Məhkəmə qərarları › İş №1(5-105)-42/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(5-105)-42/2026

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(5-105)-42/2026 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Yenikənd ərazi dairəsi, Yenikənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 yanvar 2026-cı il saat 15:50 radələrində qeyri-rəsmi ərarvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində xx.xx.2024-cü il təvəllüdlü azyaşlı övladları X4 qızının ona məxsus mobil telefon cihazını götürdüyünü görüb qışqırarkən Aysel Qurbanovanın buna görə ona etiraz etməsi zamanı aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla əlaqədar mübahisə baş verdikdə o, həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əvvəlcə əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş, qol və bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub Zərərçəkmiş şəxs onun həmin zərbələrinin təsirindən yerə yıxılmasına səbəb olmaqla, yerdə də ayaq (təpik) zərbələri ilə sonuncunun baş nahiyəsinə vurub, ardınca qəsdən əlləri ilə bədən hissəsindən tutub sürüyərək, Aysel Qurbanovaya sağ gicgah və alın nahiyəsinin sol tüksüz hissəsindən sol almacıq nahiyəsinədək geniş sahəli ağrılı və şişkin olan hematomaları (dərialtına qansızmaları), sol çiyin qurşağının və sol diz oynağı nahiyəsinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Aysel ilə avqust ayından qeyri- rəsmi ər-arvad münasibətində yaşayırdı, bu münasibətdən 2024-cü il təvəllüdlü qızı X2 doğulmuşdur. Ailə həyatı qurduqdan sonra aralarında ara-sıra mübahisələri olmuşdur. 07 yanvar 2026-cı il tarixdə saat 15:50 radələrində yaşadığı ünvanda olan zaman qızı Cəmilə ona məxsus mobil telefonu götürmüş, o da buna əsəbiləşib qızının üstünə qışqırmşdır. Aysel həmin vaxt ona övladının üstünə qışqırdığı üçün öz iradını bildirmiş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. O, mübahisə zamanı əsəbiləşib Ayselin üzərinə getmiş və əl, yumruqla onun sifət, baş, qol və bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Aysel onun vurduğu zərbələrin təsirindən yerə yıxılmışdır. Aysel yerdə olan zaman təpiklə onun baş nahiyyəsinə də vurmuş, sonra isə uşaq ağladığı üçün kənara çəkilib uşağı götürüb sakitləşdirmişdir. Aysel ayaq üstə durduqdan sonra o evdən çıxıb getmiş və təxminən 20 dəqiqə sonra evə qayıdan zaman Ayselin evdən çıxıb getdiyini aşkar etmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəklmiş şəxsə tərəfindən dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2023-cü ilin avqust ayından qeyri-rəsmi ər-arvad münasibətində yaşayırdı, bu münasibətdən 2024- cü ilin may ayının 17-də qızı X3 doğulmuşdur. Ailə həyatı qurduqdan sonra aralarında ara-sıra mübahisələri olmuşdur. Zakir hər adi bir məsələyə görə onunla mübahisə edirdi, ona kiminləsə xəyanət etməsində günahlandırırdı. xx.xx.2026-cı il tarixdə saat 15:50 radələrində yaşadığı ünvanda olan zaman azyaşlı övladı Cəmilə Zakirin mobil telefonunu əlinə götürmüş, Zakir də buna görə əsəbiləşib qızının üstünə qışqırmışdır. O, həmin vaxt Zakirə buna görə öz iradını bildirmişdir. Zakir də əsəbiləşərək onun üzərinə getmiş və əl, yumruq zərbələri ilə onun sifət, baş və qol nahiyyələrinə vurmuşdur. O, aldığı zərbələrin təsirindən yerə yıxılmış, yerdə olarkən Zakir yenə də hərəkətlərini davam edərək təpiklə onun baş nahiyyəsinə vuraraq, əlləri ilə bədən hissəsindən tutub yerdə sürümüşdür. Həmin vaxt özünü pis hiss etdiyi üçün Zakir ondan aralanıb bir neçə dəqiqə sonra isə evdən çıxıb getmişdir. Bundan sonra o,özü də evdən çıxıb getmişdir. Baş vermiş mübahsə və münaqişənin 4-5 dəqiqə davam etmiş, həmin vaxt yanlarında başqa şəxsin olmamış, mübahisə zamanı Zakirə müqavimət göstərməmiş və onu vurmamış, şikayət və tələbi Təqsirləndirilən şəxs onu döyüb xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2026-cı il tarixli 93 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər- sağ gicgah və alın nahiyəsinin sol tüksüz hissəsindən sol almacıq nahiyəsinədək geniş sahəli ağrılı və şişkin olan hematomaları (dərialtına qansızmaları), sol çiyin qurşağının və sol diz oynağı nahiyəsinin sıyrıqları küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxsnm bədəni üzərində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, zərərçəkənin qeyd etdiyi müddətdə vəşəraitdə insan bədəninin hissələri (əl, yumruq, ayaq vəs.) təsirindən əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən 09 saata görə 99 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən 09 saata görə 99 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar