Məhkəmə qərarları › İş №1(5-105)-20/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(5-105)-20/2026

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(5-105)-20/2026 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Ehtibar oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Melisa Park yaşayış komleksində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə, çəkisi 0,632 (altı yüz otuz iki) qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 (on) manat müqabilində əldə edib Abşeron rayon ərazisinə daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə isə Abşeron rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Kristal Abşeron-2 yaşayış kompleksinin yaxınlığında saxlanılaraq, orada həmin gün saat 16:55-dən 16:58-dək videoçəkilişlə üzəri yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 0,632 (altı yüz otuz iki) qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etmiş və bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 10 (on) manat müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetamin alıb özü istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə nahardan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksinin yaxınlığında iki nəfər onu saxlamış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitə, psixotrop maddə əldə edib saxlayıb daşımaqda şübhəli olduğu üçün saxlanıldığını, ona görə də videoçəklişlə üzərində yoxlama keçiriləcəyini bildirmişlər. Ona şübhəli şəxsin hüquq və vəzifələri, saxlanıldığı andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir sənəd, vasitə predmet və ya əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üstünü yoxlamış üstündən özünün təqdim etdiyi bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetamdən başqa heç nə aşkar olunmamışdır. Təqdim etdiyi bir bükümdə olan metamfetamini Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 (on) manat pul müqabilində alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən götürülərək boş zərfə qoyulmuş, zərf möhürlənmiş və zərfin üzərini imzalamışdırlar. Saxlanılaraq üzərinə baxış keçirilməsi vedeoçəkilişlə aparılmış, bundan sonra Abşeron RPİ-yə dəvət olunmuşdur. Abşeron RPİnin inzibati binasında üzərində yoxlama keçirilməsi barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Saxlanılarkən üstündə yoxlama keçirlən zaman Abşeron RPİ-yə gətirildikdə və orada olduğu müddətdə ona qarşı heç bir təziq göstərilməmişdir. O, sonda əməlindən peşman olduğunu və barəsində xx.xx.2025-ci il tarixli amnistiya aktının tətbiq ediləməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 20/884 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs…» sözlər və imzalar olan kağız paketdə şəffaf selloan kəsiyi bükümündə təmiz çəkisi 0,632 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr"in siyahısına daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 6145 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əkbərli X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək barəsində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,582 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:59-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həmin tarixdə sonuncu Abşeron RPİnin MSY-dən azad edilmişdir. xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, sonuncu Vətən Müharibəsi iştirakçısıdır, əməlindən peşman olduğunu bildirmiş və barəsində amnistiyanın tətbiq olunmasını, cinayət təqibinə xitam verilməsini mhkəmədən xahiş etmişdir. Məhkəmənin elektron sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsi (İİ Qarabağ müharibəsi) iştirakçısıdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd olunan Qanunun 1.0.8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir, 1.0.10-cu bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 6-bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslandırılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin etirafedici ifadəsi, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla) cəzadan azad edilirlər. Həmin Qərarın 5.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən CPM-in 39.1.12-ci maddəsinə əsasən şəxsin barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilir. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Abşeron RPİnin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,582 (beş yüz səksən iki) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış ekspertizanının xərci – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 (on bir) manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarının 1.2 və 5.1-ci bəndləri tətbiq edilərək xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş materiallarında olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,582 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 (on bir) manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elvin Teymur-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar