-**-** nömrəsi də olmuşdur, həmin nömrə də 10 manata alınmışdır. Telefonun yaddaş həcmi isə 256 GB olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, mobil telefon onlara qaytarılmışdır, odur ki, iş üzrə heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2006-cı ildən 2025-ci ilin avqust ayına kimi Bakı şəhəri 3-cü mikrorayon dairəsinin yaxınlığında telefon alqı-satqısı ilə məşğul olmuşdur. Həmin mağaza təmirə bağlandığı üçün işini dayandırmışdır. Təqsirləndirilən şəxs 3-4 ildir ki, tanıyır. Belə ki, sonuncu tez-tez işlədiyi mağazanın yaxınlığında yerləşən mağazaya gəlib getmiş, bu səbəbdən onu tanımışdır. 2025-ci ilin oktyabr ayının 1-də Sadiq ona zəng edərək demişdir ki, satılası «İPHONE» markalı mobil telefon var, həmin telefon övladının telefonudur, hazırda həmin telefonu satmaq istəyir. Belə ki, övladı telefonu iclouda saldığı üçün telefon işləmir. O da Sadıqa demişdir ki, gətirib göstərsin. Sonra o, Sadıqla 3-cü mikrorayon dairəsinin yaxınlığında görüşmüşdür. Telefona baxdıqda görmüşdür ki, ekranı çatlayıb, telefon da iclouddadır. Ona görə də almaqdan imtina etmişdir. Belə olan halda Sadıq rayona getmək istədiyini, lakin pulu olmadığını bildirməklə telefonu satmaqda israrlı olduğunu deyərək xahiş etmişdir ki, telefonu o, alsın. Həmin vaxt onun üstündə 25 manat pul olmuşdur. Sadıq ona demişdir ki, 25 manatı versin, qalanını yəni 25-30 manatını da rayondan gələndən sonra verər. O da fikirləşmişdir ki, həmin telefonu ehtiyyat hissələrə ayırıb satar. Sonra o, Sadıqa 25 manat pul vermiş və telefonu götürmüş, bir neçə gündən sonra Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları onunla görüşüb onu şöbəyə dəvət etmişlər. Daha sonra o, Sadıqın ona satdığı həmin telefonu polis əməkdaşlarına təqdim etmiş, bu barədə protokol tərtib edərək telefonu qəbul etmişlər. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 60 saylı məktəbin 7ci sinif şagirdidir. 01 oktyabr 2025-ci il tarixdə saat 14:00-da dərsdən çıxıb sinif yoldaşları ilə birlikdə məktəbin qarşısında yerləşən Mehdi Hüseynzadə parkına gəlib futbol oynamağa başlamışlar, məktəbli çantasını isə parkda olan oturacağa qoymuş, çantanın içərisində ona məxsus və 3000 manat dəyərində olan «İPHONE Pro MAX 16» markalı telefon olmuş, təxminən 10-15 dəqiqə futbol oynadıqdan sonra 10-cu sinifin şagirdləri onlara yaxınlaşıb demişlər ki, «siz gedin bir az biz oynayaq sonra gələrsiz». O, çantanı qoyduğu oturacağa yaxınlaşdıqda çantanın orada olmadığını görmüş, sinif yoldaşı Ömər Nəsibov ona yaxınlaşıb çantanı oturacaqdan bir az aralıda olan səkidə tapdığını bildirmişdir. O, həmin vaxt çantadan mobil telefonunu götürmək istəyəndə görmüşdür ki, mobil telefonu yoxdur və telefonun oğurlandığını aşkar etmişdir. O, bu barədə anasına xəbər vermiş, anası isə dayısı Rasimə xəbər vermiş, az sonra dayısı Rasim onlara gələrək polisə mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Bir müddətdən sonra onlara polisdən xəbər vermişlər ki, telefonunu oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs1 eyni zamanda göstərmişdir ki, həmin telefonu ona anası Günay 2025-ci ilin iyul ayında Kontakt Home mağazasından 3000 manata hədiyyə almışdır. Telefonun içərisində 10 manatlıq 77-803-15- 61 nömrə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Ya.amal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı Mahir Məhərrəmov tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1-də yerləşən Mehdi Hüseynzadə adına istirahət parkında vətəndaşların istirahəti üçün yaradılmış yaşıllıq müşahidəolunur, parkın ərazisində oturacaqlar, mərkəzdə Mehdi Hüseynzadənin abidəsi, parkın sağ tərəfində 60 saylı tam orta məktəb yerlışir. Hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və hadisə yerinin müayinəsində iştirak edən Zərərçəkmiş şəxs1 çantanı qoyduğu yeri göstərmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 8-12). “Könüllü təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnikleytenantı X1 icraatında olan HK-1/1537 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu xx.xx.1984cü ildə Cəlilabad rayonunda anadan olmuş, AR-sı vətəndaşı, işsiz, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq massivi, Yeni Tikililərdə yaşayan Şahid iştirakı ilə o, 1 ədəd «İphone-16 Pro Max» mobil telefonu təqdim edərək həmin telefonu tanışı X2 25 manata aldığını bildirdi. Baxış zamanı aşağıdakılar müəyyən edildi. Həmin mobil telefon qara rənglidir, telefonun yaddaşı 256GB olmaqla üzərində hər hansı bir zədə aşkar edilmədi. Həmin telefon mühüm əhəmiyyət kəsb etdiyindən götürüldü (i.v. 20-21). “Əşyanın tanınması haqqında” 19 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, «İphone 16 PRO MAX» markalı mobil telefon digər telefonlar arasında zərərçəkmiş X7 tanınması üçün təqdim edilmiş, o, həmin telefonların arasından ona məxsus «İphone 16 PRO MAX» markalı telefonu tanımışdır (i.v. 71). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 19 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, «İphone-16 Pro Max» mobil telefonun ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilməsi və saxlanması üçün qəbzlə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 verilməsi qərara alınmışdır (i.v. 73). “İnternet üzərindən mobil telefon qiymətinin çıxarılması haqqında” 20 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis polkovnik-leytenantı X4 icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü bir ədəd yaddaş həcmi 256 GB olan «İphone-16 Pro Max» mobil telefonun 01 oktyabr 2025-ci il tarixə qiymətini müəyyən etmək üçün istifadəsində olan kompüter üzərindən «Kontakt Home» şirkətinin rəsmi saytına daxil olmuşdur. Həmin saytda qeyd edilən mobil telefonun qiyməti 01 oktyabr 2025-ci il tarixdə 2940 manat olduğu müəyyən olundu. Həmin qiymət barədə çıxarış printer vasitəsi ilə çıxarılaraq protokola əlavə edildi (i.v. 75-76). 24 dekabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında olan ziddiyyəti aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs ilə Şahid arasında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq edərək talamış olduğu «İphone 16 PRO MAX» markalı mobil telefonun oğurluq olduğunu və həmin telefonu 25 manata Şahid satdığını bir daha sonuncunun üzünə qarşı söyləmişdir (i.v. 113-114). “Toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” 24 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.1-ci maddələri ilə ittiham elan edilməməsi və bu barədə cinayət işindən materialın ayrılaraq saxlanması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi, Şahid barəsində cinayət işindən Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə material ayrılması, Zərərçəkmiş şəxs1 məxsus «İphone 16 PRO MAX» markalı mobil telefonun qiyməti artıq göstərildiyinə görə 3000 manat və həmin telefonda olan 10 manatlıq nömrə talandığı üçün Zərərçəkmiş şəxs1 3010 manat zərər yetirilməsinin əsas götürülməsi, Təqsirləndirilən şəxs çantanın oğurlanması ilə bağlı ittiham verilməməsi, maddi sübut olan 1 ədəd «İphone 16 PRO MAX» markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınması, zərərçəkmiş şəxsin adının Renad, atasının adı Nurlanoviç, təqsirləndirilən şəxsin adının isə Sadıq kimi oxunması, cinayət işi üzrə 1 ədəd «İphone 16 PRO MAX» markalı mobil telefonun götürülməsi haqqında protokol, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, tanınma haqqında protokolun cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v.115-120). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 11 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2025-ci il tarixdə, saat 17:40-da tutulmuşdur (i.v. 34). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 4(004)-785/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 53-55). Zərərçəkmiş şəxs2 tərəfindən Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Əşrəf Yusifzadəyə verilmiş qəbzdən görünür ki, o, oğlu Zərərçəkmiş şəxs1 məxsus “İphone-16 Pro Max” mobil telefonu qəbul etmişdir (i.v. 74). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 10 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə AR Milli Məclisin Amnistiya haqqında qərarının 2.4-cü bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmiş, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 78- 80). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 1(005)- 114/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 01 avqust 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi hökm edilmişdir (i.v. 82-91). Zərərçəkmiş şəxs2 tərəfindən Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Əşrəf Yusifzadəyə verilmiş qəbzdən görünür ki, o, oğlu Zərərçəkmiş şəxs1 məxsus “İphone-16 Pro Max” mobil telefonu qəbul etmişdir (i.v. 137). Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 adında övladları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 177-ci maddəsi ilə müxtəlif vaxtlarda dəfələrlə məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi, həmçinin Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını (AR CM 59.2-ci), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (AR CM 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması (CM- 61.1.1) və cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı olan şəxsə qarşı törədilməsini (CM-61.1.7) cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilmədən 01 oktyabr 2025-ci il tarixdə yenidən qəsdən cinayət törətmiş və əməlində residiv yaranmışdır. Qanunvericiliyə görə residiv, şəxsə təyin olunan cəzanı ağırlaşdıran hüquqi nəticə doğurur. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi təqsirləndirilən şəxs əməlini aşkar surətdə azyaşlı olan (xx.xx.2012-ci il təvəllüdlü) şəxsə qarşı törətmişdir ki, bu da ikinci ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. Bu hallar göstərir ki, təqsirləndirilən şəxs cəzanın tərbiyəvi təsirindən nəticə çıxarmamış, əksinə, sosial ədalət prinsiplərini pozmaqla cəmiyyət üçün təhlükəli davranış xəttini davam etdirmişdir. Lakin cəzanın təyin edilməsində yalnız ağırlaşdırıcı halın mövcudluğu ilə kifayətlənmək mümkün deyil, çünki CM-nin 58-ci maddəsinə əsasən, məhkəmə cəzanı təyin edərkən həm yüngülləşdirən, həm də ağırlaşdıran halların məcmusunu nəzərə almalı, cəzanı ədalətli şəkildə fərdiləşdirməlidir. Qeyd edilənlərlə birlikdə, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olması, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi kimi yüngülləşdirici hallar nəzərə alınmaqla, ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bu, həm yüngülləşdirici hallara ədalətli yanaşmanı təmin edəcək, həm də onun davranışında formalaşmış cinayətkar vərdişlərin aradan qaldırılmasına xidmət edəcəkdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs evlidir və himayəsində iki uşaq vardır. Belə ki, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə üzvlərinin, xüsusilə də yetkinlik yaşına çatmayan uşaqlarının sosial, mənəvi və maddi vəziyyətinə müəyyən təsir göstərə biləcəyi də nəzərə alınmalıdır. Bununla da məhkəmə hesab edir ki, əvvəlki cəzanın məqsədinə tam nail olunmaması, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən xüsusiyyətlər, cəzanın ailəsinə təsiri, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə residivə görə cəzanın təyin edilməsi qaydası nəzərə alınmaqla, təqsirləndirilən şəxsin islahı və yeni cinayətlərin qarşısının alınması məqsədilə daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla minimum həddə yaxın azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ədalət və hümanizm prinsipinə, cəzanın fərdiləşdirilməsi prinsipinə və cəzanın məqsədlərinə xidmət edəcəkdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “İphone 16 Pro Max” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “İphone 16 Pro Max” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “24 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(5-104)-7/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(5-104)-7/2026
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver