Məhkəmə qərarları › İş №1(5-106)-2/2026

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(5-106)-2/2026

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(5-106)-2/2026 19.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1990-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli 422-İQ saylı Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində xidməti və mülki silahın əldə edilməsi üçün nəzərdə tutulmuş qanuni əsaslar olmadan, yəni qəsdən, qanunsuz olaraq istintaqla müəyyən edilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən 278055 nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1980-ci ildə istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli, texniki cəhətdən saz, atəşə yararlı bir ədəd avtomatı qanunsuz əldə edib daşıyaraq yaşadığı ünvan 4-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan dəmir materiallı şkafın alt hissəsində saxlamış, 06 noyabr 2025-ci il tarixdə saat 01:50 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvan 4-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qəsdən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd odlu silah aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır və fəhləliklə məşğul olur. O, 05 noyabr 2025-ci il tarixdə saat 18 radələrində Ağcabədi rayonu ərazisində şor kanalı adlanan ərazidə balıq tutmağa gedən zaman yerdə avtomata bənzər dəmir parçası görmüş, həmin dəmir onun diqqətini cəlb etmiş, ona görə də həmin dəmirə daha da yaxınlaşmış və həqiqətən də yerdə olan dəmirin avtomat olduğunu görmüşdür. O, həmin avtomatın kalaşnikov olduğunu bilmişdir. Həmin avtomatın üzərində sandıqca və parton olmamışdır. Həmin avtomatı özündə saxlamaq üçün oradan sellofan torba tapıb bükmüş və aralıq yol ilə yaşadığı evə gətirmişdir. O, avtomatı evə gətirdikdən sonra heç kim görməsin deyə yaşadığı evin sağ tərəfində, həyətyanı sahədə olan əvvəl it yuvası kimi istifadə etdiyi dəmir materialdan hazırlanmış qutunun altında gizlətmişdir. O, avtomatı tapıb saxlamağı barədə heç kimə bildirməmişdir. 06 noyabr 2025-ci il tarixdə gecə saat 02 radələrində o, yaşadığı evdə olan zaman həyət darvazasının döyüldüyünü eşidib bayıra çıxmış, bu zaman polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları özlərini təqdim edib yaşadığı ünvanda silah saxlamağında şübhələr olduğunu deyib baxış keçirməyi bildirmişlər. O, da polis əmədaşlarına yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını dedikdə polis əməkdaşları ondan yaşadığı evdə silah saxlamağını soruşmuş, o da yaşadığı evin sağ tərəfində, həyətyanı sahədə olan əvvəl it yuvası kimi istifadə etdiyi dəmir materialdan hazırlanmış qutunun altında avtomat gizlətdiyini demiş və həmin yerə getmişdir. Polis əməkdaşları dəmir qutunu yerdən qaldırmış və oradan bir ədəd avtomat aşkar edilmişdir. Sonra polis əməkdaşları da yaşadığı evə də baxış keçirmiş, lakin evdən cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar olunaraq götürülmüş avtomat orada olan şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənmiş, bütün bunlardan sonra protokol tərtib olunmuş və orada iştirak edənlərin hamısı və o cümlədən də o özü həmin protokola imza etmişdir. Sonradan aşkar edilmiş avtomatla bağlı təyin edilmiş ekspert rəyi ilə tanış olmuş və rəylə razı olduğunu demişdir. Aşkar edilmiş avtomat ona məxsus olmuş, o həmin avtomatı yolda gedən zaman tapmışdır. O, əvvəllər hər hansı bir silah əldə edib saxlamamış, heç kimə silah satmamış və pay verməmişdir. O, avtomatı yerdən tapmış, həmin vaxt onun yanında kimsə olmamış, avtomat tapdığını görən şəxs olmamış və bu barədə heç kimə bildirməmişdir. O, avtomatı maraq üçün saxlamış, kiməsə satmaq məqsədi olmamışdır. Onunla birlikdə evdə arvadı Şahid5 və iki az yaşlı övladı olmuş, onların da onun avtomat saxlamağından xəbərləri olmamışdır. Hazırda törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, E.İsmayılov küçəsi ev 134 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ona Ağcabədi şəhəri, E.İsmayılov küçəsi ev 134 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs öz yaşadığı fərdi yaşayış evində odlu silahı qanunsuz olaraq saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, buna görə də onun tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmış, qrupun tərkibinə Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Şahid2, Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 Elmar oğlu, Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid4 və o daxil olmuşdur. Qrupa rəhbərliyi o həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülmüş, 06 noyabr 2025-ci il tarixdə saat 01:50-də keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Ağcabədi şəhəri, E.İsmayılov küçəsi ev 134 ünvanında yaşadığı fərdi yaşayış evində saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs odlu silahı qanunsuz olaraq yaşadığı fərdi yaşayış evində saxlamasında şübhəli olduğunu və yaşadığı fərdi yaşayış evinə baxış keçirəcəklərini bildirdikdə sonuncu buna etirazının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Ağcabədi RPŞnin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid4 tərəfindən “Apple iPhone 15 Pro” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmış, bu zaman Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində qanunsuz olaraq odlu silah saxladığını və həmin silahın saxlanıldığı yeri göstərə biləcəyini və polis əməkdaşlarının bu məqsədlə evə daxil olmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin sağ küncündə həyətdə olan it saxlamaq üçün nəzərdə tutulmuş qara rənglə rənglənmiş alüminium materialından hazırlanan evciyin içərisindən 01 ədəd 278055-80 nömrəli “Kalaşnikov” tipli avtomat silahı aşkar olunmuşdur. Bu zaman polis əməkdaşları tərəfindən həmin silaha vizual olaraq baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin silahı haradan əldə etməsi soruşulduqda Elmir həmin silahı 05 noyabr 2025-ci il tarixdə təxminən saat 18 radələrində Ağcabədi şəhəri, “Şor kanalı” adlanan ərazidən tapdığını bildirmişdir. Həmin vaxt avtomat silahının içərisində güllə olmaması aşkar olunmuşdur. Daha sonra həmin avtomat silahı iş üçün əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd ağ sintetik kisədə qablaşdırılaraq üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənmiş və üzərləri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin hamam otağı, mətbəx, zal və yataq otaqlarında da iş üçün sübut əhəmiyyətinə malik olan predmetin aşkarlanması istiqamətində axtarış tədbirləri keçirilsə də, bu istiqamətdə müsbət nəticə əldə edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilmiş və burada müdafiəçi ilə təmin olunmuşdur. O, Təqsirləndirilən şəxs qeyd edilən odlu silahı haradan və necə əldə etməsi barədə konkret məlumatın olmadığını, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirlərinin davam etdirildiyini, Təqsirləndirilən şəxs odlu silahı satması və başqasına verməsi ilə bağlı əməliyyat məlumatının olmadığını, sonuncunun saxlanıldığı və ya polis şöbəsində olduğu zaman hər hansı fiziki və ya psixoloji təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 2014-cü ilin fevral ayından etibarən evli olmaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır. Onların birgə nikahlarından 2 azyaşlı övladları vardır. 05 noyabr 2025-ci il tarixdə təxminən saat 17-18 radələrində Elmir onların yaşadığı küçədən təxminən 100 metr məsafədə yerləşən “Şor kanalı” adı ilə tanınan yerə balıq tutmaq üçün getmiş, Elmir ora getdikdən bir müddət sonra evə qayıtmışdır. O, Elmirin gəlməyindən evin daxilinə girdikdə xəbər tutmuş, ondan əvvəl Elmirin həyətə girməsindən və sonuncunun orada nə etməsi barədə heç bir məlumatım olmamışdır. Onların evin sağ tərəfində it saxlamaq üçün nəzərdə tutulmuş evciyi olmuşdur. Həmin evcikdə əvvəl it saxlasalar da, sonradan itin yerini dəyişdikləri üçün həmin evcik boş qalmışdır. O, Elmirin həmin evciyin içərisində hansısa bir əşyanı saxladığı ağlına belə gəlməmişdir. 06 noyabr 2025-ci il tarixdə təxminən saat 02 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları onların həyətinə daxil olduqda o, nə baş verdiyindən xəbər tutmamışdır. Daha sonra ona Elmirin həmin evciyin içərisində avtomat saxladığı, həmin avtomatın polis əməkdaşları tərəfindən aşkar olunması məlum olmuşdur. Bundan sonra Elmir Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən Ağcabədi RPŞ-yə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Şahid2, Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfərləri - polis serjantı Şahid3 Elmir oğlu və polis serjantı Əliyev X5 Rəşad Hüseyn oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 noyabr 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, E.İsmayılov küçəsi ev 134 ünvanında yerləşən fərdi yaşayış evinin sağ hissəsi ilə evə bitişik olan it saxlamaq üçün nəzərdə tutulmuş üzəri qara rəngli evciyin içərisindən 1 ədəd “Kalaşnikov” konstruksiyalı 278055-80 seriyalı avtomat silahı aşkar olumuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 noyabr 2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü , ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində əsaslı şübhə olduğundan o, şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 noyabr 2025-ci il tarixli diskə baxış protokolundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı 06 noyabr 2025-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanında polis əməkdaşları tərəfindən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş və Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını dedikdə polis əməkdaşları ondan yaşadığı evdə silah saxlamağını soruşmuş, o da yaşadığı evin sağ tərəfində, həyətyanı sahədə olan əvvəl it saxlamaq üçün nəzərdə tutulmuş üzəri qara rəngli evciyin içərisində avtomat gizlətdiyini demiş və həmin yerə getmişdir. Polis əməkdaşları dəmir evciyi yerdən qaldırmış və oradan bir ədəd avtomat aşkar edilmişdir. Aşkar olunaraq götürülmüş avtomat orada olan şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə də baxış keçirmiş, lakin evdən cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 06 noyabr 2025-ci il tarixli 25/1641 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd lülə qutusunda 278055/80 nömrəsi olan silah 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1980-ci ildə istehsal olunmuş, AK-74 modelli, “Kalaşnikov” konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 07 noyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 4(017)-84/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 06 noyabr 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 05 dekabr 2025-ci il tarixli 3-13-11/2- 14026/2025 nömrəli məktubundan görünür ki, 01 ədəd 5,45 mm kalibrli 278055 nömrəli AK-74 modelli avtomat silahından eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X11n 10 dekabr 2025-ci il tarixli, 18-1-23/2-1285/2025 saylı məktundan görünür ki, Ağcabədi şəhəri, E.İsmayılov küçəsi ev 134 ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X11n Konsultativ Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 dekabr 2025-ci il tarixli, 5- 30-1/3-4621/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, E.İsmayılov küçəsi ev 134 ünvanında qeydiyyatda olmaqla yaşayır və ailə tərkibi Şahid5 (arvadı, 1995), X3 (oğlu, 2014), X4 (oğlu, 2019) ibarətdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 dekabr 2025-ci il tarixli, 5- 30-1/3-4622/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, E.İsmayılov küçəsi ev 134 ünvanında qeydiyyatda olmaqla yaşayır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 dekabr 2025-ci il tarixli, 5- 30-1/3-4623/2025 saylı xasiyyətnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü ünvan 6 ünvanında daimi qeydiyyatda olmaqla daimi yaşayan, azərbaycanlı, orta təhsilli, evli, iki uşaq atası, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Ağcabədi şəhəri ərazisində yaşadığı müddət ərzində qonşuları və dostları arasında normal münasibət qurmuşdur. Onun barəsində Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında 13 mart 2014-cü il tarixdə Ağcabədi rayon Qeydiyyat Şöbəsində bağlanmış 98 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəər Narkoloji Dispanserinin rəyindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə və X4 xx.xx.2019-cu il anadan olmuşlar və onların atası Təqsirləndirilən şəxs, anası isə Şahid5dır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq müəyyən olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 X11 X8 Şöbəsinin 12 dekabr 2025-ci il tarixli, 938 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri müəyyən olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 12 fevral 2026-cı il tarixli, 1(5-106)-2/2026 saylı sorğuya əsasən aparılan araşdırma zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının məhkəmə orqanları tərəfindən çıxarılmış hökmünün Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq tanınıb-tanınmaması barədə təqdimat məhkəməyə daxil olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş tibbi sənədlərin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi VV BSM “Ostroqojsk Rayon Xəstəxanası”nın travmotologiya şöbəsində müalicə olunmuşdur. Ona “qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcəli zədələnməsi, İİ dərəcəli koma, üzündə cırılmış əzilmiş yara” diaqnozu qoyulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadəsi, ekspert rəyi, şəxsi axtarış zamanı qeydə alınmış video görüntü və digər iş materialları ilə subuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını, “qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcəli zədələnməsi, İİ dərəcəli koma, üzündə cırılmış əzilmiş yara” xəsarəti ilə bağlı müalicə almasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yerdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, təyin olunan cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini nərəzə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd olunan yüngülləşdirici halların mövcudluğunu və iş üzrə ağırlaşdırıcı halların olmamamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 06 noyabr 2025ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 278055 nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1980-ci ildə istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli, texniki cəhətdən saz, atəşə yararlı avtomat hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə ekspertiza xərcələri, xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Şərh olunanlar əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcabədi rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 278055 nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1980-cı ildə istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, yivli, texniki cəhətdən saz, atəşə yararlı avtomat hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərcləri, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nəriman Alməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar